“Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur

 

Qardaş Türkiyə dövləti Cümhuriyyətin qurulmasının 96-cı ildönümünü böyük təntənə ilə qeyd etməkdədirlər. Bu məqsədlə Türkiyənin ölkəmizdəki səfirliyi rəsmi qəbul təşkil edib. Dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin qatıldığı rəsmi tədbirdə öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral açılış çıxışında prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, bir millət və dövlət olaraq türk xalqı son dövrlərdə əhəmiyyətli anlar yaşayır. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaqbununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq.

“Qarşıdakı ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd edəcəyik. Biz dövlət və millət olaraq son illər yenə də bir istiqlal savaşı verməkdəyik. Hazırda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” əməliyyatı da bu mübarizəmizin bir hissəsidir. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaqbununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq", - Türkiyə prezidentinin təbrik məktubunda deyilir.

Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək prezident İlham Əliyevin Türkiyə xalqına təbriklərini çatdırıb. Bildirib ki, Türkiyə ötən 96 ildə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur.

“Azərbaycanla Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsində parlamentlərarası dostluq qruplarının da böyük rolu var. Qardaş dövlətlərimiz beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər və bir qayda olaraq mövqelərimiz üst-üstə düşür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyə ölkəmizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir” deyən Milli Məclisin spikeri əlavə edib ki, iki dövlət başçısı arasında qardaş münasibətləri dövlətlərimizin və xalqlarımızın əlaqələrinə də müsbət təsirini göstərir.

Bu günə qədər ölkələrimiz arasında 240-dan çox ikitərəfli sənədin imzalandığını, 27 sənədin baxılma mərhələsində olduğunu bildirən O.Əsədov deyib ki, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr inkişaf edir: “Ötən il ərzində Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri 3,4 milyard dollardan çox olub. Ancaq bu ilin 9 ayında ticarət dövriyyəsi artıq 3,3 milyard dolları ötüb. Azərbaycanın və Türkiyənin birgə səyləri ilə həm bölgə, həm də dünya üçün önəmli beynəlxalq layihələr həyata keçirilib. Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum və TANAP qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu və digər layihələr xalqlarımızın firavan gələcəyinin təmin edilməsinə yönəlib. İndiyədək Türkiyə şirkətləri Azərbaycana 12,2 milyard dollar, Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,1 milyard dollar investisiya qoyub. Ötən il Türkiyədə istifadəyə verilən “Starneft emalı zavodu qardaş ölkələr arasında birliyinin yeni böyük uğuru olub”.

İndiiki qardaş ölkənin qarşılıqlı münasibətlərinə aniolsa, müəllifin gözü ilə baxaq:

Bu gün Azərbaycan-Türkiyə əlaqələri gücü-qüvvəsi heç nə ilə müqayisə edilməyən qardaşlıq sevgisinə bağlıdır və ölkələrimizin strateji birliyi bölgədə və dünyada sülhün qorunmasına xidmət etməkdədir.Bir millət, iki dövlət” bildiyimiz Azərbaycanla türkiyə arasında qarşılıqlı bağlar cəmiyyətlərimizin mövcud olduğu bütün tarixi dövrlərdə ən yüksək səviyyədə olub. Hər zaman da ölkələrimiz haqlı olaraq bir-birinin sevincini öz sevinci, kədərini öz dərdi bilib. Azərbaycan türkləri zamanında Çanaqqalanın yadellilərdən azad olunması üçün canlarını qurban verib, qadın-qızlarımız qulağının sırğasını, barmağının üzüyünü Çanaqqalada savaşan əsgərlərə xərcləmək üçün göndərib. Türkiyənin şanlı əsgəri də ötən əsrin əvvəllərində Bakıda və ölkənin digər bölgələrində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirən erməni-daşnak birləşmələrini məhv etmək üçün Azərbaycana yürüyüb. Bu gün də minlərlə türk oğlunun tanınan və tanınmayan məzarı Azərbaycan torpaqlarına əmanətdir.

Türkiyə Qarabağ münaqişəsinin ilk günlərindən ölkəmizin haqlı tələblərini müdafiə edir, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbini irəli sürür. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan edib. Türkiyə Azərbaycanı dəstəkləyərək Ermənistandan işğalçılıq siyasətinə son qoymasını tələb edir, işğalçı siyasətinə etiraz olaraq Ermənistanla sərhədini bağlayıb. Bütün bu qardaş həmrəyliyini qısa və konkret olaraq, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və prezident Rəcəb Tayyib Ərdoğanın “Ankara, İstanbul bizim üçün nədirsə, Bakı, Naxçıvan da odur” sözləri ilə təcəssüm etmək olar.

Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir. Konkret olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik aktını qəbul edib və cəmi üç həftə sonra -  noyabrın 9-da Türkiyə onun müstəqilliyini tanıyıb. İki ay sonra - 1992-ci il yanvarın 14-də isə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub.

Hazırda Azərbaycanın Türkiyədə səfiri Xəzər İbrahim, Türkiyənin ölkəmizdə səfiri isə Erkan Özoraldır. Eyni zamanda, Azərbaycanın İstanbulQarsda, Türkiyənin isə Naxçıvan və Gəncədə baş konsulluqları fəaliyyət göstərir.

Ölkələrimizin parlamentləri arasında da sıx əlaqələr mövcuddur. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri isə Şamil Ayrımdır.

İki qardaş ölkə arasında hərtərəfli əlaqələrin artırılması və gücləndirilməsi məqsədilə 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizmi yaradılıb. Məhz bunun ardıyla Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli görüşləri keçirilib, regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli mexanizmlər işlənilib.

Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət BMT, ATƏT, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatın və sairdə vahid mövqe sərgiləyir.

Xəzər dənizi enerji qaynaqlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan Bakı-Tiflis-Ceyhan Neft və Bakı-Tiflis-Ərzurum Qaz Boru kəmərləri layihələrinin reallaşdırılması Azərbaycanla Türkiyə arasında strateji ortaqlığa gedən yolda mühüm addım olub.

Ötən il ölkələrimiz arasında rəsmi ticarət dövriyyəsinin həcmi təxminən 3,5 milyard dollar civarında olub. Bunun da təxminən 2 milyard dolları Azərbaycandan qardaş ölkəyə ixracın, qalanı isə Türkiyədən idxalın payına düşüb. Bundan əlavə, TANAP və TAP təbii qaz kəmərləri, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu xətti ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin həcminin yüksəlməsinə təkan verəcəyinə əminik. Hər iki ölkənin hədəfi 2023-cü ilə qədər ticarət həcmini 15 milyard dollara çatdırmaqdır.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq da tədricən genişlənməkdədir. İki ölkənin silahlı qüvvələri arasında koordinasiyanın inkişaf etdirilməsi məqsədilə mütəmadi hərbi təlimlər təşkil olunur.

Ölkələrimiz arasında təhsil və elmi-araşdırma sahələrində də münasibətlər yüksək inkişaf edib. Yalnız ötən ilin statistikasında deyilir ki, Türkiyənin ali məktəblərində toplam 17 mindən artıq azərbaycanlı tələbə təhsil almaqdadır və əcnəbi tələbələr arasında sayca suriyalılardan sonra ikinci yerdədirlər.

Ölkələrimiz arasında gediş-gəliş də ildən ilə yüksəlməkdədir. Rəsmi hesablamaya əsasən yalnız ötən il Azərbaycana gələn türkiyəli turistlərin sayı 240 minə yaxın olub. Azərbaycandan isə Türkiyəyə 2018-ci ildə 700 min nəfər səfər edib.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralı və səfirliyin bütün əməkdaşlarını, eləcə də bütün türk xalqını təbrik edirik.

 

 

Vüsal Tağıbəyli

Həftə içi.- 2019.- 31 oktyabr. S. 4.