Ruhu Ağdamı dolaşan Əhliman həkim...

 

Bu fani dünyada hər bir insan Allahın verdiyi bir ömür payını yaşayır. Kimisi çox, kimisi də nakam köçür bu dünyadan. Gərək, bu ömür payını yaşayanda da kişi kimi yaşayasan... Tanınmış həkim, uşaqlıq dostum Əhliman Bayramov da vaxtından tez fələyin amansız oxuna tuş gəldi və gözümüz baxa-baxa dərd onu caynağına alıb müqəddəs ruhlar aləminə apardı... Qırx gündür aramızda yoxdur Əhliman həkim, bu qırx gün müddətində cismən bizdən uzaqlaşsa da, ruhən daha da yaxınlaşır. İndi ruhu doğma yurd yerlərimizə, doğulduğu Ağdam rayonunun Kolanı elinə, Əlimədədli kəndində gedib.

Atası, el ağsaqqalı Fərman müəllimin, tanınmış həkim əmisi Soltan Bayramovun, hələ 15 yaşlarında əfsanəvi qəhrəmanlıq göstərmiş yaşıdlarını xilas edərək özü igidliklə həlak olmuş, ölmündən sonra Ağdam şəhər 1 saylı orta məktəbin adını daşıyan Sədrəddin Soltan oğlu Bayramovun məzarlarını oxşayır. Eləcə də uşaqlıq çağlarında yamaclarından məröyçə, qulançar, bənövşə yığdığı dəvəbelli dağların ətəklərini dolaşır, sonra da Xaçın gölünün sahilinə gəlib, öz yasını unudaraq kimsəsiz qalmış yurdlara yas tutur... Yenidən qayıdır hələ öyrəşmədiyi, isinişmədiyi ruhlar aləminə ...

Bu gün Əhliman həkimin ölümü onu tanıyanlardan hər kəsi sarsıdır, yandırır, xatirəsi ürəklərdə qövrə çevrilir... 40 gündür ki, mənə çoxlu zəng gəlir, məni tanıyanların telefon zəngləri... Telefonu açıram, tanış adamlardır. Deyir, Əhliman həkimin yanına xəstə aparmaq istəyirəm. Amma günün hansı vaxıntda işə gəldiyini bilmək istəyirik, zəhmət olmasa, onu öyrənib bizə deyə bilərsinizmi?.. Cavab verə bilmirəm, həqiqəti deməyə gücüm çatmır... Zənglər yenə gəlir, dərdi daş edib bağrıma basaraq susuram...

Sonra qəhər məni boğa-boğa özümdə güc toplayıb deyirəm: artıq Əhliman həkim Bakı şəhər 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Xəzər klinikasında işləmir, bizdən qabağa düşdü, ruhu çıxıb gedib girov qalmış doğma ellimiz olan, Ağdama, ata yurduna...

Bu gün Əhliman həkimin ancaq şirin xatirələri qəlbimizdə dolaşır. Onunla uşaqlığımız bir keçib. Yaxınlarla bir az o şirin xatirələrdən danışıb, özümüzə təsəlli verə-verə onu xatırlayıb yad edirik. Mənim, təxminən, 10, onun isə 12 yaşı olardı. Quzuya gedərdik. Quzuları Xaçın çayının sahilində otarardıq. Bir gün Əhliman həkim Ağdam şəhərinə əmisigilə gedəndə balıq tutmaq üçün xeyli tilov-qarmaq almışdı. Təxminən, 2-3 metr uzunluğunda qamış tapdıq və adama bir tilov düzəltdik. Quzuları örüşə buraxdıq və özümüz də göldən balıq tutmağa başladıq... Axşamadək balıq tutduq. Gölün kənarında balaca gölməçə düzəldib tutduğumuz şirin çay balıqlarını ora atırdıq ki, ölməsinlər. Təxminən, 40-a yaxın balıq tutduq.

...Artıq hava qaralırdı, balıqları bölmək istəyirdik. Balıqlar getdikcə durulan gölməçədə üzürdü, Əhliman həkim bir neçə dəqiqə üzən balıqlara tamaşa etdi. İçində xırda balıq da var idi. Sonra gölməçənin qabağını açıb balıqları gölə buraxıb dedi: “İnsanlar da balıqlar kimi canlıdırlar. İçərisində xırdaları da var, onlar da yaşamaq istəyirlər, anaları onları gözləyir, ürəyim gəlmir bu su mələklərini göldən ayırmağa, qoy yaşasınlar...

Qarmaqları da sındırıb dərin xəndəklərin birinə atıb, quzuları da qabağımıza qatıb lal-dinməz evə qayıtdıq. Əhliman həkim uşaqlıqdan təbiəti sevərdi, bir canlını öldürməyə əli gəlməzdi.

Təxminən, mən 3-cü, o isə 4-cü sinifdə oxuyardıq. Kəndimizin ayağında, sovxozun həyətinə bitişik bir iydəlik var idi. Cərgə ilə əkilmiş iydə ağaclarının qarşısı ilə arx axırdı. Arxın içində bir nehrə gördük, elə bildik ki, sınıq olduğundan onu suyun içinə atıblar. Hərəmiz bir məftil parçası tapıb yüyən kimi nehrənin uc hissəsinə bağladıq, sonra Əhliman həkim nehrənin bir başına, mən də o biri başına minib, kürək-kürəyə hərəmizin əlində bir çubuq başladıq nəhrəni döyəcləyib, onu at kimi çapmağa. Başımız qatışdığından, vaxtın tez gəlib-keçdiyini, hətta havanın qaraldığını belə hiss etmirdik. Birdən bağın gözətçisi, xalq artisti Nəzakət Teymurovanın atası Xosrov dayı gəldi, bizi qovalığa qatdı. Onların evi həmin bağın içində və arxa çox yaxın olduğundan sən demə suya qoyublar ki, nehrə suda qalıb islanıb şişsin. Baxdıq ki, quzular yoxdur. Tez quzuları tapıb evə sarı gəlirdik. Artıq evə yaxınlaşırdıq, qəflətən Əhliman həkimin atası sovxozun həyəti tərəfdən çıxıb bizi qabaqladı. Qeyd edim ki, Fərman müəllim axşam məktəbinin (o vaxtlar belə adlanırdı: fəhlə-gənclər məktəbləri) direktoru olduğundan evə gec gələrdi. Çox ciddi, bir az da qəzəbnak adam idi... Günahlarımız üstündə əsəbiləşəndə bizi ciddi tənbeh edərdi... Olduqca obyektiv və dürüst ağsaqqal idi.

Təkcə biz şagirdləri deyil, ümumiyyətlə qadınlı-kişili hamı ondan çəkinərdi, haqlı sözünün qabağına söz deyilməzdi... Əsl el ağsaqqalı, xalq müəllimi idi və indinin özündə də belə xatırlanır...

Qonşu və qohum idik... Biz hiss elədik ki, bugünkü “günah”ımızı ona çatdırıblar... Onun əsəbi olduğunu və bizə yaxşıca qulaqburması verəcəyini hiss etdik, istədik ki, qaçıb canımızı qurtaraq. Amma fürsət olmadı... Əhliman işi başa düşdü və tez atasını qabaqlayıb, yalvarış tərzdə dedi: “Əmi (onlar atalarına “əmi”, biz isə atamıza “qağa” deyə müraciət edərdik), vallah, biz bilmədik, elə bildik ki, sınıq nehrədir, kimsə gətirib arxa atıb. Hadisəni olduğu kimi danışdıq. Günahsız olduğumuzu görüb, kişi bizi bağışladı... Eh, o qədər bunaoxşar xatirələr var ki, hansını danışasan, hansından söz açasan?!

...Artıq illər keçib, Əhliman həkim işləyir, mən jurnalist, Nəzakət xanım isə xalq artistidir. Bir gün Müslüm Maqomayev adına Opera və Balet Dram Teatrına bilet almışdım. Uşaqlarımız balaca idilər, ailəvi adıçəkilən teatra gedib, “Leyli və Məcnun” operasına tamaşa edirdik. Leyli rolunda Xalq Artisti Nəzakət Teymurova, Məcnun rolunda isə Xalq Artisti, yaxın dostumuz Mənsum İbrahimov oynayırdı. Tamaşa çox maraqlı keçdi. Hamı göz yaşı içində idi. Tamaşadan sonra pərdə arxasına keçib, Mənsum müəllimlə və Nəzakət xanımla görüşdük. Onları təbrik edəndə Nəzakət xanım üzünü Mənsum müəllimə tutub gülə-gülə dedi: “Əhliman həkimlə, Qələndər müəllim mənim kəndçim və qohumlarımdır. Uşaq vaxtları nehrəmizi sındırıblar. O vaxtdan bu günə nehrəni alıb gətirmirlər”.

Əhliman həkim şirin danışığı ilə yanaşı, həm də gülərüz, çox səmimi, zarafatları var idi. O zarafatla dedi: “Nəzakət xanım, biz nehrənizi almağa hazırıq, amma bir şərtlə. Əvvəlcə siz sağmal bir inək alın, onu sağın, südünü çalın, qatığını yığın, biz də sizə gedib nehrə alacağıq”. Nəzakət xanım güldü. Hər dəfə Xalq Artisti ilə görüşəndə həmin əhvalat xoşluqla xatırlanardı...

Bəli, bu gün Əhliman həkimlə bizi birləşdirən və ürəyimdə qövr eyləyən çoxlu sayda şirin, uşaqlıq xatirələrimizdir. O xatirələr ki, yaddan çıxmır, illər keçdikcə daha da şirinləşir. Ancaq onu da deyim ki, Əhliman həkim çox xeyirxah adam idi. İmkansız adamlara, xüsusilə də Qarabağ əlillərinə, şəhid ailələrinə, məcburi köçkünlərə, qocaman müəllimlərə və eləcə də yazarlara hörmət edərdi. Onları müalicə edəndə və cərrahiyyə əməliyyatı aparanda pul almazdı... Heyf, o əlçatmaz günlərdən...

Bax, Əhliman həkimsiz dərdli 40 günümüz beləcə gəlib-keçdi... Bu qırx gündə bizi şirin xatirələri və nəcib əməlləri ilə dərd içində yaşada-yaşada nağıllar aləminə, döndü Əhliman həkim... O nağıllar ki yaşayacaq, insanların dilindən düşməyəcək. Necə ki nağıllarımızda olduğu kimi, biri vardı, biri yoxdu, bu dünyada bir Əhliman həkim vardı...

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 20 fevral.- S.8.