Ev-muzeyləri mərkəzləşdirilmiş

qaydada fəaliyyət göstərə bilərmi?

 

Çoxlarına məlumdur ki, Bakının hazırda sökülən “Sovetski”, “Kubinka” kimi ərazilərində bir çox məşhurların yaşadığı evlər olub və onların çoxu hazırda ev-muzeyi kimi fəaliyyət göstərir. Söküntü vaxtı ən çox narazılıq doğuran məqamlardan biri də məhz budur. Bakının Baş Planına uyğun olaraq, aparılan söküntü işləri zamanı bir çox tanınmışların ev-muzeyinin taleyi məsələsi də gündəmə gəlir.

Bununla da ev-muzeylərinin mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərməsi aktuallaşır. Qeyd edək ki, bəzi Avropa ölkələrində tanınmış şəxslərin ev-muzeyinin ayrı-ayrı yerlərdə deyil, bir mərkəzdə fəaliyyət göstərməsi təcrübəsi var.

Ərazi və şəhərin planını nəzərə alaraq, bizdə də bu formanı tətbiq etmək olarmı? Ümumiyyətlə, ev-muzeylərinin bir mərkəzdə fəaliyyət göstərməsi ideyası məqbuldurmu?

Sualla bir neçə muzey əməkdaşına müraciət etdik.

Turizm Nazirliyinin Muzey Mərkəzindən bildirdilər ki, mərkəz onsuz da mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir. Yəni mərkəzə bir neçə muzey daxildir: “Burada Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi yerləşir. Onun özünün isə xalq calğı alәtlәri daimi sәrgisi, Niyazinin mənzil-muzeyi, Vaqif Mustafazadәnin mənzil-muzeyi və Qara Qarayevin mənzil-muzeyi filialları mövcuddur. Burada, həmçinin Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi yerləşir. Hansı ki, həmin muzeyin fondlarında 117000-dən çox eksponat saxlanılır”.

Muzey Mərkəzində eksponatlarının sayı 20000-dən çox olan Azərbaycan İstiqlal Muzeyi, Azərbaycan Dövlət Din Tarixi Muzeyi fəaliyyət göstərir. Odur ki, mərkəzin elə mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərdiyini deyərək, nə vaxtsa digər muzeylərlə birləşdirilə biləcəyinin real görünmədiyini vurğuladılar.

Üzeyir Hacıbəylinin ev-muzeyindən bildirdilər ki, “Sovetski”də aparılan söküntü işləri zamanı bəstəkarın ev-muzeyinin köçürülməsi məsələsi gündəmə gəlsə də, sonradan bu məsələ həllini tapıb. Hazırda isə muzeyin köçürülməsi məsələsi müzakirə olunmur, əksinə, ətrafında abadlıq işləri aparılır, lazımi vaxtda bərpa olunur. Muzeydən nə zamansa mərkəzləşdirilmiş muzey layihəsi reallaşdırılarsa, onun Üzeyir Hacıbəylinin ev-muzeyinə aid edilməyəcəyini vurğuladılar. Bunun daha çox mənəvi məsələ olduğuna diqqət çəkdilər: “Bura ona görə muzey kimi fəaliyyət göstərir ki, bu tikilidə dahi Üzeyir bəyin izi var, buranın divarları belə doğmadır. Muzeyə gələnlərə də Üzeyir bəyin harada yaradıcılıqla məşğul olduğu, hansı otaqda nahar etdiyi, harada istirahət etdiyi maraqlıdır. Bura başqa yerə köçürülərsə, daha nə marağı qalar?”.

Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı isə deyir ki, ev-muzeylərinin mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərməsi mümkün deyil: “Bura xatirə muzeyi deyil ki, bütün eksponatlar bir yerə yığılsın. Bunun adı üstündə ev-muzeyidir, bu statusu da ona görə veriblər ki, muzey şəxsiyyətin ancaq yaşadığı evdə yaradılmalıdır. Sevindirici haldır ki, “Sovetski”də aparılan söküntü işləri zamanı həmin ev-muzeylərə toxunulmadı. Əksinə, ətrafı abadlaşdırıldı, muzeyə gələn qonaqlar üçün şərait yaradıldı”.

G.Babaxanlı deyir ki, ev-muzeylərinin statusunun tələbi odur ki, onlar ancaq evdə fəaliyyət göstərsin: “Bu mərkəzlər əgər ədəbiyyat, tarix muzeyləri olsaydı, ümumiləşdirilmiş məzmunlu olsaydı, mərkəzləşdirmək olardı, amma konkret şəxsə aiddirsə, olmaz”.

 

Naibə Qurbanova

 

Həftə içi.- 2017.- 24 yanvar.- S.4.