Yubileyin mübarək, böyük insan!!!

 

Azərbaycanın ikinci dəfə müstəqilliyinin əldə etməsində tələbə hərəkatının böyük xidməti olmuşdur. Bu hərəkat Ümumazərbaycan tələbə hərəkatı idi. Təəssüf ki, bu hərəkat hələ də yetərincə araşdırılmamışdır. Hərəkat bir nöqtədən, daha doğrusu Bakı Dövlət Universitetində qərarlaşmış Tələbə Komitəsi tərəfindən idarə olunurdu. Bu komitə də Tarix fakültəsində yerləşirdi. Bakı Dövlət Universitetinin tələbə hərəkatında əsas dayaq nöqtəsi Tarix fakültəsi idi. Tarix fakültəsinin altıncı mərtəbəsində bizim qərargah yerləşirdi. Əvvəllər bu qərargah komsomolun otağı olmuşdu. Tarix fakültəsi tələbələri buranı ələ keçirdilər.

Maraqlıdır ki, biz bu otağı qəsb etdikdən sonra bizi zorla çıxaran olmadı. O zaman hesab edirdik ki, bizim gücümüzdən ehtiyat edirlər. Amma gəlin etiraf edək ki, bizi milis (sonradan polis-D.Ə.) qüvvələri oradan çıxara bilərdilər. Amma etmədilər. Ona görə ki, fakültə rəhbərliyi buna getmədi. Fakültənin dekanı isə Yaqub müəllim idi. O zaman Tarix fakültəsinin tələbələri daha aktiv idilər. Xalq Cəbhəsinin ən güclü dayaq dəstələrindən biri BDU, BDU XC dayaq dəstələri içərisində də ən aktivi Tarix fakültəsi dayaq dəstəsi idi. Müəllimlərimizin də əksəriyyəti dayaq dəstəsinin üzvü idilər. Ümumən Tarix fakültəsi BDU tarixində həmişə inqilabi mərkəz olmuşdur. Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə fakültəmizin xüsusi rolu olmuşdu. Məsələn, biz o fakültəyə qəbul olunanda bilirdik ki, bu fakültədə Əbülfəz Əliyev (Elçibəy) dərs deyibdir.

Yaxud, Etibar Məmmədov bu fakültədə müəllim kimi çalışır. Bu az şey demir. Elə bunun nəticəsi idi ki, 1987-ci ildə bizim fakültənin altıncı mərtəbəsində komsomolun divar qəzetinə inqilabçı xarakterə malik tələbələr tərəfindən diqqəti cəlb edən bir şəkil vurulmuşdu. Şəkildə ox ilə ikiyə parçalanmış ürək təsvir olunmuşdu. Bu o demək idi ki, Azərbaycan ikiyə ayrılıbdır. Bu şəkil divarda cəmi doqquz dəqiqə qaldı. Çünki agentura dərhal Dövlət Təhlükəsizlik komitəsinə xəbər vermişdi. Şəkli divardan çıxardılar, amma kimsəyə bir söz deyən olmadı. O zaman fakültəmizin dekanı Yaqub Mahmudov idi.

İndi hesab edirəm ki, ayrı dekan olsaydı, bu cür hərəkət edə bilməyəcəkdi. Çünki Yaqub müəllim böyük və qorxmaz ürək sahibi idi. Keçdiyi həyat yolu bəzi məsələlərdə bizə kömək edirdi. İnsan təpədən-dırnağa milli idi. Mühazirələri də milli zəmində idi. Qeyd edək ki, belə müəllimlərimiz az deyildi. Yaqub müəllim XX əsrin 60-cı illərinin sonu, 70-ci illər milli tarixçilər siyahısında öz yerini tutmuşdu. Bu haqda çox sonralar Əbülfəz Elçibəyin xatirələrini oxuyanda gördüm. Orada milli tarixçilər sırasında Ziya Bünyadovun, Süleyman Əliyarlının, Yaqub Mahmudovun, Mahmud İsmayılovun adları çəkilmişdir. SSRİ dövründə bu adamlar qara siyahıya salınmışdı. Onlardan ciddi ehtiyat edirdilər.

Biz tələbə olanda Yaqub müəllim dekan idi. Tələbəlik illərimizə nəzər salanda düşünürəm ki, o zaman doğrudan da çətin və şərəfli dövr idi. O zaman yadımda qalan ən böyük hadisələrdən biri 1989-cu ildə Tarix fakültəsində keçirdiyimiz “Novruz” şənliyi idi. O zaman Bakı şəhərində fövqəladə vəziyyət idi. Bakı komendantı Valeri Bünyadov idi. Belə vəziyyətdə bayırda “Novruz” şənliyi keçirmək hünər istəyirdi. Yaqub müəllim istəyimizə müsbət cavab verdi. Bu şənliyin ssenarisinin hazırlanmasında da iştirak etdi. İki kosa var idi. Mən də Bəy əfəndi idim. O zaman BDU-nun sağ tərəfində böyük meydan var idi. Biz bayramı keçirmək üçün Opera və Balet teatrına getdik. Oradan paltarlar verdilər. Eyni zamanda Atçılıq mərkəzinə getdik. Bura onlardan çaparlar dəvət etdik. Onlar da faytonlarla gəlmişdilər. Bahar qız Azərbaycan Opera və Balet teatrının aktrisası idi. Yaqub müəllim bütün hazırlığa nəzarət edirdi. Tarixi kosa tələbə yoldaşımız Məhəmməd idi. Müasir kosa isə Zahid idi. Bakı kəndlərindən olan tələbə yoldaşlarımız xoruz döyüşü göstərmək üçün döyüş xoruzları gətirdilər. Qızlarımız hamısı milli paltarda idilər. Başlarına ağ kəlağayı bağlamışdılar.

Tədbir saat 12-də başladı. Mart ayının 20-si idi. Təsəvvür edin ki, hay-küyümüz bütün Bakıya yayılmışdı. Bakı şəhəri sakinləri BDU-ya doğru axışırdı.

İnsanlar sevincdən ağlayırdılar. Uzun illər idi ki, bu bayrama həsrət idilər. Xoruz döyüşü başlayanda Az.Tv birbaşa çəkməyə başladı. Xatırladım ki, Novruzla bağlı videosüjetlərdə bu kadrlar indi də təkrar olunur. Hələ iki kosanın bir-biri ilə qarşılaşması və müasir kosanın iddiaları... Bu ssenari birbaşa Yaqub müəllimə məxsus idi. Əslində bu deyişmə birbaşa inqilab idi. Yəni dövlətçiliyimizə doğru gedən yolda bir işarə idi. Meydana milli rəqs qrupu daxil oldu... Tamaşaçılar heyrətdən göz yaşlarını saxlaya bilmirdilər. İndi çoxlarına bu vəziyyət adi gələ bilər. Amma o zaman tamam başqa idi. İnsanlar özlərinin doğma bayramı ilə qucaqlaşmışdılar. Şənlik yüksək əhval-ruhiyyə ilə davam edirdi. Əhali dağılışmaq bilmirdi. Bu zaman xəbər gəldi ki, bəs, Bakı şəhər komendantı buraya öz nümayəndəsini göndərib ki, tədbiri saxlayaq. Onları qorxudan Bakı sakinlərinin bu tədbirdə çoxluğu idi. Hətta xəbərdarlıq etdilər ki, əmrə əməl olunmasa, buraya əsgərlər yeridiləcəkdir. Bu mənada məcbur olub tədbiri saxladıq. Bu tədbir hamı tərəfindən yüksək qarşılandı. Sonradan Azərbaycanın hər yerində bundan danışırdılar.

Yaqub müəllim dekan olan dövrdə birinci kursa daxil olan tələbələr mütləq Qobustana səfər etməli idilər. Bu pozulmayan bir əmr idi. Bizdən əvvəlki tələbələri həm də Dərbənd şəhərinə “Narın qala”nı görməyə aparırdılar. Eyni zamanda tələbələri həm də Azıx mağarasına aparırdılar. Yaqub müəllim təkcə bunlarla kifayətlənmirdi. Yadımdadır ki, bizi tez-tez televiziya verilişlərinə çıxarır və dəyirmi masalar təşkil edirdi. O zaman məsələ qoyurduq ki, nəyə görə bizdə Qazax tarixi, Özbək tarixi, Türkman tarixi, Qırğız tarixi keçirilmir? Nəyə görə Türkiyə tarixi genişliyi ilə keçirilmir?

Yaqub müəllim əsl tarixçilər yetişdirmək üçün fakültədə ərəb dili, fars dili, latın dillərinin tədrisi təşkil etdi. Ərəb dili üç il keçirilirdi. O cümlədən fars dili də... Azərbaycan tarixi fənninin öyrənilməsinə xüsusi əhəmiyyət verirdi.

Yaqub müəllimin dekanlığı doğrudan da çətin bir dövrə düşmüşdü. Bir an da olsa fakültədən ayrıla bilmirdi. Çünki fakültədə müxtəlif niyyətli adamlar var idi ki, tələbələri güdaza verə bilərdilər. Yadımdadır ki, 1988-ci il hadisələri başlayan ərəfədə Yaqub müəllimi Daşkəndə tarix elminin tədrisi ilə bağlı elmi konfransa çağırmışdılar. Qayıdanda şəhər artıq bir-birinə qarışmışdı. Yolda eşitmişdi ki, indiki “Azadlıq” meydanı” çoşub-daşır. Yaqub müəllim bilirdi ki, tələbələrinin 90 faizi oradadır. Birbaşa meydana gəlmişdi. Tribunaya çıxıb çıxış etdi...

Yaqub müəllimin fəaliyyətinin əsas istiqaməti arxeoloji qazıntılarda tələbələrin iştirakını təmin etmək idi. Bunun üçün BDU Tarix fakültəsi arxeoloqları üçün maliyyə ayrılmasına nail oldu və fakültənin ekspedisiyaları fəaliyyətə başladı. Mən də üç il mərhum Fərman Mahmudovun rəhbərliyi altında arxeoloji qazıntılarda iştirak etdim.

Həyatımda böyük iz qoymuş bu insan mənim aspiranturada təhsil almağımda da böyük iş gördü. Yadımdadır ki, elə bir vaxt idi ki, BDU-da bizə salam verməyə qorxurdular. Amma Yaqub müəllim mənim üçün Təhsil nazirliyindən əlavə yer aldı və mənim elmi rəhbərim oldu. İlk gündən elmi fəaliyyətim məhsuldar idi. Amma sonradan elmi fəaliyyətim zəiflədi. Bunun da səbəbləri vardı.

O zaman ailə saxlamaq çətin idi. Elmdə isə pul yox idi. Mən də jurnalistika ilə məşğul idim. On il keçdi. Bir gün həyat yoldaşım, telejurnalist Arzu xanım dedi ki, Səfəvilərlə bağlı bir film çəkmək istəyirəm. Onda dedim ki, bu film üçün ən yaxşı danışa biləcək şəxs Yaqub müəllimdir. Çünki o, diplomatdır. Kim danışsa işləri korlaya bilər. Amma Yaqub müəllim belə deyildir. Doğrudan da Yaqub müəllimdən müsahibə çox uğurlu alındı. Həmin müsahibənin sonunda Yaqub müəllim Arzu xanımdan soruşub ki, “o fərari haradadır?. Qaçıb gedibdir, elmdən uzaqlaşıbdır”. Arzu xanım bunları mənə deyəndə ertəsi gün yanına gəldim. Mənə sözləri bu oldu: “Sən Qarabağ savaşında səngərlərdə oldun, fərarilik etmədin, bə indi?”. Bu sözlər mənə ciddi təsir etdi. O gündən elmi fəaliyyətimi bərpa etdim. Buna görə ona və bir də həyat yoldaşıma minnətdaram!!!

Bu insan haqqında çox yazmaq olar... Bu insan əsl vətənpərvər Azərbaycan alimidir!!! İşdə ciddiliyi sevir, hamını ətrafında yığmağı bacarır və çox böyük təşkilatçıdır. Eyni zamanda hamıya qayğı ilə yanaşan adamdır. Bunu rayonlar, elmi konfranslara etdiyimiz səfərlər zamanı müşahidə etmək mümkündür!!! Yubileyin mübarək, BÖYÜK İNSAN!!!!

 

Dilavər Əzimli,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

aparıcı elmi işçisi, t.ü.f.d., dosent

 

Həftə içi.- 2019.- 8 fevral.- S.4.