Azərbaycan Bayrağına bürünən ev

 

"Ötən il Azərbaycan Cümhuriyyətinin 100 ili tamam oldu. Mən də ev tikdirirdim. Düşündüm ki, evimin damını Azərbaycan Bayrağı formasında düzəltdirim. Elə də oldu. Bayrağımızın rənginin kodlarını əldə etdikdən sonra dam örtüklərini sifariş verdim. İndi Lökbatan qəsəbəsində hər kəs evimi tanıyır. “Bayraqlı ev” deyirlər".

Söhbətimiz gənc yazar, prezident təqaüdçüsü Sərvər Kamranlıdır. O, bu dəfə hafta.az-ın obyektivinə şeirləri ilə deyil, tikdirdiyi evlə gəlib. Qaradağ rayonu Lökbatan qəsəbəsində ikinci massivdəki ev görənlərin marağına səbəb olur. Səbəb isə ikimərtəbəli evin dam örtüklərinin Azərbaycan Bayrağının rənglərinə bürünməsidir. Ortasındakı parlaq ay-ulduzu da öz yerində.

 

“Cümhuriyyətimizin 100 illiyinə töhvə...”

 

Ev sahibi Sərvər bəy deyir ki, əslində bu ideya onun ağlında çoxdan var imiş. Yəni, yeniyetmə yaşlarından. Lökbatan qəsəbəsində ev tikdirdiyi vaxtın Xalq Cümhuriyyətinin 100-cü ildönümünə tən gəlməsi isə onun bu fikrini daha da qətiləşdirib: “Düşünürdüm ki, nə vaxtsa evim olsa, bayrağımızı orda əks etdirəcəyəm. Dam örtüyünü üçrəngli ay-ulduzlu edə bilməsəm də heç olmasa, divarını boyatdıraram. Vaxt gəldi ev tikmək qərarına. Fikrimi atamgilə dedim, onlar da çox bəyəndi. Bu ev cümhuriyyətimizin 100 illiyinə bir töhvədir".

 

“Aypara və ulduz çox çətinliklə başa gəldi...”

 

Gənc yazar ailəsinin də onu dəstəkləməsindən ruhlanaraq rəssamlıq qabiliyyətini işə salıb. Əvvəlcə evin layihəsini çəkib. Sonra dam örtükləri üçün rəng kodlarını müəyyənləşdirib və “şifer”ləri sifariş verib: “Bayrağımızın rənglərinə uyğun dam örtükləri tapmaq bir az çətin olsa da, tapa bildim. Ondan da çətini aypara və 8 guşəli ulduzu hazırlatmaq oldu. Xüsusi lövhədə hazırlatmaq qərarına gəldim. Çünki yağış yağanda rəngləri çürüməsin, solmasın deyə xüsusi materialdan 8 guşəli ulduz və aypara kəsdirdim. Yəni, dörd aypara və 4 ədəd 8 guşəli ulduz. Birinci sifariş verdiyim usta aypara və 8 guşəli ulduzu - hər ikisi eyni ölçüdə hazırladığı üçün geri qaytardım. Əslində ulduz ayparadan kiçik olmalı idi. Çox çətinliklə başqa usta tapdım, özümün nəzarətimlə ustaya düzgün kəsdirə bildim. İndi hansı tərəfdən baxırsan bax, evimin “papağı” Azərbaycan Bayrağıdır. Bunun üçün çox qürurluyam. Düşünürəm ki, Azərbaycan Bayrağı hər zaman ucada olmalıdır”.

 

“Balaca uşaqlar bu evə “Azərbaycan” adı verib...”

 

Sərvər bəy deyir ki, bayrağa olan sevgisinin yaşı bəlkə də ondan böyükdür. Şairin obrazlı ifadə ilə şəkilləndirdiyi bu cümlənin pərdə arxasını danışır: "Uşaq idim, hələ birinci sinifə getmirdim. Qardaşım əsgərlikdən məzuniyyətə gəlmişdi. Əsgər paltarının sol qolundakı balaca üçrəngli bayrağı hələ də xatırlayıram. O gözəlliyi ilk dəfə o zaman çox sevmişdim".

Müsahibim "Bayrağımı sevən ölkələrə, insanlara hörmətim sonsuzdur. Mən küləyi də bayrağıma görə çox sevirəm"- deyir. Hətta sonuncu cümlənin onun vaxtilə yazdığı şeirdən bir misra olduğunu dilə gətirir. İndi Lökbatan qəsəbəsində hər kəsin barmaqla göstərdiyi “Bayraqlı ev”in sahibi bu yaxınlarda rastlaşdığı bir hadisəni də bizimlə bölüşür:

-Bir neçə ayın söhbətidir. Evin içində iş görürdüm. Evdə usta var idi. Başlarının üstündə dururdum. Nəzarət edirdim. Birdən gözüm pəncərədən bayıra sataşdı. 4-5 balaca uşaq boy cərgəsi ilə düzülüb, əsgəri salamla evə baxaraq adımlayırdılar. Ya bağçaya, ya da məktəbə gedirdilər. Azyaşlı idilər. İndi onlar hər səhər buradan keçəndə əsgəri salam verib keçirlər. Bu da məni çox fərəhləndirir, qürurlandırır".

Həmsöhbətim deyir ki, məhlədəki uşaqların bəziləri o evə “Azərbaycan” adı verib: “Bəzilərini də görmüşəm ki, sayğı duruşunda evə baxıb Azərbaycanımızın gözəl himnini oxuyurlar. Evimin tikintisinin Cümhuriyyətimizin 100 illiyinə təəsadüf etdiyi üçün bir başqa sevincliyəm”.

...Şairdən evinin dam örtüyünün üçrəngli Bayrağımıza boyamasının neçəyə başa gəldiyini soruşuruq. Cavabdan yayınır. Bunun onun vətəndaşlıq borcu olduğunu dilə gətirir. Həmsöhbətim bu ilin mayın 28-də - yəni Respublika Günü qonşuluqdakı balaca uşaqların "Azərbaycan" adlandırdığı evə köçəcəyini vurğulayır.

 

“Evin içində iki ölkənin bayrağı həkk olunacaq...”

 

Evin həyətində söhbətimizi tamamlayıb içərisinə keçirik. Ustalar işləyir. İşıq çəkilir, divar içi istilik sistemi quraşdırılır. Başımızı qaldırıb yuxarı baxanda görürük ki, evin giriş hissəsinin yuxarı tavanında da Azərbaycan Bayrağı həkk edilib. Sərvər bəy deyir ki, iş bununla da bitmir. Binanın girişində Azərbaycanın Dövlət Gerbi və tarixi Azərbaycan torpaqlarıhəkk edilmiş xəritəsi bəzəyəcək. Ev sahibinin sadaladıqları işlər isə 28 may tarixinə qədər hazır olacaq. Sərvər bəy belə deyir.

Öyrənirik ki, Sərvər Kamranlı özbək əslli bir xanımla ailə həyatı qurub. Oğuz adında bir oğlu var. Ev sahibi özbəklərlə soykökümüzün eyni yerdən gəldiyini, evin içərisində Azərbaycan Bayrağı ilə yanaşı Özbəkistan Bayrağının da divara əks olunacağını vurğulayır: “Divarda Özbəkistan bayrağı da olacaq. Üstəlik, qonaq otağımız həm də kitabxana formasında dizayn edilib. Hörgü elə aparılıb ki, divarın içinə kitab rəfləri yerləşdiriləcək. Hətta suvaqaltı işıq sistemi də çəkmişik ki, işıqlı olsun. Bundan başqa qonaq otağının divarlarında klassik ədəbiyyat nümayəndələrimizin şəkillərini vuracağıq. Bir sözlə, tam istədiyim şəkildə bir evdə yaşamaq üçün arzularımı inşallah, reallaşdırmaq fikrindəyəm...”

Sərvər bəylə sağollaşırıq. Sağollaşarkən bir neçə aydan sonra hazır olması planlaşdırılan yaradıcılıq otağını da göstərir. Aşağı düşürük. Xəfif külək əsir. Birdən arxadan səs gəlir:

-Əsl bayraq küləyidir. Mən küləyi də bayrağıma görə sevirəm...

 

Tural Turan

 

Həftə içi.- 2019.- 9 aprel.- S.4.