Əgər yaşasaydı, 70 yaşı tamam olacaqdı...

 

Tanınmış jurnalist, publisist Surxay Əlbəyli altı aydan çoxdur aramızda yoxdur, ədəbiyyata, haqq dünyasına qovuşub. Əgər sağ qalsaydı, 70 yaşını qeyd edəcəkdi yazın bu son, güllü-çiçəkli ayında. Təəssüfləır olsun ki, ömür vəfa etmədi. İyun ayının 10-da onun yetmişillik yubleyi keçiriləcək. Doğum gününə bütün yaxınları, qohumları, dostları, bir sözlə, surxaysevərlər gələcək. Amma Surxaydan başqa. Qəbri ziyarət ediləcək. Vaxtilə itən dostlarını, nəcib insanları xatırlayan Surxayın indi özü xatırlanacaq, şirin-duzlu sözləri yada salınacaq.

 

Surxayı həyatda fərqləndirən və insanlara sevdirən cəhəti onun dəyişməz xarakteri, vətənpərvərliyi idi. Vətən sevgisi, Ağdam ağrıları ilə yazıb-yaradırdı. Ağdam kimi bir elini-obasını itirdi Surxay. Hər dəfə Ağdamın adı çəkiləndə uşaq kimi ağlayardı. Dözmürdü bu dərdə Surxay. Ağdamın igid qəhrəman oğulları olan Allahverdi Bağırovu, Eldar Bağırovu, Fred Asifi yada salıb, köksünü ötürüb deyərdi: onlar Ağdamın çökməz sütunları idi. Əvvəlcə onlar qəhrəmanlıqla həlak oldular, sonra Ağdam işğala məruz qaldı. Hamını “Ağdam qibləgahımdır” şüarı altında birliyə, torpaqlarımızın müdafiəsinə çağırardı.

Ağdamın işğalından sonra Surxay müəllimin nə gecəsi oldu, nə gündüzü. Ağdamın keçmişi, dünəni və bugünü, eləcə də onun tanınmış ziyalıları haqqında qarış-qarış bölgələri gəzib, didərgin düşmüş soydaşlarından materiallar toplayıb, “Ağdam qibləgahım” adlı ikicildlik toplu şəklində kitab yazıb çap etdirdi. Surxay onun tanıyanların yaddaşında bir cür qalıb. Mən isə onu belə xatırlayıram. Beş ildən çox bir yerdə, “Ədalət” qəzetində işləmişik. Mərd adam idi, qələminə də söz ola bilməzdi. Onunla işlədiyimiz dövr biz ağdamlıların köçkünük şəraitinə düşmüşdü. Yurdumuz-yuvamız işğal altında idi. Ağır, əzablı günlərimizi yaşasaq da, sınmırdıq, həyata nikbin baxırdıq. Ağdamın, Qarabağın tezliklə mənfur düşmən tapdağından azad edilməsinə inanırdıq. O günü gözləyirdi Surxay. Elə bu inamla da yorulmaq bilmədən Qarabağ hadisələrini işıqlandırırdı. Qarabağ həqiqətlərini, xalqımızın başına gətirilən müsibətləri, erməni vəhşiliklərini ürək ağrısı ilə yazaraq dünya ictimaiyyətinə çatdırırdı.

Surxay Əlibəyli Ağdamın işğalından sonra, doğum gününü qeyd eləmədi. Hətta oğlu Altay istədi ki, atasının 60 illik yubileyini təmtəraqlı şəkildə keçirsin, amma Surxay razı olmayıb dedi: “Ağdamsız da yubiley, doğum günü olar? Sağlıq olsun, 70 illik yubileyimi keçirəcəyəm. Bilirsiniz harada? Ağdam şəhərində, and yerimiz olan İmarət Qərvənddə”.

Surxay müəllim həmişə yaxın dostlarına və doğmalarına deyərdi: “Əgər mən ölsəm, məni üzü qibləgahımız olan Ağdama sarı basdırın, onda bəlkə narahat ruhum bir az rahatlıq tapa bildi”. Bəli, 6 aydır Surxay aramızda yoxdur. Ruhu Ağdamda dolaşır. Doğmaları onun doğun gününü Bakıda, özü isə Ağdam şəhərində, İmarət Qərvənddə keçirəcək. Bilirsiniz, onun yubileyində kimlər olacaq? Ağdamın igid oğulları. O oğullar ki, şəhid olub Ağdamda qalıblar, ölməyiblər. O oğullar ki, onların ruhları tezliklə Ağdamın azadlığını gözləyir, bizləri də Ağdama,o doğma yurd yerlərimizin qarı düşməndən azad edilməsinə səsləyirlər.

Allah sənə rəhmət eləsin, Surxay! Ad günün mübarək!

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 8-10 iyun.- S.8.