Qoqolun yaratdığı obrazlar

rus həyatı qədər ölməzdir

 

Dünya şöhrətli yazıçı Nikolay Vasilyeviç Qoqolun əbədiyyətə qovuşmasından 165 il ötür

 

(Əvvəli ötən saylarımızda)

 

“Ölü canlar" Qoqol yaradıcılığının bir yekunu olmaqdan başqa, rus ədəbiyyatının sonrakı inkişafına da müsbət təsir göstərmişdi. Puşkinin "Yevgeni Onegin" romanı kimi, "Ölü canlar" da ozamankı Rusiya həyatının ensiklopediyası hesab olunurdu. 1842-ci ildən sonra Qoqolun həm səhhətində, həm də mənəvi aləmində kəskin böhran başlayır. Yazıçının sağlamlığının itirilməsi ciddi müalicə tələb edir. Bir tərəfdən də Puşkinin ölümü yazıçı üçün ağır zərbə olur, onu ağıllı məsləhətçi və böyük dostdan məhrum edir. Qoqolun həyatının son illəri ağır xəstəlik və daxili təlatümlərlə keçir ki, bu da onun tərəfindən "Dostlara yazılmış məktublardan seçilmiş parçalar" adlı irticaçı kitabın yazılıb nəşr olunmasında əksini tapır. Əsər Belinski və qabaqcıl rus ictimaiyyəti tərəfindən olduqca pislənilir.

 

Böyük yazıçının həyata baxışındakı mənəvi böhrana səbəb hər şeydən əvvəl, o zamankı rus ictimai-siyasi mühitinin kəskin təzadları və yazıçının dərin siyasi dünyagörüşünə malik olmamasından irəli gəlirdi. Böhranın kəskinləşməsinə onun mürtəce dostları da az səbəb olmamışdı. Qoqol həmin əsərdə mütləqiyyətə və təhkimçilik hüququna bəraət qazandırmağa çalışır, oxucularını çar üsul-idarəsi ilə hardasa barışığa gəlməyə və dindarlığa çağırırdı.

Həmin irticaçı əsəri barədə Belinskinin Qoqola yazdığı məktub yazıçını möhkəm sarsıdır və o, "Ölü canlar" əsərinin ikinci cildi üzərində işləyib səhvini düzəltmək istəyir. Qoqolun həyatının axırıncı illəri "Ölü canlar"ın ikinci hissəsi üzərində keçsə də, o, bu işi başa çatdırmağa macal tapmır, çünki getdikcə şiddətlənən ruhi xəstəlik buna imkan vermir.

Təəssüf ki, dünya oxucularına "Ölü canlar"ın maraqla gözlədikləri sonrakı cildlərini oxumaq nəsib olmur. Qoqol ömrünün son günlərində ağır xəstə ikən əsərin ikinci cildinin bütün 11 fəslini yandırır.

Hadisə gecə saat 3- də baş verir. Qoqol uşağı çağırıb soruşur ki, evin o biri başı istidir, ya yox? Uşaq cavab verir ki, sərindir. Bu zaman uşağa: "Plaşımı ver, gedək, orada işim var"- deyir.

O, əlində şam, xaç vura - vura otaqlardan keçir. Heç kəsi oyatmamaq üşün qapını mümkün qədər ehmalca açmağı və sonra dolabdan portfelini verməyi tapşırır. Portfeli gətirdikdən sonra, oradan qaytanla bağlanmış bir topadəftəri çıxarıb sobaya atır və əlindəki şamla yandırır. Məsələdən agah olan uşaq, onun qarşısında diz çöküb yalvarır: "Ağa, bu nədir? Bəsdir".

- Sənə dəxli yoxdur, - deyə o, xaç vura-vura cavab verir.

Dəftərlərin küncləri yanandan sonra alov sönür. Qoqol bunu gördükdə, dəftərləri sobadan çıxarıb qaytanını elə açır ki, alov yaxşı təsir etsin. Sonra onları yenidən alışdırır və oturub, yanıb kül olana qədər gözləyir.

O, xaç vuraraq otağına qayıdır, uşağı öpür, daha sonra divanına uzanıb, ağlamağa başlayır...

Sonralar "Ölü canlar" ildırım sürətilə dünyanın ən müxtəlif dillərinə tərcümə olunub, təkrar - təkrar nəşr edildi. 1952- ci ilə qədər təkcə Çin Xalq Respublikasında əsər 17 dəfə, onmilyonlarla tirajla çap olunmuşdu. Məşhur Çin yazıçısı Maodan xalqı arasında rus ədəbiyyatına olan sevginin günbəgün artdığını qeyd edərək yazırdı: "Qoqolun Çindəki təsirini, onun bir çox əsərlərinin Çin dilinə tərcümə olunmasından görmək olar. Hələ 25 il bundan əvvəl (yəni 1927-ci ildə - R.Mirzəzadə) ölkəmizdə Qoqolun məşhur "Şinel" povestinin Çin dilinə iki tərcüməsi vardı. Sonralar isə "Mirqorod", "Portret", "Taras Bulba", "Ölü canlar", "Müfəttiş" və başqa əsərləri Çin dilinə dəfələrlə tərcümə olunmuşdur".

Keçmişin bütün mütərəqqi ədəbiyyatı və incəsənəti kimi, Qoqolun yaradıcılığı da müharibə qızışdırıcıları tərəfindən hazırlanan yeni qırğınlara qarşı sülh və demokratiya qüvvələrinin əlində mənəvi cəhətdən qüdrətli bir silah idi. Buna görə də Ümumdünya Sülh Şurası bütün tərəqqipərvər bəşəriyyətin iradəsini və istəyini ifadə edərək, alovlu humanist, böyük rus vətənpərvər yazıçısı N.V.Qoqolun vəfatının 100 illiyinin Yer kürəsinin müxtəlif ölkələrində bayram edilməsi haqqında qərar çıxarmışdı.

“Rus realizminin çox qiymətli keyfiyyətlərindən biri bu idi ki, o, əks etdiyi gerçəkliyə müstəsna dərinliklə nüfuz edirdi" - deməkdə Firidun bəy Köçərli düz buyururdu. Ədib deyəndə ki, həqiqi şair millətin səsinə səs verib onun qeyrət və təəssüb damarını hərəkətə gətirməlidir, - bu zaman rus realizminin gerçəkliyə dərin nüfuzu, vətəndaş cəsarəti, xəlqilik xüsusiyyətlərini səciyyələndirmiş olurdu. Görkəmli alim yazırdı: "Rus ədiblərinin ən məşhurlarından birisi Qoqoldur. Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olubdur. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə düşüb, firənglərin, ingilislərin və nemeslərin ədəbiyyatı təsirindən xilas olmağa başlayıbdır".

Firidun bəy deyirdi ki, Qoqolun yaratdığı surətlər rus həyatı qədər ölməzdir. Daha sonra Qoqolun "Müfəttiş"inin Azərbaycan mühiti üçün əhəmiyyəti məsələsinə keçərək, ədəbiyyatşünas alim bildirirdi: "Qoqol yazdığı komediyanın eynini bu halda bizim Qafqazın çox yerlərində müşahidə etmək olur. Onun ədibanə vəsf qıldığı rüşvətxor, tamahkar, tənbəl, bacarıqsız, öz vəzifəsini anlamayan, camaata zülm edən və həməvaxt öz nəfslərini güdən çinovniklər ilə bizim uyezdlər və mahallar doludur".

F. Köçərli Azərbaycan ədəbiyyatında da Qoqol kimi xalqını sevərək qeydinə qalan, bütün qüvvəsi ilə onun maariflənməsi və tərəqqisinə çalışan sənətkarların olduğunu göstərir və Mirzə Fətəli Axundovun öz asari-qələmiyyəsilə Qoqola çox bənzədiyini yazırdı.

1911-ci ildə Köçərli Tiflisdə Axundov və Qoqol mövzusunda özünün "Mirzə Fətəli Axundov həzrətlərinin təvəllüdündən yüz il mürur etməsi münasibətilə yazılmış risaleyi- yadigaranədir" adlı əsərini kitabça kimi çap etdirmişdi. O, Axundovun sənətkarlğından danışarkən onu Qoqol ilə müqayisə edir, hər iki sənətkar arasında oxşar cəhətlərin təhlilini verib yazırdı: "Necə ki, Qoqolun Qorodniçisi, Xlestakovu və Dobçinski-Bobçinskisi hal - hazırda Rusiyanın bəzi yerlərində müşahidə olunmaqdadırlar, habelə də Mirzə Fətəlinin Hatəmxan ağası, Hacı Qarası, Zalxası, Bayramı, Ağa Kərim miyançısı, Molla İbrahimxəlili və qeyriləri bu halda sağ və salamat bizim içimizdə dolanıb, hər biri öz fel və əməllərini işlətməkdədirlər".

Əsərin sonunda Köçərli XIX əsrin bu iki böyük sənətkarının bəşəriyyətə xidmətlərini, humanist qələm sahibi kimi öz vəzifələrini şərəflə yerinə yetirdiklərini yüksək dəyərləndirərək, yazırdı: "Mərhum Mirzə Fətəli rus ədiblərindən və dramnəvislərindən məşhur Qoqolun müasiri idi. Hər iki ədib zatən psixoloq yaranmışdır. Bunlar adamların boşluğunu, səfahət və həmaqətini büxl, həsəd, şərarət və fəsadını, zahiri və batini aləmlərini görürlərmiş, zahirdə güldükləri adamların halına ürəkdən yanıb ağlayır və onların əsərlərini mütaliə edən şəxslərin qəlblərində yatmış hissləri oyadıb, məhəbbət çırağını yandırıblar. Bununla, bəşəriyyət aləminə böyük xidmət göstəriblər". Başqa sözlə desək, F. Köçərli bu sənətkarların bir - birinə yaxınlığını onların vətəndaşlığında, xəlqiliyində və humanistliyində axtarıb tapırdı.

Qoqol sənətkarlığından bir məktəb kimi istifadə edən tanınmış Azərbaycan dramaturqu Sabit Rəhmanın bu barədə fikirləri maraqlıdır: "Mən bu əsərlərdən ikisini - "Müfəttiş" və "Taras Bulba"nı Azərbaycan dilinə tərcümə etmişəm. Gözəl komediya nümunəsi olan "Müfəttiş" yazıçı üçün bir məktəbdir. Bu komediya mənim həyatımda çox mühüm rol oynamışdır. Böyük rus ədəbiyyatı xəzinəsinin inciləri lə tanış olmaqda "Müfəttiş" mənim üçün açar olmuşdur. Bu gözəl əsər hamı kimi məni də ilk səhifələrindən valeh etmişdir. Sonralar bu əsəri mən dəfələrlə səhnədə gördüyümə və tərcüməsi üzərində uzun əmək sərf etdiyimə baxmayaraq, yenə də oxuduqda və ya səhnədə tamaşa etdikdə, onda hər dəfə yeni-yeni məziyyətlər tapıram".

Cəlil Məmmədquluzadə rus xalqının yetişdirdiyi böyük realist sənətkarlara dərin ehtiramla yanaşırdı. Onların yaradıcılığını mütəmadi izləyir, ədəbiyyata gətirdiyi yenilikləri daim diqqətdə saxlayırdı. Rus sənətkarları arasında Qoqol ona xüsusilə yaxın idi. Qoqolun ictimai məzmunlu kəskin satirası C.Məmmədquluzadə üçün ədəbi yaradıcılıq məktəbi idi. Mirzə Cəlil bir yazıçı, dramaturq və mühərrir kimi öz fəaliyyətində rus ədibinin satira üslubundan, dramaturji sənətindən bacarıqla istifadə edərək, gözəl, orijinal əsərlər yaratmışdır. Həmin illərdə Mirzə Cəlil qeyd etdiyim kimi, "Molla Nəsrəddin" jurnalının səhifələrində zülm və əsarətə, mövhumat və xürafata qarşı, istismarçı hakim siniflərin nümayəndələri olan bəylərə, mülkədarlara, ruhanilərə qarşı ifşaedici kəskin yazılarla çıxış etməklə bərabər, eyni zamanda özünün məşhur "Ölülər" komediyası üzərində də işləyirdi.

Mirzə Cəlil həyatda gördüyü eybəcərliklərin ictimai mahiyyətini dərindən dərk edərək, onları realist bir qələmlə təsvir edir. "Ölülər"in süjetini müəllif həyatdan götürmüşdür. O zaman dini mövhumat insanların şüurunu o dərəcədə korlamışdı ki, fırıldaqçı Şeyx Nəsrullahın guya ölüləri diriltməsi hadisəsi həmin dövr üçün tamamilə inandırıcı idi.

C.Məmmədquluzadənin öz komediyasını "Ölülər" adlandırması, şübhəsiz ki, Nikolay Vasilyeviçin "Ölü canlar" əsərinin təsiri idi. Qoqol əsərində təsvir etdiyi dövrün cəmiyyətini "Ölü canlar yığını", Mirzə Cəlil isə "Ölülər cəmiyyəti" adlandırırdı. Əgər Qoqol bütün Rusiyada çinovniklər mühitini göstərmək üçün Xlestakovu ("Müfəttiş"də) ən uzaq əyalət şəhərlərindən birinə aparırsa, Mirzə Cəlil də bütün xürafatçı müsəlman ruhanilərinin iç üzünü açıb göstərmək üçün Şeyx Nəsrullahı Azərbaycanın uzaq guşələrindən birinə gətirir. Hər iki müəllif Xlestakov və Şeyx Nəsrullah obrazlarını əsl mövcud vəziyyəti tənqid etmək üçün yaratmışlar.

“Ölülər" komediyası Hacı Həsənin Xorasanda Kərbəlayı Fətulla adlı bir nəfərin dirilməsini, həmçinin bu möcüzəni göstərən şəxsin gəlməsini xəbər verməsi ilə başlanır. Əsərin belə başlanması Qoqolun "Müfəttiş"ində şəhər rəisinin müfəttiş gəlməsi haqqındakı xəbərini yada salır. Şəhərin mötəbər adamları Hacı Həsənin evinə yığışırlar. "Dirilən Kərbəlayı Fətulla"nın qardaşı buraya gəlib, qardaşından aldığı məktubu oxuyur. Bu məktubun oxunması səhnəsi "Müfəttiş"də şəhər rəisinin dostundan aldığı məktubun oxunması səhnəsini xatırladır. Beləliklə, hər iki komediya xəbərlə və məktub oxunması ilə başlanır. "Müfəttiş"də müfəttişin, "Ölülər"də isə möcüzə göstərən şeyxin gələcəyi xəbər verilir. Oxşar xüsusiyyətlərdən biri də budur ki, "Müfəttiş"də şəhər rəisi öz qızını Xlestakova , Hacı Həsən isə qızını Şeyx Nəsrullaha verir...

Qoqolun "Köhnə dünya mülkədarları" ilə digər yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin "Şeyx Şəban" əsərinin məzmununda da ədəbi bağlılıq mövcuddur. Şedrinin, Çexovun əsərlərini xatırlayaq. Bu böyük yazıçılar cəmiyyətə, həyata ucadan baxmış, xalqın düşdüyü vəziyyətə qəlbən ağlayıb, onu bu kökə salanlara gülmüşlər. Məhz ağladıqlarından gülmüşlər. Bu gülüşü dəhşətli və çıxılmaz vəziyyətdə qəzəbindən və nifrətindən qəhqəhə çəkən adamın gülüşünə bənzətmək olar. Bu gülüş ürək ağrısından süzülüb gələn, təəssüfdən doğan acı gülüş, faciəvi gülüşdür. "Müfəttiş" və "Ölülər"in janrı komediyadır, özü isə faciə, göz yaşıdır. "Ölülər" yalnız Azərbaycan xalqının deyil, ümumən Şərq xalqlarının dərd, müsibət və hıçqırıqları ilə yoğrulmuş faciəli həyatının danışan şəklidir. Bu mənzərəyə baxıb gülən adam - atasının, anasının, əzizlərinin matəminə sevinən adama bənzəyir.

Xalq şairimiz Qabil Qoqola həsr etdiyi "Sən gülürsən" şeirində bu fikirləri ustalıqla poeziyanın dilinə çevirir:

Sən gülürsən, yaşarınca gözlərin,

Sən gülürsən, çoxaldıqca kədərin,

Səbrin böyük, qəlbin böyük,

Rusiyanın dərdi-səri

Doğulduğun gündən bəri

Üzərində ağır bir yük.

Acıyırsan min zavallı insana,

Düşündükcə bağrın dönür al qana.

Onlar yazıq, onlar zəlil,

Heçə bağlı həyatları...

Şinelə də olsa barı

Onlar guya layiq deyil.

Sən gülürsən, nə böyükdür möhnətin.

Sən gülürsən, nə odludur nifrətin.

Həmin nifrət ildırım tək

Zalımları, rəzilləri,

Neçə-neçə zülmü, şəri

Yandırmışdır kül edərək!

Sən gülürsən, ömrününsə hər anı

Qamçılayır o natəmiz dövranı.

Orda fitnə, orda fəsad,

Adamlarda nə ürək var,

Nə məslək var, nə dilək var.

Şərəfdənsə qalmamış ad.

Vətəndaşlıq qürurundan xəbərsiz,

Ömür sürən səmərəsiz, bəhərsiz,

Mənsəbiyçün, şöhrətiyçün

Gecə-gündüz əsənlərə,

Hiyləylə baş kəsənlərə

Sən gülürsən için-için,

Rüşvət alan, rüşvət verən,

Gündə min cür dona girən

Mərhəmətsiz hakimlərə,

Ədalətsiz həkimlərə.

Sən gülürsən bir sarsılmaz inamla,

Sən yazırsan bir tükənməz ilhamla,

Məsləkindən ayrılmırsan bircə an,

Söz açırsan cəsur Taras Bulbadan.

 

Rusiyanı məhəbbətlə sevirsən,

İftixarla, səadətlə sevirsən.

Dinlədikcə Vissarionu, Puşkini

Sən gülürsən, sevinc sarır qəlbini.

 

Rusiyanın aydın, geniş səması,

Doğma vətən torpağının havası,

İlıq yazı, xoş payızı, sərt qışı,

Əsən yeli, yağan qarı, yağışı...

Öz xalqının yenilməyən qüdrəti,

Kutuzovun, Suvorovun şöhrəti.

Sən gülürsən canlandıqca önündə.

Qəlbin bahar həsrətiylə çırpınır,

Yaşadıqca qaranlıq qış günündə.

 

Yaratdıqca saçlarına düşür dən,

Zülmətlərdə məşəl kimi yanırsan.

Al günəşli bir sabahı indidən

Bir eşq ilə, bir ümidlə anırsan.

 

Arzuların bir xəyala dönmədi,

Qırılmadı mətanətin, vüqarın,

Ölü canlar Rusiyanı yenmədi,

Sən gülürsən... Gülür qalib diyarın.

 

Qoqolun "Kolyaska" əsərinin nəşrinə xeyli müddət icazə verilməmişdi. Müəyyən dəyişikliklərlə "Kolyaska" çap olunduqdan sonra, Puşkin dostlarından birinə yazdığı məktubda Qoqola özünün dərin minnətdarlığını bildirir və povestin çap olunduğu almanaxın oxucular arasında böyük şöhrət qazanacağını söyləmişdi. Böyük sənətkarlıqla yazılmış "Kolyaska" povestində yüksək cəmiyyətin nümayəndələri, ali mənsəb sahibləri ifşa edilirdi.

 

(Ardı gələn sayımızda)

 

Reyhan Mirzəzadə,

publisist-politoloq

 

Həftə içi.- 2017.- 7 mart.- S.4.