Şeir dünyaya göz açan bir körpədir”

 

İstedad vaxtdan, zamandan asılı olmayaraq, həmişə sözünü deyib, deyir və deyəcək. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”mükafatı laueratı Şirin Məmmədovun da müasir ədəbiyyatımızda özünəməxsus xidmətləri vardır. Şairin şeirləri axıcıdır, sadə dildə yazır, bir sözlə, yaradıcılığında dilimizin təmizliyi qorunub saxlanılıb. “Ədəbi düşüncə” rubrikasının elə budəfəki qonağı da AYB-nin üzvü, “Qızıl qələm” mükafatı laueratı tanınmış şair Şirin Məmmədovdur.

Bu gün el-oba həsrəti, yurd-yuva ağrıları ilə yazıb-yaradan şair Şirin Məmmədov söhbətə keçdiyi həyat yolundan başladı. Bildirdi ki, 1959-cu ildə Zəngəzur mahalının Qubadlı rayonunun Gürcülü kəndində doğulub, boya-başa çatıb. 1976-ci ildə Əliqulu-Uşağı kənd orta məktəbini bitirərək, indiki Bakı Dövlət Universtitetnin hüquq fakültəsinin qiyabi şöbəsinə qəbul olub. 1977-1979-cu illərdə hərbi xidmətdə olub: «Hərbi xidmətdən sonra polis orqanlarında sadə polis əməkdaşından tutmuş, pillə-pillə rütbələrlə qalxaraq müxtəlif vəzifələrdə çalışmışam. 1993-2016-cı illərə qədər DİN- in Daxili Tədqiqatlar İdarəsində, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektor vəzifəsində çalışdım və polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxdım».

 

General olmaq arzusu

 

Şirin Məmmədovun uşaqlıq illərindən arzusu hüquqşünas olmaq idi. Onun sözlərinə görə, sabiq Daxili İşlər naziri general-leytenant Arif Heydərov onun əmisidir: «Təxminən, 16 yaşım olardı, atamla Bakıya, Bilgəhdəki Qaçay əmimin bağ evinə gəlmişdik. Arif əmim də həmişə böyük qardaşı Qaçay Heydərova tez-tez baş çəkərdi. Biz onun bağ evində olarkən Arif Heydərov da ailəsi ilə birgə gəldi. O vaxta qədər Arif əmimi görməmişdim. İlk görüşdən hiss etdim ki, o, çox sadə, qohumcanlı insandır. Həyətdə general papağını çıxarıb mənim başıma qoyub dedi ki, “Şirin çox ağıllı və hafizəli uşaqdır. Gələcəyin generalı olacaq”.

Generalın sözü məndə bu sahəyə maraq oyatdı və özümə söz verdim ki, böyüyüb, təhsil alıb əmim kimi general olacam. Amma general ola bilməsəm də, polis polkovnik-leytenantı kimi Vətənə namusla, vicdanla xidmət etmişəm».

 

«Ulu babamız Təbriz elindəndir»

 

Müsahibim şair taleyindən söz açaraq bildirdi ki, Qubadlı Nəbi kimi sərkərdə, Süleyman Rəhimov, Əli Vəliyev, Qasım Qasımzadə, Cəlal Bərgüşadlı, Eldar Baxış kimi ədiblər yetirib. Doğulduğum Gürcülü kəndinin gözəl mənzərəsi, dəvəbelli dağları, sərin bulaqları, yaşıl ormanları, qalın, sıx meşələri, Bərgüşad, Həkəri kimi çayları vardır: «O qədim Oğuz yurdunun hər xırda daşı, çiçəyi, bulaqlarının zümzüməsi, çaylarının şırıltısı, küləklərin həzin pıçıltısı sanki bir ana laylası, həzin bir nəğmə, şeir idi. Belə yerdə yaşayasan, şeir yazmayasan? Əsrarəngiz gözəlliyə, təbiətə malik olan kəndimiz mənim uşaqlıq təxəyyülümdə kövrək hisslər yaradırdı. Zaman-zaman bu hisslər böyüyərək sözə, zərif, kövrək misralara, şeirə çevrilərdi. Yeri gəlmişkən qeyd edim ki, orta məktəbdə ədəbiyyatı çox sevərdim. At çapmağı xoşlayırdım. Yaxşı yadımdadır, boz atımız vardı. Babam deyərdi ki, bu, Nəbinin atının cinsindəndir, bərk qaçardı. Qaçanda atımıza at çatmazdı. Yad adamı minməyə qoymazdı. Ona qulluq edərdim, babamdan gizlin arpa verərdim. Boz atı minib Kəpəz dağının ətəklərində çapardım. At belində dağlara, güllü-çiçəkli yamaclara baxdıqca, özümdə avaz yaranardı, içimdən kövrək duyğular baş qaldırardı. Uşaq yaşlarından çoxlu şeir bilirdimeyni zamanda, şeir yazardım. Rəhmətlik nənəm deyirdi ki, ulu babamız Təbriz elindəndir. Ona görə də Məhəmməd Şəhriyarı daha çox sevirdim, 12 yaşımda “Heydər babaya salam” poemasını əzbərdən bilirdim”.

Onun sözlərinə görə, 12 yaşında bənövşə şeirini yazıb və bu şeirlə də ədəbiyyata gəlib: «Hər dəfə kəndimizə bahar gələndə novruzgülü ilə yanaşı, bənövşə də çıxardı. Kolların dibindən çıxan boynubükük bənövşələrin xoş ətri adamı valeh edirdi. Uşaqlıq illərindən ən çox sevdiyim çiçək bənövşə olubilk şeirimi də elə bənövşə ilə başladım. Həmin ili Qubadlı rayonununAvanqard” qəzetində “Bənövşə” şeirim işıq üzü gördü. İlk şeirim mənə uğur gətirdi. Yeri gəlmişkən deyim ki, orta məktəbdə ədəbiyyat fənnini bizə Hidayət müəllim tədris edərdi, çox savadlı müəllim idi. Mənim istedadımı görüb Hidayət müəllim deyərdi ki, gözəl təbin var, öz üzərində işləsən, yaxşı şair ola bilərsən. Daxili işlər orqanlarında xidmət etdiyim dövrlərdə ədəbiyyata da mütəmadi maraq göstərərdim. Dünya klassiklərinin əsərlərini oxuyub çoxlu mütaliə edərdim. Baxmayraq ki, daxili işlər orqanlarında işlər çox olurdu, amma arada vaxt tapıb şeir də yazırdım».

 

Bayraq” və “Mübariz

şeirim mükafatlara layiq görülüb

 

Şair deyir ki, şeir yazmaq vaxta baxmır. Şeir dünyaya gələn bir körpədir, əsl şeir bədahətən gəlir. O baxmır zamana, harda olmağından asılı olmayaraq uşaq kimi doğulur. Polis orqanlarında çalışdığım dövrlərdə, xüsusilə SSRİ dövründə mərkəzi mətbuatda, ittifaq miqyaslı mətbuatda şeirlərim çap olunardı.

2012-ci ildə “Tarixi yaddaş”adlı şeir toplumdan ibarət ilk kitabım işıq üzü gördü. Söz düşmüşkən deyim ki, “Bayraq” və “Mübariz” şeirlərim bir sıra mükafatlara, eləcə də “Avropa Nəşr Mətbu Evinin “Qızıl” medalına layiq görülüb. Fürsət düşmüşkən deyim ki, tanınmış bəstəkarlar bir sıra şeirimin sözlərinə, hətta mahnılar da bəstələyiblər. Sözlərimə yazılmış mahnılar tanınmış müğənnilərin, xalq və əməkdar artistlərin ifalarında sevilə-sevilə səslənir. “Yaşat məni” və “Bir ürəkdə iki sevda səslənir” kimi sözlərimə yazılmış mahnılar indinin özündə də gündəmdədir.

Şirin Məmmədov şeir kitablarının az olmasının səbəbini vaxtının olmamasında görür: «Şərt qalaq-qalaq kitab çap elətdirmək deyil. Şeir yazmalısan. Yazdığın şeirləri və çap etdirdiyin bərli-bəzəkli kitabları əgər oxucu oxumursa, bəs onda o kitab kimə lazımdır?

Hər bir şairin, yazarın öz oxucusu olmalıdır. Dünən də, bu günklassik şairlərimizi demirəm, Sabir, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Eldar Baxış, Nüsrət Kəsəmənili, dostum Ramiz Rövşən gündəmdədir, hamı onları tanıyır, şeirlərini oxuyur. Qeyd edim ki, 300 səhifəlik poema və şeirlərdən ibarət kitabım artıq hazırdır. Mərhum generalımız Arif Heydərovun haqqında “Oda” əsərini artıq ərsəyə gətirmişəm.

Bu yaxın vaxtlarda çap olunacaq»

Həmsöhbətim sözünü maraqlı bir xatirə ilə tamamladı: «Təxminən, 11 yaşım olardı, meşəyə oduna getmişdim. Qəflətən qarşıdan bir canavar çıxdı. Arxa ayaqlarının üstündə durub, sivri dişlərini şaqqıldadaraq mənə tərs-tərs baxdı. Amma iş-işdən keçmişdi, özümü tez ələ alıb qorxduğumu heyvana büruzə vermədim. Özümü ələ alıb ona bərkdən bədahən bir şeir dedim. Heyvan şeirdən sonra üzmə baxıb getdi...

 

Sən heyvanların şahı,

Mənsə azyaşlı uşaq.

Göyün, yerin Allahı,

Qoy özü olsun kömək.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 8-11 mart.- S.8.