Azərbaycanda turizmin inkişafı ölkə

iqtisadiyyatı üçün mühüm müsbət təsirə malikdir

 

27 sentyabr Ümumdünya Turizm günüdür. Qeyd edək ki, 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Ümumdünya Turizm günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur.

Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda da turizm sektoru sürətlə inkişaf edir. Belə ki, son illərdə neft gəlirlərindən asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun rəqabət qabiliyyətli, iqtisadi səmərəli və innovasiya əsaslı prioritet sahələrindən olan turizm sənayesində məqsədyönlü şəkildə həyata keçirilmiş tədbirlər ölkəmizdə turizmin inkişafına şərait yaradır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri kimi ixtisaslaşmış turizm və əyləncə sahəsi müəyyən edilib.

Bundan başqa, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010–2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına töhfələr verməkdədir. Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır. Respublikada əldə olunan sosial-iqtisadi irəliləyiş isə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi kimi mühüm vəzifənin həllinə imkan verir.

Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələr, müasir otellərin sayı da getdikcə artır, ölkəyə gələn turistlər üçün yaradılan şəraitin səviyyəsi də ildən-ilə yüksəlir, turistlər üçün yeni imkanlar yaradılır. Bütün bu tədbirlər isə ölkəmizə gələn turistlərin sayına təsirsiz qalmır, bu say ildən-ilə artır. Məsələn, Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən, Azərbaycanda turizm sektoru ÜDM-in 2,8 faizini və məşğulluğun isə 2,6 faizini təmin edir.

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə ölkədə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb. 2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və “Ümumrespublika Daxili Turizm Sərgiləri”-nin keçirilməsi, həmçinin xaricdə təşkil olunan beynəlxalq turizm sərgilərində ölkəmizin təmsil olunması da turizmin inkişafına təkan verib. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq baxımından bu tədbirlər böyük əhəmiyyət daşıyır. Artıq bir sıra ölkələrin nüfuzlu televiziya kanalları da turizm imkanlarımızı əks etdirən filmlər və reklam çarxları nümayiş etdirilir.

Prezident İlham Əliyevin 2011-ci ili Azərbaycanda “Turizm ili” elan etməsi də dövlətimizin bu sahənin inkişafına qayğısının daha bir təzahürü oldu. “Turizm ili”ndə həm Bakıda, həm də bölgələrdə yeni müasir otellər istismara verilib.

Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, eləcə də bu sahədə koordinasiyanın gücləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən 2016-cı ilin sentyabrında “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalanıb. Sərəncamda turizmin inkişafı ilə bağlı Azərbaycan Respublikası Turizm Şurasının yaradılması, ticarət festivalının keçirilməsi, əlverişli yeni beynəlxalq uçuşların təşkili ilə bağlı tədbirlərin görülməsi, çimərlik turizminin inkişafı, vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi, turizm nümayəndəliklərinin yaradılması, sərhəd-buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni vurğulamaq olar. Strateji Yol Xəritəsi özündə 2020-ci ilədək iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir. Nəzərdə tutulmuş müddətlər ərzində Strateji Yol Xəritəsi turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi, eləcə də Azərbaycanın turizm brendinin yaradılması kimi tədbirləri özündə ehtiva edir.

Təbii ki, turizm işçilərinin peşə bayramının təsis edilməsi bu sahədə həyata keçiriləcək kompleks tədbirlərin bir hissəsi kimi qiymətləndirmək olar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin digər bir Sərəncamına əsasən hər il sentyabr ayının 27-si ölkəmizdə “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd olunur.

Mövzu ilə bağlı fikirlərini bildirən turizm sahəsi üzrə elspert Müzəffər Ağakərimov deyib ki, Azərbaycanda turizmin inkişafı ölkə iqtisadiyyatı üçün mühüm müsbət təsirə malikdir: “Turizmin inkişafı ilə qeyri-neft sektorunun inkişafı da sürətlə artır. Prosesin inkişafı həmçinin yeni-yeni iş yerlərinin açılması, gənc kadrların işlə təmin olunması, insanların rifah halının daha da yaxşılaşması deməkdir. Turizm və Menecmentlik Universiteti, digər ali təhsil ocaqlarındakı turizm kafedraları və turizm kolleclərini bitirən mütəxəssislər hesabına kadr istiqamətində keyfiyyət göstəricilərinin də artacağı gözlənilir. Eyni zamanda, turizm üzrə strateji yol xəritəsində göstərildiyi kimi, 2020-2025-ci illər üçün Azərbaycan turizm sahəsində yüksək səviyyəyə çatmalıdır. Həmin dövr üçün Azərbaycan turizmin inkişafı baxımından dünyanın 20 aparıcı ölkəsi sırasına daxil olmalıdır. Təbii ki, əldə edilən nəticələrlə kifayətlənmirik. 2020-ci il üçün 4,5 milyondan artıq turist qəbul etməliyik. Bu istiqamətdə lazım olan bütün işlər görülür və gözəl infrastruktur yaradılır. Hesab edirəm ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün kifayət qədər potensialımız mövcuddur və yaxın illərdə Azərbaycan turizmin inkişafı baxımından dünyanın 20 aparıcı ölkəsi sırasına daxil olmalıdır”.

Mövzu ilə bağlı fikirlərini bildirən iqtisadçı-ekspert Fikrət Yusifov da bildirib ki, Azərbaycan dünyanın turizmin inkişafı üçün çox əlverişli təbii şəraiti olan ölkələrindən biridir: “Bu səbəbdən bizdə turizmin inkişaf perspektivləri bütün səviyyələrdə kifayət qədər yüksək qiymətləndirilir. Ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq yolunda hökumətin götürdüyü kursa uyğun olaraq, qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi, turizmə dövlət səviyyəsində diqqət getdikcə artırılır. İndi qarşıya bu sahəni real sektorun ən aparıcı istiqamətlərindən birinə çevirmək vəzifələri qoyulur. Turizm sahəsində hazırda biz haradayıq və hara gedirik? Bu gün dünya üzrə Ümumi Daxili Məhsulun strukturunda turizmin payı 10 faiz səviyyəsindədir. Azərbaycanda isə bu rəqəm ümumdünya göstəricisindən 5 dəfəyə qədər aşağıdır. Gürcüstanın ÜDM-da turizmin payı cari ilin birinci rübündə 7 faizə yaxın olub və bu rəqəm artmaqda davam edir. ÜDM-da turizmin payının bu günə olan səviyyəsinin artma şansları bizdə Gürcüstandakından və turizmin yaxşı inkişaf etdiyi digər ölkələrdəkindən heç də az deyil.

Prezident İlham Əliyev ayrı-ayrı tədbirlərdəki çıxışlarında ölkədə turizmin inkişafını prioritet sahələrdən biri hesab etdiyini və bu sahənin inkişafına böyük önəm verdiyini bir neçə dəfə xüsusi olaraq vurğulayıb. Bu gün Azərbaycana gələn turistlərin sayı sürətlə artır. Biz bu artım templərinə görə indi nəinki regionda, hətta bütün dünyada liderlik mövqeyinə çıxa bilmişik. Bu çox yaxşı haldır. Lakin unutmayaq ki, Azərbaycana turist axınının bu şəkildə baş verməsində bir tək turizm sektorunun inkişaf baxımından cəlbediciliyi dayanmır. Burada regionda baş verən hadisələr fonunda bir sıra əsas turizm ölkələrində yaranmış qeyri- sabit və təhlükəli vəziyyətin də rolu az deyil. İnsanlar seçim edərkən ilk növbədə təhlükəsiz şəraitdə istirahət etməyə üstünlük verirlər. Bundan sonra isə artıq digər göstəricilər göz önünə gəlir. Təhlükəsizlik məsələlərinin normal səviyyədə təmin edilə bilindiyi bir şəraitdə isə turizmlə məşğul olan ölkələrdə qazanılan uğurların kökündə düzgün qiymət siyasəti və xidmətin keyfiyyəti dayanır. Bu səbəbdən də bizim turizm sektoru bu iki məsələni öz fəaliyyətinin əsasına qoymağı bacarmalıdır”.

 

Sevinc

 

Həftə içi.- 2018.- 28 sentyabr.- S.7.