Xaricdə təhsil almış məzunlar

 

Onlar dövlət qulluğuna imtahansız qəbul ediləcəklər

 

Dövlət vəsaiti hesabına xaricdə təhsil alan gənclərin işlə təminatı asanlaşacaq. Belə ki, Milli Məclis Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna nəzərdə tutulan dəyişikliyi qəbul edib. Həmin əlavəyə görə, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu zamanı bağlı bu qanunun 28.1-ci maddəsi (28.1 Dövlət qulluğuna qəbul müsabiqə yolu ilə aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir) tətbiq edilmir. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir.

Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu qanunun 28.7-ci maddəsi ilə tənzimlənir.

Yeri gəlmişkən vurğulayaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq əlaqələrinin genişlənməsi və ölkəmizin dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi ilə yeni mütəxəssislərə ehtiyac xeyli artıb. Gənclərin ölkəmiz üçün lazımi ixtisaslar üzrə xaricdə təhsil alması prosesi bu gün cəmiyyətimizin ən mühüm amilinə çevrilib. Bu səbəbdən ölkəmiz xarici ölkələrlə təhsil əlaqələrini genişləndirməyə başladı. Bunu nəzərə alan ölkə prezidenti 2006-cı ilin oktyabrında "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq prezident "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı üzrə vahid sistem yaratdı. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması, davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi, xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının məqsədyönlü və mütəşəkkil şəkildə artırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının təmin edilməsidir.

Bundan başqa 2013-cü ildə imzalanan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sərəncamında ölkə qarşısında duran növbəti əsas strateji vəzifənin sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi oldu. Bu Strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin reallaşmasında və məqsədə çatmaqda Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərindən məzun olmuş gənclərimiz də öz töhfələrini verməkdədir. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Qeyd edək ki, hazırda sözügedən Dövlət Proqramının icra müddətinin başa çatmasına baxmayaraq yaxın gələcəkdə yeni qanun layihəsinin hazırlanması planlaşdırılır. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, yeni proqram baxılma mərhələsindədir. Belə ki, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə yeni dövlət proqramının hazırlanması üçün bir sıra müvafiq dövlət orqanları ilə razılaşdırma prosedurları həyata keçirilir.

Nazir müavini xatırladıb ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3500-dən gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb:Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışırlar. Sevindirici hal ondan ibarətdir ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunub. Dövlət proqramı çərçivəsində gənclərin bir hissəsi hələ təhsillərini davam etdirirlər. Qarşıdakı 2 il ərzində dövlət proqramının məzunları təhsillərini başa çatdıracaq”.

Məlumat üçün bildirək ki, 1 aprel 2017-ci il tarixinə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Bu tələbələrin sayı ümumilikdə 134 nəfər olmaqla, 128 nəfəri 2-ci dərəcəli, 6 nəfəri isə 3-cü dərəcəli təhsil alıb. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1 faiz), Türkiyə (22,1 faiz), Almaniya (12,4 faiz), Kanadanın (7,2 faiz), Niderland (5,2 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar.

Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti (79,0 faiz) magistraturabakalavr pillələrində təhsil alırlar. Belə ki, proqram çərçivəsində xarici ölkələrdə təhsil alanların 1180 nəfəri bakalavr, 1430 nəfəri isə magistratura pilləsində təhsil alır.

Dövlət proqramı çərçivəsində bakalavrmagistratura pillələrinin hər biri üzrə gənclərin təhsili üçün prioritet sahələr müəyyənləşdirilib. Xarici ölkələrin universitetlərində magistratura pilləsində təhsil alan tələbələrin əksər hissəsi iqtisadiyyat və idarəetmə (722 nəfər), sənaye (138 nəfər), hüquq ( 120 nəfər) informasiyakommunikasiya texnologiyaları (118 nəfər) sahələrində təhsil alırlar. Bakalavr pilləsində təhsil alanların əksəriyyəti magistratura pilləsində olduğu kimi əsasən iqtisadiyyat və idarəetmə (320 nəfər) sahəsində təhsil alır.

Bunlarla yanaşı, Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin digər qismi (692 nəfər və ya 21 faiz) təhsilin digər pillələrində - aspirantura, ordinatura, rezidenturadoktorantura sahələrində təhsil alırlar. Bu pillələrdə təhsil alan tələbələrin əksəriyyəti (587 nəfər) tibb sahəsində təhsil alır. Eyni zamanda, onlar arasında elm sahəsində (27 nəfər), iqtisadiyyat və idarəetmə (22 nəfər), hüquq (17 nəfər), sənaye (14 nəfər) və sair (25 nəfər) sahələrdə təhsil alanlar vardır. Bütün bunlarla yanaşı, Dövlət proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Fransanın Dövlət OrtaAli Təhsilin Təşkili Mərkəzi (CNOUS), Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD), ABŞ-ın Fulbright və Rusiyanın Avrasiya Tədqiqatlar İnstitutu ilə bağlanmış sazişlər əsasında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili təşkil edilir. Bu cür tərəfdaş proqramlar vasitəsilə ümumilikdə 244 nəfər Fransa (49 nəfər), Almaniya (175 nəfər), ABŞ (19 nəfər) və Rusiyanın (4 nəfər) universitetlərində təhsil alırlar.

Statistikaya əsasən, 1 aprel 2017-ci il tarixinə Dövlət proqramı çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun statusunu almış tələbələrin sayı 1437 nəfər təşkil edir. Bu tələbələrin 33 nəfəri 2-ci dərəcəli məzunlardır. Məzunların əksər hissəsi - 587 nəfəri Böyük Britaniya, 177 nəfəri Türkiyə, 132 nəfəri Almaniya, 84 nəfəri Rusiya, 72 nəfəri Fransada – təhsillərini uğurla bitiriblər.

Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə isə 2008-2017-cı illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 190 451,3 min manat, o cümlədən 2017-cı ilin yanvar-mart ayları üzrə 2 015,3 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (773,5 min manat), təhsil haqqı (1 108,0 min manat), yol (73,5 min manat), sığorta (59,3 min manat), digər (0,2 min manat), vizaqeydiyyat (0,8 min manat) xərclərinin ödənilməsinə yönəldilib.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2017.- 1 iyun.- S.3.