Xalq artisti Lütfiyar

İmanovun xatirəsi anılıb

 

Bu gün Xalq Artisti, unudulmaz opera müğənnisi Lütfiyar İmanovun doğum günüdür.Bu münasibətlə tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək görkəmli sənətkarın məzarı önünə tər çiçəklər qoyub və xatirəsini ehtiramla anıblar.Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Xalq Artistinin sənət fəaliyyətindən danışıb.

Vurğulanıb ki, müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. Onun adı opera səhnəmizdə aparıcı partiyaların ifaçısı kimi musiqi salnaməmizə həmişəlik həkk olunub. Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəstxəti ilə seçilən bir mədəniyyət xadimi kimi tanınıb. Sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən Lütfiyar İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla ifa edib. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti sənətkara musiqisevərlərin rəğbət və məhəbbətini qazandıra bilib.

Qeyd edilib ki, onun zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örnəkdir. O, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərib, ifaçılıq sənəti tarixində toplanmış zəngin təcrübənin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf edib.

Xalq artistləri Siyavuş Kərimi və Azər Paşa Nemət çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb, onun musiqi mədəniyyətimiz tarixindəki rolunu qeyd ediblər.

Ailə adından çıxış edən sənətkarın oğlu Rauf İmanov atasının xatirəsinə göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

 

Həftə içi.- 2018.- 18 aprel.- S.8.