Qoqolun yaratdığı obrazlar

rus həyatı qədər ölməzdir

 

Dünyaşöhrətli yazıçı Nikolay Vasilyeviç Qoqolun əbədiyyətə qovuşmasından 165 il ötür

 

(Əvvəli ötən sayımızda)

 

Milad bayramı gecəsi"ni oxuyanda gənc kazakların öz səadəti uğrunda mübarizəsi, həyat və gözəllik eşqi, onların öz sevgililəri ilə səs-səsə verib mahnı oxumaları insanı heyran edir. Qoqol sadə adamlar, yoxsul, zəhmətkeş "mujiklər" haqqında danışarkən, onun sözlərində açıq-adın bir səmimiyyət duyulur. Onun müsbət qəhrəmanlarından olan dəmirçi Vakula öz müqəddəs fikir və duyğularını dilə gətirərək deyir: "Əgər məni padşah çağırıb desə ki, dəmirçi Vakula, mənim səltənətimdə olan ən yaxşı şeyi istə, sənə verim, padşah desə ki, əmr edim sənin üçün qızıl bir dəmirçixana düzəltsinlər, sənə də orada işləməyə gümüş çəkiclər versinlər, mən deyərəm ki, istəmirəm, mənə nə sənin daş-qaşın lazımdır, nə qızıl dəmirçixanan, nə səltənətin! Mənə ancaq öz Oksanamı ver!".

Eyni zamanda, insanda qəhrəmanlıq, fədakarlıq, alicənablıq kimi keyfiyyətlərin təsviri; bir tərəfdən tərbiyəvi əhəmiyyəti olan fərəhli sevgi macəraları, dostluqda və məhəbbətdə səmimiyyət, sədaqət, o biri tərəfdən hiyləgərlik, paxıllıq, xudpəsəndlik, şöhrətpərəstlik kimi mənfi əxlaqi vərdişlərin tənqidi bu povestlərin demək olar ki, hamısında özünü göstərirdi. Belinski Qoqol əsərlərinin yüksək tərbiyəvi əhəmiyyətindən və təsirindən ruhlanaraq yazırdı: "Ağıldan bəla"dan sonra mən rus dilində elə bir əsər tanımıram ki, Qoqolun povestləri qədər özünün təmiz əxlaqiliyi ilə fərqlənsin, xasiyyət və əxlaqa qüvvətli və nəcib təsir buraxmış olsun. Ah... belə əxlaqın qarşısında mən həmişə diz çökməyə hazıram!..".

Qoqolun ilk povestlərinin dərin təhlilini vermiş Belinskinin daha sonrakı qeydlərindən bəzi məqamlar: "Qoqol öz yaradıcılığına hələ yenicə başlamışdır. Demək, bizim vəzifəmiz onun bu ilk çıxışı və onun gələcək üçün verdiyi ümidlər haqqında öz mülahizəmizi bildirməkdir. Bu ümidlər böyükdür, çünki cənab Qoqol qeyri-adi, qüvvətli və yüksək bir istedada malikdir... O, Puşkinin qoyub-getdiyi yerə keçəcəkdir".

Qoqol öz sənəti ilə rus ədəbiyyatında tam yeni bir dövr yaratdı. Çernışevski bunu "Rus ədəbiyyatının Qoqol dövrü" adlandırmış və qeyd etmişdir: "Qoqol yalnız dahi bir yazıçı kimi əhəmiyyətli deyildir. Bununla birlikdə o, vahid bir əbədi məktəbin başçısıdır ki, bu ədəbi məktəblə rus ədəbiyyatı fəxr edir".

Qoqolun bütün əsərləri öz üslubxarakteri etibarı ilə bir-birindən seçilirdi. "Soroçin yarmarkası", "May gecəsi", "Köhnə dünya mülkədarları", "İvan İvanoviçlə İvan Nikiforoviçin savaşması", "Neva prospekti", "Portret", sonra da "Taras Bulba", "Müfəttiş" və "Ölü canlar"... Bu əsərlərin hərəsinin özünəməxsus bədii xüsusiyyəti, məziyyəti vardır. Bunlar Qoqol sənətkarlığının çoxcəhətliliyini, qüdrətini və dərinliyini parlaq bir surətdə göstərir.

Peterburqun təzadlı həyatı, onun xəyalən düşündüyü qəhrəmanları yazıçını rahat qoymurdu. Küt çinovniklər, tacirlər, Neva prospektində hər gün gördüyü bəzəkli xanımlar ona daha ciddi, daha öldürücü satiralarını yaratmağa imkan yaradırdı. Nikolay Vasilyeviç "Peterburq povestləri" silsiləsini davam etdirərək, bu əsərlərində dövrünün real əksini yaratdı.

Peterburq povestləri", xüsusilə "Neva prospekti" və "Portret" Belinskinin diqqətini cəlb etmiş, Puşkin povestlərin sənətkarlığını, diliniüslubunu, həmçinin gülüş obyektinin müvəffəqiyyətlə seçildiyini qeyd etmişdi. Bununla belə, Qoqol Belinskinin bəzi iradlarını nəzərə alaraq, povestlərin üzərində yenidən işləmiş, realizmi gücləndirərək, mistikadan uzaqlaşmağa çalışmışdı. Bu silsilədən olan "Burun" və "Kolyaska" povestlərini Qoqol xeyli müddət çap etdirə bilməsə də, nəhayət, "Burun" povesti 1835-ci ildə Puşkinin "Sovremennik" jurnalında dərc olunmuşdu. Puşkin Qoqolu hücumlardan qorumaq üçün əsərə kiçik bir əlavədə göstərirdi: "Uzun müddət Qoqol bu zarafatı çap etdirmək istəmirdi, ancaq biz əsərin əlyazmasını oxuyarkən onda elə qeyri-adi fantastik, orijinal, şən, gülməli şeylər gördük ki, onları oxuculara çatdırmaq üçün müəllifi dilə tutaraq onun çap olunması üçün icazə aldıq". Çar senzurası isə bu "zarafat"ın bir sıra yerlərini qorxulu hesab edib, çıxarmışdı.

Burun" əsərinin fantastik ruhda yazılmasına baxmayaraq, həqiqi həyat hadisələrinin canlı təsvirini verir. Yazıçı povestin qəhrəmanlarının, xüsusən mayor Kovalyovun simasında xırda hisslər, əxlaqdankənar niyyətlər, çirkinyaramaz meyllərlə yaşayan, xalqın mənafeyinə xor baxan həmyerlilərinin ümumiləşmiş surətini yaratmışdı. Istehza, rişxənd, kinayə ruhunda yazılmış bu əsəri oxuyarkən, oxucu ürəkdən gülürdü. Ancaq bu gülüş dərin mənalı gülüş idi. Bu gülüş insanların gözünü açan, onları dərindən düşündürən, ictimai hadisələrin mənasını dərk etməyə çağıran gülüş idi.

1832-ci ildə Qoqol "Mirqorod" və "Arabeski" adları altında yeni povestlər toplusunu nəşr etdirdi. Bu povestlərlə onun yaradıcılığının ideya-bədii inkişafında yeni bir mərhələ başlandı. "Viy" və "Taras Bulba" povestlərini istisna etmək şərtilə,həmin toplulardakı nəsr əsərlərinin hamısı yeni bir ideya-estetik istiqamətdə realist sənət prinsipləri əsasında yazılmışdı.

Mirqorod"a daxil olan "Köhnə dünya mülkədarları" və İvan İvanoviçlə İvan Nikiforoviçin savaşması" kimi povestlər məhdud, bayağı mülkədar həyatını, Rusiyanın ucqar yerlərində ölümə bərabər bir güzəran keçirən "avaraları" oxucunun gözləri qarşısında təbii boyalarla canlandırırdı.

Qoqolun "avaralar" adlandırdığı bu real obrazların arxasında 1861-ci il islahatına qədərki rus mülkədarları, tarix tərəfindən ölümə məhkum olan "köhnə dünya mülkədarları" dayanmışdı.Bu "avaralar" bütün dünyadan bixəbər yaşayan, gün ərzində yeyib-içməkdən başqa özgə bir işi olmayan Afanasi İvanoviçlərdən, Pulxeriya İvanovlardan, İvan Nikiforoviçlərdən ibarətdir. Yazıçı bu cür yaramaz adamları istehza ilə "Mirqorodun bəzəyi və şərəfi" deyə təqdim edir. Bunlar o adamlardır ki, yağlı xörək, qutabkompot haqqında uzun-uzadı söhbət etməkdən başqa bir şey qanmırlar.Bunlar yay günü boğaza qədər hovuza, suyun içinə girib, yanlarına samovar qoydurur, çay içirlər. Bunlar yedikləri qovunun tumlarını bir kağıza yığıb üstündə yazırlar ki, bu qovun filan vaxtda yeyilmişdir, yaxud həmin gün qonaqları olmuşsa, onu da əlavə edirlər ki, bu qovun yeyildiyi zaman filankəs də bizdə idi.

Taras Bulba" tarixi-romantik qəhrəmanlıq povestində Ukrayna xalqının xarici işğalçılara qarşı apardığı mübarizəsi parlaq surətdə əks olunmuşdur. Bu povest yalnız rus ədəbiyyatında deyil, ümumən dünya ədəbiyyatında tarixi-qəhrəmanlıq eposunun gözəl, nadir nümunələrindən biri hesab edilir.

Qoqol Rusiyanı, rus xalqını, rus kəndlisini çox sevirdi. O, 1812-ci il rus-fransız müharibəsi haqqında böyük iftixarla danışır və bu müharibənin şöhrət və qüdrətini Vətənin müdafiəsinə bütün xalqın bir nəfər kimi qalxmasında görürdü. Böyük sənətkar başqa bir əsərində rus xalqını fırtınalı dənizdəki əzəmətli sıldırım bir qayaya oxşadır və "Yazıq o gəminin halına ki, bu qayaya toxunub, parça-parça olacaqdır", - deyirdi.

Belinski Qoqolu "Demokratiya Homeri" adlandırmaqda haqlı idi. Sözün əsl mənasında Qoqol demokratiya Homeri, əsl xalq dastançısı idi. Çar məmurlarından və mülkədarlardan danışarkən istehza ilə gülən Qoqol, həqiqi xalqdan, mübariz insanlardan söz açarkən onun böyük qəhrəmanlığından, yenilməz qüdrətindən yazırdı.

Bu amallarını uca tutan Qoqol, "Taras Bulba" əsərində Ukrayna xalqının da azadlıq mübarizəsini böyük məhəbbətlə tərənnüm edirdi. Zaporojye kazaklarını xarakterizə edərkən onların cəsarət, mərdlik, alicənablıq, fədakarlıq və vətənpərvərlik kimi keyfiyyətlərini sevə-sevə təqdim edirdi. "Düşmənə qarşı silah qaldırarkən kazak ya ölməli, ya da qalib gəlməlidir"-deyirdi.

Taras Bulba"nın ilk variantı 1835-ci ildə "Mirqorod" kitabında çap olunmuşdu. Lakin Qoqol sonralar onun üzərində 10 il işləyib, əsəri daha da təkmilləşdirmişdi. Yazıçı bu povestdə Ukrayna xalqının azadlıq uğrundakı böyük mübarizəsini əks etdirmişdi. Əsərdə yerli istismarçılarla xalq kütlələri arasındakı toqquşmaları göstərən real səhnələr az deyildir. Qoqolun zaporojyeli qəhrəmanları "Qoy rus torpağı əbədi çiçəklənsin!" - deyə vuruşur və vətən yolunda canlarını qurban verirlər.

Əsərin baş qəhrəmanı Taras, onun oğlu Ostapbaşqa kazaklar bu günbizim üçün ən əziz, ən nümunəvi insan - həqiqi vətəndaş surətləridir. Povestdən bir daha aydın olur ki, özündən dəfələrələ güclü olan düşmən qarşısından belə, kazak heç bir vaxt qaçmaz, heç bir fəlakət, heç bir bəla, heç bir əzabdan qorxmayaraq, kazak Ana yurduna, yoldaşına, dostuna xəyanət etməyəcəkdir.

Qoqol kazakların bütün tipik xüsusiyyətlərini, qəhrəman sifətlərini toplayıb, parlaq bir surətdə Taras Bulbaonun mərd oğlu Ostap obrazlarında tərənnüm etmişdir. (Qeyd edim ki, Tarasın iki oğlu var. O biri oğlu Andrey haqqında bir qədər sonra bəhs edəcəyəm). Yoldaşlıq hissini izah edərək, Taras Bulba deyir:

“Yoldaşlıqdan daha müqəddəs hiss yoxdur. Ata öz balasını sevir, ana öz balasını sevir, uşaq öz ata və anasını sevir; lakin qardaşlarım, bu, mən dediyim deyildir. Heyvan da öz balasını sevir, ancaq qanla yox, ruhla yaxınlaşmağı bircə insan bacarır.O biri ölkələrdə də yoldaşlıq olmuşdur, amma rus torpağındakı yoldaşlıq heç bir yerdə olmamışdır...Yox, qardaşlarım, rus qəlbi sevə bildiyi kimi, əql ilə, ya başqa bir şeylə sevməyi demirəm, Allah verdiyi, səndə olan hər bir şey ilə sevməyi... yox, bu cürə heç kəs sevə bilməz".

Yoldaşlığı bu qədər yüksək və müqəddəs tutan yalnız Taras deyildir. Qoca kazak Bovdyuq da yoldaşlığı kazaklar üçün ən vacib vəzifə və borc bilir: "Kazağın birinci borcunamusu yoldaşlığı qorumaqdır.Nə qədər ki, mən yaşayıram, qardaşlarım, ömrümdə eşitməmişəm ki, kazak öz yoldaşını bir yerdə atsın, ya da onu satsın".

Taras Bulba öz yoldaşlarını başına yığaraq, düşmənə əsir düşmüş kazakları xilas etməyi tapşırır: "Bəs biz nəyik? Sizin hamınızdan xəbər alıram: yoldaşını fəlakətdə atan, onun bir köpək kimi qürbətdə itib getməyinə razı olan adam necə kazakdır?".

Yoldaş üçün canından keçən qəhrəman kazaklar bütün varlığı ilə vətənini sevir, onun yolunda hər cür bəlalara, hər cür əzablara qatlaşır, ölümə belə razı olurlar.

Taras Bulba üçün vətənindən əziz heç bir şey yoxdur. Buna görə də o, Ana yurduna xəyanət edib, düşmən qızına aşiq olan, onun gözəlliyinə satılan oğlu Andreyi bir an belə tərəddüd etmədən öz əli ilə, vətən adından, atalıq haqqı ilə öldürür. Qızğın vuruşma gedən zaman Taras Bulba, düşmənin zəngin və əlvan libası ilə geyinmiş, düşmən silahı ilə silahlanmış, düşmən atını minmiş oğlu Andreyi meşənin kənarına çəkir və atının cilovundan yapışıb, yerə düşməyini əmr edir.

Məğrur atanın bu sərt əmri qarşısında Andrey bütün iradəsini itirir, dinməz-söyləməz atından yerə düşür.

Qoqol ata-bala arasındakı, oğulun həyatının son dəqiqələrini yaşayan bu dəhşətli səhnəni sadə və kəskin sözlərlə təsvir edir:

- Xəyanət? Dinə xəyanət? Özününkülərə xəyanət? Dayan! Atdan düş!

Bir uşaq mütiliyi ilə Andrey atdan düşdüölü kimi Tarasın qabağında dayandı.

- Dur, tərpənmə! Mən səni əkmişəm, mən də səni öldürəcəyəm!

Bunu deyib, Taras bir addım geri çəkildi və çiynindən tüfəngini aldı. Andrey kətan kimi ağarmışdı.

Tarasın tüfəngi açıldı.

...Andreyin başı əyildi, səssiz-səmirsiz otun üstünə sərildi...

Taras oğlunu sinəsindən vurur və " Artıq məhv oldu, həm də şərəfsiz, alçaq bir it kimi məhv oldu!"-deyir.

Tarasın o biri oğlu Ostapı düşmənlər dar ağacından asırlar.

Əsəri oxuduqca, kazakların hünər və cəsarəti ilə qürurlandıqca, bizim Azərbaycan xalqının mərd övladları yada düşür. Xalqlarımız arasında oxşar keyfiyyətlər, ənənələr doğrudan da çoxdur. Döyüş meydanında düşmən yarasından ölərkən hər bir kazak yalnız öz vətənini düşünür, rus torpağının qeydinə qalır, onun yolunda öldüyü ilə fəxr edir.

Vuruşda üç ölümcül yara almış kazak Balaban yoldaşlarına müraciətlə deyir: “Yoldaşlarım, mənə belə gəlir ki, mən yaxşı ölümlə ölürəm: yeddisini doğradım, doqquzunu nizəmlə deşdim, xeylisini atımın ayağı altında tapdalatdım, neçəsini güllə ilə öldürdüyümü heç özüm də bilmirəm. Qoy rus torpağı daima çiçəklənsin!".

Düşmənlə vuruşmada eyni fikri Bovdyuq da söyləyir. Ürəyi güllə ilə parçalanmış qoca kazak, son nəfəsində bu sözlərlə canını təslim edir: "Dünyadan getməyimə yanmıram. Allah hər kəsə bu cür ölümü qismət eləsin! Qoy rus torpağı həmişə şərəfli olsun!

Öz inadı nəticəsində düşmənə əsir düşmüş Taras Bulbanı ağaca bağlayıb, ayaqları altında od qalayırlar. Qoqol yazır:

Od artıq alışmış, yüksəlirdi və alov onun ayaqlarını yalayır, ağacı bürüyürdü...Lakin Yer üzündə elə bir atəş, əzab, elə bir qüvvə tapılarmı ki, rus qüvvəsinə üstün gəlsin?!".

Qoqol olduqca həssas bir insan idi, onun güclü müşahidə bacarığı vardı. Öz təbiəti etibarilə şən və ünsiyyətcil adam olsa da, çox zaman tutqun və dalğın görünürdü; nə isə mühüm bir fikir, yüksək bir arzu onu daim məşğul edirdi. Bir tərəfdən həyatsevərlik, şənlik, digər tərəfdən daxili bir hüzn, lirik bir kədər, qüssə, can sıxıntısı Qoqolun varlığında bir-biri ilə çarpışırdı.

Həyatın qanunu, ictimai münasibətlərin hökmü belə idi: kim yaşamaq istəyirsə, həyatın çirkabına bulaşmalı, öz mənliyini unutmalı, yüksək məqsədlər eşqinə düşməməli idi.

Ziddiyyətlər Peterburqunun buqanunu" “Portret" povestinin qəhrəmanı rəssam Çartkovun da taleyində öz təsirini göstərir. Nə qədər ki, öz sənətkar idealına sadiqdir o, həqiqi sənət eşqilə yaşayıb-yaradır, öz əsərlərində həyatı bütün doğruluğu ilə əks etməyə çalışır. O, yoxsuldur, miskindir. Onu kimsə tanımır və tanımaq istəmir. Lakin həqiqi sənət prinsiplərinə xəyanət etdikdə, kübar cəmiyyətin zövqlərinə tabe olaraq, sənəti ən aşağı peşəkarlıq səviyyəsinə endirib bayağı və yüngül əsərlər yaratmağa başladıqda, o, dərhal böyük şöhrət qazanır. Bəs bu yol sənətkar üçün ölüm deyildimi? Həqiqətdə də Çartkov bir sənətkar kimi məhv olur. Qoqol qələminin qüdrəti ondadır ki, o, bu faciənin köklərini Çartkovun subyektiv keyfiyyətlərində deyil, barışmaz ziddiyyətlər əsasında qurulmuş cəmiyyətin tipik xüsusiyyətlərində, sərvətin, qızılın, pulun hökmranlığında görür.

Çartkovu uçuruma aparan da elə təsadüfən əldə etdiyi sərvətdir. Bu sərvət ona yüksək cəmiyyətə, kübar dairələrə yol açır. Bu cəmiyyət, bu dairələr isə onun fırçasını həqiqətə deyil, yalanlara, yüksək ideallara deyil, xudbin ehtiraslara, bayağı zövqlərə, meşşan görüşlərə xidmət etməyə məcbur edir.

Qoqol təlqin edirdi ki, istedadı olan şəxs qəlbən təmiz, saf olmalıdır, sərvət ehtirası isə sənətkarda paxıllıq, insana nifrət hissi, zülm etmək, işgəncə vermək ehtirası doğurur.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist-politoloq

 

Həftə içi.- 2017.- 2 mart.- S.4.