Mənim şirin xatirələrim

 

II Yazı

 

Sübh erkəndən qalxıb, otelin kafesində ayaqüstü bir-iki şey atışdırdım. Axı axşamdan Əlişir tapşırmışdı ki, səhər saat 7-də sürət qatarı “Afrosiyob” yola düşür, ona çatmalıyıq. Dediyi kimi də etdik, Əlişirin əvəzinə, qarşıdakı bir həftə ərzində mənə bələdçilik edəcək Atabəylə salamlaşıb oteldən ayrıldıq.

Qaldığım beşulduzlu “Miran Hotel”li dəmir yol voğzalı ilə 15 dəqiqəlik məsafə ayırır. Maşınımız geniş və yüksək səviyyəli küçələri şütüyərək bir göz qırpımında ünvana yetişdi. Biletimizi göstərib, qeydiyyatdan keçdik və ali qonaqlar üçün nəzərdə tutulmuş VİP gözləmə salonuna gəldik.

 

Sürətli “Afrosiyob”

 

Burada hər kəs mənə hörmət edir, qonaqpərvərlik göstərirdi. Özümü doğma Azərbaycandakı kimi hiss edirdim. Başqa cür ola da bilməzdi: Özbəkistan bizim qardaş ölkəmizdi...

Fürsətdən istifadə edib, məni Əndicana aparacaq “Afrosiyob” sürət qatarı ilə bağlı bir-iki ağız söhbətləşdik. Məlum oldu ki, əvvəllər Fərqanə vadisinə - Əndican, Kokand, Fərqanə və Namanqana getmək üçün xeyli yol qət eləmək lazım idi. Amma 2016-cı ildə Angren şəhərini Papa birləşdirən, 19,2 kilometr uzunluğunda Kamçık tuneli istifadəyə veriləndən sonra Daşkənd və ölkənin digər əraziləri ilə Fərqanə vadisinin şəhərləri arasında birbaşa və sürətli əlaqə yaranıb.

Özbəkistanın Çinlə birgə tikdiyi Anqren - Pap dəmir yolunun ümumi uzunluğu 123,1 kilometrdir. Əlbəttə, bayaq dediyim kimi, bunun 19,2 kilometri Kamçık tunelinin payına düşür. Bütövlükdə tikinti üçün 1,633 milyard dollar məbləğində vəsait ayrılıb ki, bunun ancaq 455 milyon dolları tunelin tikintisinə sərf olunub. Söhbər zamanı o da bəlli oldu ki, yolun çəkillişi ilə yanaşı 15 dəmir yolu körpüsü və ya yolötürücüsü, 4 stansiya və 2 qovşaq stansiyası da tikilib. Tamamilə elektrikləşdirilən dəmir yolu xəttini təmin eləmək məqsədilə 2 elektrik yarımstansiyası, eləcə də dəmir yolu işçiləri üçün 10 yaşayış binası da inşa olunub. Təxminən 400 nəfəri ixtisaslı kadr olan 4 min nəfərin çalışdığı tikintidə 600-dən artıq ağır texnika iştirak edib. Bütün bunların fonunda isə 1500 nəfər daimi işlə təmin olunub. Çəkilən xərclər və zəhmət öz bəhrəsini verməkdədir: hazırda ölkənin dəmir yolu sistemini tamamlayan bu yolla ildə 10 milyon tondan artıq yük, 600 min sərnişin daşınmaqdadır.

Nə isə, vədə yetişdi, qatara minib yerimizi tutduq. Saatda 150-160 kilometr sürətlə irəliləyən “Afrosiyob” bir andaca Daşkənddin qələbəlik daş mühitindən uzaqlaşıb ucsuz-bucaqsız yaşıl vahənin ənginliklərinə istiqamətləndi.

Bu yerdə qeyd edim ki, sürət qatarının vaqonlarında sərnişinlər yolboyu susuzluq və aclıq dərdi çəkmir. Çünki qatar yola düşəndən çox keçməmiş sərnişinlərə çay və kofe təklif olunur. Hətta aclığı olanlar pulunu verib qatar xidmətçilərindən istənilən hazır yeməkləri, sərinləşdirici içəcəkləri və sair ala bilərlər.

 

Cənnətə doğru

 

Daşkənddən cənub-şərqə - Əndicana doğru irəlilədikcə, haqqında ancaq kitablarda oxuduğum, sanki cənnətin özü olan Fərqanə vadisinin üstü meyvəli bağları, yamyaşıl tarlaları, bostanları məni heyrətləndirirdi. Bu yerlərdə yol kənarlarında, hətta dükan və restoranların ətrafında qalmış bir ovuc torpağa belə mütləq ya bostan əkilir, ya tərəvəz, qarğıdalı, ya da meyvə ağacları.

Ərazisinin böyük hissəsini səhralar tutan Özbəkistanda məhsuldar vadinin və çay subasarlarının məhsuldar torpaqları, bax beləcə qiymətləndirilir. Burada torpağın istifadəsiz qalması sanki günah sayılır. Məsələn, sahədən günəbaxan toplanan kimi yerini şumlayıb üzüpayıza ikinci məhsul əkilir. Bu, günəbaxan deyil, qarğıdalı, tərəvəz, yonca və sair ola bilər. Yetər ki, torpaq istifadəsiz qalmasın.

Qatar Fərqanə vadisinin ənginliklərinə doğru irəlilədikcə diqqətimi çəkən başqa bir məqam, bəlkə də dünyanın ən iri pambıq plantasiyaları idi. Yadımdadır, sovet dönəmində Orta Asiya respublikalarından, o cümlədən Özbəkistandan Azərbaycanın pambıq becərilən rayonlarına tez-tez pambıqçı heyətləri qonaq gələrdi. Onlar azərbaycanlı həmkarları ilə daha çox və keyfiyyətli pambıq becərmək üçün yarışırdılar. Yeri gəlmişkən, məhşur “Görüş” kinosu da bu yarışdan bəhs edir.

Günorta saatlarında pambıq plantasiyalarında adam gözə dəymirdi. Bələdçimiz dedi ki, bu aylarda hava çox isti keçir deyə, kəndlilər sahələrə sübh tezdən və ya axşam sərini çıxırlar. Amma insafən, buna baxmayaraq, sahələr yabanı ot-alaqdan təmizlənmiş, suvarma işləri də vaxtında görülür. Axı dünyanın ən iri pambıq istehsalçılarından olan Özbəkistanda bu sahədə əsl işini bilən, peşəkarlar çalışır...

 

Gül-çiçəklər, üzümlüklər...

 

Fərqanə vadisində bir maraqlı məqam da yolların kənarında, əkin sahələrini bir-birindən ayıran xətlər üzərində, Azərbaycanda əsasən tikinti materialı kimi istifadə edilən və el dilində əbrişim adlanan ağacların çoxluğu idi. Bu ağaclar o qədər sıx əkilir ki, sanki ondan təbii hasar hörülür.

Hə, bu məhsuldar vadidə çox böyük qızılgül plantasiyaları da var. Vaqonun pəncərəsindən baxan mənim kimi hər bir yolçu özünü sanki nağıllarda hiss edir. Qızılgüllər sadəcə plantasiyalarda deyil, yolların kənarına da əkilir.

Üzümliklərdən isə danışmaqla qurtarmaz. Özbək xalqının süfrəsində özünəməxsus yeri olan üzümün bu ölkədə plantasiyaları o qədər genişdir ki, adama elə gəlir onun məhsulunu yığıb qurtarmaq olmaz. Özü də burada üzümlüklər alçaq çardaqlar formasında hazırlanmış məftil hörgülərə çıxarılır. Qırmızı, ağ üzümlər rəngləri kimi məhsuldarlığına görə də çeşidlidir. Məsələn, iridənəli üzümlər süfrə, eyni rəngdə, amma xırda dənəlilər üsə şərab istehsalı üçün becərilir. Yolkənarı kənd evlərinin həyətində gördüyümə istinad etsəm, həyətlər küçə darvazasınadək birmənalı şəkildə üzüm talvarından ibarətdir.

 

Qonaqsevər Əndicanda

 

Nəhayət, qatar asta-asta nəfəsini dərib dayandıqda Atabəy Əndicana çatdığımızı deyib, qapıya yönəldi. Bu mehriban oğlanın özü də Daşkənddə yaşamasına baxmayaraq, elə Əndicanda doğulub-böyümüşdü. Deyir mənim hesabıma ata-anasını, əziz ailəsini də görə biləcək.

Qatardan enər-enməz, məni otelə aparacaq avtomobili hazır gördüm. Əndican Vilayət Turizm İdarəsinin əməkdaşları idi. Yanımda bələdçinin olmasına baxmayaraq, məni qarşılamaları özbək xalqının qonağa böyük hörmət və sevgisindən irəli gəlirdi.

Vaxt itirmədən yerləşəcəyim dördulduzlu “Karvansaray” otelə gəldik. Yol yorğunluğum çıxsın deyə bir saatlıq dincəldim, sonra isə yeni bələdçimiz, Özbəkistanda turizm sahəsində ən peşəkar xanım mütəxəssis olan Sərvinazın və Atabəyin müşayiəti ilə nahara, oradan da Əndican şəhərinin görməli yerlərini ziyarətə yollandım.

Qeyd edim ki, Qırğızıstanla sərhəddə yerləşən Əndican Özbəkistanın dördüncü iri şəhərdir – 450 min nəfər əhalisi var. Bütövlükdə Əndican vilayətində isə, hazırda 3 milyona yaxın insan yaşayır. 4,2 min kvadratkilometr ərazisi olan vilayətdə 14 rayon, iki müstəqil şəhər mövcuddur.

Tarixi eramızdan əvvəl 3-4-cü əsrlərədək uzanan bu şəhər qədimdə Böyük İpək Yolu üzərində mühim ticarət mərkəzi funksiyasını daşıyıb. Üstəlik pambıq və ipək istehsalı ilə də məşhur olub. 1902-ci ildə baş verən dəhşətli zəlzələ şəhəri xarabazara çevirib. Məscidlər və mədrəsələr istisna olmaqla, şəhərdə aparılan tikinti işləri binaların klassik görünüşünü müasirləşdirib. Bu gün də Əndican ənənəsinə sadiq qalaraq Özbəkistanın ən iri sənaye mərkəzlırindən biri olmaqda qalır. Pambıq və ipək istehsalı, emalı və toxuculuq fabrikləri ilə yanaşı, müasir minik avtomobilləri istehsal edən zavodlar da buradadır.

Yeri gəlmişkən, yerli istehsal olan “Damas” yüngül minik avtomobillərini demək olar ki, vilayətdə hər üç ailədən birinin həyətində görmək mmükündür. Bu maşınlar ictimai nəqliyyatda taksi kimi istifadə olunsa da, kənd yerlərində də insanlar üçün əlverişli minik və bağ-bostan məhsulunu bazara daşımaq üçün əvəzsiz vasitədir. Qiyməti də baha deyil, təzəsi 5-6 min dollaradır.

“Damas”lar Özbəkistanda istehsal olunan “Chevrolet”dən sonra ən çox alınan avtomobildir. Bu ölkədə avtomobili olan hər iki nəfərdən biri məhz “Chevrolet” sürür...

 

Vüsal Tağıbəyli,

 

Bakı-Daşkənd-Əndican-Bakı

 

Həftə içi.- 2018.- 22-24 avqust.- S.4.