Qoqolun yaratdığı obrazlar

rus həyatı qədər ölməzdir

 

Dünya şöhrətli yazıçı Nikolay Vasilyeviç Qoqolun əbədiyyətə qovuşmasından 165 il ötür

 

(Əvvəli ötən saylarımızda)

 

Portret" povestində yazıçı var-dövlətin, qızılın sadə insanlar arasında, Peterburq ucqarlarında, “gələcəyin qədəm qoymadığı" qaranlıq küçələrdə törətdiyi müsibətlərdən də danışır. Əsərin bir yerində Qoqol yazır: “Xəlqi qürurumuzun şərəfinə qeyd etmək lazımdır ki, rus qəlbində həmişə məzlumun tərəfini saxlamaq kimi gözəl bir hiss yaşayır". Qoqol öz əsərlərində rus xalqının, rus qəlbinin bu gözəl cəhətini son dərəcə ifadəli bir şəkildə göstərmişdir. Qoqol humanizminin təbiəti həmin bu rus qəlbinə xas olan gözəl hisslə - zəhmətkeş insana, sadə adamlara dərin məhəbbətlə xarakterizə edilir. Bu məhəbbətsə çar despotizminə, bürokrat üsul-idarəsinə, təhkimçilik hüququna qarşı odlu nifrət və qəzəb doğurur.

Qoqol teatrı çox sevirdi. Dünyaya göz açdığı ailədə teatrın dünyəvi ənənələrini görən ədib deyirdi ki, dram ancaq səhnədə yaşayır.Səhnəsiz o, bədənsiz can kimidir. Dahi yazıçı teatr sənətinin bəşəri gücünü yüksək qiymətləndirirdi. Onun nəzərində teatr elə bir qüdrətli məktəb idi ki, oradan xalqa çox-çox xeyirli fikirlər aşılamaq olardı. Teatrı xalqa, onun mənəvi ehtiyaclarına, ictimai həyatın irəli sürdüyü mühüm məsələlərə yaxınlaşdırmaq lazım idi. Qoqol rus teatrını xalq teatrı ruhunda inkişaf etdirmək istəyirdi, o mənada ki, teatr xalqın həyatı üçün səciyyəvi və aktual olan ictimai məsələləri qaldırıb rus varlığını, rus xarakterini bütün doğruluğu ilə, bütün təbiiliyi ilə göstərə bilsin. "Bizə rusları göstərin! Özümüzünküləri verin! Fransızlar və dənizin o tayında yaşayanlar bizim nəyimizə lazımdır? Məgər öz adamımız azdırmı? Rus xarakterləri lazımdır! Öz xarakterlərimiz! Özümüzü göstərin!" - deyə, Qoqol teatrdan bunu tələb edirdi. bu tələbə də ilk dəfə məhz özü sadiq qaldı. Puşkin bir dəfə "Müfəttiş"dəki əhvalata bənzəyən gülünc bir hadisənin şahidi olmuşdu. Şair Puqaçov üsyanına dair materiallar toplamaq məqsədi ilə 1833-cü ildə Orenburq quberniyasına yola düşür. Nijni şəhərində qubernator şairi olduqca yaxşı qarşılayır. Puşkin Nijnidən Orenburqa gəlib sabiq dostu qraf Perovskinin qonağı olur. Aleksandr Sergeyeviç elə orada ikən Perovski Nijni şəhərinin qubernatorundan aşağıdakı məzmunda bir məktub alır və onu Puşkinə oxuyur:

“Yaxın günlərdə Puşkin bizim şəhərə gəlmişdi. Onu tanıdığım üçün mehribanlıq göstərdim. Ancaq etiraf etməliyəm ki, onun Puqaçov üsyanına aid material toplamaq məqsədilə səyahət etdiyinə heç inana bilmirəm. Mümkündür ki, gördüyü nöqsanlar haqqında məlumat toplamaq üçün ona gizli tapşırıq verilmiş ola.Mənim sizə yaxın münasibətimi bilirsiniz. Ehtiyatlı olmaq üçün sizə xəbərdarlıq etməyi özümə borc bildim". Lətifəyə bənzəyən bu hadisə şairin beynində gözəl bir mövzuya çevrilir. 1835-ci ildə Qoqol Puşkinə yazdığı bir məktubunda ondan xahiş edir ki, iltifat edin, mənə bir süjet verin. Bu saat komediya yazmaq üçün əllərim gicişir... Beynim də, mədəm də hər ikisi acdır... Qoqol öz ədəbi fəaliyyətində ədəbiyyatın demək olar ki, bütün janrlarından istifadə etmişdir. Lakin onun ən çox sevdiyi sahələrdən biri teatrdramaturgiya idi. Bunu Puşkinbilir və dəyərləndirirdi. Həmişə Qoqola xüsusi qayğı və həssaslıqla yanaşan Puşkin, bu dəfə də onu cavabsız qoymur. Şair "Müfəttiş"in süjetini dostuna verir. Əsərin gələcək müvəffəqiyyətlərini əvvəlcədən hiss edən müəllif, 1835-ci ilin sonunda rus tarixçisi, yazıçı və naşıri Mixail Petroviç Poqodinə yazır: "İndi azad nəfəs ala bilərəm. Gülmək, gülmək və yenə də gülmək! Yaşasın komediya!"

Qoqol "Müfəttiş" komediyası kimi möhtəşəm bir sənət abidəsi yaradır. Əsər komediyanın klassik nümunəsidir. Ədib dram əsəri yazan yazıçıya hər şeydən əvvəl, həyatı düzgün göstərməyi təlqin edirözünün məşhur "Tamaşadan sonra" adlı əsərində yazır ki, komediya bizim ictimai həyatımızın əksi və aynası olmalıdır. Yazıçı özünün bu bədii formuluna ilk öncə özü riayət edir. Nikolay Vasilyeviç “Müfəttiş"ində özünün qeyd etdiyi kimi, Rusiyada olan bütün çirkin hadisələri ; insandan ən çox ədalət tələb olunduğu yerlərdə və hallarda baş verən bütün ədalətsizlikləri bir yerə toplamağı və onların hamısına birdən gülməyi qərara alır. Təsadüfi deyildi ki, o zaman Qoqolun bu əsərindəki öldürücü satirasından qorxuya düşən senzura "Müfəttiş"in tamaşaya qoyulmasını qadağan etmişdi. 1835-ci ildə yazılıb qurtarmış olan bu komediyanın səhnəyə qoyulmasına yalnız 1836-cı ildə icazə verilmişdi.

Bu ölməz əsər öz dövrü üçün son dərəcə böyük bir əhəmiyyətə malik idi. Rus yazıçı, filosofpedaqoqu Aleksandr İvanoviç Gertsenin təbirincə desək, "Müfəttiş" komediyasında Qoqol özünün müasiri olan Rusiyanın "xəstəlik tarixi"ni vermişdi.

Bəs Qoqolun müasiri olan Rusiyanın “xəstəlik tarixi" nədən ibarət idi? Belinski Qoqola yazdığı məşhur məktubunda I Nikolay dövründəki çar Rusiyasını belə xarakterizə edirdi: “...Rusiya müdhiş səhnələrlə dolu olan bir məmləkətdir. Bu məmləkətdə nəinki şəxsiyyət, vicdan və mülkiyyəti qoruyan bir amil, hətta polis qanun-qaydası da yoxdur; burada yalnız mənsəb sahibi, oğruquldurlardan ibarət böyük zümrələr vardır". "Müfəttiş" komediyasında I Nikolay mütləqiyyətinin eybəcər şəklə saldığı çar Rusiyasındakı həmin dəhşətli səhnələrin bədii və son dərəcə sarsıdıcı təsviri verilmişdi. Əsərin əsas surətlərindən biri olan Xlestakov Peterburq dəftərxanalarının birində xidmət edən kiçik bir çinovnikdir. Çox da böyük rütbə sahibi deyildir, sadəcə cızma-qara ilə məşğuldur.İşə əsla can yandırmır. Qulluq eləməkdənsə, küçələrdə boş-boş gəzməyə, qumar oynamağa daha çox həvəskardır. Pulu oldu, keyf edir, qumar oynayır, var-yoxdan çıxdıqda isə paltarlarını satmaq üçün nökəri Osipi bazara göndərir.

Xlestakovu fırıldaqçı hesab etmək düzgün olmazdı. Lakin onun özündən də kütbeyin olan və rüşvətə öyrənmiş əyalət çinovnikləri onu Peterburqdan gəlmiş müfəttiş hesab etdikləri üçün şöhrətpərəst Xlestakov özünü böyük və yüksək bir rütbə sahibi kimi göstərmək arzusuna düşür. Məzmunsuz və zəif iradəli Xlestakov, bir az içki qəbul edən kimi sərxoş olur, özünü öyür və olmazın yalanlar uydurur. Yalanları onu daha çox məst edir. Artıq o, özü də paytaxtın böyük, bəlkə də lap birinci adamı olduğuna inanmağa başlayır. Bu cəhətdən Xlestakovun çinovniklər qarşısında öyündüyü səhnə özü - özünü xarakterizə etmək üçün daha təbiidir. O, burada rabitəsiz və qırıq-qırıq danışaraq deyir: "...Yaxşı-yaxşı aktrisalarla tanışam...Mən də cürbəcür məzhəkələr yazıram...Puşkinlə lap dostam...Evimdə bal gecələri düzəldirəm...Stolun üstündə yeddi yüz manatlıq bir qarpız, qazandakı sup düz Parisdən gəmi ilə gəlir...Mən hələ yuxudan durmamışdan ... qəbul otağıma baxmaq maraqlıdır; qraflar, knyazlar yığılıb arı kimi vızıldaşırlar...Mənə məktub göndərəndə, üstünə "əlahəzrət" yazırlar...Məndən lap dövlət şurası da qorxur...Saraya hər gün gedirəm...Məni elə günü sabah feldmarşal edərlər..." və s.

Gizli müfəttiş"dən canlarına qorxu düşmüş əyalət çinovnikləri də bu yalançının sayıqlamalarına inanırlar. Xlestakov eyni zamanda əxlaqdan kənar adamdır. O, bələdiyyə rəisinin qızını almaq istəyir, eyni zamanda qızın anasını da xoşlayır. "Anası da pis deyil"- deyir. O, ucuzsüni iltifatlar göstərib, qəribə və anlaşılmaz ifadələr işlədərək ("Xanım qız, ürəkdən arzu edirəm ki, sizin yaylığınız olumzanbaq boynunuza sarılım"), Mariya Antonovnanın qarşısında diz çökür, "məhəbbətini" ona bildirir. Bir az keçmədən qızın anasının ayaqlarına düşüb "Mən sizə aşiq olmuşam..."- deyir.

Peterburqdakı dostuna yazdığı məktub Xlestakovun üzünü bir daha tanıtdırır:

"Əzizim Tryapiçkin, tələsirəm ki, mənim başıma nə qəribə işlər gəldiyini sənə xəbər verim...Peterburq görkəmimə və paltarıma görə bütün şəhər məni general - qubernatora oxşatdı.İndi mən bələdiyyə rəisinin evində yaşayıram. Keyf çəkirəm, onun arvadı və qızı ilə mazaqlaşıram...İndi lap ayrı cürdür. Hamı mənə nə qədər istəsəm, borc verir...". Xlestakov obrazı özü - özlüyündə puç bir şey olsa da, bu obraz müəllifə öz ideyalarını ifadə etməkdə əsas vasitədir. Anton Antonoviç Skvoznik-Dmuxanovski şəhər idarəsinin rəisidir. "Müfəttiş" komediyasında verilmiş ən gülünc, ən zərərli tipdir. Qoqol, I Nikolay dövrü üsul - idarəsinin bütün çürüklüyünü, eybəcərliyini, çinovniklərin azğınlıq, rüşvətxorluq, riyakarlıq və şəhər əhalisi ilə kobud rəftarını - bir sözlə, dövrün hakim təbəqələrinə xas olan bütün murdar sifətləri bu obrazda heyranedici sənətkarlıq istedadı ilə ümumiləşdirə bilmişdir. Buna görə də Anton Antonoviçin xarakteri, dünyagörüşü və davranışı üzərində xüsusi dayanmaq istəyirəm.

Qoqol qeyd edir ki, Anton Antonoviç vəzifələrdə qocalmış rüşvətxordur. Siması kobuddurüzünün cizgiləri kəskindir. Bütün kobud ruhlu adamlar kimi o da qorxudan sevincə, alçaqlıqdan təkəbbür hissinə sürətlə keçir. Onun idarə etdiyi şəhərdə heç bir qayda - qanun, səliqə-səhman və təmizlik yoxdur. Xəstəxanada xəstələrə pis baxılır. Onlar acçirkli saxlanılır. Məhkəmənin qəbul otağında, şikayətçilər yığılan yerdə xidmətçilərin saxladıqları qazqaz balaları əl - ayağa dolaşır. Poçt vasitəsilə göndərilən məktublar açlılıb oxunur. Şəhərin hər yeri zibillikirlidir.

Anton Antonoviç kobud, qaba, eyni zamanda yaltaqalçaq adamdır. Bu cizgilər onun əsas sifətlərindəndir. O, özündən kiçik qüvvə hiss etdikdə zalımlaşır, tabeçiliyində olanlarla çox kobudqaba rəftar edir. Xlestakovu müfəttiş hesab etdikdə, ona yaltaqlanır, qarşısında əyilir, nökərinə xidmət edir və rüşvət verir. Qızını Xlestakova verib, "böyük bir adamla" qohum olandan sonra isə şirin xəyallar içində Peterburqa köçməyə hazırlaşır. General paqonlarını çiyninə vurmağa tələsən Anton Antonoviç, şikayətçilərlə olduqca pis rəftar edironlara tez - tez ədəbsiz söyüşlər söyür. Şəhər hakimi Anton Antonoviçin rüşvətxorluğu, mədəniyyətsizliyi, kütbeyinliyi və riyakarlığı göz önündədir. Yazıçı çox real və canlı yaratdığı bu obraz vasitəsilə I Nikolay dövründə uzaq əyalətlərdə "rəhbərlik" edən şəhər çinovniklərinin real tipini yaratmışdır. Beləliklə, komediyada digər çinovniklər - məhkəmə sədri, məktəblər nəzarətçisi, xeyriyyə müəssisələri rəisi, poçt müdiri; şəhər mülkədarları - Dobçinski, Bobçinski, qadın surətlərindən Anna Andreyevnaonun qızı Mariya AntonovnaOsip obrazı xarakterizə edilir. Bu obrazlar ayrı - ayrılıqda təqdim olunduqca, çar Rusiyasını içəridən yeyən və onu ölümə sürükləyən necə deyərlər, irinli yaralar üzə çıxır. Beləliklə, biz Qoqolun müasiri olan dövrün “xəstəlik tarixi"ni oxuyur, Nikolay Rusiyasının zülmistibdad dünyasına, əsarət, hərcmərclik, ədalətsizlik və ictimai bərabərsizliyə nifrət edirik.

“Müfəttiş" komediyası 1836-cı ilin aprel ayında Peterburqun Aleksandrinski Teatrında, həmin ilin mayında isə Moskvada, Kiçik Teatrda tamaşaya qoyulandan sonra çox böyük hay-küyə səbəb oldu. Adi bir əyalət məmurundan tutmuş çar Nikolayın özünə qədər bütün təhkimçi çar Rusiyası bu gülüşə hədəf olmuşdu. Deyilənə görə, əsərin tamaşalarından birində çar Nikolayın özüiştirak etmiş və qəhqəhə çəkib gülmüşdür. Sonra isə etiraf etmişdir ki, burada hamının özünə görə payı vardır, mənim payıma düşən isə daha çoxdur.

O zaman Moskva teatrında Anton Antonoviç rolunu rus səhnəsinin böyük sənətkarı Mixail Semyonoviç Şepkin ifa edirmiş. Müasirlərinin yazdıqlarına görə, bir dəfə Şepkin bələdiyyə rəisinin son monoloqundan “Nəyə gülürsünüz? Öz - özünüzə gülürsünüz?!" - sözləri ilə səhnədəki artistlərə müraciət etmək əvəzinə, açıq şəkildə tamaşaçılara xitab etmişdir. Tamaşa salonunda oturanların isə yarısından çoxu böyük mülkədarlar və çar çinovnikləri imiş.

“Əsərdə nə üçün heç bir müsbət obraz yoxdur?" sualına da Qoqol aydın və konkret cavab vermişdi: "Vardır! Bu, namuslu, alicənab şəxs -gülüşdür!" Rusiyada gördüyü bütün çirkinliklərə gülə-gülə “atəş açan" Qoqol, gülüşü obraz səviyyəsinə qaldırmışdı. L.N.Tolstoy həyat həqiqətini özünün əsl müsbət qəhrəmanı hesab etdiyi kimi, Qoqol da sağlam və ürəkdən qopan gülüşü, öldürücü qəhqəhəni özünün müsbət qəhrəmanı, “alicənab şəxs" adlandırırdı.

Nikolay Vasilyeviçin öz komediyasına epiqraf kimi seçdiyi məşhur “Üzün əyridirsə, güzgünü nahaq yerə sındırma" xalq məsəli də "Müfəttiş"in geniş və ümumiləşdirilmiş ictimai mənasını göstərirdi.

“Hamını aldadaraq, özün aldanma! - əsil məqsəd və məsələ budur", - Qoqolun "Qumarbazlar" pyesindəki kələkbaz İxarev belə deyir. Həmin anda İxarev hələ anlamır ki, o, özündən daha təcrübəli hiyləbazlar - Stepan İvanoviç Uteşitelnionun dostları tərəfindən artıq aldadılmışdır. Özünün necə ustalıqıa tovlandığını bildikdən sonra, İxarev hiddətlə deyinir: "Hə, bundan sonra hiylə işlət, zərif ağlını işə sal, dəridən çıx, vəsait tap görüm, necə tapacaqsan? Əlüstü bu yandan bir lotu tapılacaq və səni barmağına dolayacaq, dələduzun biri sənin bir neçə il ərzində qurduğun binanı bir dəfəyə uçuracaqdır..."

Qoqolun "şeytan gülüşü" əleyhinə çıxanlar getdikcə güclənirdi. Əsərdən sonra yazıçı özünə çox düşmən qazanmışdı. Qoqol özü Şepkinə bu barədə yazırdı: "Hamı mənim əleyhimədir. Qoca və möhtərəm çinovniklər bağırırlar ki, qulluq adamları haqqında bu cür yazmağa cürət etdiyimdən mənim üçün müqəddəs heç bir şey yoxdur. Polis adamları mənim əleyhimədir, ədəbiyyatçılar əleyhimədir".

Bütün bu hücumlar, ittihamlar, təhqirlər Qoqola çox ağır təsir bağışlayır. Demokratik cəbhədən gələn dost səslərinə, təriflərə və alqışlara, Belinskinin hərarətli çıxışlarına baxmayaraq, Qoqol daxilən çox narahat idi. O, hətta öz əsərindən qorxmağa, onun acılığından hürkməyə başlamışdı. Digər tərəfdən Qoqol o zamankı Rusiyada yazıçının son dərəcə ağır bir şəraitdə işləməyə məcbur olduğunu, həyat haqqında doğru söz söylədiyi üçün təqib edildiyini görüb böhranlı anlar keçirirdi. Odur ki, Qoqol həm dərdlərini dağıtmaq, həm də yeni əsərlər ətrafında arxayın düşünmək məqsədilə bir müddət Rusiyadan uzaqlaşmaq, xaricə getmək qərarına gəlir. 1836 - cı il iyunun 6-da Qoqol xaricə yola düşür...

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist-politoloq

 

Həftə içi.- 2017.- 3 mart.- S.4.