"Nə qədər ki, "rus sözü" qulaqlarda səslənir,

sən yaşayacaq və ölməyəcəksən!"

 

Bəşəriyyətin dahi övladı, görkəmli ensiklopedik alim Mixail Vasilyeviç Lomonosovun “Əsərləri külliyyatı"nın nəşrindən 260 il ötür

 

(Əvvəli ötən sayımızda)

 

Şəraitinin son dərəcə ağır olmasına baxmayaraq, Lomonosov öz dərslərində çox böyük müvəffəqiyyətlər əldə edir.İlk günlərdən belə aşkara çıxan xüsusi istedadına görə Lomonosov qısa müddətdə aşağı sinifdən ikinci sinfə, elə həmin ildəcə ikinci sinifdən üçüncü sinfə keçirilir.

Burada 5 il oxuyan Lomonosov latın dilini yaxşı öyrənmiş, Moskva kitabxanalarında olan kitabları, xüsusən fəlsəfəyə, fizikaya, riyaziyyata aid elmi kitabları mütaliə etmiş, Bizans və qədim yunan mədəniyyəti ilə tanış olmuşdu. İstedadlı Mixail şeir nəzəriyyəsi və lirik şeirlər yazmağa da vaxt ayırırdı.Lakin Lomosovu narahat edən bir məsələ vardı ki, onun oxuduğu akademiyada çox sevdiyi təbiət-riyaziyyat fənlərindən dərs keçirilmirdi.Yalnız ruhani-tarix dərslərinin tədris olunması Mixaili kifayətləndirmirdi. O, darıxırdı.

1735-ci ildə dövlətin qərarına əsasən ruhanilər Akademiyasının elmdə üstünlük təşkil edən müdavimlərindən 25 nəfəri seçilib Peterburq Elmlər Akademiyasına göndərilməli idi. Bu məqsədlə yalnız 12 nəfəri seçmək mümkün olur ki, onlardan biri də bunu çoxdan arzu edən Mixail Lomonosov idi. Beləliklə, 1736-cı ildən Peterburq Elmlər Akademiyasının (Rus Akademiyasının) nəzdindəki Unuversitetin tələbəsi olan Lomonosov üçün təbiət elmlərini öyrənməyə geniş imkanlar yaranmışdı.Bu Akademiyanın əsasını 1725-ci ildə Birinci Pyotr qoymuşdu.

Həmin vaxtlar Peterburq imperiyanın mərkəzi idi, çarın iqamətgahı buradaydı. Eyni zamanda sənaye şəhəri olmaqla bərabər, Peterburq ölkənin böyük tucarət mərkəzinə çevrilmişdi. Dünyəvi əzəmətli tikintilər şəhəri olan imperiyanın bu paytaxtında Rusiyada ilk elm-maarif idarələri açılmışdı. Ölkədə birinci ali ixtisas məktəbi- Dəniz Akademiyası burada fəaliyyət göstərirdi.

Elmlər Akademiyasının təşkili barədə Pyotr çoxdan düşünürdü.O zamanlar, (elə indinin özündə də) "Akademiya" sözü iki mənada işlədilirdi; Akademiya dedikdə, həm ali məktəb, həm də elmi-tədqiqat idarəsi nəzərdə tutulurdu. Qabaqcil adamlar dəfələrlə çara yazdıqları məktublarında təklif etmişdilər ki, Rusiyada Akademiya yaradılsın. Belə layihələrdən birinin müəllifi Fyodor Saltıkov hələ 1714-cü ildə hər bir quberniyada Akademiya təşkil olunmasını tövsiyə etmişdi.Onun təsəvvüründə Akademiyalar zadəganların və tacirlərin 8 yaşından 23 yaşınadək olan övladları üçün tədris müəssisələri olmalı idil.Saltıkov həmin Akademiyalara 18 min nəfər tələbə qəbul etmək təklifini irəli sürmüşdü. Adətən Pyotr bu qəbildən olan məktubları oxuduqda maraq göstərdiyi təkliflərin qarşısında işarə qoyurdu.Akademiyalar barədəki bəndin qarşısında da çar işarə qoymuşdu.Bu, onu sübut edirdi ki, o, təklifi diqqətəlayiq hesab edirdi.Başqa bir müəllifin yazdığına görə, Pyotr 1718-ci ilin iyununda yazmışdı: “Akademiya yaradılmalıdır. Ruslar içərisindən elmli və bu işə həvəsi olan adamları axtarıb tapmaq lazımdır. Hüquq elmlərinə və digər elmlərə aid kitabları da tərcümə etməli. Həmin işlərə bu ildən başlamalı".

1724-cü ildə və növbəti ilin bir neçə ayı ərzində əcnəbi alimləri Peterburq Elmlər Akademiyasında işləməyə dəvət etmək barədə danışıqlar aparıldı. Akademiya Pyotrun ölümündən sonra, 1725-ci ilin avqustunda açıldı.

...Akademiyaya gəldikdən bir müddət sonra Lomonosov mədən işlərini öyrənmək üçün əlavə 2 nəfər tələbə ilə Almaniyanın Marburq və Freyberq şəhərlərinə yola düşür.

Lomonosov Marburq Universitetində görkəmli alim Xristian Volfun yanında fəlsəfə, fizika, mexanika və Duyzingin yanında riyaziyyat və kimya təhsilini daha da təkmilləşdirir. Az müddət ərzində təbiət elmlərinə dərindən yiyələnən Lomonosov, qısa müddətdə latın, yunan dillərindən əlavə, fransız, alman dillərini də öyrənir.X.Volf Lomonosovun istedad, qabiliyyət və bacarığını yüksək qiymətləndirdiyi kimi, Lomonosov da Volfa dərin ehtiram hissi ilə yanaşırdı. O,1745-ci ildə sevimli müəlliminin "Təcrübi fizika" əsərini rus dilinə tərcümə etmişdi.

Marburqdan sonra Mixail Vasilyeviç kimya, dağ-mədən elmi sahəsində çalışmaq üçün Freyberq şəhərinə bu sahə üzrə mütəxəssis Genkelin yanına getmişdi.

Lomonosov dövri mətbuatı diqqətlə izləyirdi. Ədəbi fəaliyyində onun bir çox odalarının məzmunu bilavsitə dövri mətbuatdan alınan xəbər və mövzularla bağlı idi. Tələbə - şair özünün Xotinin alınmasına həsr etdiyi ilk odasını 1739-cu ildə Almaniyada təhsil alarkən yazmışdı. Əsər rus ədəbiyyatının başlanğıcı sayılırdı.Həmin odanın imperatriça Anna İvanovnaya ithaf edilməsi formal xarakter daşıyırdı. Əslində əsərdə imperatriça deyil, Rusiya dövləti, onun tarixi mövqeyi və müqəddəratı tərənnüm olunurdu.

Lomonosov Almaniyadan Rus Elmlər Akademiyasına "Rus şeirinin qaydaları haqqında məktub" göndərmişdi.Bu məktubunda rus şeirinin vəzni, ölçüsü haqqında fikirlərini əsaslandırmağa çalışmışdı. O, Avropa dillərində yaradılmış şeir nümunələri üzərində dərin tədqiqat işləri aparmış və belə bir qənaətə gəlmişdi ki, xore şeir ölçüsündən başqa, rus dilində yamba vəznində də gözəl şeirlər yazmaq mümkündür.Lomonosov şəxsən öz şeirlərini bu ölçüdə yazmışdır. Yamba sonralar rus şeirinin əsas ölçülərindən birinə çevrilmişdir. Lomonosov Akademiyaya göndərdiyi məktubuna yamba ölçüsündə yazılmış "Xotin qalasının alınması haqqında oda" sını da əlavə etmişdi.

Əlbəttə, həmin dövrdə poeziyaya yeni ölçülər gətirmək böyük cəsarət tələb edirdi. Alim -şairin bu sahədəki təşəbbüsü saysız - hesabsız hücumlara məruz qalsa da, əsər 1751-ci ildə işıq üzü görmüşdü.

Lomonosovun rus şeiri və rus ədəbi dilini yenidən qurmaq sahəsindəki fəaliyyəti tək onun müasirləri olan ədiblərə deyil, ondan sonra gələn yazıçı və şairlər nəslinə də faydalı təsir bağışlamışdır.

Lomonosov rus poeziyasının gələcək qüdrətinə böyük inam bəsləyirdi. Yazdığı odaların birində rus şeiri ilə səmimiyyətlə "dərdləşirdi":

Deyirdilər şikəstsən, taleyin gülməyəcək,

Ailə ləzzətini heç zaman bilməyəcək.

Mən də düşünürdüm ki, yəqin elə beləyəm,

Ömürlük dul qalmaqçün anadan olmuşam mən.

İndi bütün Rusiya inanır ki, doğrudan,

Rus şeiri gözəllərin gözəlidir binadan.

Şeirə yeni formalar, yeni ölçülər gətirən şair, poeziyanın məzmun məsələlərinə də vacib amillər kimi baxır, sırf məhəbbət mövzusunun zamanın tələblərindən geri qaldığını aydın görür və şeirə yeni ictimai motivlər gətirməyə çalışırdı. Şair-alim bu sahədəki fikirlərini şərh etmək məqsədi ilə uyğun bir forma, qədim Yunanıstanın məhəbbət şairi Anakreonla mübahisə üslubunu seçmişdi. O, Anakreondan etdiyi tərcümələrə şeirlə cavablar yazırdı. Belə cavablardan birini təqdim edirəm:

Qəhrəmanlıq sədasıyla

Titrər rübabın telləri.

Məhəbbətdən dəm vuraraq

Azdırmayaq fikirləri.

Mənim incə qəlbim də var,

Sevgiyə də yad deyiləm.

Amma igidlərdir məni

Öz əbədi şöhrətilə

Valeh edən, düşündürən.

Lomonosov mürtəce ruhanilərin əməllərinə qarşı yazdığı "Saqqal himni" satirasında özünü zahirdə dindar və mömin kimi göstərən, əslində isə mövhumatçı, elmdən uzaq,geridə qalmış adamlar olan saqqallı kilsə xadimlərini kəskin tənqid etmişdi.

Lomonosov Marburq şəhərində yaşayarkən pivəbişirən və şəhər duması üzvünün qızı Yelizaveta ilə evlənmişdi. Bu nikahını o, xeyli müddət gizli saxlamış və kilsədə nikah mərasimi bir neçə ildən sonra, Almaniyadan gedişi ərəfəsində keçirilmişdi.

1740-cı ilin mayında Lomonosov bu ölkəni həmişəlik tərk etmiş və demək olar pulsüz-parasız olduğundan Peterburqa çox böyük çətinliklə, 1741-ci ilin iyulunda gəlib çıxa bilmişdi.

Lomonosovun zövcəsi Yelizaveta Xristina (Yelizaveta Andreyevna) Almaniyadan Peterburqa dördyaşlı qızı Yekaterina-Yelizaveta və öz qardaşı İohann (İohann Andreyeviç) Tsilx ilə 1743-cü ilin sonlarında gəldi. Xidməti işlərində qeyri-müəyyənlik və aldığı cüzi məvacib Lomonosova öz ailəsini Rusiyaya gətirməyə buna qədər imkan verməmişdi.Yalnız 1751-ci ildə Lomonosov "sənət elmlərində fərqləndiyinə görə" kollegiya müşaviri mənsəbinə yüksəldilmiş və bu mənsəb ona nəsillikcə əsilzadəlik və daha yuxarı illik məvacib hüququ vermişdi.

Lomonosovun ailə həyatı dinc axarında gedirdi, xoşbəxt idi. Doğrudur, ailə həyatının lap əvvəlində onun iki azyaşlı uşağı - qızı Yekaterina və oğlu İvan tələf olmuşdu. Ailə aza qane olub yaşayır, kübar əyləncələri ilə az maraqlanırdılar. O, bu barədə 1761-ci ildə yazırdı: “Müxtəlif elmlərə dair işlərim başımdan aşır, odur ki, bütün məclislərdən boyun qaçırıram; mənim arvadım və qızım evdə oturmağa vərdiş ediblər və komediyaçılara baxmağa heç həvəsləri yoxdur. Mən boş söhbətləri və özünü öyənləri dinləməyi xoşlamıram. İndiyədək biz can bir, qəlb bir yaşayırıq".

Lomonosovun ölümündən sonra dul qadını ərinin mozaika fabrikasının borclarını ödəməyə vəsait tapmırdı: Lomonosovun fərsiz fabrikant və malikanə sahibi olduğu üzə çıxmışdı. Onun mozaik rəsmlərinə heç kəs pul saymaq istəmir, malikanədən isə gəlir demək olar ki,yox idi. Ailəsi hətta onun məzarına belə abidə qoya bilmirdi. Yada salmaq istərdim ki, Lomonosov Peterburqun 70 verstliyində yerləşən kiçik Ust-Ruditsa kəndində fabrik tikdirməyi qərarlaşdırmış, həmin fabrik bir müddət rəngli şüşədən qab-qacaq istehsal etmişdi. Lakin maddi cəhətdən bu iş özünü doğrultmamışdı. Gözəl rəssamlıq qabiliyyəti ilə də seçilən Mixail Vasilyeviç 1755-ci ildə mozaikadan Birinci Pyotrun əsrarəngiz bir portretini yaratmışdı.Lakin fabrikdə mozaik işlərin davam etdirilməsi və iqtisadi nailiyyəti əldə etmək imkanları da istənilən nəticəni verə bilməmişdi.

Yelizaveta Andreyevna Lomonosova özünün şan-şöhrətli ərindən cəmi ilyarım çox yaşamışdı. 1766-cı ilin payızında o da vəfat etmişdi. Qızı Yelena 1766-cı ildə kitabxanaçı A.Konstantinova ərə getmişdi...

Lomonosov Rusiyaya artıq bir mükəmməl alim kimi qayıtmış, bir il sonra fizika üzrə adyunkt, yəni kiçik elmi işçi,1745-ci ildə isə kimya professoru, başqa sözlə, akademik adı almışdı. Lakin necə almışdı?

Birinci Pyotrun yaratdığı Akademiya fəaliyyətə başlayarkən buraya xeyli əcnəbi alimlər dəvət olunmuşdu. Əksəriyyəti də bilik səviyyələrinin az olmasına baxmayaraq, Akademiyada rəhbər vəzifələr tutmuşdular. Vəzifədə öz üstünlüklərini qorumaq üçün onlar rus mədəniyyətinin inkişafına, eləcə də rus kadrların hazırlanması işinə hər cür bəhanələrlə mane olmağa çalışırdılar.Bunu başa düşən rus alimləri ilə əcnəbi alimlər arasında Akademiyada daim ziddiyyətlər yaranır və kəskin mübarizə gedirdi. Alman alimlərinə başçılıq edən İ.D Şumaxer və onun məsləkdaşı Taubert rusların və xüsusilə Lomonosovun qəddar düşməni idi. Akademiyanın bütün işlərini müstəqil aparan Şumaxer yaxşı bilirdi ki, yerli rusiyalıların elmdə üzə çıxması və professorluğa layiq görülməsi onun üçün qorxulu idi. Buna görə də öz Vətənini və xalqını ürəkdən sevən Lomonosov, Rusiya elminin düşmənləri ilə qəbrə qədər mübarizə aparmaq qətiyyəti ilə yaşayırdı. Şair üzünü həmvətənlərinə tutaraq, onları Rusiyanın, rus elminin gələcəyi naminə hər cür zəhmətlərə qatlaşaraq mübarizəyə qoşulmağa çağırırdı:

Çalışın, vuruşun, sübut edin ki,

Böyük neftonları, əflatunları

Doğmağa qadirdir rus torpağı da!

Maraqlıdır, bizim Hüseyn Cavid də vaxtilə Lev Tolstoyun "Zülmə, sitəmə, bəla və müsibətə qarşı səbr" fikirlərinə sonradan etiraz etmiş, sələfi Hötenin "Yaşamaq istərsən, vuruş həmişə!" kimi qəti hökmünə haqq qazandıraraq, "Haqqını sən yalnız mübarizə ilə alarsan!" qənaətinə gəlmişdi.

Onu da deyim ki, bu mübarizədə Lomonosov Eyler, Bernulli və Rixman kimi çalışqan, qabaqcıl xarici alimlərin səmərəli işlərini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşırdı.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist - politoloq

 

Həftə içi.- 2017.- 20 iyun.- S.4.