Azərbaycan dili dərslərinin günün

tələbləri səviyyəsində qurulması, problemli

məsələlər və onların həll yolları

 

Müasir dövrdə şagirdlərin hərtərəfli inkişaf edib formalaşmasi üçün Ana Dilinin böyük rolu və əhəmiyyəti vardir. Azərbaycan dili və ədəbiyyat dərslərinin məqsədyönlü tədrisi, nəinki həmin sahədə şagirdləri mükəmməl bacarıqlara sövq edir, həmçinin digər fənlərin tədrisi üçün də stimullaşdırıcı rol oynayır. Odur ki, biz müəllimlər Azərbaycan dilinin tədrisi zamanı maksimum imkanlardan səmərəli istifadə etməli,dilimizin gözəlliyini,  incəliklərini şagirdlərə sevdirməli, bu işdə bütün səy və bacarıqlarımızı səfərbər etməliyik. Belə ki, bu işdə təkcə 45 dəqiqəlik dərsboyu deyil, həm də sinifdənxaric oxunun yüksək səviyyədə məqsədyönlü təşkili, sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili təcrübəsinin də böyük rolu vardır.

Müəllim öz işlərini intensiv, məqsədyönlü şəkildə qurmaqla bütün bunlara səmərəli şəkildə nail olar, yüksək təlim nəticəsi əldə edilə bilər. Pedaqoji prosesin tam və düzgün, səmərəli təşkilinin planlaşdırılıb yüksək səviyyədə həyata keçirilməsi ilə bunlara nail olub, böyük uğurlar qazanmaq hər birimizin ümdə vəzifəmiz və vətəndaşlıq borcumuzdur. Dövlətimiz bu yolda yaradıcı müəllim üçün geniş fəaliyyət üfüqləri açıb. Müəllim əməyinin səmərəli təşkilinin tənzimlənməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Ulu öndər Heydər Əliyev demişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik, xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

Dahi rəhbərin tövsiyələrini rəhbər tutan möhtərəm Prezidentimiz İlham Əliyev də bu gün dövlət dilinin tədrisinə qayğını ön plana çəkərək yaradıcı müəllim qarşısında böyük vəzifələr qoymuşdur. Dövlətimizin bu qayğısından ruhlanan müəllimlər daim yaradıcılıq axtarışında olaraq böyük uğurlar qazanırlar. Mən uzun illərdir ki, orta məktəbdə Azərbaycan dili və ədəbiyyatın tədrisi ilə məşğulam. Bu sahədə öz bilik və bacarıqlarımı şagirdlərimdən əsirgəmir, onları dilimizin incəliklərini öyrənməyə, bu sahədə bacarıqların tətbiqinə sövq edirəm. Bunlara nail olmaq üçün həm 45 dəqiqəlik dərs intervalından, həm də sinifdənxaric işlərin səmərəli təşkilindən və düzgün planlaşdırılmasından istifadə edirəm. Onu da qeyd edək ki, ibtidai sinif pilləsindən gündəlik tədris olunan Ana Dili dərsləri orta təhsilin müəyyən mərhələsində - V sinifdən etibarən daha sistematik, hərtərəfli öyrədilir. Bu sahədə uğur əldə etmək üçün qazanılmış bilik və əldə edilmiş bacarıqları genişləndirib möhkəmləndirməli, şagirdləri dilimizin bütün incəliklərini öyrənməyə sövq etməliyik. Bunun üçün ilk növbədə doğma dili sevdirmək, onun şirinliyini, saflığın , geniş imkanlarını, ifadəliliyini şagirdlərə çatdırmaqla aşılamaq lazımdır. Bundan ötrü şagirdlərin orfoepik və orfoqrafik vərdişləri, qrammatik bacarıqları düzgün formalaşdırılmalıdır. Hər bir şagirdin fənnin öyrənilməsinə yaradıcı yanaşması məhz müəllim əməyinin yaradıcı təşkilindən asılı olaraq uğurla nəticələnə bilər.

Dil dərslərinin səmərəli təşkili üçün bədii ədəbiyyatın öyrədilməsi də əsas amilidir. Hər iki fənnin tədrisində inteqrativlik təmin olunmalı, qarşılıqlı vəhdət prinsipi üstün tutulmalıdır. Müəllim qaydaların mətnlər üzrə tətbiqi zamanı sitatlardan, əlavə şeir nümunələrindən, müxtəlif vizual vasitələrdən yerli-yerində istifadə etməlidir. Bədii ədəbiyyatımızda dilin gözəlliyindən, onun böyük imkanlarından bəhs edilən çoxlu nümunələr vardir; məsələn: Nizaminin və Füzulinin söz haqqında mükalimələri, Ş.İ.Xətainin, S.Vurğunun, T.Bayramın, Xəlil Rza Uluturkün şeirləri, onların sözə verdiyi böyük dəyər şagirdlərdə fənnin tədrisi zamanı maraq oyadır və onları öyrənməyə sövq edir. Müəllim həmin sənətkarların əsərlərindən mətn nümunəsi kimi qaydaların tətbiqində istifadə edə bilər və ya onlardan yerli-yerində sitatlarla şagird marağını düzgün şəkildə istiqamətləndirmiş olar. Müəllim kurikulum dili ilə desək, fasilitasiya qaydalarından düzgün istifadə etməklə şagirdləri kompetensiyalara yönəltmiş olar.

 

Axıtdım alnımın inci tərini, yanmadım ömrümün iki ilinə,

Rusiya şeirinin şah əsərini çevirdim Vaqifin şirin dilinə

 

                                                 (S.Vurğun).

 

Sözün də su kimi lətafəti var,

Hər sözü az desən daha xoş olar...

 

                                   (N.Gəncəvi).

 

V sinifdə Azərbaycan dilinin tədrisi zamanı “Lakonizm nədir” mətni üzrə keçilən mövzunun öyrədilməsində belə sitatlardan nümunə göstərmək olar. Eləcə də, Ş.İ.Xətainin:

 

Söz var ki, kəsər savaşı,

Söz var ki, kəsdirər başı

 

- misraları həm beşinci sinifdə sitat kimi isttifadə edilə bilər, həm də tabeli mürəkkəb cümlənin tədrisi zamanı təyin budaq cümləsi nümunəsi kimi işlədilə bilər. Həmçinin M.Füzulinin “Söz” qəzəli şagirdlərin yaş və bilik səviyyəsinə uyğun şəkildə nümunə kimi istifadə edilə bilər:

 

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,

Bu nə sirdir kim olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidq ilə qədrin artırır,

Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz.

Xazini-gəncineyi-əsrardır hər dəm çəkər,

Rişteyi-izharə min -min gövhəri-əsrar söz.

Olmayan qəvvasi-bəhri-mərifət arif deyil,

Kim sədəf tərkibi-təndir löleyi-şəhvar söz.

Gəm çox istərsən Füzuli,izzətin, az et sözü,

Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.

 

Bu şeirdən X sinifdə Azərbaycan dilinin tədrisi zamanı “Dil” mövzusunun öyrədilməsində ifadəli oxu mədəniyyəti formalaşdırmaq üçün istifadə edirəm. Yeri gəlmişkən qeyd edim ki, mən öz dərslərimi günün tələbləri səviyyəsində qurmaq üçün dil faktlarını müntəzəm olaraq bədii nümunələrdən sitat gətirməklə öyrədirəm. Bu zaman şagirdlərdə mövzuya dərin maraq oyanır. Şagirdlər özləri də bu kimi nümunələr axtarıb-tapmaqla dilimizin incəliklərinə sahiblənirlər.Şifahi xalq ədəbiyyatı nümunələrindən də müxtəlif mövzuların tədrisində geniş istifadə edirəm. K, n, l, t... və s. samitlərin orfoepik və orfoqrafik xüsusiyyətini daha yaddaqalan etmək üçün “Aşpaz Abbas...”, ”Getdim gördüm...iki kar-kor kürkü...” və sair yanıltmacların ifası, vurğulanan səslərin təkrarlanması şagirdi maraqla öyrənməyə, yaradıcılıq axtarışlarına sövq edir, şagird marağını, diqqətini dərsə cəlb edir. Fonetikanın tədrisində hərf metaforlarından istifadə etmək də səmərəlidir. Yenə də burada bədii nümunələr “təcrübə məkanıdır”; məsələn: “A-dan ana yazdıq, B-dənsə baba, V-dən Vətən yazdıq, E-dən el-oba...” – kimi nümunələrdən istifadə etmək olar.

Dil dərslərinin səmərəli təşkilində bayatı, layla, oxşama, atalar sözləri, dastanlarımızdan yerli-yerində gətirilən sitat və nümunələr dərsin səviyyəsini yüksəltməyə xidmət edir. Dərsin motivasiya hissəsində kiçik bir lirik şeir nümunəsi, bayatı və atalar sözünün daim istifadə edilməsi ənənəyə çevrilə bilər. Həmin nümunələr dərsin mövzusuna uyğun olaraq, vətənpərvərlik və insansevərlik ruhunda olmalıdır.

Hər bir qrammatik qaydanın öyrədilməsində məzmun müxtəlifliyindən istifadə etmək qaydaların öyrədilməsinə tətbiq edilə bilər. Müəllim özü atalar sözü, tapmaca və s.-dən istifadə etməklə, şagirdlərini də belə sitat və nümunələri istifadə etməyə yönləndirməlidir. Bu zaman şagirdlər geniş tədqiqatçılıq axtarışında olaraq nümunələr toplayıb öyrənirlər. Müəllim onlara “canlı kitab” olan böyüklərdən – nənə və babalardan da öyrənməyi tövsiyə etməlidir. Bu isə valideyn marağını da stimullaşdırır. Onlar da səmərəli şəkildə təlim nəticəsinin əldə olunması üçün müəyyən töhfələr verirlər. Kollektiv əməyin vaxtaşırı və səmərəli təşkili yüksək bacarıq formalaşdırır. Müəllim dərslikdəki mətnlərdən və digər nümunələrdən istifadə edərkən həm özü praqmatik düşüncələrə sahib olmalı,həm də həmin müsbət ideyaları ilə şagirdlər üçün də dəstəkləyici mühit yaratmalıdır.

Sinifdənxaric oxu materiallarından, internet məkanından, dövri mətbuatdan yerli-yerində istifadə və tədbirlərin təşkili şagirdlərin tədbirlərdə iştirakının düzgün formalaşdırılması da təlimin keyfiyyətinə müsbət təsir edir. Tövsiyə olunan sinifdənxaric oxu materialları sırasında nağıl, tapmaca, atalar sözləri və digər el deyimləri planlaşdırmada nəzərdə tutulmalıdır. Bu baxımdan “Daşdəmirin nağılı”, “Məlikməmməd”, “Şəngülüm...”, “Ağ atlı oğlan” kimi nağıllardan istifadə edilə bilər. Bu kimi şifahi xalq ədəbiyyatı nümunələri həm şagirddə söz ehtiyatını artırır, həm də onlarda qəhrəmanlıq, humanizm, xeyirxahlıq ideyaları formalaşdırır. Yaxşı nədir, pis nədir?... suallarına şagirdlər öz yaş səviyyələrinə uyğun şəkildə cavab tapa bilirlər. Eləcə də tədbirlərə dəvət olunan müharibə iştirakçılarının xatirələri, valideynlərin yaxın tarixdə nələr baş verdiyindən bəhs etmələri, Qarabağın füsunkar təbiətindən, mənzərəsindən bəhs etmələri, müəllimin həmin mövzuya həsr edilmiş əsərlərdən sitat gətirmələri şagirdlərdə vətənpərvərlik duyğusunu artırır. Onlarda qəhrəmanlıq və vətənpərvərlik duyğuları formalaşdırır. Bu baxımdan dərslikdə verilən nümunəvi mətnlərin də böyük əhəmiyyəti vardır. “Əlif Hacıyev “, “Mən gərək oğul doğulaydım” və s. mətnlər Milli qəhrəmanlarımızın keçdiyi şərəfli ömür yolunu işıqlandırmaqla, qəhrəmanların şəxsiyyətinə məhəbbət hisləri oyadır və formalaşdırır.

Məktəbdənkənar tədbirlərdə öyrənilib ifa olunan şeirlər, rollu oyunlar, çıxışlar şagirdlərdə yüksək mənəvi keyfiyyətlər yaradır, onların şəxsiyyət kimi formalaşmasına təkan verir.

Ötən ilin dekabr ayında dərs dediyim siniflərin şagirdlərinin iştirakı ilə ölməz qəhrəman Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir hazırladıq. Həmin tədbirdə “Uzaq sahillərdə” filminin nümayişi, Mehdinin həyatı və fəaliyyəti mövzusunda hazırlanmış slaydların göstərilməsi, bütün tədbir boyu şagirdlərin müntəzəm ifaları digər şagirdlərdə də müsbət hislər yaratdı. Həmin şagirdlərin ifalarının düzgün alınması, dekorlar üçün detalların hazırlanması üçün iştirakçılarla birgə tamaşaçı şagirdlər də çalışdılar. Bu isə kollektiv tərbiyəyə müsbət təsir edən amillərdəndir. Ümumiyyətlə, bütün tədbir boyu ölməz qəhrəmanın ömür yolunun işıqlandırılması şagirdlərin vətənpərvərlik tərbiyəsinə və onların nitq, ifa, təqdimat, musiqi, estetik zövqün formalaşması üçün əhəmiyyətli rol oynadı. Belə tədbirlər məktəbimizdə intensiv şəkildə, müntəzəm olaraq keçirilir.

Mövzuya uyğun şəkildə müxtəlif üsullardan , didaktik çalışmalardan istifadə etməklə də yüksək təlim nəticəsi əldə etmək olar. Doğrudur, dərsliklərimizdə bunun üçün çoxlu sayda materiallar vardır. Eləcə də DİM-in hər sinif üçün tərtib etdiyi vəsait də müəllim və şagirdlərə təlimdə ən yaxşı köməkçi vasitədir. Lakin müəllim bunlarla kifayətlənməməli, özü də müxtəlif didaktik materiallar, əyləncəli oyunlar... tərbit etməlidir. Krossvordlar, diaqramlar, tapmacalar, sxemlər, klasterlər əvvəlcədən hazırlanmalı, yeri gəldikcə tətbiq edilməlidir.

Antonimlər və sinonimlər lüğətindən istifadə frazeoloji birləşmələr, məcazi mənalı sözlərin, arxaizm və tarixizm, dialektizmlərə aid lüğət tərtib etmək də tədrisin səmərəliliyinə xidmət edir. Standartları reallaşdırmaq üçün şagird fəaliyyətini düzgün istiqamətləndirmək lazımdır. Belə ki, bütün bunları dərsin yaradıcı tətbiqetmə hissəsində şagird təfəkkürünün müvəffəqiyyətli məhsulu olaraq əldə etmək əsl təlim nəticəsidir.Müəllim bütün bunları ümumiləşdirərək diaqram və ya sxem şəklində verə bilər. Klasterdə şaxələnən hər bir mövzunun işlənilməsi qruplar üzrə tapşırıla bilər. Hər bir qrupun təqdimatı zaman müəllim fasilitasiya qaydalarına uyğun olaraq şagird fəaliyyini stimullaşdırmalı və tənzimləməlidir.

Bütün bunları morfologiya, söz yaradıcılığı, nitq hissələri, cümlə üzvləri, cümlənin şəxsə görə növləri və s. mövzuların tədrisi zamanı da tətbiq etmək olar. Məsələn V sinifdə söz yaradıcılığı, şəkilçilərin öyrədilməsinə xeyli saat ayrılmışdır. Bu mövzuların öyrənilməsi müxtəlif mövzulu mətnlər üzrə reallaşdırılır. Mövzunu öyrənmək üçün tapşırıqlar da çoxdur. Dərsin əvvəlində motivasiya olaraq ağac şəklindən və “Turp” nağılının motivlərindən istifadə etmək olar: kök, gövdə, yarpaq və çiçəklər...

Bu cür motivasiya şagirdləri yüksək təlim nəticəsinə yönəldir və uğur əldə edilir.

Didaktik materialların hazırlanması və təqdimatında texnoloji vasitərdən istifadə günün vacib tələbidir. Məktəbimizdə kompüter avadanlıqlarının, elektron lövhənin olması bizə hər cür imkan yaradır. Eyni zamanda, şəxsi vasitələrdən telefon və ya digər ümumi texniki vasitərindən də istifadə etmək olar. Şagirdlərlə tədris boyu hər bir dərs zamanı debat, qrup işi , yazılı və şifahı təqdimat, esse , dialoq və monoloqlardan istifadə etmək olar. Lakin elə etmək lazımdır ki, dərsdə elmilik prinsipi pozulmasın. Hər bir etap, hər bir mərhələ əvvəldən qoyulan təlim nəticəsinə əsaslanmalıdır. Elə etmək lazımdır ki, elmilik prinsipi daim gözlənilsin. Müəllim öz nitqini şagirdin yaş və bilik səviyyəsinə uyğun elmi üslubda qurmalıdır. Adətən, şagirdlərdə nitqlərini, vərdiş və üslublarını müəllimin üslubuna bənzətməyə çalışırlar. Mən çalışıram ki, hər bir dərsin mərhələlərini düzgün planlaşdırmağa əvvəlcədən nail olum. Bununla da nəyi necə edəcəyini müəyyənləşdirmiş oluram. Qiymətləndirmə cədvəli mövzuya uyğun şəkildə tərtib olunmalıdır. Mətnin hissələri arasında məntiqi əlaqəni, mətnin ideyasının, mövzusunun meyarları dəqiq müddəalarla sorğu şəklində qruplara təqdim edilir. Qruplar isə sistematik cavab hazırlayır. Bununla da bir dərs boyunca məntiqi təfəkkür formalaşır. Müəllim eyni zamanda təqdimetmə bacarığını tənzimləməklə bərabər, dinləmə şəraitini də düzgün qurmalıdır. Nəticədə kollektiv nailiyyət əldə edilərək şagirdlərdə ümumi və fərdi biliklər formalaşır. Dərs boyunca müəllim fasilitasiyanın tələblərini gözləməli, şagirdlərin etik davranış qaydalarına riayət etmələrinə nail olmalıdır.

Didaktik materialların tətbiqi üçün dərsliklərimizdə və metodik vəsaitlərdə çoxlu nümunələr vardır. Hər bir dərslik üçün hazırlanmış metodik vəsaitlərin ilk səhifələrində verilən didaktik nümunələrdən müəllim yaradıcı şəkildə istənilən mövzularda istifadə edə bilər. Mən dərslərində klaster, rollu oyun, təqdimat, BiBÖ, Venn diaqramı, qərarlar ağacı, müqayisə cədvəli və sairdən daima istifadə edir, debatların təşkilində şagirdlərin mühakimə qabiliyyətinin formalaşmasına diqqət yetirirəm. Dərsdə ilk növbədə interaktivlik ön planda olmalıdır. Yəni şagird fəallığına şərait yaradılır. Müəllim isə bu zaman seyrçi olmamalı, bütün səviyyələrdə izləyici və iştirakçı olmalı, dərsin gedişini nizamlamalıdır.

Mövzular üzrə proqram materiallarında verilən məzmun standartlarına qoyulan tələblər, tövsiyə olunan alt standartlar və təlim üsullarından müəllim mövzulara və şəraitə uyğun şəkildə elə istifadə etməlidir ki, şagirdlər məhz nəyi necə öyrənəcəklərini müəyyənləşdirsinlər.

Təlim prosesində müxtəlif formada qiymətləndirmə üsullarından istifadə edilə bilər. Təlimin müxtəlif mərhələlərində qiymətləndirmə üsullarından yerli-yerində istifadə edilməlidir. Diaqnostik, formativ, kiçik və böyük summativ qiymətləndirmə şagird nailiyyətlərinin müəyyən mərhələlərdə dəyərləndirilməsi ilə müəllim fəaliyyətinin stimullaşdırılmasına zəmin yaradır. Şagird nailiyyətinin diaqnostik qiymətləndirilməsi təlimin əvvəlində , ilk tanışlıq mərhələsində , bəzən də digər zəruri hallarda şagirdə fərdi yanaşmanı təmin etmək üçün aparılır. Bununla müəllim öz fəaliyyətini necə qurmağı müəyyənləşdirir. Hər bir dərsin əvvəlində qiymətləndirmə cədvəli əvvəlcədən hazır olmalıdır. Dərsin gedişində hər bir nailiyyət meyar cədvəlində qeyd olunmalıdır. Bu qrup işlərinin dəyərləndirilməsində daha çox əhəmiyyətlidir. Qiymətləndirmədə müəllim təqdimetmə bacarığına, əməkdaşlığa, dinləmə və mühakimə qabiliyyətinə xüsusi diqqət ayırmalı, şagird gündəliyində fərdin bacarığını müvafiq şəkildə dəyərləndirməlidir. Qiymətləndirmə cədvəlində obyektivlik və iyerarxiya prinsipi gözlənilməlidir. Bununla müəllim özü üçün bir dərs prosesində nəyə nail olduğunu, hansı təlim nəticəsi əldə etdiyini müəyyənləşdirmiş olur.

Şagird gündəliyində formativ şəkildə əks olunan qiymət isə valideynin təhsilalanın nəyi necə öyrəndiyini bilməsi üçün zəruridir. Hər bir bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmədə isə ümumi şəkildə şagird nailiyyəti müəyyənləşdirilir. Bu qiymətləndirmə növü ilə şagirdlərin bilik səviyyəsi artıq aydın olur. Böyük summativ qiymətləndirmədə fənnə dair zəruri bilik və bacarıqların tətbiqi yoxlanılır.

Dərsliklər və metodik vəsaitlər, DİM tərəfindən tərtib olunan tövsiyyə xarakterli mətn toplusu və test materialları müəllim üçün əsas vasitələrdir.Eləcə də orfoqrafiya, orfoepiya, vurğu lüğətindən, izahlı lüğətdən istifadə etmək məqsədəuyğundur. Hər bir mətn mövzusu və qrammatik qaydanın öyrənilməsi üçün bu vasitələrdən səmərəli istifadə olunmalıdır. Dərsliklərdə qrammatik qaydaların fərqləndirilmiş rənglərlə təqdimatı, tapşırıq mətnlərində, mətnə aid suallarda belə rəng müxtəlifliyindən istifadə edilməsi şagirdi yormur, əksinə , onda öyrənmə marağı yaradır.V sinfin “Azərbaycan dili” dərsliyində kifayət qədər qrammatik (fonetik,leksik) qaydalar verilib. Həmin qaydaların reallaşdırılması isə müxtəlif didaktik materiallar-mətnlər üzərindədir.Həmin mətnlərdə yeni sözlərin fərqli şriftlərlə yazılması belə nəzərə alınıb. Bütün bunlar müəllim əməyini asanlaşdırır. V sinifdə “Fonetika” bəhsinin tədrisi zamanı orfoqrafik-orfoepik, eləcə də vurğu lüğəti tərtibi, müxtəlif söz oyunları təqdimatı yerinə düşür, mövzunun dərk olunmasını asanlaşdırır, fənnə maraq yaradır.

Hər bir bəhsdə rəngdən rəngə keçmək fonetikada qırmızı və sarı, leksikada göy, söz yaradıcılığında bənövşəyi rəng çalarından istifadə, digər mövzularda sarı, yaşıl rənglərin işlənilməsi rəngarəngliyi artırır, yorulmanın qarşısını alır. Eləcə də mətnlərə uyğun şəkillərin də verilməsi mövzunu anlamağa imkan yaradır,dərketməni asanlaşdırır. Mətnlərin məzmununda olan müxtəliflik isə şagird dünyagörüşünün genişlənməsinə, yeni dünyagörüşün yaranıb formalaşmasına kömək göstərir. Dərsliyin lüğəti də bələdçi rolu oynayır. Lakin müəllim təkcə bunlarla kifayətlənməməli, daha səmərəli üsullardan da yeri gəldikcə istifadə etməlidir. Söz yaradıcılığı, kök, şəkilçi öyrədilərkən şəkilçilərin təsnifatı, başlanğıc forma sxemlərə əsasən öyrədilir. Bu cür şaxələndirmə nümunələrlə canlandırılır. Hər bir “budaq” üçün nümunələr sırası tərtib olunur.

Ümumiyyətlə, V-XI siniflərdə Azərbaycan dilinin tədrisini günün tələbləri səviyyəsində qurmaqla müəllim doğma dilimizə maraq və məhəbbəti oyatmaqla yanaşı, şagirdlərdə elmi dünyagörüşün formalaşmasını da təmin etmiş olur. Bədii nümunələrin ifası, rollu oyun nümayişi, qrup işlərinin səmərəli təşkili, problemin qoyuluşu və həlli şagirdlərdə mükəmməl bacarıq formalaşdırır.

Pedaqoji işdə dünya təcrübəsinə inteqrasiya ilə yanaşı, milli qaynaqlarımızdan da geniş istifadə edilməlidir. Milli pedaqoji ənənələri öyrənib tətbiq etməklə klassik pedaqoqlarımızın istifadə etdiyi üsul və metodlardan bəhrələnmiş olarıq. Həbibi, M.Ş.Vazeh, S.Ə.Şirvani, S.Ünsizadə, M.Ə.Sabir,A.Şaiq, R.Əfəndiyev, F.Köçərli və s. kimi dahi şəxsiyyətlərin pedaqoji fikirləri bu günümüz üçün də bir örnəkdir.

 

Azadə Quliyeva,

33 saylı Ağdam rayon köçkün tam orta məktəbin

Azərbaycan dili və Ədəbiyyat müəllimi

 

Həftə içi.- 2019.- 21 fevral.- S.8.