Daha çox şaxələnmə - daha sürətli inkişaf

 

Sentyabrın 20-də "Əsrin müqaviləsi”nin 25 yaşı tamam olur. Bu "gənc yubilyar”ın mahiyyəti və əhəmiyyətindən çox yazılması, çox danışılması səbəbindən həmin mövzudan uzun-uzadı bəhs etmək fikrindən uzağıq. Tək bugünkü ölkəmizi 25 il öncəki Azərbaycanla müqayisə etmək yetər ki, həmin müqavilənin bizim üçün mahiyyəti və əhəmiyyəti məlum olsun.

Müqayisə illərinin birində iqtisadiyyatı böhran yaşayan, əhalisinin sosial vəziyyəti Allahın ümidinə buraxılan, istehlak bazarı bütünlükdə idxaldan asılı olan, kəndləri boşalan, regionları nəinki normal infrastruktura, hətta işığa, təbii qaza həsrət qalan Azərbaycan, digərində isə iqtisadiyyatı inkişaf və artım sürətinə görə dünyada fərqlənən, ən güvənli sosial müdafiə siyasəti yürüdən, xarici ticarətdə sanballı müsbət saldoya malik olan, müasir standartlara cavab verən infrastruktur yaradan, kommunal xidmət adlı problemləri yaddan çıxan ölkəmiz var.sözsüz ki, 25 il əvvəl tamam əks qütbdə olmuş Azərbaycanın qısa zamanda müasir ölkələr sırasına çıxmasında, regiondadünyada söz sahibinə çevrilməsində "Əsrin müqaviləsi”nin əvəzsiz rolu var. Başqa cür desək, neft Azərbaycan üçün nə lazımdırsa etmişdir. İndi isə meydan da, zaman da qeyri-neft sektorunundur.

Əslində, ölkədə qeyri-neft sektorunun inkişafının vacibliyini Prezident İlham Əliyev hələ "Əsrin müqaviləsi”ndən gələn dividendlərin "pik” dövründə bəyan etmişdir. Həm də yalnız bəyan etməmişdir, bu istiqamətdə əməli tədbirlər görmüşdür. Məhz həmin tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı sürətlə şaxələnməyə başlamış, xüsusən qəbul edilən regional inkişaf dövlət proqramları çərçivəsində bölgələrdə qeyri-neft sektoru üzrə çoxsaylı sənaye müəssisələri fəaliyyətə başlamışdır. Günü bu gün də ölkəmizdə həyata keçirilən və ardıcıl olaraq zamanın və şəraitin qlobal tələblərinə, çağırışlarına islahatlar yolu ilə uyğunlaşdırılan sosial-iqtisadi siyasətin əsas istiqaməti sənayenin şaxələndirilməsi hesabına qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir. Əgər dünyanın bu rahatsız dövründə, baş verən neqativ proseslər fonunda ölkəmizdə iqtisadi sabitlik qorunub saxlanılırsa, əhalinin sosial müdafiəsi davamlı olaraq gücləndirilirsə, deməli, doğru yoldayıq. Çünki Prezidentin də dəfələrlə vurğuladığı kimi, həmin yolun alternativi yoxdur. Elə bu alternativsiz yol hesabına əsasən 2011-ci ildən başlayaraq milli sənayeninin inkişafını sürətləndirmək üçün ölkə ərazisində sənaye parkları və məhəllələri, aqroparklar, biznes-inkubatorlar yaradılmağa başlamış, sahibkarlıq subyektlərinin fəaliyyəti daha intensiv olaraq stimullaşdırılmış, investisiyaların təşviqi daha səmərəli hal almış, qarşılıqlı biznes forumlarının keçirilməsi genişləndirilmiş, "Made in Azerbaijanbrendinin tanınması üçün əməli tədbirlər həyata keçirilmişdir.

Nəticələr göz önündədir. Bu gün Azərbaycanda sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini təxminən 30 faiz üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına əsasən, hələ 3 il əvvəl ölkəmiz Avropada sənayenin ÜDM-dəki payına görə ilk yerlərdə olmuşdur. Özü də sıradan fakt olmayan bu göstərici sənayenin strukturunda mədənçıxarma sektorunun payının azalması, emal sənayesinin xüsusi çəkisinin artması fonunda qeydə alınmışdır. Elə bu faktın özü kifayətdir ki, Azərbaycanda iqtisadiyyatın, o cümlədən sənayenin şaxələndirilməsi siyasətinin real nəticələr verdiyi qənaətimizin əsassız olmaması təsdiqini tapsın.

İndi Azərbaycanda sənayeləşmənin yeni mərhələ dövrüdür. Bu dövrün fərqli tərəfi, daha doğrusu, əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativliyi və ətraf mühitə təsirlərinin azalması, eləcə də rəqabət qabiliyyətinin və ixracının artması, əməktutumlu olmasıdır. Sadalanan xüsusiyyətlərin tələbləri də az deyil. Onların sırasında münasib institusional mühitmakroiqtisadi sabitliyi təmin edən şərait, həmçinin dünya iqtisadiyyatında inkişaf təmayüllərinin nəzərə alınması kimi şərtlər var. Bütün bunlardan əlavə, getdikcə daha çox şaxələnən sənayenin yeni dövrün tələbləri çərçivəsində və qlobal çağırışlara uyğun inkişafı iqtisadi islahatların genişləndirilməsinin ardıcıllığını, xüsusən özəl sektorun mütərəqqi elmi-texniki yeniliklərdən daha fəal bəhrələnməsini, innovasiyalardan istifadə olunmaqla yeni konseptual yanaşmaları, ictimai iştirakçılıq sistemlərinin tətbiqinin vacibliyini tələb edir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qəbul olunmuşdur. Artıq proqramın əhatə etdiyi dövrün sonuna ilyarımdan az qalıb.

Amma indidən demək mümkündür ki, sənəddə qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq. Bəs həmin vəzifələr nədən ibarətdir və onlar qeyd etdiyimiz şərtlərlə üst-üstə düşürmü? Bu suala cavab vermək üçün proqramın özündən sitat gətirək: "Dünya təcrübəsindən də göründüyü kimi, sənayenin inkişafı üçün başlıca şərt makroiqtisadi sabitliyin qorunması və əlverişli biznes investisiya mühitinin yaradılmasıdır. Müşahidələr göstərir ki, sənayenin inkişafı daxili bazarın həcmindən asılı olmayaraq idxaləvəzləyici yanaşmadan ixracyönlü istehsal modelinə keçidi tələb edir. Bunun bir səbəbi kiçik iqtisadiyyatda daxili bazara hesablanmış istehsal həcminin maya dəyəri xərclərinin azaldılmasına imkan verməməsi, digər səbəbi isə daxili tələbatda uzun müddət yüksək artım tempinin təmin edilməsinin mümkün olmamasından ibarətdir. Ölkənin daxili tələbat və yüksək artım potensialına malik ixrac imkanları növbəti illərdə sənaye istehsalının strukturunun təkmilləşdirilməsində xüsusi rol oynayacaq. Sənayenin diversifikasiyası bir sıra xüsusi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrinin qurulmasını tələb edir”. Yəqin ki, bu sitatdan sonra qoyulan suala cavab axtarmağa lüzum yoxdur.

Sonda ölkə sənayesinin son statistik durumuna nəzər salaq: Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyun ayları üzrə açıqladığı məlumata görə, göstərilən müddətdə ölkədə 23,6 milyard manatlıq sənaye məhsulları istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründəkindən 1,8 faiz çoxdur. Bu informasiyada diqqətçəkən digər fakt odur ki, 6 ayda sənayenin qeyri-neft sektorunda məhsul istehsalının artımı 15,7 faiz olmuşdur. Eyni zamanda mədənçıxarma və emal bölmələrində istehsal olunan məhsulların həcmi arasındakı fərq də azalır. Hesabat dövründə həmin fərq 43,9 faizə enmişdir. Yəni yanvar-iyun aylarında istehsal edilən sənaye məhsullarının 69,5 faizi mədənçıxarma, 25,6 faizi emal sektorlarının payına düşmüşdür. Qalan 4,2 faiz elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faiz isə su təchizatı, tullantıların təmizlənməsi və emal bölmələrinin hesabına formalaşmışdır.

Bu dövrdə neft hasilatı 3 faiz azalsa da, emal, yəni qeyri-neft sektoru üzrə ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6, içki istehsalı 65,2, toxuculuq sənayesi məhsulları istehsalı 51,2, kimya sənayesi məhsulları istehsalı 30,4, mebel istehsalı 27,7, qida məhsulları istehsalı 20, maşın və avadanlıqlar, eləcə də kompüter, elektronoptik məhsulları istehsalı 10, tikinti məhsulları istehsalı 8,9, əczaçılıq məhsulları istehsalı 5,7, geyim istehsalı 3,3, ayaqqabı istehsalı 2 faiz artmışdır. Göründüyü kimi, tam olmayan bu siyahı qeyri-neft sektorunda real inkişafı göstərməklə yanaşı, sənayenin şaxələndiyini də sübut edir.

 

Raqif MƏMMƏDLİ

 

Azərbaycan.- 2019.- 22 iyun.- S.1; 4.