“Ədəbiyyatımızın ipi boşalıb”
Budəfəki həmsöhbətimiz
ömrünün səksəninci
payızını arxada qoymuş,
Azərbaycan ədəbiyyatının təbiət şairi deyərkən, ilk
yada düşən söz
adamı – Musa Yaqubdur.
Xalq şairi fəxri adını almasa
da, xalqın şairi kimi sevilən, bir çox musiqilərimizin sözlərinin
müəllifi olan 80 yaşlı şairi evində ziyarət etdik.
Çox mehriban
qarşıladı. Yazı masasının fanarına söykənib
söhbətləşdi bizimlə. Olanlardan-keçənlərdən
danışdıq... Musa Yaqubun hafta.az-a müsahibəsini
təqdim edirik:
-
Yaradıcılıqda nə yeniliklər var?
Təzə yazdığınız şeirləri əvvəlki
kimi çap etdirmək
həvəsiniz varmı?
- Təzə yazdığım şeirlərimi “Ədəbiyyat qəzeti”nə göndərmişdim. Artıq çap olunub. “Baba dağda bir dağ kəli” və digər şeirlərim nəşr edilib.
- Yeni kitabınızı çapa hazırlayırsınızmı?
- Bu il artıq bir dəfə yeni kitabım çapdan çıxıb.
Haşiyə
Təzə nəşr olunan kitabının adını nə qədər eləsə də, yadına sala bilmir. Nəvəsindən soruşur:
- Ayxan, nə idi onun adı?
Nəvəsi də həvəslə dillənir:
- “İndi bildim nağıldı...”.
Musa müəllim də təkrarlayır:
-
“İndi bildim nağıldı” adlanır. Son şeirlərim
toplanıb. Məhəbbət mövzusunda qələmə
aldığım şeirlərdir əksəriyyəti.
- Mətbuatı izləyirsinizmi?
İndiki ədəbi məzmunlu dərgiləri, qəzetləri
nəzərdə tuturam...
- Əlbəttə, izləyirəm. İzləməmək
olmur. Gərək hamısını da olmasa, mütəmadi
gözdən keçirəsən. O vaxt hər kəs müəyyən
olunan dərgilərdə, qəzetlərdə
çıxırdı. Kimin nə yazdığını
bilirdik. Çünki izləyirdik. İndi hərə bir nəşriyyat
açıb, qəzet-jurnal buraxır. Hər kəsi izləmək
olmur. Hərə bir yerdə çıxış edir. Kefi istədiyini yazanlar, çap etdirənlər var.
Senzura, qadağa da yoxdur.
- Senzura olmasının tərəfdarısınızmı?
- Vallah,
senzura tərəfdarı deyiləm. Amma
ölçü-biçi, qanun var. Gərək həmin
qaydalara əməl olunsun. O da ki yoxdur. Məsələn, bizdə
ailə qanunları var. Uşaqlara ata, ana böyüklük
etməlidir. Onlar böyüklük etmirsə, bu,
düzgün deyil, qanun-nizam pozulur. İstəyirəm ki,
heç olmasa, şeirin orta qayda-qanunlarına riayət etsinlər.
Desinlər ki, filankəs şairdir, yazıçıdır.
Bunu görən adamlar da şeirin, kitabın qədrini bilsinlər.
Nə gəlirsə, yazırlar. Nəşriyyatlara pul verirlər,
çap olunurlar. Nəşr evləri də çap etdiyinin
açıb içinə baxmır. Yayımlayır. Həmin
yazıların da içərisində yüz qələt,
yüz səhv olunur. Digər tərəfdən, həmin
kitabların içindəki şeirlər də şeir olmur.
Yayımlayırlar, pislər də gedib yaxşıların
içərisinə qarışır. Sonra həmin adam da
başlayır ki, mən də kitab buraxmışam. Bu mənada,
qaydalar olmalıdır.
- Musa müəllim, bu il “Ulduz” jurnalının 50 illiyidir. İndi “Ulduz”u oxuyursunuzmu? Son
vaxtlar bir çox gənc yazarlar “Ulduz” jurnalında gedən
yazıların bayağılığından, zəifliyindən
şikayətlənirlər. Bu sıraya “Ədəbiyyat
qəzeti”ni də əlavə etmək
olar. Yetmiş-səksəninci illərdəki ədəbi
dərgilərdəki keyfiyyəti indi görmək
mümkün deyil. Niyə? Bunu nə
cür tənzimləmək, “Ulduz”u, “Ədəbiyyat qəzetini
əvvəlki şöhrətinə necə qaytarmaq olar?
- “Ədəniyyat qəzeti”
və “Ulduz”dakı yazıları ümumən
zəif adlandırmazdım. Çünki onlara sözü
tanıyan adamlar – birinə Qulu Ağsəs, digərinə Azər
Turan başçılıq edir. Onlar da, ədəbiyyatçılardır,
şairlərdir. Əgər kimi çap edib, çap etməmək
öz əllərindədirsə, çox tələbkar
olmalıdırlar. “Ədəbiyyat qəzeti” əvvəl
çox zəif çıxırdı. İndi
yaxşıdır. Mənim fikrimdir. Heç olmasa genişdir.
O vaxt dörd, səkkiz səhifə çıxırdı.
İndi otuz iki səhifədir. Hər halda onların içərisində
də zəif yazılar olacaq. İmkanım bütün ədəbi
dərgiləri oxumağa çatmır. “Ulduz”da yaxşı
şeirlər də çap edilir. Bəlkə də, həmin
qəzet və jurnallarda zəif yazanlar bir yol tapıb
girişirlər. Demirəm ki, “Ədəbiyyat qəzeti”ndə,
“Ulduz”da zəif əsərlər yayımlanmır, zəifləri
də olur.
- Yetmişinci illərdə Akif
Hüseynli kimi bir tənqidçi rəhbərlik edirdi
“Ulduz”a. Onun vaxtında bu jurnal ən gözəl
dövrünü yaşadı. Çox
samballı mətnlər dərc edilirdi. İstedadlı
yazarları “Ulduz” üzə çıxarırdı.İndi
isə müntəzəm olaraq eyni imzalar çap edilir.
Elə olur ki, iki saydan bir eyni müəllifi görürsən.
İndiki “Ulduz”a Akif Hüseynli kimi bir adam
lazımdırmı? Bəlkə elə əvvəlki
şöhrətini həmin dərgiyə qaytarmaq
üçün Akif Hüseynlinin özünü bu dərgiyə
gətirmək lazımdır?
- Akif Hüseynlini çox yaxşı tanıyıram. Çox yaxşı tənqidçimizdir.
Savadlı adamdır. Mənim haqqımda da yazıb. Şeirlərimi
də çap edib. Bunların hamısı həqiqətdir.
İndi Akif Hüseynli olmur, kim olur-olsun əvvəlki
şövqlə onu edə bilməyəcək.
- Niyə?
-
Çünki gənc yazıçı və şairlər
oxumurlar. Hətta kompüteri ləğv ediblər. Hamı
telefona aludə olub. Hər kəs telefonla, sosial şəbəkələrdə
öz yazılarını yayımlayır. Bu da ədəbi
zövqün formalaşmasına təsir edir. Yaxşı pisə
qarışır. Akif Hüseynlinin vaxtında mənim
“Quraqlığa yağış yağır” şeirim
çap olunmuşdu. Onu çox diqqətlə oxuyub fikrini
bildirmişdi. İndi elə oxumaq yoxdur. Hərf səhvləri
gedir yazılarda. İndi ədəbiyyatda iplər də
boşalıb. İndiki redaktorlar zəif və güclü
şeirləri tanıyır. Eyni zamanda, kiminsə yanında
pis olmaq istəmirlər. Hər dövrün öz tələbi
var. Amma ədəbiyyatda güzəşt etmək olmaz.
Heç olmasa, əvvəlki ənənələri saxlamaq
lazımdır. Tutaq ki, Akif Hüseynli “Ulduz”a yenidən baş
redaktor gəldi. O, da həmin adamların şeirlərini
çap edəcək. Çünki üzdə olanlar indi
çap olunanlardır.
- Musa müəllim, nə əcəb
sizə də “Xalq şairi” fəxri adı vermirlər?
- Mənə
elə fəxri ad lazım deyil. Çünki bir
çoxları mənən sındırmaq istəyir məni.
Görmürlər? İstəsələr verərlər.
Adam tanıyıram ki, o adı almaqdan ötrü yaltaqlanıb.
Hətta kimlərəsə şeirlər də yazıb. Mən
elə ad istəmirəm. Səksənillik yubileyimdə
Əbülfəs Qarayev heç kiçik zal da vermədi.
Teatr evində keçirdik.
- Yazıçılar
Birliyinin sizə
münasibətindən razısınız?
- Mən Yazıçılar Birliyinə bütöv
baxıram.
Anar o birliyin sədridir. Amma Anar Yazıçılar Birliyi
deyil. Yazıçılar Birliyi ocaq kimi mənə əzizdir.
Tək-tək adamlara görə yox.
- Allah varmı? Yaradanın
varlığına inanırsınızmı?
- Var. Yaradıcı qüvvə olub və olacaq.
- Allahın varlığını bu
illər ərzində nədə görmüsünüz?
- Hər
şeydə. Görk elətdirib Özünü. Onun
Varlığını hər yerdə görmüşəm.
- Peyğəmbərin təlqin
etdiyi Allah kimi, ya Nəsimin allahı kimi
görmüsünüz?
- Nəsimi
insanın Allaha qovuşmasını təlqin edirdi. Bu fikir
onda əsas idi. Məhəmməd isə Allahın əmrlərini
yerinə yetirirdi. Bu cəhətdən vəzifələr
başqadır. Peyğəmbər insanı Allah qatında
aciz, Nəsimi isə vüqarlı göstərir. Məncə,
insanlığın inkişafı baxımından Nəsimi
yaxşıdır.
- Dövlət nə qədər
pensiya ayırır?
- Milli Məclisin
pensiyasını alıram. Fərdi təqaüd almıram. 2
000 manata yaxındır. Ailəmizdə heç kim işləmir
deyə hamımız ona baxırıq.
Tural Turan
Həftə içi.- 2017.- 29
noyabr.- S.7.