Mir Cəlal Paşayevin

zəngin yaradıcılıq yolu

 

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mir Cəlal Paşayev Azərbaycan ədəbi fikrinin, ədəbiyyatşünaslıq elminin görkəmli siması, bədii əsərləri ilə şöhrət qazanan ölməz ədibdir. Mir Cəlal Paşayev çoxşaxəli fəaliyyəti ilə Azərbaycan ədəbiyyatına, elminə, incəsənətinə böyük töhfələr vermişdir. Ədibin bir şəxsiyyət kimi formalaşması gərgin və məsuliyyətli əməyin, yüksək təhsilin nəticəsidir. Böyük ədib dövrünün böyük alimi və pedaqoqu olmaqla ədəbi-nəzəri, elmi dünyagörüşün formalaşması işində təkcə XX əsrə sığışmayan böyük işlər görmüşdür.

Dahi alimin “Ədəbiyyatşünaslığın əsasları”, “XX əsr Azərbaycan ədəbiyyatı” dərslikləri, “Klassiklər və müasirlər”, “Füzuli sənətkarlığı” və digər elmi əsərləri ədəbiyyatşünaslıq üçün qiymətli töhfələrdir. Həmin əsərlər öz elmi dəyərinə, mahiyyətinə görə nadir nümunələrdir. Bu kitabları oxuduqca bəhs olunan hər bir mövzu aydın elmi mühakimələrlə göz önündə canlanır. Klassik əsərlərdə incə lirizmi, dərin fəlsəfi mühakimələri, hər bir sənətkarın nə demək istədiyini böyük alimin izahında oxucu açıq-aydın dərk edir.

Çünki Mir Cəlalın elmi dili, dərin elmi təfəkkür və ana dilinin incəliklərindən, qüdrətindən qaynaqlanır. Füzuli poetikasını, eləcə də digər klassik sənətkarların yaradıcılığını öyrənmək üçün məhz Mir Cəlal elmi mühakimələri əsl məktəbdir.

Ədibin pedaqoji fəaliyyəti də xalqımız üçün əsl örnəkdir. Müəllim, orta məktəb direktoru, ali məktəb müəllimi... – bütün bunlar ayrıca ideal pedaqoji fəaliyyət göstəricisidir. O, tələbələrinin nəzərində böyük müəllim, alim olmaqla yanaşı, həm də humanist bir insandır.

Mir Cəlal yarım əsrdən çox bir dövrdə bədii yaradıcılıqla məşğul olmuşdur. İlk öncə şeirlər yazsa da, nəsr sahəsində məşhurlaşmışdır. Ədəbiyyatımız onun yaratdığı nəsr əsərləri ilə bir daha zənginləşmişdir.

Ədibin bir-birindən maraqlı hekayələri, roman və povestləri bədii ədəbiyyatımızda özünəməxsus yer tutur. Onun romanlarında leytmotiv –ana xətt başdan –başa vətənpərvərlik, humanizm və s. müsbət ideyalar üzərində qurulub. “Dirilən adam”, “Dağlar dilə gəldi”, “Bir gəncin manifesti”, “Yaşıdlar” və s. kimi əsərlər oxucunun gözü qarşısında real həyat hadisələrini əks etdirməklə bərabər, onu humanist düşüncələrə, hislərə kökləyir.

Ədibin hekayələri mövzu əlvanlığı, dil və üslub xüsusiyyətlərinə görə seçilir. Müxtəlif həyat hadisələrini əks etdirmək baxımından həmin hekayələrdə məzmun rəngarəngliyi olsa da, ideyalar bir məqsədə xidmət edir. İnsan şəxsiyyətinin müsbət mənada hərtərəfli fomalaşması, mənfiliklərə qarşı mübarizə bu əsərlərin əsas qayəsidir. Yazıçının əsərlərində ana dili, milli kolorit, müasirliklə yanaşı, ənənələrə bağlılıq da böyük məna, əhəmiyyət kəsb edir. “Ləyaqət”, “Söyüd kölgəsi”, “Şəfəqdən qalxanlar”, “İki rəsman”, “Gül bəsləyən qız”, “Ərik ağacı”, “Badam ağacları” və s. hekayələr müasir oxucu üçün əsl həyat, tərbiyə məktəbidir.

Mir Cəlal Paşayevin yaradıcılığı öz bədii-publisistik və elmi mahiyyəti ilə XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümunələrindəndir. Ədibin çoxcəhətli fəaliyyəti hər hansı sahədə bir məktəbdir. Böyük ədəbiyyatşünas alimin istər pedaqoji fəaliyyəti, istərsə də bədii yaradıcılığı, elmi və publisistik dünyagörüşü əsl nümunədir. Ədəbi irsin tədqiq edilməsi sahəsində Mir Cəlalın yaradıcılığı digər tədqiqatçıların da elmi yaradıcılıq yolunu işıqlandırır. Onun "Ədəbiyyat nəzəriyyəsi ", "Füzuli sənətkarlığı ", "Klassiklər və müasirlər" kitabı bu gün də istər tələbələrin, istər müəllimlərin, eləcə də bütün ictimaiyyətin bəhrələndiyi diqqətəlayiq mənbədir.

Mir Cəlalın ədəbiyyat və ədəbiyyatşünaslıq haqqında dediyi kəlamlar öz aforizm mahiyyəti ilə ədəbi ictimaiyyətdə formalaşıb. " Biz hamımız Cəlil Məmmədquluzadənin "Poçt qutusu"ndan çıxmışıq", – deyən ədib klassik ədəbiyyata böyük qiymət verirdi. Xüsusən, "Molla Nəsrəddin"çiləri yüksək dəyətləndirərək, həməsrlərini klassik ədəbiyyatdan öyrənməyə çağırırdı.

Mir Cəlalın bədii yaradıcılığı daim oxucuların diqqət mərkəzində olmuşdur. "Açıq kitab", "Dirilən adam","Bir gəncin manifesti" romanları, müxtəlif həyat hadisələrini əks etdirən hekayələri təsvir edilən mövzu və ideya baxımından bütün dövrlər üçün əhəmiyyətlidir. Ədibin əsərlərində maarifçilik, cəmiyyətin qüsurlarına qarşı mübarizə ideyası daim ön plandadır. Ədibin yaradıcılığında mütərəqqi ideyalar həyat hadisələrinin real təsviri fonunda daim diqqət mərkəzində olub. Cəmiyyətdə gedən ictimai mübarizələrin, müxtəlif insan xarakterlərinin real şəkildə canlandırılması, humanist mahiyyət oxucunu düşündürərək , mükəmməl nəticə çıxarmağa sövq edir.

"Dirilən adam" əsərində obrazların həyatı, mənfi tiplərin çirkin siması və eləcə də müsbət obrazların mübarizə yolu həyati detallarla, inandırıcı boyalarla verilmişdir.

Ədibin hekayələrinin hər biri bir tərbiyə məktəbidir. Müasir gəncliyimiz, məktəblilərimiz bu əsərləri oxuduqca bədii zövq almaqla yanaşı, yaxşını, pisi dərk edir. Oxucu Mir Cəlal yaradıcılığından həyatın özünü dərk etməyi öyrənir, düzgün, doğru yolu müəyyənləşdirir. "Yolumuz hayanadır" əsəri həm bədii, həm də ictimai maraq doğurması baxımından əhəmiyyətlidir.

Ədibin "Bir gəncin manifesti " əsəri ifadə etdiyi ideya və məzmun etibarilə ən dəyərli əsərlərindəndir. Romanda təsvir edilən həyat hadisələri, müxtəlif insan xarakterlərinin canlandırılması son dərəcə dolğun ştrixlərlə təsvir edilib. Əsər doğma dilimizin gözəlliyini əks etdirən əsl sənət nümunəsidir. Buradakı təbiət təsvirləri, insan həyatının, insan xarakterlərinin təsviri böyük ictimai məna kəsb edərək dövrün ümumi mənzərəsini oxucunun gözü önündə canlandırır. Oxucu müəllifin bələdçiliyi ilə sanki hadisələrin içindədir; cərəyan edən hadisələr sanki oxucunun gözü qarşısında baş verir.

Burada bir ailənin simasında bütöv dövrün mənzərəsi canlandırılmışdır. Sona, Mərdan, Bahar obrazları bir ailənin üç müxtəlif dünyasıdır. Müəllif Baharın simasında o dövrün ictimai xüsusiyyətlərinin, mənfi xislətli insanlarının qurbanına çevrilən bir yeniyetmənin faciəsini canlandırmışdır. Baharın arzularla dolu uşaqlıq dünyası, qayğısız həyat eşqi ilə çırpınan ürəyi mühitin məngənəsində əzilir. Təmizliyin, paklığın mücəssəməsi olan Bahar ana qucağından birdən-birə həyatın girdabına atılır, özünün istəmədiyi bir dünyaya düşür. Qayğısız günlər sona çatır. Ana, qardaş nəvazişi ilə əzizlənən Baharı mühitin acı küləkləri bir top kimi oynadır, burulğanlara atır. Bir-birindən xəbərsiz üç insan xarakteri- bir ailənin üç üzvünün hər biri çətinlikdədir. Onların hər biri bu çətinliyə sinə gərsə də məsum , körpə Bahar bu mübarizədə acizdir.

Mərdan mübariz gəncliyin nümunəsi kimi verilən bir obrazdır. O, mübarizələrdə bərkiyə-bərkiyə öz həyat yolunu seçir, möhkəmlənir, püxtələşir, doğma Azərbaycanın qurucularından olur. Lakin nə qədər mükəmməl həyat yolu seçsə də , Mərdanın bir nisgili var: Bahar. Bahar Mərdan üçün təkcə kiçik qardaş deyil, sanki övladdır, tipik Azərbaycan yeniyetməsidir. Baharın faciəsi bir ailənin deyil, bütöv xalqın faciəsidir. Nə yaxşı ki, əsərin sonunda müəllif nikbin notlarla hadisələri yekunlaşdırır. Məktəbə gələn xoşbəxt uşaqların , müəllimlərin hər gün Baharın rəsminə baxaraq sinif otaqlarına gəlişi keçmişi unutmamağa tövsiyədir. Rəssam təxəyyülünün əksi olan bu rəsm Mərdanın nəzərində həm doğma qardaşının xatirəsi, həm də " bu günkü" uşaqlıq dünyası idi. Sanki Bahar da bu xoşbəxt uşaqların içərisində idi.

Sona isə əsərdə Azərbaycan qadınının ideal obrazıdır. Sona bir ana kimi, sadə bir qadın kimi o qədər həyati canlandırılıb ki, oxucu bu cür xarakteri yalnız Azərbaycan qadınında görə bilər. Bütün qayğıkeşliyi, təmkinliliyi, bacarığı, səliqə-sahmanı ilə təsvir edilən Sona öz məğrurluğu ilə də oxucunun gözündə böyüyür, ucalır, oxucunun müsbət qəhrəmanına çevrilir. Öz barmaqları ilə toxuduğu “Yusif və Züleyxa” xalçasını ehtiyac üzündən satmağa məcbur olan Sona xalçanı ingilisə satmır. Övlad məhəbbəti onun üçün hər şeydən önəmli olsa da, bu xalçanı hər hansı bir qiymətə satmağa razı olsa belə, biləndə ki, xalçanı onun ölkəsinə, bu ölkənin hər bir gözəlliyinə, sərvətinə göz dikən ingilis alır, Sona qətiyyətlə bu fikirdən daşınır. Məğrur ana “İtə ataram, yada satmaram”, – deyərək buradan uzaqlaşır. Milli qürur, Vətən istəyi övlad məhəbbətini beləcə üstələyir.

Əsər həyatı əks etdirmək baxımından ən qiymətli ədəbi nümunələrdən biridir. Bu əsərdə XX əsrin əvvəllərində baş verən həyati hadisələr işıqlandırılıb. Əsərdə bir ailənin həyat tarixçəsi timsalında xalqın faciəsi təsvir edilmişdir. Sənətkar xalqın əzablarla dolu keşməkeşli yollarını, ağrı acılarını əks etdirsə də, qəhrəmanını – Mərdan və Sonanı hadisələrdən məğrur, qalib çıxarır. Sonda haqqın qalibiyyətini göstərir. Əslində, bütün bu təsvirlər xalqın qələbəyə, ağ günlərə qədər olan əzablı həyatıdır. Əsərdə nəsr nümunəsi olmasına baxmayaraq dərin lirizm, bədii təsvir vasitələri nümunələri işlənmişdir. Müasirlərinin dediyi kimi ədib nə yazirsa, yazsın, həyati, xalq dilinə canlı danışıq üslubuna, milli koloritə uyğun yazırdı.

“Bir gəncin manifesti” əsərində obrazların real, həyati təsviri həmin dövrün hadisələrini göz önündə canlandırır. Oxucu sanki qəhrəmanların yanındadır. Onlarla birgə hadisələrin acısını duyur. Müəllifin hər parçada verdiyi epiqraflar hadisələrin məzmunundan əvvəlcədən xəbər verir, oxucuda dövrün ictimai hadisələrinə maraq oyadır. L. Tolstoydan, M.Ə.Sabirdən, atalar sözlərindən ibarət epiqraflar mövzunun açılmasına yardımçı olur. Müəllif burada bədii təsvir vasitələrindən – təşbeh, metafora, metonimiya və sineqdoxalardan geniş istifadə edib. Hər bir obrazın xarekterinə uyğun məcazlar işlədərək obrazın daxili aləmini açan müəllif müsbət və mənfi xarakterləri məhz bu cür vasitələrlə oxucuya tanıdır. Xalq dilindən qaynaqlanan Mir Cəlal yaradıcılığı bütün incəlikləri ilə milli koloritə bağlıdır. Obrazın zahiri görkəmi, dili və əməli ilə açılan daxili aləmi, hətta geyim – kecimi belə milli köklərə söykənir. “Zəhri yarılmaq”, “Gül üstündə”, “cüt”, “zəmi” və s. kimi canlı danışıq ifadələri əsərin xalq ruhundan xəbər verir. Romanda işlənən bədii təsvir vasitələri ifadələrin və hadisələrin təsir gücünü artırır. “ ..... əhali karvanının üzü payız havası kimi tutqun idi” , “qəzəbli baxışlar”, “ilan kimi uzun və qara bir şeyi ağzına tutub”, “əsim -əsim əsirdi. Dişi – dişini kəsirdi”, “getmək həsrəti şirin bir xəyal kimi uşağın zehnində dönüb dolaşır..” , “ pişik kimi səssizcə səkiyə çıxdı”, “ ilan kimi soyuq və müdhiş vahimə” “ürəyi bala quş kimi döyündü” və s. ifadələrdə bədii təkrarlar, təşbeh və istiarələr əsəri daha da təsirli edir. Müəllif mənfi tiplərin “quduz”, “canavar” simasını nə qədər nifrətlə bütün eybəcərliyi ilə təsvir edirsə, Sona, Mərdan, Bahar obrazlarını böyük şəfqət və məhəbbətlə yaradır. Sona Azərbaycan qadınlarının nümayəndəsi simasında, sanki vətəni təmsil edir. Bütün ağrı-acılarına baxmayaraq, bu məğrur qadının milli qürur hissi hər şeydən üstündür. Mərdan isə yetişməkdə olan gəncliyin gücünü, xalqın əyilməzliyini əks edir. Bahar isə hadisələrin, ictimai mühitin qurbanına çevrilən bu obraz oxucunun gözü önündən getmir. Məşəqqətlərə dözən, ürəyi qardaşına, xoş gələcəyinə qovuşmaq eşqilə döyünən Bahar günahsız qurbanların tipik nümunəsidir. Ölməz ədibin yaratdığı obrazlar, ictimai mənzərələr oxucunun yaddaşında silinməz iz qoyur.

...Mir Cəlal Paşayev pedaqoji fəaliyyətində olduğu kimi, əsərlərində də şəxsiyyətin formalaşması məsələlərinə, müsbət qəhrəman probleminə xüsusi diqqət verirdi.

Tanınmış pedaqoq və elm xadimi olan ədib klassik və müasir ədəbiyyata dair elmi əsərləri, kitabları ilə ədəbi nəslin yetişməsində öz pedoqoji fəaliyyəti ilə yüksək ixtisaslı kadrların formalaşmasında böyük rol oynayıb. Onun ədəbiyyatımıza işıq salan “Klassiklər və müasirlər”, “Füzuli sənətkarlığı”, “Azərbaycanda ədəbi məktəblər”, “Ədəbiyyatşünaslığın əsasları” dərslikləri əvəzolunmaz zəngin materiallardır.

Mir Cəlalın çoxtərəfli yaradıcılıq fəaliyyətinin hər bir sahəsi xalqımızın həyat həqiqətlərinin inikasıdır. Onun istər mənalı ömür yolu, istərsə də bədii əsərlərində qoyduğu ideyalar xalqının həyat amalı, devizidir.

Mir Cəlalın ədəbi irsi hərtərəfli öyrənilib tədqiq edilsə də, bu gün gənclərin və yeniyetmələrin mükəmməl formalaşması üçün orta məktəb dərsliklərində ədibin əsərlərinə müraciət daha da genişləndirilməlidir. Müasir məktəbli məhz həmin əsərlərin ideya -bədii xüsusiyyətlərindən bəhrələnərək qabaqcıl bacarıqlara humanist dünyagörüşə yiyələnər. Odur ki, dərsliklərimizdə ədibin hekayələrindən nümunələr verilsə pedaqoji səmərəlilik daha məqsədyönlü təmin olunar.

 

Azadə Quliyeva,

33 saylı Ağdam köçkün tam orta məktəbin

Azərbaycan dili və Ədəbiyyat nüəllimi

 

Həftə içi.- 2019.- 27-29 aprel.- S.7.