Qoqolun yaratdığı obrazlar

rus həyatı qədər ölməzdir

 

Dünya şöhrətli yazıçı Nikolay Vasilyeviç Qoqolun əbədiyyətə qovuşmasından 165 il ötür

 

(Əvvəli ötən saylarımızda)

 

Mirzə Cəlil Qoqolun “Kolyaska" povestinin fabulasını məmləkətimizin o zamankı reallığına tətbiq etmiş və “Qurbanəli bəy" hekayəsində azərbaycanlı bir mülkədarın dolğun obrazını yaratmışdır. Bir anlıq əsərin süjet xəttini xatırlayaq. Qurbanəli bəy qonaqlıqda sərxoş olur və orada iştirak edənləri öz evinə nahara dəvət edir. Qonaqlar onun çox təriflədiyi atı ilə maraqlanırlar. Odur ki, atı görmək üçün onun evinə qonaq getməyə razılıq verirlər.

Lakin həmin qonaqlıqdan evinə çox gec qayıdan Qurbanəli bəy başını qoyub yatır və adamları qonaq çağırdığını unudur. Səhər qonaqların gəldiyini görəndə, çıxılmaz bir vəziyyətə düşür, çarəsizlikdən gedib tövlədə gizlənir.

Uzaqdan gələn adamlar Qurbanəli bəyi evdə tapa bilmirlər. Qonaqlar onun təriflədiyi ata baxmaq üçün tövləyə gəldikdə, Qurbanəli bəyin burada, tövlənin axurunda gizləndiyini görürlər.

Qurbanəli bəy obrazı bir çox xüsusiyyətləri ilə Qoqolun "Kolyaska" povestindəki Çertokutski obrazına bənzəyir. Onların hər ikisi mülkədar sinfinin nümayəndəsidir, hər ikisinin xudbinliklə lovğalanıb özlərini tərifləməkdən xoşu gəlir və bunun nəticəsində də yalan və ikrahları ilə özlərini çıxılmaz vəziyyətə salırlar.

Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları" povestindəki kəndli Məmmədhəsən əminin taleyi Qoqolun “Şinel"indəki Başmaçkinin taleyinə çox yaxındır. (Onu da qeyd edim ki, "Şinel"i 1909-cu ildə böyük alim və bəstəkarımız Üzeyir Hacıbəyov ana dilimizə tərcümə edib, "Tərəqqi" qəzetində çap etdirmişdi). Məzlum kəndli Məmməhəsən kişi həyatı boyu bir eşşək alıb ziyarətə getmək arzusu ilə yaşayır. Qoqolun yaratdığı obraz Akaki Akakiyeviç isə ömrü uzunu bir şinelin həsrətini çəkir. Məmməhəsən əmi uzun illər min zülmə qatlaşıb, el dilində desək, əynindən, boğazından kəsib özünə bir eşşək alır. Akaki Akakiyeviç də bir şinel aldığına görə özünü xoşbəxt hesab edir. Lakin onların bu xoşbəxtliyi uzun sürmür. Kəndxuda şəhərə getmək üçün Məmmədhəsən əminin eşşəyini guya müvəqqəti olaraq ondan alır. Lakin yazıq kişi sonralar nə qədər çalışırsa, öz eşşəyini geri qaytara bilmir.

Akaki Akakiyeviçin isə uzun illər çalışdıqdan sonra aldığı şineli oğurlayırlar. O, hər yerə baş vurub, şikayət etsə də, şinelini tapa bilmir, ona kömək edən olmur. Eşşəyi əlindən çıxandan sonra Məmmədhəsən əmi çox fikir çəkir, axırda dərddən xəstələnib ölür. Akaki Akakiyeviç oğurlanmış şinelini xeyli axtarır, xəstələnir və əsər onun ölümü ilə qurtarır.

Oxucuda mütləqiyyət Rusiyasındakı ağır, boğucu şəraitə qarşı nifrət hissini qüvvətləndirən bu povest rus realist nəsrinin ən qiymətli incilərindən biri sayılır. Gertsen həcmcə bir o qədər də böyük olmayan "Şinel"ə yüksək qiymət verərək, onu "nəhəng əsər" adlandırmış, Dostoyevski "Biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq", - demişdir.

Həmin dövrdə Rusiyada olduğu kimi, Azərbaycanda da qabaqcıl yazıçılar rus klassiklərini özlərinin böyük müəllimi hesab edir, tənqidi realizm ruhunda, Qoqol kimi yazmağa can atırdılar. Genişmiqyaslı tərcümələr əsasında Azərbaycan oxucuları yazıçının demək olar ki, bütün əsərləri ilə öz doğma ana dilində tanış olmuşlar. Respublikamızın aparıcı teatrlarında Qoqol yaradıcılığına həmişə böyük ehtiramla yer verilmiş, əsərləri tamaşaya qoyulmuşdur. Azərbaycan teatrsevərləri "Müfəttiş"ə hələ 1896, 1902, 1906, 1909-cu illərdə, "Evlənmə" komediyasına 1906-cı ildə böyük həvəslə tamaşa etmişlər. Bir maraqlı fakt da məlumdur ki, Azərbaycanın görkəml dövlət və siyasi xadimi Nəriman Nərimanov eyni zamanda yazıçı, publisist kimi tanındığı kimi, istedadlı aktyor kimi də sevilmişdir. Belə ki, 1896-cı ildə "Müfəttiş"i Azərbaycan dilinə tərcümə edən cənab Nərimanov, əsərin tamaşasında şəhər hakimi Anton Antonoviç rolunu özü ifa etmişdir.

Milli Teatrıımızın səhnəsində bu gün də Qoqol “Müfəttiş"i ilə çoxsaylı tamaşaçıları güldürərərək düşündürməkdə davam edir.

N.V.Qoqol elmi-nəzəri məqalələrin və bir sıra publisist əsərlərin müəllifi kimi də rus ədəbiyyatında böyük yer tutur. Onun həmçinin estetikaya aid, naturalizm əleyhinə, ədəbiyyatda təsvirçiliyi tənqid edən və başqa bir sıra məqalələri ədəbiyyat tarixində indi də öz əhəmiyyətini itirməmişdir. Bunlar Qoqolun fikirləridir: "Mənim düşüncələrim, mənim adım, mənim əsərlərim Rusiyaya məxsus olacaqdır". Ədib belə hesab edirdi ki, incəsənət cəmiyyətdən, xalqın həyatından ayrılmamalı, əksinə, gerçəkliyin daxilinə enməli və qaranlığa işıq saçmalıdır.

Qoqolun əsərləri haqqında "...Onlar bizimdir, çünki o əsərlər sağlam, doğru və inqilabidir..."- deyən Maksim Qorki, yazıçıları Nikolay Vasilyeviçdən, onun əsərlərinin dilindən, ustalığından öyrənməyə çağırırdı. "Balzakın əsərlərinin Fransa üçün, Dikkensin əsərlərinin İngiltərə üçün nə qədər əhəmiyyəti varsa, Qoqolun əsərlərinin də Rusiya üçün bir o qədər əhəmiyyəti vardır" - bu müqyisə rus cəmiyyətində bu gün də geniş yayılmışdır.

Qoqol öz mövzularını xalq həyatından götürdüyü kimi, öz xalqını dərin məhəbbətlə sevdiyi kimi, onun dilini də sevir, rus dilinin bütün incəliklərindən istifadə edir, ədəbi dili mahir bir usta kimi gözəlləşdirir və cilalandırırdı.

Müasirlərinin Qoqol haqqındakı xatirələri ilə tanış olduqda, yazıçının bir çox əlyazmalarının maraqlı müqəddəratı üzə çıxır. Demək olar ki, heç bir müəllif öz əsərlərini Nikolay Vasilyeviç Qoqol qədər tələf etməmişdir. Onun uşaqlıq və gənclik illərində yazdıqlarının hamısı alov içərisində yanmışdır. "Hans Kyuxelharten" idilliyasiyasının bütün tirajını o bir-bir sobaya atıb yandırmışdır. Bu kitabın 4-5 nüsxəsi təsadüfən mühafizə olunmasaydı, biz onun məzmunundan xəbər tuta bilməyəcəkdik.

Qoqol "Müəllif iqrarnaməsi"ndə özünün ilk ədəbi təcrübələri haqqında yazırdı: “Mənim məktəbdə oxuduğum son vaxtlarda əsər yazmaq sahəsində ilk təcrübələrim demək olar ki, tamamilə lirik və ciddi xarakter daşıyırdı".

Burada hansı ilk təcrübədən bəhs olunur? Məlumdur ki, Qoqol şeir yazmağa Nejinski gimnaziyasında başlamışdır. Lakin hər dəfə yaratdığı əsərin əlyazmasını yandırmışdır. O, litseydə yazdığı "Rusiya tatarların zülmü altında" poemasını, "Nejinsk əhvalatı, yaxud axmaqlar üçün qanun yoxdur" satirik əsərini, habelə "Tvyerdoslaviç qardaşları" povestini də odun içinə atmışdır.

Ədəbiyyatçı Pavel Annenkov qeyd edir ki, həmişə öz fikirlərini gizli saxlayan Qoqol, bir gün "Ölü canlar"ın əlyazmasının üzünü diqqətlə köçürməyə kömək etməyi ondan xahiş edir, çünki Qoqolun özünün xətti qarışıq idi. Bir dəfə Annenkov təsadüfən dəftərinin altında bir vərəqə rast gəlir. Həmin vərəqdə aşağıdakı sözlər yazılmışdı: "Görəsən, Allah-Təala bu dünyada qadınları nə üçün yaradıb, bəlkə onların işi yalnız kazak doğmaqdır?..".

Qoqol dostua tərəf yeriyir:

- O nədir, - deyə acıqlı-acıqlı soruşur və kağızı onun əlindən dartıb, yazı stolunun üstünə atır. Məlum olur ki, bu, Qoqolun yazdığı tarixi faciənin təsadüfən mühafizə olunmuş bir vərəqidir.

Qoqol hələ 1839-cu ildə zaporojyelilərin həyatından faciə yazmağa başlayır və onu "Qırxılmış bığ" adlandırır. Bu əsərin də aqibəti kədərli olur. 1841-ci ilin sentyabrında yazıçı Almaniyada Vasili Jukovskini öz yanına dəvət edib yazdığı pyesi dinləməyi ondan xahiş edir. Jukovski əsəri darıxdırıcı hesab edir. Qoqol ondan təəssüratını soruşduqda, Jukovski deyir:

- Dostum Nikolay Vasilyeviç, bağışla, məni bərk yuxu tutdu.

- Madam yuxu tutur, deməli, yandırmaq olar, - deyə Qoqol əlyazmasını sobaya atır.

- Lap yaxşı elədin, qardaş, - deyə Jukovski onu müdafiə edir.

Lakin bunun doğrudan da pis, yaxud yaxşı əsər olduğunu demək çətindir...

Bəs hansı qüvvə idi min bir əzab və misilsiz insan qüdrətilə yaranan bu əsərləri yandıran? Qoqolmu? Əsla! Əsl və acı həqiqiət bu idi: Qoqolun əsərlərini - millətin mənəvi sərvətini özü deyil, çarizm zülmündən zədələnmiş həyatın ziddiyyətlərindən doğan qüvvə idi yandıran. Yanan isə Qoqolun özü idi. O, bir yazıçı kimi xalqı üçün, vətəni üçün alışıb yanmasaydı, həmvətənlərinə haqq və həqiqət yolunu göstərə bilməzdi. Yazıçı dünyaya yaşamaq üçün deyil, özünü yandırıb, başqalarını yaşatmaq üçün gəlmişdi. Cəmiyyətin dərdini, xalqının yaşadığı ağır vəziyyəti öz şəxsi faciəsi kimi qəlbində daşıyandır əsl yazıçı. Qoqol - xalqı üçün, özünün dediyi kimi, gözlərini ona dikmiş Rusiya, rus eli üçün yanan əsl yazıçı idi.

O, ömrüboyu xalq mahnılarından ruhlanmış sənətkar idi. Mahnı onun üçün tarixi biliklərin mühüm mənbəyi, tarixi həqiqətin meyarı idi. Ukrayna tarixinə dair material toplamağa başlarkən Qoqol deyirdi: "Mənim sevincim, mənim həyatım mahnılar, mən sizi necə də sevirəm. Bu canlı və cingiltili səlnamələrin qarşısında mənim indi araşdırmaqda olduğum bütün bu kif atmış səlnamələr nədir ki? Mən mahnısız yaşaya bilmərəm, - deyə o, elə bu məktubunda yazırdı. - Bunun necə əzab olduğunu siz başa düşmürsünüz. Mahnıların tarixdə mənə kömək etdiyini siz təsəvvür edə bilməzsiniz. Hətta tarixi olmayan mahnıların".

Ukrayna xalqının qəhrəmanları Bayda, Severin Nalivayko, Boqdan Xmelnitski (XVII əsrdə məşhur sərkərdə və siyasi xadim olub) və başqaları haqqında Qoqol tərəfindən toplanmış və üzü köçürülmüş tarixi mahnılar sonralar dövlət arxivlərinin birində tapılmışdı. Sibir taciri Yudin tərəfindən toplanmış kolleksiyanın salamat qalmış hissəsi Krasnoyarskdan keçmiş SSRİ Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə göndərilmiş, bu kolleksiyanın əlyazmaları içərisində Lomonosovun "Saqqal himni"nin Qoqol tərəfindən üzü köçürülmüş nüsxəsi də üzə çıxmışdır. Son vərəqin arxasında Qoqol XVIII əsr şairləri haqqında bir neçə epiqram yazmışdır.

N.V.Qoqol 1852-ci il, yeni tarixlə mart ayının 4-də şiddətli ruhi xəstəlik nəticəsində Moskvada vəfat etmişdir. ...Həmin gündən indi 165 il ötür. Lakin bu tarix bəşəriyyət və xalqımız üçün yazıçının həyatdan getməsi ilə deyil, əbədiyyətə qovuşması ilə əzizdir.

Əlbəttə, Qoqolun fiziki yoxluğu Rusiya üçün böyük bir itki idi. Bütün tərəqqipərvər rus eli, rus və Ukrayna xalqları bu itkinin ağrısını hiss edirdi. Çar hökuməti isə Qoqolun ölüsündən də ehtiyat edirdi; Qoqolu izdihamsız basdırmaq əmr edilmişdi. Buna baxmayaraq, Qoqolun dəfn mərasimi böyük bir nümayişə çevrildi. Şahidlərin yazdığına görə, mərasimə bütün Moskva axışıb-gəlmişdi. Yoldan ötən birisi "Kimi basdırırlar? Bu qədər adam mərhumun qohumudurmu?" - deyə soruşduqda, cənazənin arxasınca gedən bir tələbə belə cavab vermişdi: "Qoqolu basdırırlar, biz hamımız onun doğma qohumlarıyıq, bizimlə bərabər bütün Rusiya".

...Deyilənə görə, Qoqolun heç bir zaman şəxsi evi olmayıb. O, dostlarının və qohumlarının mənzilində yaşayıb-yazıb-yaradıb. Təəssüfə ehtiyac olmamalıdır. Çünki bu ölməz dahinin indi əbədi və qiyməti hesaba gəlməyən saysız-hesabsız mənzilləri var. Bu "bahalı evlər" xalqların, millətlərin Qoqola olan sevgi dolu ürəkləridir. Elə bir ürəkləri ki, əsrlər, nəsillər davam etdikcə, bu ürəklər hər zaman, hər an döyünəcəkdir.

 

Reyhan Mirzəzadə,

publisist-politoloq

 

Həftə içi.- 2017.- 8-9 mart.- S.4.