Cahangir Cahangirovun xatirəsi yad edilib

 

Azərbaycan Milli Konservatoriyasında görkəmli bəstəkar, Xalq Artisti Cahangir Cahangirovun xatirəsinə həsr edilmiş klassik musiqi gecəsi keçirilib. Konservatoriyadan hafta.az-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi qeyd edib ki, C.Cahangirov adı hər musiqiçi üçün çox əzizdir, onun musiqisi insanın qanına işləyən musiqidir. O, böyük bəstəkar Üzeyir Hacıbəylinin əsl davamçılarındandır dünya var olduqca Cahangirov musiqisi daim yaşayacaqdır.

Mərasimdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, İctimai Televiziyanın baş direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək bəstəkarın yaradıcılığından danışıb, onun xüsusilə Azərbaycan kinosuna bəxş etdiyi bənzərsiz əsərlərindən söhbət açıblar.

Tədbirdə tanınmış incəsənət xadimlərinin ifasında bəstəkarın repertuarından sevilən mahnılar və filmlər üçün yazdığı musiqilər səsləndirilib, həmçinin ekran əsərləri nümayiş olunub.

 

Həftə içi.-2018.-2mart.-S.8.