Əkbər Bayramov: alim ömrü

kitabı işıq üzü gördü

 

İnsan dünyaya gəlir və bir ömür yaşayıb dünyadan köçür. Bəs hər bir insan öz ömrünü, öz dünyasını necə yaşayır, olumla-ölüm arasında hansı izləri qoyub gedir? İnsan var, bəşəri məhv edib dağıdır, insan da var, öz elmi biliyi ilə xalqına, bəşərə xidmət edir. Əkbər Salman oğlu Bayramov bir psixoloq-alim kimi təkcə öz xalqına, millətinə deyil, bütün bəşərə xidmət edib. Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Nigar Nəsirovanın “Əkbər Bayramov: alim ömrü” kitabı işıq üzü gördü.

Əkbər Bayramovun həyat və yaradıcılığından bəhs edəb bu kitab, onun yaxınları və dostları tərəfindən ərsəyə gətirilib. Kitabda mənalı, zəngin və keşməkeşli ömür yolu keçmiş Əkbər Bayramovun müxtəlif məqamları əks olunub.

Kitabda Əkbər Bayramovun yaradıcı portreti Azərbaycan alimləri, yazıçıları, tarixçiləri, jurnalistləri, həmkarları tərəfindən dilə gətirilməklə, bu yorulmaz insanın həyat və fəaliyyətinin müxtəlif tərəflərini çevrələyir, onun alim şəxsiyyəti haqqında adekvat təsəvvür yaradır.

«Əkbər Bayramov: əsl və nəsil» adlanan ilk bölməsi alimin doğulub boya-başa çatdığı Kolanı eli qədim-qayım Qarabağın ünlü ellərindən biri kimi təsvir olunmaqla, qədim tarixə malik olduğundan bəhs edilir. Kolanı eli, əsasən, Qarabağın kolanı mahalında məskunlaşmışdı. Kolanı mahalı xanlıq dövründə yaranıb.Tarixən Uşacıq kəndindən Tərtər çayı boyu, Göycə sərhədinə qədər uzanan ərazidə məskunlaşan kolanılılar zaman-zaman gah çuxur səd, gah da Oarabağ bəylərbəyliyinə bağlı olmuşlar. Pənahəli xan Sarıcalı-Cavanşir bu camaatı birdəfəlik Qarabağa aid etdi.

Əsərdə alimin doğulduğu Əlimədətli tayfası da geniş yer alıb. Bu tayfanın ulu babası Bayram ağa göstərilib. Bir sözlə, əsərdə «Bayramovlar” nəslinin şəcərəsi çox geniş şəkildə izah edilib. Bir sözlə, Əkbər müəllimin soy-kökü bu əsərdə geniş yer tutub.

Kitabda dünyaşöhrətli alim haqqında elm adamlarının və ziyalıların bir-birindən dəyərli fikirlərinə də geniş yer ayrılıb.

BDU-nun rektoru, AMEA-nın həqiqi üvü, Əməkdar elm xadimi Abel Məhərrəmov məqaləsində yazır: ”Professor Əkbər Bayramovun həyatında, yaradıcılığında, taleyində və psixoloji toponimikasında ən başlıca yeri Azərbaycan tuturdu. O, doğulduğu, boya-başa çatdığı torpağın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaratdığı əsərlərində sönməz sevgi ilə, yanarlıqla tərənnüm və təbliğ edirdi. Milli psixologiyamızın ayrı-ayrı səhifələrini araşdırıb təhlil etdikcə, yenidən özündə qüvvə tapır, cavanlaşırdı. Yeni ruhla və həvəslə bədii yaradıcılığını, elmi araşdırmalarını davam etdirirdi. Əkbər müəllim Allahın ona verdiyi ömür payını əsl kişilərə layiq yaşadı, özündən sonra şərəfli bir ad qoyub getdi.

Əkbər Bayramovun bir fikri heç yadımdan çıxmır: “Gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün müəllimlər hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar”. Onun özü bütün müsbət keyfiyyət tələblərinə cavab verirdi. Dərin təfəkkürə, elmi biliyə malik olan Əkbər Bayramov həm də həssas təbiətli, Vətənini ürəkdən sevən, torpağına bağlı bir insan kimi yaddaşlarda yaşayır”.

Kitabda tənqidçi, ədəbiyyatşünas-alim Qurban Bayramovun “Azərbaycan psixologiyasının korifey-fenomenal şəxsiyyəti... (xatirə öçerki) geniş yer almışdır.

Millət vəkili, yazıçı Aqil Abbasın müəllimi haqqındakı xatirə yazısı insanda daha çox xoş təəssürat yaradır. Olduqca sadə və təbiidir, ürəkdən gələn xatirələrdir. Məqalənin bir yerində deyilir: “Əkbər Bayramov! Azərbaycanda psixologiya elminin əsaslarını qoyan bir kişi, qeyri-adi bir müəllim. Eləcə də “91-lər”dən biri. “91-lər”, bilirsiniz də kimlərdi? Mənə dərs deyib. Və heçsevdiyi tələbə olmamışam. Hərçənd ki, mən də kolanılıydım, o da. Mən həmişə kolanılılarla fəxr etmişəm: Ziyəddin Göyüşovla, Rəşad Göyüşovla, Bayram Bayramovla, Əkbər Bayramovla, Bəxtiyar Əliyevlə, Rövşən müəllimlə (heyf ki, familiyasını unudmuşam); Həmidovlarla, Rəfiyevlərlə,Yusif və İlham İsmayılovlarla, təbii ki, daha çox babam Qaçaq Abbasla”.

AMEA-nın müxbir üzvü, millət vəkili, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyevin məqaləsində deyilir: “Əkbər müəllim milli təəssübkeşliyi ilə də seçilirdi. Onun sağlam ziyalı mövqeyi hər yerdə özünü göstərirdi. İşlərinin həddən artıq çox olmasına baxmayaraq, Yerevan Pedaqoji İnstitutunda yaradılmış Azərbaycan filologiyası bölməsinin fəaliyyətinə kömək məqsədilə 1965-1983-cü illərdə əvəzsiz professor kimi mühazirələr oxumuşdur. O istəyirdi ki, dədə-baba torpaqlarında yaşayan azərbaycanlılar yüksək təhsil alsinlar, inkişaf etsinlər, öz yurdlarını tərk etməsinlər, ermənilərin məkrli siyasətinin qurbanı olmasınlar. Hər şeyi öz rəngində görməyi bacaranbunu hamıya tövsiyə edən Əkbər Bayramovun bu xüsusiyyəti vətənpərvərliyindən və cəsarətindən irəli gəlirdi. Professor Ə. Bayramovun elmi yaradıcılığı çoxşaxəlidir. O, sözə sığmayacaq qədət üşgüzar idi. Alimin təfəkkürü müstəqillik və tənqidliyinin inkişaf xüsusiyyətləri ilə bağlı araşdırmaları psixologiya elminin inkişafında mühüm bir problemin - ağılın keyfiyyətləri probleminə şəxsiyyət yanaşması baxımından araşdıraraq” perseptiv inikasından tənqidi təfəkkürün müxtəlif səviyyələrinə keçidin qanunauyğunluqlarını müəyyən etmiş, müstəqil və tənqidi təfəkkürün funksiyalarını, strukturunu və mənşəyini təqdim etmiş,eyni zamanda, bunları şəxsiyyət keyfiyyətləri kimi nəzərdən keçirmişdir. Əlbəttə,onun elmə gətirdiyi bu yeniliklə tamamilə təzə bir elmi istiqamətin əsası qoyuldu. Bu, azərbaycanlı alimin psixologiya elminin inkişafına verdiyi ən böyük töhfədir.Təsadüfi deyil ki, psixologiya elminin tarixində təfəkkürün müstəqilliyinin şəxsiyyət keyfiyyəti kimi tədqiqi istiqaməti 1950-1960-cı illərdən amerikalı məşhur psixoloq Salomon Aşin və məşhur azərbaycanlı psixoloq Əkbər Bayramovun adları ilə bağlıdır”.

Kitabda p.e.d. professor Hikmət Əlizadə, Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, BDU-nun “Maddə quruluşu” kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Eldar Məsimovun böyük alim haqqında fikirləri maraqlıdır. Eləcə də BDU-nun dosenti, tarix üzrə f.d., respublikanın əməkdar müəllimi Bəhram Məmmədlinin “Əkbər Bayramov: etnik psixologiyanın babası” məqaləsi, BDU-nun dosenti, tarix üzrə f.d. Mahal Qacarlının “Mənim tanıdığım Əkbər Bayramov”, psixologiya üzrə f. d. dosent Lalə Cabbarovanın “İstedad və zəhmətin vəhdəti” başlıqlı yazılar diqqətçəkəndir.

Kitabda alimin dövlət təltifləri, həyat yolu ilə bağlı fotolar da öz əksini tapıb. Eləcə də kitabın IV bölməsində Əkbər Bayramov haqqında mətbuatda yazılanlar yer alıq.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2018.- 10 iyul.- S.8.