“Mən kitabxanaçı

sənətini çox sevirəm”

 

Müdriklər deyib ki, “Kitab bilik mənbəyidir”. Əvvəlki illərdən fərqli olaraq, indi gənclər arasında ədəbiyyata, xüsusilə də kitaba maraq azalıb. Gənc nəslin nümayəndələri, artıq kitabxanalara çox az üz tutur. Lakin gələcək nəsillərin maarifləndirilməsi üçün həyatını kitablara həsr edən, bu işdə saç ağardan ziyalılarımız da az deyil. Belə ziyalılardan biri də tanınmış kitabxanaçı Xanım Bəhrəm qızı Soltanovadır. Xanım Soltanova uzun müddət Ağdam Mərkəzi Kitabxana Sektorunda işləyib. Yaşadığımız kənd rayon mərkəzindən aralı yerləşdiyinə görə, kənd kitabxanalarında kitab çatışmazlığı özünü göstərirdi.

Lakin bunlara baxmayaraq, bədii əsərləri, eləcə də ixtisasımıza aid olan ədəbiyyatları, elmi kitabları tapıb oxuyurduq. O dövrdə Ağdam respublikanın ən inkişaf etmiş şəhərlərindən biri idi. Ağdam Mərkəzi Kitabxanasının isə çox zəngin bazası vardı. Hətta ətraf rayonlardan belə oxucu kütləsi gəlib, Ağdam Mərkəzi Kitabxanasına müraciət edərdi. Kitabxanaçı işləyən Xanım müəllimə mehribançılığı ilə yanaşı, öz peşəsini də mükəmməl bilirdi. Bütün kataloqlarda yerləşən kitabların yerini əzbərləmişdi. Ağdamda və eləcə də Qarabağda elə bir adam yox idi ki, onu tanımasın. Hamının sevimlisinə, ən əziz adamına çevrilmişdi Xanım Soltanova. Dəyərli ziyalımız “Həftə içi”nə keçdiyi həyat yolundan danışaraq bildirdi ki, Ağdam şəhərində doğulub, ixtisasca kitabxanaçıdır. Onun sözlərinə görə, təyinatla 1974-cü idən Ağdam Diyarşünaslıq Müzeyində elmi işçi kimi əmək fəaliyyətinə başlayıb: “Bir il müzeydə fəaliyyət göstərdim. 1976-cı ildə Ağdam Rayon Mərkəzi Kitabxanasının Oxu salonunun müdiri vəzifəsinə təyin edildim. 1988-ci ildə isə Respublika Mədəniyyət İşçilərinin ixtisasartırma kursuna getdim. Hazırlıq kursunda təcrübəmi və bilik dairəmi daha da genişləndirdim. O gündən öz peşəmə daha çox maraq göstərməyə başladım. Yaxşı işçi olduğuma görə, Mərkəzi Kitabxana Sektorunun direktoru Şərqiyyə Məmmədova mənə “Xasiyyətnamə” verdi. On il adıçəkilən kitabxanada işlədim. Sonra, on il MKS-da baş kitabxanaçı vəzifəsində çalışdım. 1993-cü ilin 23 iyul tarixində Ağdam şəhəri qaniçən erməni işğalçı ordusu tərəfindən işğal olunduöz dədə-baba yurdumuzdan didərgin düşüb, ailəmizlə birlikdə Bakı şəhərinə üz tutduq. Məcburi köçkün kimi paytaxtda məskunlaşdıq. 1994-cü ildə işlə əlaqdar olaraq Mədəniyyət Nazirlyinə müraciət etdim. Sağ olsunlar, məni Axundov adına Milli Kitabxanasında ixtisasım üzrə işə götürdülər. İndinin özündə də həmin kitabxanada çalışıram.

- Xanım müəllimə, necə oldu ki, kitabxanaçı peşəsini seçdiniz?

- Atam tanınmış dövlər xadimi olub. Məsul vəzifələrdə çalışıb. Hətta ulu öndər Heydər Əliyevlə yaxın dost olublar. Atam kitabsevən adam olub. Evimizdə onun böyük, zəngin bir kitabxanası vardı. Kitabxanada hər bir sahəni əhatə edən ədəbiyyata rast gəlmək olurdu. Atam, asudə vaxtını boş, mənasız yerə keçirməzdi. Kitab oxuyardı bizə məsləhət verərdi ki, kitab oxuyaq, öz dünyagörüşümüzü artıraq. Uşaqlıq illərindən kitaba həvəsim artdı. Atam hərdən rayon kitabxanasına məni gətirərdi. Uşaqlıq illərindən bu sənətə marağım artdı. Ona görə bu sənəti seçdim. Bu peşəyə gəlməyimin səbəbkarı da elə atam olub. Mən kitabxanaçı sənətini çox sevirəm.

- İş prinsipiniz barədə deyə bilərsiniz? Sizcə, kitabxanaçı necə olmalıdır?

- Biz, əsasən, oxucularla işləyirik. Vaxtilə kitabxananın səyyar xidmətləri olub. Təşkilat müəssisələrə kitab paylamışıq. Kütləvi tədbirlərdə iştirak etmişəm. Ağdamda işlədiyim dövrlərdə rayon ictimaiyyətinin fəal üzvlərindən biri olmuşam. İdarə, təşkilat müəssisələrdə mühazirələr söyləmişəm.Oxuculara yüksək səviyyədə xidmətlər göstərmişəm. Yeni ədəbiyyatlar barədə onlara məlumatlar verərdim. İndinin özündə kütləvi tədbirlərdə iştirak edirəm. Milli Kitabxanada oxucularla kütləvi tədbirlər keçirilir. həmin tədbirlərdə yeni ədəbiyyatlar müzakirə olunur...

Kitabxanaçılıq elə bir peşədir ki, gərək, bu peşəni sevəsən. İlk öncə, ədəbiyyatın bütün sahələri haqqında məlumatın olmalıdır. Xüsusilə elmi kitablar barədə. Kitabxanaçılıq heç asan peşə deyil. Olduqca ağır çətin vəzifədir. Milli Kitabxanada bir milyondan çox kitab saxlanılır. Kitabxananın bazası çox zəngindir. Ona görə kitabxanaçı gələn oxucunu gərək nəfəsindən duya, bilə ki, onun istədiyi kitab hansı ədəbiyyata aiddir. O ədəbiyyat da hansı cərgədə, hansı sırada yerləşir. Kataloqu əzbərdən bilməlidir. Axı, bu onun vəzifə borcdur. Oxucunun təminatını ödəməlidir, onu bu sahədə razı salmalıdır. Hər il ali məktəblərdən kitabxanaçılıq fakültəsində təhsil alan, ən azı, 30-40 nəfər tələbə bizim kitabxanaya təcrübə keçməyə gəlir. Kitabxananın sirlərini onlara öyrədirəm peşələrini sevməyi tövsiyə edirəm. Kitabxanaçı həm psixoloq, həm pedaqoq həm gözəl maarifçi olmalıdır. Oxucularla mülayim mehriban rəftar etməlidir. Çünki kitabxanaya hər cür xasiyyətli insan gəlir. Hətta onların içərisində əsəbi hövsələsi dar olanlar da var. Onlarla davranmağı bacarmalıdır. Oxucuları yola verməlidir, yoxsa saatlarla kitab axtarıb, onları gözlətməməlidir. Birdən görürsən ki, oxucu yaxud tələbə əlində mövzu ilə gəlib bizə müraciət edir. Artıq burada peşəkarlıq olmalıdır ki, oxucunun tələbini ödəyə bilsin. Kitabxanaçının elmi sahədə kifayət qədər məlumatı olmalı bilməlidir ki, bu mövzu hansı ədəbiyyatda ola bilər. Tez həmin kitabı tapıb oxucuya verməlidir. Bununla da həmin kitabxanaçı həm vəzifəsini icra etmiş olur, həm böyük oxucu kütləsinin sevgisini qazana bilir. Lazım gələn yerdə oxucu sevgisi öz sözünü deyir. Mən asanlıqla mövzulara aid kitabları tapıb, oxucuya çatdıra bilirəm.

- Sovet dönəmindən fərqli olaraq, indi kitaba maraq azlıb. Xüsusilə gənclər arasında. Deyilənə görə, bu gün kitabxanalara isə az oxucu müraciət edir. Bir təcrübəli kitabxanaçı kimi, bunun səbəbini siz nədə görürsünüz?

- Son illərdə gənclər arasında oxucuların sayı artıb. Hər gün, təxminən, Milli Kitabxanaya, ən azı, 250-300-ə yaxın oxucu müracət edir. İndiki gənc oxucular internetə, elektron kataloqlara daha çox üstünlük verirlər. Kitabxananın nəzdində həmin şöbələr fəaliyyət göstərir. Oxucu lazım olan mövzunu internet vasitəsilə bizə sifariş verir. Bizelektron kataloqdan həmin mövzunu tapıb onlara göndəririk. Gənc alimlər və tələbələr bizə daha çox müraciət edirlər. Milli Kitabxanadan elmi və bədii ədəbiyyatlar alıb oxuyrlar. Kitabxananın nəzdində bütün sahələri əhatə edən ədəbiyyat arxivi fəaliyyət göstərir.

- Artıq ömrünüzün 65-ci baharındasınız. 41 ildən çoxdur ki, kitabxanaçı vəzifəsində çalışırsınız. Öz üzərinizə düşən vəzifə borcunu isə layiqincə, şərəflə yerinə yetirmisinizindinin özündə də yerinə yetirirsiniz. İşlədiyiniz müddət ərzində sizə dövlət qayğısı olubmu?

- Əməyim dövlət tərəfindən həmişə qiymətləndirilib. İşlədiyim illər ərzində çoxlu sayda fəxri diplomlara, mükafatlara layiq görülmüşəm. Gələn il mənim 65 yaşım tamam olacaq. Milli Kitabxananın 95 illiyi qeyd ediləcək. İnanıram ki, bu yubiley ərəfəsində mənim də xidmətlərim rəhbərlik tərəfndən nəzərə alınacaq. Milli Kitabxananın direktoru Kərim Tahirov hər bir işçiyə, xüsusilə də biz qaçqınlara böyük qayğı ilə yanaşır. Çox gözəl insandır. Onunla bir təşkilatda işləmək mənim üçün xoşdur. Həmişə əziyyətimi çəkib, elə bu günonun diqqətindəyəm. Kərim müəllim peşəkar və işgüzar işçilərə qiymət verironun əməyini dəyərləndirir.Yaxşı işlədiyimə görə məni dəfələrlə mükafatlandırıb. Ailəmiz adından ona öz minnətdarlığımızı bildirirəm.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2017.- 23 noyabr.- S.8.