Mənim şirin xatirələrim

 

I yazı

 

Daşkənddəki İslam Kərimov adına Beynəlxalq Hava Limanına enər-enməz Özbəkistan Dövlət Turizm İdarəsinin əməkdaşları məni şəhərin mərkəzindəki beşulduzluMiran Otel”ə gətirdi. Şərtimiz bu oldu ki, vaxtı boşa xərcləməyək, çantamızı qoyub nahara, ordan da şəhər turuna çıxaq. Öncə deyim ki, Daşkənd 3 milyon əhalinin yaşamasına, küçələrdə yüz minlərlə avtomobilin şütüməsinə baxmayaraq tərtəmiz şəhərdir. Burada küçələrdə təsadüfən də olsa nəinki politelin butılkalara, sellofan paketlərə, heç siqaret kötüklərinə də rast gəlmək mümkün deyil. Zibilləmənin qarşısını almaq üçün həm dövlət səviyyəsində ciddi nəzarət var, həm də yerlərdə maarifləndirilmə aparılır. Bütün məhəllələrdə ağsaqqallar insanların belə hallara yol verməməsi üçün məsləhətlər verir. Üstəlik, həftənin müəyyən günündə hər məhəllədə yerli sakinlər iməcilik formasında səliqə-sahman yaradırlar.

Daşkənd 3 milyon sakini ilə birlikdə sanki budaqları buludlardan su içən uca ağacların kölgəsində nəfəs alır. Şəhər başdan-başa yaşıllıqlara qərq olub. Özüağaclar yerli təbiətə uyğun növlərdir deyə, qol-budaqları ilə yaşıl çətiri xatırladırlar. Bütün küçələrin kənarları gül-çiçəyə qərq edilib. Hə, onu da deyim ki, Özbəkistanın hər yerində olduğu kimi, Daşkənddə də küçələrin kənarına, parkbağlara gül-çiçəklə yanaşı, bizim də mətbəxdə istifadə etdiyimiz reyhan əkilir. Yaşıl, çəhrayı yarpaqları, əlvan çiçəkləri və ən əsası, tünd ətri ilə adamı bihuş edən reyhan şəhərə xüsusi gözəllik verir...

 

Mavi göy qübbəsi - Çorsu

 

Daşkəndin qədim hissəsindəki ən böyük və şəhərin özü kimi qədim bazarına, mavi rəngli nəhəng göy qübbəsini xatırladan Çorsuya yol aldım. Deyəsən vaxtsız gəlmişdim – piştaxtaların xeyli hissəsi yığışdrılmışdı. Amma buna baxmayaraq Orta Asiyanın ən iri və qədim bazarı olan bu iki qatlı, dəyirmi formada tikilmiş ticarət nəhəngində məhsullarını satmağa çalışan satıcılar hələ də müştəri çağırırdı. Buradayoxdur – ətri adamı bayıldan qarpızdan yemişə, pomidor, xiyar, göy-göyərti, faraşqurudulmuş meyvələr, ətdən balığa, toyuğa-yumurtayadək ərzaq məhsulları almaq olar. Özü də hamısı tər-təmiz kənd məhsulları – orqanik. Qiymətləri də münasibdir. Məsələn özbəkcə bodrinq adlanan xiyarın kilosu 3 min som (40 sent), iri dənəli üzümün kilosu 4 min som (50 sent), badımcan 1500 som (19 sent), bolqar bibəri 2500 som (30 sent), pomidor 3 min som (40 sent), kartof 1200 som (15 sent), kənd yumurtasının 1 ədədi 450 som (6 sent), görünüşcə qızılgülü xatırladan, ətri-ləzzəti can alan, sobadan yeni çıxmış qaynar çörəkin bir ədədi 1000 som (13 sent). Özbəkistanın dünyada məşhur olan 2-3 kiloluq yemişləri isə çəkisindən asılı olaraq 6-8 min soma (80 sent-1 dollar) təklif olunur. Özü də satıcılar bu qiymətə israr etmir, alıcı ciddi olarsa endirimlər də edilir.

Bu bazara gələn müştərinin alacağı məhsulun dadına baxması artıq adətdir. Hətta alınacaq malın dadına baxmamaqla satıcının xətrinə dəymək olar. Ona görə də demək olar ki, alıcı 1 som xərcləmədən bazarda qarnını doyura bilər.

 

“Köhnə Daşkənd”də

 

Günortadan xeyli keçmiş güllü-çiçəkli, yamyaşıl dekorativ ağacların kölgəsinə bürünmüş qədim məhəlləyə gələndə gözlərimə inanmadım. Bura paytaxtın ortasında orta əsrləri xatırladırdı. Ensiz küçələr, bir-iki qatlı köhnə evlər... Axşama doğru hava bir az sərinlədiyi üçün ətrafda yaşayan insanlar, xüsusilə də uşaqlar özlərini vermişdilər bu cənnətməkana. Kimlər səliqə ilə düzülmüş taxta oturacaqlarda oturub söhbətləşir, kimlər şəkil çəkdirir, uşaqlar da ora-bura qaçışıb, həyatın kefini yaşayır.

Hə, onu da deyim ki, burada yanından ötüb keçdiyin - tanıdın-tanımadın – hər kəsə salam vermək lazımdır. Çünki bunu etmədinsə, özləri səni salamlayacaqlar. Bu gözəl ənənəyə dünyada ancaq Özbəkistanda rast gəlmək mümkündür.

Yeri gəlmişkən, bələdçimiz Əlişir dedi ki, “Köhnə Daşkənd” adlanan şəhərin bu rayonunda hündürmodern binaların tikilməsi yasaqdır. Çünki belə tərz “Köhnə Daşkəndin” görünüşünə xələl gətirə bilər.

Mərkəzdəki, kəsmə daşlarlar döşənmiş böyük meydanda sanki dəyirmi masa arxasında oturan qardaşları xatırladan üç tarixi abidə mövcuddur. Bunlar - solda Həzrət İmam məscidi (Burada X əsrdə Bizans imperatoruna şeir formasında məktub yazmaqla məşhurlaşan, əsl adı Əbubəkr Məhəmməd Kafali Şaşi (903-976-cı illər) olan Həzrət İmamın türbəsi yerləşir. Şafi məzhəbinin Orta Asiyada yayılmasında böyük rol oynayan İslam liderlərindən olub. Qəbri üzərində türbə isə 1541-1542-ci illərdə Şeybanilər tərəfindən tikilib), sağda Barak Xan mədrəsəsi, mərkəzdə isə hazırda Özbəkistan Müsəlmanlar İdarəsinin balansında olan kitabxana-muzeydir (keçmişdə Muyi-Mübarək Cümə camesi).

 

Qanla boyanmış Quran

 

 XVI əsrdə tikilmiş bu kompleksdəki 30 min qiymətli əlyazmanın yer aldığı kitabxanada böyük ölçülü orjinal Qurani Kərim saxlanılır ki, onun üzərində üçüncü xəlifə Osmanın qan damcılarının izi hələ də qalır. Rəvayətə görə, Quran oxuyarkən sui-qəsdçi onu xəncərlə vurubaxan qan müqəddəs kitabın ceyran dərisindən hazırlanmış vərəqlərinə hopub. Sonradan Əmir Teymur Kufəni zəbt edəndə həmin kitabı bura gətirib.

Qeyd edim ki, əslində həmin qan xəlifə Osmana deyil, dördüncü xəlifə, peyğəmbərin əmisi oğlu və qızı Fatimənin əri, şiələrin birinci imamı Əli ibn Əbu Talibə məxsus olmalıdır. Çünki məhz onu namaz üstündə qılıncla vurublar...

Xatırladım ki, xəlifə Osmanın adı ilə bağlı dörd orjinal Quran kitabı var. Onlardan biri haqqında söz açdığımız bur kitabxanada, ikincisi İstanbulda, üçüncüsü Qahirədə, dördüncüsü isə Londonda saxlanılır.

1529-1563-cü illər arasında Şeybanilər tərəfindən tikilmiş Barak Xan (Barak Xanya əsl adıyla Novruz Əhməd Daşkəndin hakimi olub) mədrəsəsinin genişvalehedici həyətini əhatə edən divarların dibində sıralanmış qədim hücrələrdə sərgilənən əl işlərindən ibarət milli sənət əsərləri diqqətimi çəkdi. Həmin əsərlər – təmiz ipək yaylıqlar, şarflar, ağacdan yonulmuş, üstü oyma naxışlı qələmqabları, məişət əşyaları, vazaboşqablar, sandıqlar, zinət saxlamaq üçün müxtəlif ölçülü mücrülər, üstü nəfis naxışlarla örtülmüş çini və saxsı güldanlar, ipək tikməli araqçınlar, köynəklər – turistə lazım olan hər şey vardı burda. Qızıl-zinət əşyaları qoymaq üçün oval formalı mücrülər, qələmqabları 80 min soma (təxminən 10 dollara), A4 formatda rəsm əsərləri 250 min soma (30-35 dollar), araqçınlar da 40-50 min soma (5-6 dollar) təklif olunur.

 

İnsanlıq və mərhəmət simvolu

 

Tarixi kompleksdən ayrılıb “Xalqlar dostluğu” parkına gələndə artıq hava qaralmışdı. Daşkəndin mərkəzində yerləşən bu istirahət məkanı çox möhtəşəmdir. Baş tərəfdə eyniadlı Mədəniyyət Sarayı yerləşir. Mükəmməl işıqlandırılan parkın ortasında isə qələbəlik bir ailəni xatırladan abidə-kompleksi yaradılıb. Əlişir dedi ki, II Dünya müharibəsi zamanı ölkədə aclıq hökm sürürmüş. Bu zaman abidədə əks olunan bir nəfər aclıqla çarpışan yetim uşaqları ölümün pəncəsindən qurtararaq evinə gətirib, övladlığa götürüb və onları Özbəkistanın adına layiq vətəndaşları kimi böyüdüb. Ona görə də dövlət bu abidə kompleksini insanlıq və mərhəmət simvolu olan həmin ailənin şərəfinə tikib.

Bir neçə xatirə şəkli çəkdirəndən sonra Əlişirlə paytaxtın sakit məhəllələrindən birində yerləşən restorana gəlib özbək milli təamlarının dadına baxdıq. Bilmirəm, bəlkə də Azərbaycandan gəldiyimizi bildikləri üçün, restoranda canlı şəkildə Azərbaycan musiqiləri ifa olunurdu. Əlbəttə, bu diqqətimi çəkməyə bilməzdi. Azərbaycan mədəniyyətinə, musiqisinə belə böyük sevginin olması məni çox sevindirdi.

 

Vüsal Tağıbəyli,

 

Bakı-Daşkənd-Bakı

 

Həftə içi.- 2018.- 21 avqust.- S.4.