İtaliya Senatında Azərbaycanın qadın

şairlərindən bəhs edən kitabın təqdimatı olub

 

İtaliya Senatının kitabxanasında “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycanın İtaliyadakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və İtaliyanın “Sandro Teti” nəşriyyat evinin birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə İtaliya parlamentinin deputatları, o cümlədən müxtəlif dövlət qurumlarının, elm, mədəniyyət dairələrinin üzvləri, KİV təmsilçiləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbiri açan İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rosanna Boldi ölkəmizin zəngin mədəniyyəti, o cümlədən ədəbiyyatı barədə danışaraq kitabın Azərbaycan qadın şairlərinin ədəbiyyata verdiyi töhfələri müşahidə etmək baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycana çoxsaylı səfərlərində ölkəmizdə qadınların cəmiyyətdəki önəmli rolunun şahidi olduğunu deyən italiyalı deputat təqdim edilən kitabı bunun bariz nümunəsi kimi dəyərləndirib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan mədəniyyətinin İtaliyada daha yaxından tanıdılmasına xidmət edən bu tədbirin İtaliya Senatının kitabxanasında təşkilinə görə Senatın rəhbərliyinə təşəkkürünü bildirib.

İki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyən diplomat bu il İtaliya Prezidenti Sercio Mattarellanın, Senatın sədri Maria Elsabetta Kasellatinin Azərbaycana, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın isə İtaliyaya rəsmi səfərlərinin yüksək səviyyəli siyasi dialoqun mövcudluğunun bariz nümunəsi olduğunu bildirib.

Bu kimi mədəni tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılması nöqteyi-nəzərdən əhəmiyyətini bildirən M.Əhmədzadə Azərbaycan qadınının milli ədəbiyyatımızın zənginləşdirilməsi ilə yanaşı, cəmiyyətimizin ictimai-siyasi, elmi-mədəni həyatında da fəal rol oynadığını vurğulayıb.

Diplomat Azərbaycan ədəbiyyatının bəşəriyyətin mədəni irsinə verdiyi töhfələrdən söz açaraq qadın ruhunun ədəbiyyatımızın zənginləşməsindəki rolundan danışıb, eləcə də təqdim olunan kitabdakı bir sıra qadın şairlərin cəmiyyətdəki mövqeyindən, o cümlədən Xurşudbanu Natəvanın Azərbaycanın tarixi torpağı olan Qarabağdakı ictimai fəaliyyətindən bəhs edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan ədəbiyyatının, incəsənətinin, maddi və mədəni irsinin zənginliyindən söhbət açıb. O, Azərbaycanda bu dəyərlərə böyük həssaslıqla yanaşıldığını və mədəniyyətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Rəhbərlik etdiyi fondun türk mədəniyyəti irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təşviq edilməsindən ibarət olduğunu bildirərək fondun gördüyü işlərdən danışıb.

“Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” şeirlər toplusunun əhəmiyyətindən bəhs edən G.Əfəndiyeva kitabın ərsəyə gəlməsi və hazırlanması barədə məlumat verib. Azərbaycanın zəngin ədəbi irsinə qadınların verdiyi töhfələr barədə danışan G.Əfəndiyeva qadın sairlərimizin bir çoxunun Azərbaycanın tarixi torpağı olan Qarabağda yaşayıb-yaratdığını söyləyib.

Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən dərc olunmuş Azərbaycan haqqında kitablar, o cümlədən azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilmiş əsərləri barədə danışıb. O, Azərbaycan, ümumilikdə, türk mədəniyyətinə rəğbət bəslədiyini və Azərbaycanla bağlı kitabların nəşrinin İtaliya ictimaiyyətində ölkəmizin mədəniyyətinin daha yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Təqdim olunan kitabın dərc edilməsində məqsədin italyan oxucusuna Azərbaycanın zəngin ədəbiyyatı və ədəbiyyata qadınların verdiyi önəmli töhfələr, eyni zamanda, qadınların Azərbaycan cəmiyyətindəki əhəmiyyətli rolunun olduğunu bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və “Sando Teti” nəşriyyat evinin birgə layihəsi olaraq İtaliyada çap olunmuş, tərtibatçıları Günay Əfəndiyeva və Şəhla Nağıyeva olan bu kitaba 1200-1991-ci illərdə yazıb-yaradan Azərbaycanın qadın şairlərinin şeirləri Azərbaycan və italyan dillərində daxil edilib.

Tədbirdə ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru isə Zəhra Quliyeva olan “Azərbaycan poeziyasında qadın ruhu” adlı sənədli film nümayiş olunub.

Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şeirlər bədii-musiqili kompozisiya formasında təqdim edilib. Təqdimat mərasimində Cəmilə Həşimovanın kitabda əks olunan illüstrasiyalarından ibarət sərgi də nümayiş olunub.

Tədbir iştirakçıların böyük marağına səbəb olub, kitab, eləcə də nümayiş olunan film, bədii-musiqili kompozisiya və sərgi ilə bağlı çoxsaylı müsbət rəylər səsləndirilib.

Qeyd edək ki, “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” adlı şeirlər toplusu İtaliyada son illərdə Azərbaycanla bağlı çap olunmuş bir sıra kitablarla birgə bu günlərdə Romanın “La Nuvola” mədəni mərkəzində keçirilən İtaliyanın ən böyük nəşriyyat sərgilərindən olanDaha çox kitab, daha çox azadıq" kitab yarmarkası çərçivəsində də təqdim olunub.

 

Həftə içi.- 2018.- 14 dekabr.- S.8.