Millətçi ermənilər buqələmun kimi rənglərini dəyişə bilirlər...  

 

 

1980-1991-cı illərdə Azərbaycanda yüksək vəzifələr tutmuş və Qarabağdakı bir sıra proseslərin şahidi və iştirakçısı olmuş Telman Orucov “Həftə içi”nə  müsahibəsində müzəffər ikinci Qarabağ savaşından sonra yaranmış reallıqlar barədə maraqlı fikirlər səsləndirib.

 

- Telman müəllim, yüksək  vəzifələrdə uzun illər işlədiyiniz dövrdə Qarabağla,  separatçı ermənilərin  1980-ci illərdə orada  başlatdığı  proseslərlə əlaqəli olmusunuz. Yəni ərazimizin 20 faizdən çoxunun işğalı ilə nəticələnmiş bu münaqişədən kifayət qədər məlumatlısınız. Nəhayət,  təxminən, 30 ildən sonra Ali Baş Komandanın yüksək siyasi-diplomatik  gedişləri və ordumuzun 44 günlük müzəffər yürüşü sayəsində işğal altındakı torpaqlarımızın əksər hissəsi bilavasitə Azərbaycan Dövlətinin nəzarətinə keçdi. Sizin bu haqda  düşüncələriniz maraqlı olar...

 

- Doğrudan da budəfəki savaşda dövlətimiz, ordumuz böyük uğur qazandı. Bugünədək gözləyə-gözləyə nə qazanmışdıq? Ona görə də yaranmış imkandan istifadə olundusa, buna yüksək dəyər vermək gərəkdir.  Keçmiş Dağlıq Qarabağ ərazisi ilə bağlı yerdə qalan məsələlər də, İnşallah, dövlətimizin, xalqımızın gücü sayəsində öz həllini tapacaq. Açığını desək,   ermənilər oralarda yaşamağa meyilli olmayacaq. Odur ki, bütün hallarda 2020-ci il üçün böyük işlər görülüb. Bunu heç kəs inkar edə bilməz... Qələbəmizə kölgə salmaq ədalətsizlik olar. Əsas  vəzifə, demək oar ki, yerinə yetirilmiş, torpaqlarımız, o cümlədən Qarabağın ürəyi Şuşakeçmiş Dağlıq Qarabağdakı bir sıra qəsəbə və kəndlər işğaldan azad olunub. Parovozdan qabağa qaçmağa ehtiyac yoxdur...

 

- Siz Ağdamda 1-ci katib işləyəndə də, parlamentdə, Mərkəzi Komitədə məsul vəzifələrdə çalışarkən də həm vəzifəli, həm də sadə ermənilərlə ünsiyyətdə olmusunuz – yəni onların xarakterinə, xislətinə yaxşı bələdsiniz. Müharibədəki son qələbəmizdən və bütün ərazilərimizdə Azərbaycan  yurisdiksiyası, idarəçiliyi bərpa edildikdən sonra, azərbaycanlılarla ermənilərin sovet dövründəki kimi, məsələn, Xankəndində, Ağdərədə, digər qəsəbə və kəndlərdə dinc yanaşı yaşaması mümkün olacaqmı, sizcə?

 

- Bilirsiniz, hər halda  tarix göstərir ki,  bir-biri ilə müharibə aparmış heç bir millət əsrlərlə bir-biri ilə düşmən olmayıb.  Yəqin ki, müəyyən bir dövr gələndə ağıl mənasız emosiyalara qalib gəlir və insanlar reallığı qəbul etməli  olur.  Ermənilərlə münasibətlərimiz bir az fərqli olub. Şahidiyəm ki, sovet dövründə onların millətçi hissəsi öz əsl simalarını gizlədir, indiki sifətlərini açıq göstərmirdilər. Onlar bir növ bəzi heyvan və həşəratlara xas olan mimikriya xüsusiyyətləri nümayiş etdirirdilər.  Manuçarov, Balayan kimi ifrat qatı millətçilər, mariginallar öz xislətlərini büruzə verirdilər.  Moskvadan xoş bir münasibət, dəstək görəndə özlərindən çıxır, hər cür alçaqlığa hazır olurdular. Ümumiyyətlə, onlar buqələmun kimi dövrlə əlaqədar öz rənglərini dəyişə bilirlər. Bütövlükdə erməni xalqını yox, millətçiləri nəzərdə tuturam... 

 

Ədalət naminə demək lazımdır ki,  1988-ci ildəki məlum hadisələr başlananadək Qarabağdakı sadə ermənilər ekstremistlərin işlərinə qarışmaq istəmir, öz zəhmətləri ilə məşğul olub bir tikə çörək qazanmağa çalışırdılar. Onları əsasən kənar qüvvələr, həmin ekstremist, millətçi qruplar qorxu və təbliğat sayəsində qızışdırır, Azərbaycana qarşı haqsız mübarizəyə vadar edirdilər. Onu vurğulamaq lazımdır ki, erməni millətçiləri yalnız Azərbaycana deyil, öz xalqlarına, Ermənistana da böyük zərbə vurdular. Münaqişə başlananadək ermənilərin çoxu Azərbaycanın, Bakının ən gözəl, rahat guşələrində yaşayırdı. Hər biri yaxşı dolanışığa, yaxşı vəzifələrə yiyələnmişdilər. Azərbaycanın apardığı son Vətən müharibəsi Ermənistanın belini qırdı və yəqin ki, əsl gerçəkliyi anlayanlar üçün böyük bir dərs oldu... Bundan sonra ermənilər Qarabağda titul millət kimi azərbaycanlılarla yanaşı yaşamağa məcburdur. Ermənilərin bunu düzgün anlayacağı  müəyyən sual altındadır. Və ümumiyyətlə, ermənilərin Qarabağda əvvəlkitək gur yaşayacağı ehtimalı azdır...

 

- 1975-1980-ci illərdə Ağdam rayon 1-ci katibi,   1980-1991-ci illərdə respublika rəhbərliyində “Azərittifaq”ın sədri, Tədarük naziri,  Mərkəzi Komitənin katibi, Ali Sovet sədrinin birinci müavini kimi yüksək vəzifələrdə çalışdığınız dövrlərdə Qarabağda separatçı hərəkatın Robert Köçəryan, Serjik Sərkisyan kimi fəal rəhbərləri ilə  işlə əlaqədar ünsiyyətiniz olmuşdumu?

 

- Yadımdadır ki, təxminən, 1988-ci ilin payızında, artıq Qarabağda separatçı hərəkat başlandıqdan 5-6 ay sonra Moskvadan Mərkəzi Komitənin bir məsul əməkdaşıyla birgə Xankəndində ipək kombinatının kollektivi ilə görüşdə olduq. Həmin müəssisədə Robert Köçəryan partiya komitəsinin katibi idi.  Görüş  zamanı onun, üzr istəyirəm, çox həyasız məxluq olduğunun şahidi oldum. Köçəryan Moskvadan gələn Mərkəzi Komitə əməkdaşına  sual verdi ki,  başlatdığımız bu hərəkata görə bizim barəmizdə hansı tədbir görəcəksiniz? MK əməkdaşı cavab verdi ki, heç bir tədbir görülməyəcək. Köçəryan isə sevinclə söylədi ki, mən də elə sizin bu cavabı gözləyirdim. Bundan sonra biz daha fəal, daha şiddətlə hərəkət edəcəyik... Serjik Sərkisyan o vaxt o qədər də tanınmırdı...

 

Xankəndidə daş kombinatının direktoru olan Manuçarov da qatı millətçi, marginal idi. Azərbaycana qarşı hədsiz nifrəti simasından, baxışlarından bəlli olurdu. Hələ  hadisələr başlamamışdan öncə Xankəndidə vilayət komitəsinin plenumunda iştirak edərkən bunun da şahidi oldum.  Orada, təxminən, 20-25 dəqiqəlik çıxış etdim. Hiss etdim ki, həmin Manuçarov mənə elə bir nifrət dolu nəzərlərlə baxırdı ki, sanki onun ən qatı düşməni idim... Vilayət partiya komitəsinin 1-ci katibi Boris Gevorkovdan  öyrəndim ki, bu, Manuçarovdur. Yəqin, onun acığına gəlirmiş ki, niyə azərbaycanlı məmur ermənilərin üzərində rəhbər bir şəxs kimi çıxış edir və belə məzmunlu, səlist nitq söyləyir... Düzdür, o, sonradan SSRİ “KQB” əməkdaşları tərəfindən həbs edildi. Onlar mənim yanımda qürurla dedilər ki, gördünüz biz Manuçarovu həbs etdik. Mən isə cavab verdim ki, qorxuram, Qorbaçov Manuçarovu buraxdırandan sonra sizi cəzalandıra... Doğrudan da heç 10 gün keçmədi, onu həbsdən azad etdilər və separatçı, ekstremist fəaliyyətinə davam etdi...

 

- 1988-ci ildə Qərbi Azərbaycandan ermənilər tərəfindən didərgin salınmış soydaşlarımız bir müddət Qarabağda, Şuşada yerləşdirilsə də, sonra Bakıdan gələn göstərişlə oradan çıxarıldılar. O zaman sizŞuşada olmuşdunuz...  Bu olay birbaşa SSRİ rəhbərliyinin göstərişi ilə baş verdi, yoxsa Azərbaycanın 1-ci katibi Əbdürrəhman Vəzirovun öz  təşəbbüsü idi?.. 

 

- Bu, Moskvanın  və bilavasitə Qarabağdakı xüsusi idarənin rəhbəri A.Volskinin göstərişi ilə oldu.  Volski bunu belə izah edirdi ki, guya Ermənistandan gəlmiş qaçqınlar Qarabağda, Şuşada yerləşsə, ermənilərlə qarşıdurma güclənə bilər.  Doğrudan da Ermənistandakı ev-eşiyindən qovularaq didərgin salınmış soydaşlarımız hiddət içərisində idilər və buna haqları vardı... Əvvəlcə onlar Şuşadan çıxmaq istəmirdilər. Sonradan Vəzirov Şuşanın 6-7 nüfuzlu şəxslərini Bakıya dəvət edib onlarla söhbət etdionlar rayona qayıdıb qaçqınlardan hökmən çıxmalı olduqlarını bildirdilər... Bundan sonra Ermənistandan olan soydaşlarımız Şuşadan çıxarıldı...

 

- Bəs sizin iştirakınız necə oldu həmin prosesdə?

 

- Həmin günlər mən Yevlaxdaİzvestiya” qəzetinin müxbiri ilə birgə ezamiyyətdə idim. Vəzirovun göstərişi ilə Şuşaya yollandım və Qərbi Azəraycandan olan soydaşlarımıza 1-ci katibin tapşırığını çatdırdım. Ancaq onlar buna etiraz etdilər. Mən vəziyyəti Vəzirova məruzə etdim. O isə dediyim kimi, 6-7 tanınmış şuşalıyla söhbətdən sonra onlar Şuşaya qayıdaraq məsələni həll etdilər...

 

- Milisin qərbi azərbaycanlı soydaşlarımızı Şuşadan döyərək çıxarması haqda deyilənlər doğrudurmu?

 

- Xeyr. Bunların hamısı uydurmadır. Milis heç vaxt acınacaqlı vəziyyətdə qaçqın düşmüş soydaşlarımıza qarşı belə bir hərəkət etməzdi...

 

- 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Qarabağda Volskinin xüsusi idarəsi, Polyaniçkonun təşkilat komitəsi fəaliyyət göstərəndə də məsul vəzifəli bir şəxs kimi həmin qurumlarla əlaqəniz, ünsiyyətiniz olub. Hazırda Rusiya sülhməramlıların Qarabağda yaratdığı abı-havanı Volskinin dövrünə bənzədənlər var. Yəni onlar da Volski kimi separatçı rəhbərlərlə ünsiyyət qurur, müzakirələr aparır,  onların Ermənistanla əlaqələrinə şərait yaradır. Rus hərbçilər ermənilərə azərbaycanlılara nisbətən daha çox üstünlük verir.  Hələlik yalnız ermənilərin keçmiş Dağlıq Qarabağda rahat yaşayışını təmin etməyə çalışır, didərgin azərbaycanlıların öz torpaqlarına dönüşü üçün heç bir addım atmırlar... Sizdüşünürsünüz bu barədə?

 

- Arkadi Volski Moskvanın səlahiyyətli nümayəndəsi kimi əslində birbaşa  SSRİ lideri Mixail Qorbaçovun tapşırıqlarını yerinə yetirirdi.  Qorbaçov isə Qarabağda, ümumiyyətlə, keçmiş sovet məkanında  separatçılıq meyillərinin başlanğıcında düzgün mövqe tutmamış, millətlər arasında düşmənçiliyin açıq təzahürünə şərait yaratmış və sonrakı gərgin, silahlı münaqişələrin bünövrəsini qoymuşdur.  Polyaniçkonun isə münasibəti fərqli olsa da,  real imkanları az idi və erməni separatçılarının müqaviməti ona əl-qol açmağa imkan vermirdi...

 

Hazırkı Rusiya sülhməramlıları isə onlara tapşırılan vəzifələri yerinə yetirir. Onlar neytral qüvvə kimi çıxış edirlər. Onlardan nə isə başqa cür münasibət gözləmək, hesab edirəm ki, doğru deyildir. Qarabağdakı ermənilər bizim üçün belə qradasiyaya; separatçıya, ekstremistə, sadə ermənilərə bölünürlər. Rusiya sülhməramlılar üçün bu cür bölgü yoxdur. Onlar Qarabağdakı ermənilərə fərqli münasibət bəsləyirlər... Sülhməramlılar yalnız sülhü qorumağı vacib vəzifə hesab edirlər...

 

Azərbaycan  qalib dövlətdir və məğluba qarşı qəddarlıq göstərməkdən uzaqdır... Qarabağdakı ermənilər də  bizim xoş münasibətdən sui-istifadə etməməli, keçmiş miflər, illüziyalarla yaşamağa son qoymalıdırlar və xüsusən son müharibədəki məğlubiyyətdən ibrət dərsi götürməlidirlər...

 

 

Sultan Laçın

 

Həftə içi.- 2020.- 24 dekabr.- S.3.