Mənim şirin xatirələrim

 

IV HİSSƏ

 

Əndicanda baş çəkəcəyim son maraqlı məkan qədim Mingtera dövlətinin paytaxtı olan Erşi şəhərinin xarabalıqları oldu. Bu yer haqqında kitablardan oxumuşdum.

Sərvinaz ora gedəcəyimizi deyəndə, çox sevindim. Hər halda, “yüz eşitməkdənsə, bir görmək daha yaxşıdır” deyib babalarımız.

 

Qədim Mingtera

 

 Yaşıllıqlara bürünmüş Mərhəmət şəhərinin ətrafında yerləşən bu antik şəhərin xarabalıqlarında hazırda tədqiqat işləri davam edir. Ərazidə mənə məlumat verən elmi işçilərdən biri dedi ki, Mingtera eramızdan əvvəl V əsr – eramızın IV əsrləri arasında mövcud olub. Paytaxt Erşi ilə yanaşı bu dövlətin tərkibində çox sayda şəhərlər də varmış. Böyük İpək Yolunun üzərində yerləşən Erşi strateji əhəmiyyət daşıyıb, ticarət mərkəzi kimi şöhrət qazanıb, insanları varlı-hallı, iqtisadiyyatı dövrün tələblərinə görə inkişaf etmiş olub. O cümlədən, dulusçuluq, toxuculuq, dəmirçilik və sair burda yüksək inkişaf edib.

Xarabalıqda aparılan qazıntı işləri dar küçələri, evlərin daş özülünü, saray divarlarının möhtəşəm qalıqlarını, o dövrdə işlədilən məişət əşyalarını və sair üzə çıxarıb. Məlum olub ki, ətrafını qədim Çin memarlığı üslübünda tikilmiş alınmaz qala divarları əhatə edən bu qədim şəhər ümumilikdə 160, qala divarlarının içində qalan hissəsi isə 42 hektar olub. Hazırda Mərhəmət şəhərinin mərkəzində yaradılmış muzeydə Erşinin və ümumiyyətlə, qədim Mingtera dövlətinin xüsusi hazırlanmış maketi, o dövrün yaşayışını əks etdirən bir çox nümunələr sərgilənir…

Beləcə, Özbəkistanın siması olan Əndicana səfərim başa çatdı. Bu iki gündə mənə bələdçilik edən, Özbəkistanın ən yaxşı qadın bələdçisi kimi xatirimdə qalan, mehriban və qayğıkeş, hər kəlməsində şəhərini və ölkəsini təbliğ edən Sərvinaz Hakimova ilə sağollaşıb, Atabəyin müşayiəti ilə hər zaman xatırladıqda darıxacağım və yenidən görmək istədiyim Əndicandan ayrıldım…

 

Fərqanə - iqtisadi mərkəz

 

Fərqanə şəhərinə çatar-çatmaz dərəsinin dibi və hər iki yanları qara daşla hörülmüş “Arıkçay”ın sahilində yerləşən doqquz qatlı “Ziyorat” otelə gəlib, altıncı qatda, eyvanı çayın dərəsinə açılan otaqda yerləşdim. Dincəlməyə vaxt yox idi, bələdçimiz foyedə gözlədiyi üçün vaxt itirmədən aşağı endim.

- İndi elə bir yerə gedirik ki… – fərqli gəzinti olacaq. Ordatarixi, nə də mədəniyyət abidəsi var, ucsuz-bucaqsız üzümlükdür. Ekoturizm sahəsinin necə inkişaf etdiyini görəcəksən, – dedi səfər boyu yanımdan ayrılmayan Atabəy.

Dinib-danışmadan maşına oturdumyol aldıq Atabəyin haqqında danışdığı üzüm sahələrinə.

Maşın şəhərdən çıxıb yamyaşıl çöllərə üz tutduqca pəncərədən diqqətimi bəzi məqamlar çəkdi. Daşkənddə olduğu kimi, bu əyalət mərkəzində də küçələrin, səkilərin təmizliyinə söz ola bilməz. Yolların kənarında, evlərin və dükanların, istənilən dövlət müəssisəsinin qarşısında ya meyvə ağacları budaqlarını çətir kimi yaymışdı, ya da talvardan sallanan üzüm salxımları görəni məst edirdi. Beləcə, şossedə şütüyən maşın sola burulub, ensiz asfalt yolla üzüm plantasiyalarının içinə qərq oldu.

 

Üzümün məskəni

 

Üzüm plantasiyasının tən ortasında böyük bir ərazi hasarlanmış, içində tikinti işləri aparılırdı. Məni həmin tikintiyə dəvət edən yerli bələdçi bildirdi ki, bura Fərqanədə yaradılan ekoturizmin mərkəzi sayılır.Gördüyünüz bu iki qatlı yeni tikili oteldir. 15 otağı var və 35 nəfər üçün nəzərdə tutulur. Həyəti kiçik park olacaq. Mərkəzdə isə üzgüçülük hovuzu tikilir. Binanın içində isə qapalı üzgüçülük hovuzu var” deyən bələdçi əlavə elədi ki, gələcəkdə artan turistlərin sıxlıq yaradacağını nəzərə alaraq həyətin kənarından fərdi qonaqlama otaqları tikiləcək.

Otelin həyətindən ayrılıb bələdçinin və plantasiyanın aqranomu olduğu deyilən başqa bir nəfərin müşayiəti ilə üzüm sahələrinə yollandım. Burada qara üzüm növləri əkilmişdi. Dənələri xırda olsa da, şirin idilər. Bələdçi dedi ki, iri dənəli növlər süfrə üçündür, gördüyümüz bu xırda dənəlilər isə əsl şərab üçündür, yəni texniki növdür. Çünki balaca olsa da, şirəsi boldur. Burada Gürcüstandan gətirilmiş “Bayan şirey”, “Risling”, “Kaberne Sovinon”, “Saperavi”, eləcə də Fransadan gətirilmiş “Pino-Nuar” növləri yetişdirilir.

Bələdçi onu da əlavə etdi ki, məhsul tam yetişmədiyindən yığıma start verməyiblər. Yığım başlayan kimi isə sahələrdəki üzümlər toplanaraq Fərqanə şəhəri ətrafında fəaliyyət göstərən “Mindonobod Aqrosanoat”müəssisənə göndəriləcək. Orada isə üzümlər sıxılaraq, əla növ şərab məhsulları istehsal olunacaq.

Üzümlükdə vaxt itirmədən adıçəkilən zavoda yollandıq və on dəqiqə keçməmiş ətraf yolları asfaltlanmış, önündə isə böyük meyvə bağı salınmış zavoda çatdıq.

 

Sürpriz görüş

 

İstirahət günü olduğundan zavodda az adam vardı. Deyilənə görə olanlar da növbədə çalışanlar idi. Həyətin sağ tərfində bir dəstə işçi qalaqlanmış yeşiklərdəki meyvəni - bunlar şaftalı idi – yuyub-təmizləyib, emal xəttinə yönəldirdilər. Mənimlə həmsöhbət olan zavodun bələdçisi dedi ki, meyvənin şirəsi çəkiləcək və müxtəlif tərkibli içkilər hazırlanacaq. Burada sıxılan şirə növbəti sexdə hər biri 12 ton olan çənlərə vurulurtam 1 il orada saxlandıqdan sonra başqa bir sexdə şüşələrə, yaxud da taxta çəlləklərə doldurulacaq. Bələdçi onu da vurğuladı ki, çaxır dolu 750 ml həcmli şüşənin biri topdansatış 18 min soma (4 manata yaxın) satılır…

Zavodun sexləri ilə tanışlıqdan sonra inzibati binada rəhbərliklə gözlənilməz görüşümüz oldu. Ona görə gözlənilməz ki, Azərbaycanda ən azı 1600 kilometr uzaqda yerləşən Özbəkistanın bu ucqar şərq vilayətində, belə böyük şirkətin məhz həmvətənlilərimiz tərəfindən yaradılıb, idarə olunduğunu ağlıma belə gətirmirdim. Naiq Məmmədhəsənov azərbaycanlımızdır, əslən Tovuz rayonundandır. Özbəkistanda adamlarına yaradılan münbit şəraitdən faydalanmaq üçün orada şirkət yaradıb, kənd təsərrüfatı və yeyinti sənayesinin inkişafına öz töhfəsini verib.

Tovuz-Baltik LTD” şirkətinin baş direktoru olan Naiq Məmmədhəsənov “Made in Azerbaijanbrendini tanıtmaq üçün istər Azərbaycanda, istər Avropada, istərsə də Özbəkistanda böyük işlər görməkdədir. Şərabçılıq sahəsində əldə etdiyi uğurları Azərbaycan rəhbərliyinin diqqətindən də qaçmayıb. O, artıq Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Təırəqqi” medalı ilə təltif olunub.

Hazırda Fərqanədə özbəklərlə birgə “Wine Garden” adlı şirkət yaradan Naiq müəllimlə görüş zamanı bəlli oldu ki, burada normal işləmələri üçün hər cür şərait var. İstər qanunvericilik olsun, istərsə də yerli və mərkəzi hökumətin münasibəti, Özbəkistanda fəaliyyət göstərən hər bir şirkətin inkişafına tam uyğundur. Yəni qanun-qaydaları pozma, vaxtlı-vaxtında dövlətin vergisini ödə, işini gör. Bunun nəticəsidir ki, hazırda Naiq müəllimin çalışdırdığı şirkət Fərqanənin 45 sakinini işlə təmin edib.

 

Nazir dedi fəaliyyətinizi genişləndirin…”

 

 “Kənd təsərrüfatı naziri ilə avqustun 6-da görüşümüz olub. Bizdə elə xoş təəssürat yaratdı ki, bu görüşNazir dedi fəaliyyətinizi genişləndirin, Özbəkistan iqtisadiyyatının inkişafına töhfənizi verin. Qarşılığında hər cür şəraitin yaradılacağını da söz verdi. Hətta təsadüfən kimsə maneə yaratmaq istərsə, hansı ki, bu mümkün deyil Özbəkistanda, nazirliyə xəbər verməyimizi istədi cənab nazir” deyən azərbaycanlı adamı hazırda onlara yaradılan şəraitdən tam razı qaldığını dilə gətirdi.

Otaqdakı divarboyu şkafda çox sayda spirtli içki şeşələri düzülmüşdü, hamısının da üstündə marka olaraqTovuz” yazılmışdı. Naiq müəllim deyir ki, yaxın gələcəkdə müəssisədə Özbəkistanı tanıdan milli brendlər də istehsal olunacaq.

“Azərbaycandan heyva, feyxua, narsair meyvələrin müəssisəmizə idxalı ilə bağlı müqavilələr imzalamışıq. Biz məhsulumuzun daha keyfiyyətli olmasına çalışırıq. Məsələn, nar burada da var, amma Göyçay narı daha keyfiyyətli olur deyə şirəsini idxal edərək, həm göyçaylı fermerlərin məhsulunu satıb, gəlir götürməsinə imkan yaradacağıq, həm də müəssisəmizdə daha keyfiyyətli şərab istehsal olunmasını təmin edəcəyik” deyən Naiq müəllim əlavə etdi ki, hazırda 11 növ spirtli içki istehsal edirlər. Amma gələcəkdə məhsulun çeşidini artırmaq nəzərdə tutulur.

Müəssisə rəhbəri onu da bildirdi ki, istehsal etdikləri məhsulun 70 faizi ixrac olunacaq, qalan 30 faizi isə yerli bazarlara çıxarılacaq.

 

Sakit, təhlükəsiz Fərqanə…

 

Artıq hava qaralmışdı – şəhərə qayıtmaq lazım idi. Amma Atabəy şam yeməyini elə burdakı restoranda - “Wine Garden”də yeyəcəyimizi bildirdi. Möhtəşəm istirahət məkanı idi: yeməklərinə söz yox. Üstəlik, oynaq özbək ərəb havalarının çalınması, rəqqasələrin ifasında canlı rəqslər... “Wine Garden” adətən ad günlərini, hər hansı təbriketmə mərasimlərini restoranlarda keçirməyə alışqan olan özbəklərin sevimli məkanlarından idi.

Yeri gəlmişkən, biz orada olanda yerli bələdçimiz Cahangirin atası orqda dost-tanışları ilə birlikdə doğum gününü qeyd edirdi

Otelə bir az tez qayıtmışdım deyə Fərqanə şəhərini al-əlvan işıqlara qərq olmuş küçələrində gəzişmək istədim. QaldığımZiyoratotel şəhərin tam mərkəzindəydi. Elə bir yerdə ki, şəhəri çalın-çarpaz kəsən dörd əsas küçə məhz bu otelin yanında kəsişirdi. Ümumiyyətlə, bu gün Fərqanə şəhərində 350 min, ətraf qəsəbələri ilə birlikdə isə yarım milyon insan yaşayır (Fərqanə vilayətinin əhalisi 3 milyon nəfərdən çoxdur). Özbəkistanın Daşkənddən sonra ikinci iri sənaye mərkəzi sayılır.

Axşamdan xeyli ötsə , ərzaq dükanları, hər cür restoran, bar-kafe açıq idi. Gündüzün istisindən təngə gələn gənclər ki, axşamın sərin havasında özlərini vermişdilər parklara. Ümumiyyətlə, bu nabələd şəhərin axşamındə tək olsam da, özümü olduqca sərbəst hiss edirdim. Həm insanlar mehriban, istiqanlı idi, həm təhlükəsizlik məsələsi yüz faiz həll olunmuşdu. Gecəni səhərədək küçələrdə gəz-dolaş, kimsə səni narahat etməyəcək bu gözəl Fərqanədə. Beləcə, bir-iki saat ayağımla gedə biləcəyim qədər şəhəri gəzib otelə qayıtdım. Axı səhər obaşdan qalxmalı, Özbəkistanın adlı-sanlı, turistlərin görmək üçün can atdığı Margilan şəhərinə gedəcəkdik

 

Vüsal Tağıbəyli,

 

Bakı-Daşkənd-Fərqanə-Bakı

 

Həftə içi.- 2018.- 28 avqust.- S.6.