Milli Konservatoriyada türk aşıq musiqiləri səsləndirilib

 

Azərbaycan Milli Konservatoriyasında (AMK) “Anadolu türk xalq musiqisi bağlamaadlı konsert proqramı təşkil olunub.

AMK-dan AZƏRTAC-a bildirilib ki, konsert çərçivəsində türkiyəli musiqiçi, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, professor Əli Dağıstanlının ifaları dinlənilib.

Konsertdən əvvəl çıxış edən AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova qeyd edib ki, Ə.Dağıstanlı konservatoriyanın dəvəti ilə Bakıya gəlib artıq üç aydır ki, öz sənətinin sirlərini azərbaycanlı həmkarları ilə bölüşür.

Vurğulanıb ki, bağlama (türk sazı) türk dünyasının ən ulu alətlərindən biridir. Bu, əcdadlarımızın eyni kökə malik olmasını sübut edən musiqi alətidir. Türk musiqisinin yolu bağlamadan başlayıb: “Azərbaycanda da saz ifaçıları xalqın inandığı sənətkarlar olub. Onlar insanları ən müqəddəs duyğularla yaşamağa sövq ediblər. Çox xoşdur ki, professor Əli Dağıstanlı bizim təklifi qəbul edib Azərbaycana gəldi və öz biliklərini bizimlə bölüşərək, mükəmməl ifaçılığını təqdim etdi. Bizim bu sahədə qarşılıqlı şəkildə bölüşə biləcəyimiz bilgilər çoxdur. Baxmayaraq ki, Azərbaycanda aşıq sənəti çox geniş yayılıb, lakin onun kökləri, daşıdığı missiya haqqında hələ yetərincə araşdırmalar aparılmayıb. Bu sənətin xalqın təsəvvürü və mifik yaddaşında rolu barədə yeni araşdırmalar ortaya çıxır. Bu baxımdan Əli bəyin də bizə təqdim etdiyi maraqlı məlumatlar, habelə bağlama ifaçılığının müxtəlif cəhətləri haqqında bilgilər dəyərlidir”.

Prorektor əlavə edib ki, AMK-da aşıq sənəti ixtisasını inkişaf etdirmək və bu sənətin ən yüksək tədrisini təşkil etmək niyyətindəyik.

Sonra Ə.Dağıstanlı çıxış edərək deyib ki, bağlama bizlər üçün zaman-zaman ağladığımız, sevindiyimiz, sevdalandığımız alətdir. Anadoluda türk toplumunun bir qismi bağlama ilə ibadət edər: “Dədə Qorqud qopuzu ilə yola çıxan və günümüzə bağlama ilə davam edən sənət təkcə instrumental ifa deyil, həm də bir mədəni irsdir. Bu gün sizlərə bu ulu sənətin unudulmaz musiqilərindən ibarət kiçik bir proqram təqdim edəcəyəm”.

ProqramdaTehvid”, “Yar Əli”, “Qars oyun havası”, “Getmə, durnam”, “Bozlak” havaları ilə yanaşı, Orta Anadolu, Burdur, Ege, Çukurova, Aralıq dənizi - Toros bölgələrinin aşıq musiqisi səsləndirilib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın da iştirak etdiyi konsert böyük maraqla qarşılanıb.

 

Həftə içi.- 2018.- 27-29 yanvar.- S.8.