Müəlliflik hüquqlarının mədəni

irsimizin qorunması üçün əhəmiyyəti

 

Tarixən, dünyada hər hansı xalqa aid milli-mədəni irsin digərləri tərəfindən mənimsənilməsi halları baş verib və bu gün də davam etməkdədir. Amma dövr-zaman dəyişib, texnologiyanın yüksək inkişaf etdiyi bir vaxtda, belə hallarla mübarizə aparmaq xeyli asanlaşıb. Ən azından, ölkələr arasında sıx əməkdaşlıq qurulur və bütün bu kimi halların qarşısını alan beynəlxalq sazişlər, konvensiyalar imzalanır. O cümlədən, vətəndaşı olduğumuz Azərbaycan da müstəqilliyini qazandıqdan sonra, qeyd etdiyimiz konvensiyaların bir hissəsinə çevrilib. Deməli, vətəndaşlarımızın müəllif hüquqlarının qlobal miqyasda qorunması üçün zəmin mövcuddur.

 

Bu yerdə xüsusi xatırlatma verək ki, Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvüdür. Bu müddətdə Azərbaycan ÜƏMT-nin inzibati idarəçiliyində olan müəlliflik hüququ sahəsində konvensiya və müqavilələrə, o cümlədən: "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasına, "ÜƏMT-nın Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında" Konvensiyasına, "İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının verilişləri haqqında" Roma Konvensiyasına, "Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi"nə və "Ümümdünya Əqli Mülkiyyət Təşkilatının İfalar və fonoqramlara dair Müqaviləsi"nə qoşulub. Ölkəmiz həmçinin UNESCO-nun "Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası"na da qoşulub. Beləliklə, Azərbaycan müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahəsində ən vacib konvensiya və sazişlərin hamısında iştirak edir. Bundan əlavə, Azərbaycan hökuməti ilə Özbəkistan, Qazaxıstan, Ukrayna və Türkiyə hökumətləri arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində ikitərəfli əməkdaşlıq haqqında sazişlər imzalayıb. 2001-ci ildə Müəllif Hüquqları Agentliyi ilə Rusiyanın Müəllif Cəmiyyəti arasında müəlliflərin əmlak hüquqlarının idarəçiliyi sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb və sair. Bütün bunların nəticəsidir ki, Azərbaycan 2006-cı ildə ABŞ hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılıb.

Amma bir məsələ var ki, Azərbaycanın mədəni irsi hər zaman başqalarının hədəfində olub. Torpaqlarımızın 20 faizini işğalda saxlayan ermənilərin təcavüzü bir yana, tarixən xeyrimiz-şərimiz bir olan İran, hətta qardaş Türkiyənin bir sıra qurumlarında da Azərbaycanın mədəni irsinə hücumlar sərgilənməkdədir.

Öncə ermənilərlə bağlı: dinimiz fərqli olsa da, eyni coğrafiyada yaşadığımız üçün folklorumuzda, mədəniyyətin çoxçeşidli sahələrində, mətbəximizdə və sair bənzərliklərin olması təbidir. Amma bu əsas vermir ki, ermənilərin timsalında, bir xalq digərinin irsini özününküləşdirməyə cəhd göstərsin. Hətta bəzən elə iddialar irəli sürürlər ki, araşdırma aparmadan onların yalan və saxta olduqlarını başa düşürsən. Məsələn, Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanovun, jurnalist olaraq bizim də qatıldığımız “Azərbaycanın milli musiqi alətləri: keçmişimiz, bu günümüz” adlı konfransdakı çıxışında dediyi kimi, ermənilərin mənimsəmək istədikləri tar, kamança, balaban, zurna, ud kimi Azərbaycan şərq musiqi alətləri onların Cənubi Qafqazda məskunlaşmasından çox əvvəl yaranıb. Əslində bir ovuc erməninin 50 milyonluq Azərbaycan türkünə məxsus folkloru, xalq musiqisini, mətbəx nümunələrini, xalçaları, rəqsləri, eləcə də musiqi alətlərini məqsədli şəkildə mənimsəmək istəməsinin, yazılı ədəbiyyatına təcavüz etməsinin – rəsmi rəqəmlərə əsasən, işğal altındakı ərazilərdə yerləşən, 4,6 milyon kitabın saxlanıldığı 5 mindən artıq kitabxana dağıdılıb - tək məqsədi genlərindən gələn işğalçılıq və barbarlığının təcəssümüdür. Çünki belə olmasa, onlar dünyaya özlərinin Qafqazın və ümumiyyətlə, regionun ən qədim xalqı kimi sırıya bilməzlər.

Ermənilərin abırsızlığı əndazəni o dərəcədə aşıb ki, hətta sözləri Mədinə Gülgünə, bəstəsi Ələkbər Tağıyevə aid olan, 1973-cü il martın 15-də, o vaxtkı adıyla Ümumittifaq Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçmiş “Sən gəlməz oldun” mahnısını da özününküləşdirməyə uğursuz cəhd göstəriblər.

Ermənilər bununla kifayətlənməyib Rusiyada buraxdıqları «Maqiçeskiy Duduk» adlı diskdə müğənni Civan Qasparyanının ifasında Tofiq Quliyevin “Sənə də qalmaz”, Rauf Hacıyevin “Saçlarına gül düzüm”, Cahangir Cahangirovun “Ay qız”, Emin Sabitoğlunun “Neyləyim”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Eldar Mansurovun “Melodiya” və “Gecə zəngləri” kimi məşhur musiqi əsərləri toplanıb və əlbəttə, onların hamısı erməni mahnısı kimi təqdim edilib. Hətta məşhur Azərbaycan balabançısı Əlixan Səmədovun çox gözəl albomu, həmişə olduğu kimi “yaxşı erməni musiqisi” adı altında musiqisevərlərə təklif olunub. Bu albomda da Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısından, “Sarı gəlin”, “Gəlmədin” Azərbaycan xalq mahnılarından, “Mirzeyi” və “Heyva gülü” Azərbaycan rəqs havaları toplanıb.

Ermənilər zaman-zaman oğurlanmağa cəhd göstərdikləri xalqımıza məxsus musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələrindən “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqsləri, qədim musiqi alətlərimizdən tar, balaban, zurna, hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını öz milli nümunələri kimi təqdim etməyə cəhd göstərirlər.

Amma insafən, bütün bu faktlarla Müəllif Hüquqları Agentliyi ciddi mübarizə aparıb və bu iş indi də davam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılaraq, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən tarixi əsaslara söykənən arayış hazırlanıb mətbuatda yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib

Yuxarıda qeyd etdik ki, milli-mədəni irsimizə xoş olmayan müdaxilələr qardaş Türkiyədə və İranda da olunur. Məsələn, bəstəkar Aygün Səmədzadənin məşhur “Tut ağacı” mahnısının Türkiyənin “O səs Türkiyə” musiqi yarışmasında anonim kimi təqdim edilməsi haqda mətbuatda məlumat getmişdi. Üstəlik mahnı məşhur “Tut ağacı boyunca” xalq mahnımızla qarışdırılmışdı və bu da müəllif tərəfindən etirazla qarşılanmışdı. Əlbəttə, Müəllif Hüquqları Agentliyi ilə Türkiyə Mədəniyyət Nazirliyinin nəzdində Telif Hakları Genel Müdürlüğü (Müəllif Haqları Baş İdarəsi) arasında yaxın əməkdaşlıq mövcuddur və güman ki, müsbət nəticələri də var.

Haşiyə: Bir dəfə Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olanda, bizi “Bayraq” tele-radio şirkətinin baş ofisinə apardılar. Hazırda Mədəniyyət və Turizm Nazirliyində çalışan Zöhrə xanım Əliyeva da bizimlə birlikdəydi. Radioda canlı yayım gedirdi. Gəldiyimizi görən dicey ölməz sənətkar Rəşid Behbudovun ifasında “Lalələr” mahnısını anonim adıyla təqdim etdi. Əlbəttə, biz ciddi, bir az da səs-küylü şəkildə etirazımızı bildirdik, mahnının dünya şöhrətli Rəşid Behbudovun ifasında səsləndiyini dedik. Dicey də bizim etiraz etdiyimizi, Azərbaycan mahnısı olan “Lalələr”in məhz Rəşid Behbudovun ifasında səsləndiyini bildirdi.

Burada qeyd edək ki, Türkiyədə və ya Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycanın mədəni irsinə bilərəkdən müdaxilə ediləcəyinə inanmaq mümkün deyil. Güman ki, bu, məlumatsızlıqdan, mahnılarımızı və ifaçılarımızı tanımamaqdan irəli gələn haldır.

Qonşu İranda isə dəfələrlə böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin özlərinə aid olmasına dair iddialar qaldırılıb və indi eyni mövqelərində qalırlar. Bundan əlavə, xatırlayırsınızsa Çövqan oyununun da İrana məxsusluğu barədə uzun-uzadı mübahisələr getdi. Amma sonda Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyəti, eləcə də Müəllif Hüquqları Agentliyinin əməyi nəticəsində haqq öz yerini tutdu - həm Nizami Gəncəvi, həm də Çövqan oyununun Azərbaycanın milli sərvəti olduğu UNESCO səviyyəsində təsdiqləndi.

Bu arada qeyd edək ki, İran hətta ümumbəşəri sərvət sayılan muğamın da sırf bu ölkəyə məxsus olmasına da israr edirdi. Amma məlum olduğu kimi, Bakının mərkəzində inşa edilən Beynəlxalq Muğam Mərkəzi və iki ildənbir keçirilən muğam müsabiqəsi, İranın özündən də ifaçıların burada bacarıqlarını göstərməsi bu mədəni sərvətin əsl sahibinin məhz Azərbaycan olduğunu isbatladı.

Yeri gəlmişkən, İran və Ermənistan tərəfindən vaxtaşırı iddialar irəli sürülən 18 musiqi aləti Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib və onlara şəhadətnamə verilib.

UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına da indiyədək Azərbaycanla bağlı 8 nümunə - muğam, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılığı, Çövkan oyunu, kələğayı və Lahıc misgərlik sənəti daxil edilib.

Ermənilərin fitnəsi azmış kimi, Gürcüstan tərəfindən də milli irsimizə xoşagəlməz münasibət baş verib. Belə ki, gürcü müğənni Soso Pavliaşvili Oqtay kazımovun məşhur «Tarla qızları» mahnısını gürcü dilində ifa edib. Amma sonradan Müəllif Hüquqları Agentliyi araşdırma aparıb və məlum olub ki, əslində gürcü müğənni mahnını öğurlamayıb və təhrif də etməyib.

Yeri gəlmişkən bu mahnı 1976-cı il martın 22-də Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb.

O cümlədən, Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover ‎teatrında Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında dahi şairi fars şairi kimi təqdim edilib. Amma xoşbəxtlikdən Müəllif Hüquqları Agentliyi bu məsələni də yoluna qoyub və milli haqqımız bərpa olunub.

 

Vüsal Tağıbəyli

 

Məqalə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 

Həftə içi.- 2017.- 26 may.- S.3.