Adriatik dənizinin incisi - Xorvatiya

 

Bu gün dost Xorvatiya dövlətinin Yuqoslaviyadan ayrılaraq müstəqilliyini elan etməsindən 28 il ötür. 1991-ci il iyun ayının 25-də sonuncu müstəqillik qərarını verən xorvatların tarixində əvvəllər də belə tarixi addımlar atılıb.

Xorvat xalqı ilk müstəqillik qərarını 21 may 879-cu ildə verib. Bu mənada deyə bilərik ki, Xorvatiya respublikası 1991-ci ildə - 1122 il sonra sadəcə müstəqilliyini bərpa edib. Mərkəzi Avropada yerləşib, Adriatik dənizinə çıxışı olan Xorvatiyanın ərazisi 56,6 min kvadratkilometr, əhalisinin sayı təxminən 4,3 milyon nəfər, paytaxtı Zaqreb şəhəridir. İnzibati baxımdan paytaxt ərazisi və 20 rayona bölünür.

Xorvatiya günümüzdə turistlər tərəfindən ən çox arzulanan və gedilən dünya ölkələri arasında 18-ci yerdədir. Dünyadakı ən yaxşı çimərliklərdən 116-sı məhz Xorvatiyanın payına düşür.

Ölkədə illik məhsul istehsalının həcmi 62 milyard dollar, adambaşına düşən gəlir isə 15,2 min dollardır.

Azərbaycanla Xorvatiya arasında yaxşı əlaqələr mövcuddur. Milli dəyərlərlə ciddi diqqət yetirən cəmiyyət kimi tanınan Xorvatiya ilə Azərbaycan arasında xüsusilə enerji-yanacaq sahəsində güclü portnyorluq mövcuddur. Xorvatiya 2009-cu ildən NATO-nun üzvüdür və təbii ki, həmin təşkilat çərçivəsində Azərbaycanla əməkdaşlığı normal qəbul edilməlidir.

Ölkələrimizin rəhbərləri 2005-ci ildən bu yana dəfələrlə qarşılıqlı səfərlər ediblər. İlk səfər 2005-ci ildə prezident İlham Əliyevin Zaqrebə və Xorvatiyanın eks-prezidenti Stefan Mesiçin 2007-ci ilin oktyabr ayında Bakıya səfərə gəlməsi ilə başlayıb. “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi" iki ölkə münasibətlərini daha da genişləndirməkdədir. Bu sənəd bir çox sahələrdə - iqtisadi, müdafiə və təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, turizm, nəqliyyatın bütün növləri, elmi və texniki, ekoloji, informasiya, humanitar, mədəni, gənclər və idman sferalarında əlaqələrin inkişafının "yol xəritəsi"dir. Bütövlükdə Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələri əhatə edən 22 sənəd imzalanıb.

"Azərbaycan və Xorvatiya əsl dostlardır. Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. Çünki biz, 2013-cü ildə müdafiə sahəsində də əməkdaşlıqla bağlı anlaşma memorandumu imzaladıq. Bu baxımdan zabitlərimiz və hərbçilərimiz, əsgərlərimiz bir sıra müxtəlif hərbi kurslarda, hərbi məktəblərdə öz təhsilini artıra bilərlər". Bu fikirləri Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviç deyib. O, deyib ki, Azərbaycanın reallaşdırdığı qaz boru kəməri layihəsində iştiraka və Krk adasında maye qaz terminalının tikintisinə qoşulmağa ümid bəsləyir. Çünki Azərbaycan da Cənubi Qafqazın inkişaf etmiş qovşağıdır və onunla əlaqələrin inkişafı ciddi perspektivlər vəd edir.

Azərbaycan Avropa İttifaqının üzvü olan Xorvatiya ilə real məzmuna malik strateji əməkdaşlıq modeli qura bilib. Dövlət başçılarının söylədikləri fikirlərdən tam aydın olur ki, tərəflər bütün sferalarda əlaqələri daha da inkişaf etdirməkdə qərarlıdırlar. Burada Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyəti olan enerji layihələri və nəqliyyat üzrə proyektlər başlıca yer tutur. Ancaq Xorvatiya və Azərbaycan kənd təsərrüfatı, dərman istehsalı sahələrində əməkdaşlığı yeni səviyyəyə yüksəltməyə hazırdırlar.

Hazırda ölkələrimiz arasında geniş iqtisadi-ticarət əlaqələri mövcuddur. Bu il aprel ayının 29-da Bakıda keçirilən ikitərəfli biznesforumda da qeyd olunduğu kimi, 2018-ci ildə Azərbaycanla Xorvatiya arasında ticarətin həcmi 250 milyon dollar həcmində reallaşıb. O cümlədən, iki ölkənin iş adamları vasitəsilə bu əlaqələrin həcminin daha da genişləndirilməsi qərara alınıb. Elə son biznesforumda da xorvatiyalı iş adamları Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa çağrılıb.

Ümumiyyətlə, Azərbaycan-Xorvatiya münasibətləri bu gün dünya ölkələri arasında əməkdaşlığa bir nümunə sayıla bilər. Xorvatiya ilə Azərbaycanın iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu deyən deputat əlavə edib ki, hər iki ölkə arasında iqtisadi əməkdaşlıqla əlaqədar qarşılıqlı komissiya fəaliyyət göstərir. Qarşıdakı illərdə isə ticarət dövriyyəsinin artırılması və müştərək investisiya layihələrinin reallaşdırılması ilə bağlı müvafiq işlər görüləcək. Bundan başqa, tərəflər arasında kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, gəmiqayırma, yeyinti məhsullarının emalı sahələrində də əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın inkişafı diqqət mərkəzindədir. Səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması da bunu göstərir.

 

Vüsal Tağıbəyli

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Xorvatiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Branko Zebiçi və Səfirliyin bütün əməkdaşlarını təbrik edirik.

 

Həftə içi.- 2019.- 26-27 iyun.- S.4.