Qahirə Kino Festivalı və “Nar bağı”

 

Noyabrın 21-də Misirin paytaxtı Qahirə şəhərində sayca 39-ci Beynəlxalq Kino Festivalının açılış mərasimi olacaq. Ayın 30-dək davam edəcək bu beynəlxalq mədəniyyət tədbirində dünyanın 50-dən çox ölkəsi ərsəyə gətirdiyi yeni filmlərlə insanların zövqünü oxşayacaq. Qeyd edək ki, ötən il Azərbaycan kinomatoqrafçıları da sözügedən festivalda iki filmlə təmsil olunub.

 

Qahirə Beynəlxalq Kino Festivalı (CİFF) dünyada tanınan və qəbul olunan, ərəb aləminin və Afrikanın ilk genişmiqyaslı mədəniyyət tədbiridir. 1976-cı ildə Qahirə Opera Evində açılışı düzənlənən bu festival, maliyyə məhdudiyyətləri və qeyri-sabit daxili siyasi vəziyyət səbəbilə 2011 və 2013-cü illərdə ləğv edilsə də, qalan bütün illərdə, toplam 38 dəfə keçirilib. Bu il noyabrın 21-dən 30-dək isə festival 39-cu dəfə dünyanın ən gözəl filmlərini nümayiş edəcək. Qahirə Beynəlxalq Kino Festivalı Beynəlxalq Kino İstehsalçıları Federasiyası (FIAPF) tərəfindən "A" kateqoriyasına daxil olub, dünyada mövcud olan 15 film festivalından biridir.

Festivalın yaranışına dair ilk anons 1975-ci ildə verilib. Məhz bu tarixdə Berlində keçirilən kino festivalına qatılan misirli mərhum yazıçı-tənqidçi Kamal əl-Mallağ və bir qrup kino tənqidçisi bildirdi ki, belə bir tədbirin növbəti il Qahirədə keçirilməsi heç kimi təəccübləndirməsin. O dediyi kimi də olur - 1976-cı ildə Kamal əl-Mallağ tərəfindən kino dünyasına Misirin təsirini artırmaq, dünyanın fərqli mədəniyyətləri arasında körpü rolunu oynamaq üçün haqqında danışdığımız Festival fəaliyyətə başlayır.

Bu yerdə sual çıxır ki, niyə film festivalı Yaxın Şərqdə İraqda, Suriyada, Əlcəzairdə və sair deyil, məhz Misirdə yaranıb? Səbəbi məlumdur - Misir ərəb dünyasının ən qədim kinofilm istehsalçısıdır. Burada film çəkilişlərinə ilk dəfə 1896-cı ildə start verilib. 1920-ci illərin əvvəllərində Misirdə film sənayesinin inkişafı elə yüksək səviyyəyə çatmışdı ki, Yaxın Şərq və Şimali Afrika ərəbləri arasında əksər sənətçilər potensiallarını ortaya qoymaq üçün Şərq kino mədəniyyətinin mərkəzinə çevrilmiş Qahirəyə üz tuturdu. Hətta belə demək mümkündürsə, günümüzdə Amerika qitəsində Hollivud və ya Hindistanda Bollivud olduğu kimi, 100 il əvvəl Qahirə sözün əsl mənasında kino sənayesinin mərkəzi rolunu oynayırdı. Hansı ki, hələ 30 il sonra bu günki ərəb ölkələrinin əksəriyyəti Qərbin müstəmləkəçiliyindən azad olmağa başlayacaqdı...

Geridə buraxdığımız 121 il ərzində Misir güclü kinematoqrafiya ənənəsi yaradıb. Məhz bu ənənə özündə cəmlədiyi kino, serial, teatr və fərqli musiqi janrları ilə bütünlüklə ərəb ölkələrində yaşayan 400 milyonluq ərəb insanının incəsənətinə güclü təsir edir.

Məlumat üçün bildirək ki, 1976-cı ildə keçirilmiş 1-ci Qahirə Kino Festivalında 33 ölkədən 100-ə yaxın film nümayiş etdirildi. İldən-ilə əhatəsini və nüfuzunu genişləndirən festival yalnız kinematoqrafçılar və tənqidçilər deyil, həm də yazıçılar, ziyalılar, rəssamlar və incəsənətin digər sahələrinin nümayəndələri üçün görüş nöqtəsi kimi çıxış edir. 2016-cı ildə keçirilmiş sonuncu Qahirə Kino Festivalında 204 film nümayoş olunub.

Qahirə Kino Festivalının ən yüksək və nüfuzlu mükafatı “Qızıl Piramida”dır və o ən yaxşı kinoya verilir. Bundan əlavə müxtəlif qollar üzrə də mükafatlar təqdim edilməkdədir. Bunlar “Gümüş Piramida” (ən yaxşı rejissora verilir) və “Bürünc Piramida” (ən yaxşı debüt və ya ikinci sənət işi üçün filmin direktoruna təqdim edilir), ən yaxşı ssenariyə Nəcib Mahfuz mükafatı, ən yaxşı aparıcı rol oynayan kişi aktyora Əhməd Zəki mükafatı, ən yaxşı qadın aktrisası üzrə Faten Hahan mükafatı, bədii zənginliyə görə Kamal əl-Mallağ mükafatıdır. Bundan əlavə, yüksək nailiyyətlər üçün xüsusi mükafat və Beynəlxalq Film Tənqidçiləri Federasiyasının da mükafatı var. Bu, 200 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən festivalın bağlanma mərasiminə start verilmədən öncə açıqlanır.

Məlumat üçün bildirək ki, bu il Qahirə Kino Festivalında Azərbaycan rejissor İlqar Nəcəfovun çəkdiyi “Nar bağı” filmi ilə təmsil olunacaq.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2017.- 1 noyabr.- S.8.