Sonuncu dəfə məndən soruşdu ki, nəsə deyəcəyim varmı..”

 

 

Təxminən 30 ildir Ermənistan ordusunun işğalı altında tapdanan vətən torpaqlarımız, nəhayət, sentyabrın 27-də başlayıb noyabrın 10-da başa çatan 44 günlük müharibə nəticəsində azad edildi. Əlbəttə, zəfərimiz bir xalq olaraq tariximizə yazıldı, amma şəhid qanı ilə. Bu da təbidir, şəhidi olmayan Vətən olmur. Torpaqlarımızı öz canı ilə müdafiə edən və bu yolda şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Elmardır. Kimdir Elmar, həyat yoluna nəzər salaq:

 

 

 

Elmar 2000-ci il iyun ayının 28-də Tovuzun Yuxari Öysüzlü kəndində doğulub. Məktəb həyatına 2006-cı ildə qədəm basan Elmar, Məmməd Qara Mənmədov adına 1 saylı orta məktəbdə parta arxasında oturub. İllər ötür, o, amma tam orta təhsil almır, 2015-ci ildə 9-cu sinfi bitirib, Tovuzdakı Peşə Liseyinə daxil olur. Onda maşına olan böyük həvəs təhsilində də özünü göstərir – liseydə "Avtomobillərin təmiri  cilingəri" ixtisasına yiyələnir.

 

Zaman çox yüyürək olur axı, məktəb illərini arxada qoyan Elmar 18 yaşını tamamlamış, qarşıda vətənə xidmət borcunu verəcəkdi. Belə də olur, ötən il iyulun 9-da hərbi xidmətə yola düşür. Əsgərliyinin ilk 3 ayını Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissədə, ardını isə Beyləqan rayonu ərazisindəki başqa bir hərbi hissədə davam etdirən Elmar, öz istəyi əsasında kəşfiyyat bölüyündə qulluq edib. Çünki onun ən böyük arzusu kəşfiyyatçı olmaq idi. Məhz bu səbəbdən idi ki, hələ uşaq vaxtlarından kəşfiyyatçılardan bəhs edən kitablar oxuyar, filmləri izləyərdi. Düşmənə süprizlər etmək, ön cəbhədə döyüşmək, hər zaman döyüşlərdə irəlidə olmaq istəyirdi. Dəfələrlə məxfi əməliyyata göndərilib və tapşırığı uğurla yerinə yetirmişdi.

 

 

 

Ailəsi deyir ki, əsgər gedəndə o qədər sevinirmiş ki... Sanki müharibənin başlayacağını, düşməndən qisas alacağını hiss edirdi. Hətta atasına deyirmiş ki, işğal altındakı torpaqları geri qaytaracaq, bütün şəhidlərin qisasını alacaq...

 

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Elmar Füzuli istiqamətində döyüşlərə qatılıb. Hücuma kecən zaman komandiri ona xəbərdarlıq edib ki, ailənin tək övladı olduğu üçün arxa sırada yer alsın. Amma o, bir vətəndaş olaraq komandirinin tövsiyyəsinə qarşı çıxıb, etirazını bildirib. Şahidlərin sözlərinə görə, komandirə deyib ki, ön sıradakı əsgər yoldaşlarının yanında olmaq istəyir və heç bir təhlükə, hətta ölüm belə onu bu istəyindən çəkindirə bilməz. Əlbəttə, komandirinin icazəsi əsasında dediyi kimiedir. İş elə gətirir ki, hücum uğurla başa çatır, onlarla düşmən qüvvəsi məhv edilir, texnikası sıradan çıxarılır. Beləliklə, bir-birinin ardıyla uğurlu əməliyyatlar aparan ordumuz Cəbrayıl şəhərinədək irəliləyərək, rayon mərkəzinə üçrəngli Azərbaycan bayrağını sancır. Qələbə sevinci ilə atasına zəng vuran Elmar, "Cəbrayılı aldıq, fəxr edə bilərsən ki, mənim kimi igid oğlun var. Ermənilər silahlarını atıb qaçır, bizqovuruq. Kəndlərimiz, ərazilərimiz bir-birinin ardınca azad edilir”, - deyib.

 

 

 

Atası Elşənin sözlərinə görə, torpaqlarımızı azad etmək üçün əks-hücum əməliyyatları başlayan ilk günlərdə ona zəng vuran Elmar yarızarafat dillə təbriklərini çatdırıb. Deyib ki, arzusuna yetib, ermənilərdən qisas alacaq.

 

Elmar evlərinə son dəfə oktyabrın 13-də zəng vurub, ailəsi, dostları ilə danışıb. Sanki həlak olacağı ürəyinə damıbmış. Hər kəslə vidalaşıb. Deyib ki, müharibə çox dəhşətlidir, hər an hər şey ola bilər. Ailəsi, dostları ilə halallaşıb. Ürəyinə damdığı baş verir, döyüşdə qıçından yaralanır. Lakin yarasını sarıyaraq, döyüşə davam edir. Yenə də komandirin "yaralisan, geri çəkil" əmrini qəbul etmir, yoldaşları ilə yanaşı savaşır. Amma amansız müharibənin özü kimi amansız da sürprizləri olurElmar bu dəfə qarın boşluğundan yaralanır. Bu vaxt bir neçə addım aralıda döyüşən komandirinin həlak olduğunu görür. Heç nə düşünmədən onun meyitini döyüş meydanından çıxamağa çalışır, amma qəfil güllə onu da hədəf seçirElmar oktyabrın 14-də şəhidlik zirvəsinə yüksəlir...

 

 

 

Bu yerdə qeyd edək ki, Elmarın meyiti 15 gün ərzində düşmən gülləsinin qarşısında – bitərəf zonada qalır və bir də oktyabrın 29-da, humanitar atəşkəs elan ediləndən sonra oradan çıxarılır. Ailəsi isə onun barəsində ilk xəbəri 35 gündən sonra – noyabrın 19-da alır. Əlbəttə, övlad acısı bütün ailəni içindən sarsıdır, amma eyni zamanda onlara təsəlli, güc və qüvvət də verir. Çünki bu qürurlu ata-ananın tək oğul övladı Vətən torpaqlarını azad edərkən qəhrəmancasına şəhid olmuşdu...

 

Atası Elşən oğlundan böyük fəxrlə söz açır:

 

- Müharibənin başladığı ilk gün mənə zəng vurmuşdu. Dedi ki, gözünüz aydın, əks-hücuma keçirik. Mən də tapşırdım ki, müharibə zarafat yeri deyil, ehtiyyatlı ol, özünü qoru. Hə, müharibədən bir-iki həftə əvvəl də tanımadığım bir nömrədən zəng gəlmişdi. Açıb “alo” deyən kimi, “Salam əleykum, Elmarın atasısınız?” soruşdu. Dedim hə. Cavab verdi ki, Elmarın komandiridir. Bir az danışdıq, Elmar haqda elə yüksək fikirlər söylədi ki... Ürəyim dağa döndü fəxrdən, atasının başını uca tutmuşdu tək balam.., - qəhərdən boğuldu.

 

 

 

Anası Xoşqədəm xanım da oğlunun itkisindən yanıb-yaxılsa da, qəhrəmancasına şəhid olması ürəyinin oduna su səpirdi. Deyir ki, Elmar zəng vuranda harada olduğunu, çörəyini yeyib-yemədiyini soruşub.

 

- Nənəsi həmişə deyirdi ki, əsgər yerində olar, 14 ay ərzində bir dəfə də olsun qoymadı ki, yanına gedək, - Xoşqədəm xanım gözlərinin yaşını silə-silə sözə başladı. - Nə vaxt soruşurdum ki, Elmar, nə istəyirsən, nə alım, deyirdi heçlazim deyil. Həmişə də hərbi hissədə onlara yaxşı qulluq edildiyini deyirdi, bizi arxayın edirdi ki, onun hiffətini çəkməyək, evdəki kimi hiss edir özünü. Heç yadımdan çıxmaz, fevralda koronaviris ilk yayılmağa başlayanda telefonda bizə deyirdi ki, özünüzü qoruyun... Evdə atasının-anasının sözünü eşidən evlad idi. Məktəbdə məllimləri həmişə razılıq edirdilər. Müharibə başlayandan sonra da hər dəfə zəng vurub deyirdi ki, vəziyyət qaydasındadır, yetər ki, biz yaxşı olaq. Oktyabrın 4-də zəng vurub Cəbrayılın azad edilməsinə görə gözaydınlığı verəndə səsini eşidərdiniz kaş, sevindiyindən yerə-göyə sağmırdı. Axrıncı dəfə oktyabrın 13-də, heç yadımdan çıxmaz, axşam saat 20:25-də zəng etdi. Məndən soruşdu ki, nəsə deyəcəyim varmı. Mən də dedim ki, özünə yaxşı bax, özünü qoru, qalanını da əsgərliyini qutarıb gələndə evdə deyərəm...

 

 

Vüsal

 

Həftə içi.- 2020.- 24 dekabr.- S.11.