Şollar-Bakı su qurğuları kompleksi

- 100 il: əbədi həyat mənbəyi

 

«Hər şeyin səbəbi sudur, hər şey sudan gəlir və təkrar suya qayıdır». Qədim yunan filosofu Fales həyatın yaranışını suda görürdü. Həqiqətən də tarixboyu bütün sivilizasiyalar məhz zəngin su mənbələri hövzələrində yaranmışdır – Misir (Nil çayı), Mesopotamiya (Dəclə-Fərat), ari (Hind-Qanq), Çin (Xuanxe) və s. Sirr deyil ki, əhalinin və iqtisadiyyatın müxtəlif sahələrinin su ilə etibarlı təchizatı cəmiyyətin dayanıqlı inkişafının şərtlərindəndir. Əsrlərboyu insan öz fəaliyyəti ilə su ehtiyatlarına təsir göstərib. Bəzən bu təsir cənnəti səhraya, bəzən isə səhranı cənnətə çevirib. Bu il 100 yaşını qeyd etdiyimiz Şollar su kəməri də tarixə «səhranı cənnətə» çevirən layihə kimi düşüb.

 

Əvvəlcə qısa arayış

 

“Azərsu” ASC-nin məlumatına əsasən, “Şollar” Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ilə yaxındır ki, Bakı əhalisini su ilə təmin edir.

“Şollar” su kəmərinin layihə gücü saniyədə 1,27 kubmetrdir (sutkada 109 min kubmetr). 1917-ci ildə “hərbi variant” üzrə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün, təxminən, 1/3 hissəsini təşkil edib. 1925-ci ildən sonra həyata keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb.

“Şollar” kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7 metr, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq, bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Məhz bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsilə Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə yenə də özaxımlı rejimdə Bakı şəhərinə nəql olunur. 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı, demək olar ki, dəyişməyib.

 

Güclü iradənin zəfəri

 

«Vokruq sveta» jurnalının 1972-ci il iyun nömrəsində «Suyun çətin yolu» adlı məqalədə Şollar su kəmərinin çəkilişi ilə bağlı maraqlı məqamlara toxunulur. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Bakıdakı ümumi vəziyyət ətraflı təsvir edilir: «Bakının su sarıdan bəxti heç gətirməyib. Qədim zamanlardan burada su quyuları vasitəsilə içməli su əldə edilib. Keçən əsrin 60-cı illərindən başlayaraq, Bakı və Abşeron yarımadasında neft istehsalı bumu yaşanır. Bakı buxtasının ətrafını çoxsaylı buruqlar əhatələyir. Əhalinin sürətli artımı fonunda isə neftlə zəngin bu torpaqlar şirin su ehtiyatları çatışmazlığından əziyyət çəkir. Lakin bol şirin suyu haradan almalı? Onillər bu problemin həlli üzərində baş sındırılır. Həmin dövrlərdə Bakıda 800 su quyusu olsa da, onların sanitar durumu, hətta müasir sanepidstansiyaları da dəhşətə gətirərdi. Buraya kanalizasiya sisteminin olmaması əlavə edildikdə, mümkün epidemiya təhlükəsi ilə bağlı real mənzərəni təsəvvür etmək heç də çətin deyil. Bu təhlükə 1892-ci ilin yayında özünü göstərir. Bakıda yoluxucu xəstəlik geniş şəkildə yayılır». Məqalədə Şollar su kəmərinin çəkilməsi ilə bağlı tarixi xronikaya geniş yer verilir. Bildirilir ki, 1898-ci ildə Odessa şəhərində su mühəndislərinin keçirilmiş qurultayında Bakı şəhər nümayəndəsi Smolenski ingilis mühəndis ser Vilyam Lindleylə tanış olur. O, 1899-cu ildə Bakıya dəvət edilir. Şəhər Duması ser Lindleyin qarşısına iki məsələ qoyur; su ya Kürdən, ya da Samurdan çəkilməlidir. Ser Lindley Samurboyu yuxarı irəlilədikcə, burada müxtəlif bulaqlarla da rastlaşır. Həmin bulaqların suyunu çox bəyənən Lindley şəhərə suyun məhz bu bulaqlardan çəkilməsini Şəhər Dumasına təklif edir.

Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədovun araşdırmaları ilə tanış olarkən Şollar su kəmərinin çəkilişi ilə bağlı bir sıra maraqlı məqamlarla rastlaşmaq mümkündür. Məsələn, suyun mənbəyinə olan səyahətdən sonra şəhərin rəhbəri Hovikov Şəhər Dumasında çıxış edərək bildirir ki, su kəməri mütləq həmin bulaqlardan çəkiləcək. Hovikov xatirələrində yazır: «Mən gördüm ki, heç nədə tamahı olmayan bu insanın dedikləri düzdür. Onun məqsədi susuz insanlara su verməkdir. Mən onun əleyhdarlarının yerinə onun qarşısında utandım. Qarşıma məqsəd qoydum ki, Dumanı inandırıb düz yola gətirməliyəm və şəhəri pis su əvəzinə, keyfiyyətli və ucuz başa gələn suyla təmin etməliyəm».

Ser Lindleyin, kəmərin çəkilişi zamanı bir sıra qüvvələrin ona qarşı çıxmasına baxmayaraq, ortaya qoyduğu iradə təqdirəlayiqdir: «Siz ingilis buldoqlarını tanımırsınız. Mən ingilis buldoquyam. Onlar dişi ilə tutduqlarını buraxmırlar, onları kəssələr də. Mən Bakıdan bu cür tutmuşam. Bakıya su verəcəyəm. Özü də yaxşı su… Mən sizə qulluq etmirəm və sizinçün işləmirəm. Mən kasıb bakılılara su vermək istəyirəm. Siz bu işi məhv edə bilməzsiniz».

Sirr deyil ki, hər bir ölkənin milli təhlükəsizliyinin təmini həm də su ehtiyatlarına nəzarətdən asılıdır. Bu gün Azərbaycan müharibə vəziyətindədir. Torpaqlarımızın 20 faizi işğal olunub. Belə olan halda, dövlətin nəzarətindən kənar su mənbələrindən daha az asılı olması milli təhlükəsiziyin təmini baxımından olduqca vacibdir.

Ölkənin Milli Təhlükəsizlik Konsepsiyasında bu amil xüsusi olaraq vurğulanır. Dövlətin əsas strateji sənədlərindən olan Konsepsiyada deyilir: «Azərbaycan Respublikasının şirin su ehtiyatlarının böyük həcminin qonşu ölkələrdə formalaşması və bu ölkələrin ərazilərində kimyəvi, radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə məruz qalması əhalinin içməli su ilə təmin olunmasında problemlər yaradır. Bundan əlavə, Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş “Metsamor” Atom-Elektrik Stansiyası bütövlükdə region üçün təhlükə mənbəyidir».

Coğrafiya elmləri doktoru Rəna Qaşqayın «Azərbaycanda transsərhəd çayların ekoloji vəziyyəti» adlı araşdırmasına nəzər salsaq, məsələnin nə dərəcədə ciddi olduğunu görərik. Mütəxəssis bildirir ki, Azərbaycanın su ehtiyatlarıın 2/3 hissəsini qonşu ölkərdən trans-sərhəd çaylar vasitəsilə daxil olan sular təşkil edir. Azərbaycanın iki böyük çayının – Kür və Araz çaylarının və onların bəzi qollarının aşağı axınında yerləşməsi respublikanın su problemlərini daha da dərinləşdirir və onun su ehtiyatlarını qonşu ölkələrdə bu çay sularının istifadə səviyyəsindən asılı edir. Kür çayı suyunun geniş istifadəsi Gürcüstan ərazisindən başlayır. Əkin sahələrinin suvarılması məqsədilə Taşis-Kara şəhəri yaxınlığında 14 suvarma kanalı vasitəsilə çaydan saniyədə 50 kubmetr su götürülür. Qabırrıdan çəkilən 14 kanalın ən irisi vasitəsilə saniyədə 65 kubmetr su götürülür. Qanıx çayından ildə saniyədə 42 kubmetr su götürülür. Ona görə Kür çayının saniyədə 853 kubmetr təbii axımı olduğu halda, Xəzər dənizinə yalnız saniyədə 580 kubmetr su çatır. Gələcəkdə bu çayların suyundan istifadə nizamlanmasa, Azərbaycanın vəziyyəti pisləşəcək.

Kür və Araz çaylarının digər qollarından (Ağstafaçay, Həsənsu, Axınca, Tovuz, Arpa, Bazarçay) da geniş istifadə edilir. Bu çayların hamısı öz başlanğıcını Ermənistan ərazisindən götürür və demək olar ki, hamısının üzərində su anbarları Ermənistan ərazisində tikilmişdir. Yalnız dükerlər, yəni suburaxıcı qurğular sərhəddə yerləşir. Bu isə təcavüz üçün geniş yollar açır. Məsələn, Helsinki (1992) sazişinə qol qoymayan ölkə gələcəkdə bu kiçik dağ caylarından kanal və arxların çəkilməsi ilə suyun azalmasına səbəb olacaq və hətta su anbarlarının doldurulmasına da su çatmayacaq.

Kiçik Qafqaz və Orta Araz vilayətlərindən axan trans-sərhəd çayların mənbələri Ermənistanda, Kür dağarası çökəkliyi vilayətindən axan çayların mənbələri isə Gürcüstanda yerləşməklə, bu çay sularının keyfiyyəti də əsasən, Ermənistan və Gürcüstan ərazisində formalaşır.

1980-ci illərin sonlarından bu dövlətlərin heç bir müəssisəsində təmizləyici qurğular işləmir. Həmin dövlətlər ərazisindən atılan çirkab suları qəbul edən trans-sərhəd çaylar sanki sanitar-təmizlik funksiyasını yerinə yetirərək ekoloji təcavüzə məruz qalır. Nəticədə, onların sularının keyfiyyəti sanitar normaların tələblərinə cavab verməyən vəziyyətdə Azərbaycan ərazisinə daxil olur.

Kür və Arazla müqayisədə isə Şollar suyunun tərkibi o qədər zəngindir ki, hətta digər mənbələrdən əldə edilən sularla müqayisədə, onun tərkibinə heç bir maddə vurulmur. Hamburqda yerləşən “Dr. Kaiser & Dr. Woldmann” İnstitutunun apardığı mikrobioloji və kimyəvi testlərin nəticəsinə uyğun olaraq, Şollar suyu Azərbaycanda ən yüksək standartlara uyğun içməli su kimi qiymətləndirilib.

Bütün qeyd olunan məqamları nəzərə alsaq, 100 yaşlı Şollar Su Kəmərinin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu görərik. Təsadüfi deyid ki, 20-ci əsrin əvvəllərində bu kəmərin çəkilişini istəməyən qüvvələrin başında da məhz erməni daşnakları və Bakıda su satışından milyonlar qazanan erməni işbazları dayanırdı.

 

«Biz bu hədəfə doğru irəliləyirik»

 

Azərbaycanın su təchizatının daha da yaxşılaşdırılması, milli təhlükəsizliyin və sosial-iqtisadi inkişafın təməlini təşkil edən sağlam genofonda malik gələcək nəsillərin formalaşdırılması daim Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsaslarından birini təşkil edir. Bu baxımdan, Oğuz-Qəbələ-Bakı Su Kəməri və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksini xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda ölkəmizdə su təsərrüfatının inkişafı və görüləcək işlərlə bağlı səsləndirdiyi fikirlər vurğuladığımız məqamların bir daha nə dərəcədə aktual olduğunu göstərir: “Azərsu” ASC-nin qarşısına məqsəd qoyulmuşdur ki, bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələri tam icra edilsin. Əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilsin. Biz bu hədəfə doğru irəliləyirik. Hər il bir çox şəhərlərimizdə içməli su layihələri istifadəyə verilir. Hazırda Bakının fasiləsiz su təminatı 80 faizə çatmışdır. Ölkə üzrə isə bu göstərici, təxminən, 65 faizdir. Bu, daha da artmalıdır”.

Bu gün əsası 100 il əvvəl Şollar su kəmərinin çəkilişi ilə qoyulmuş Azərbaycan əhalisinin saf və dünya standartlarına uyğun su təchizatı prosesində gələcək illərdə daha böyük nailiyyətlər qazanacağımızı əminliklə söyləyə bilərik.

 

Azad Əliyev,

 

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

Həftə içi.- 2017.- 28 fevral.- S.3.