Bu dəfəki seçki kampaniyası daha mütəşəkkil keçdi

 

Bildiyiniz kimi, Ermənistan parlamenti Sürixdə Türkiyə ilə münasibətlərin normallaşmasına dair 2009-cu il protokollarını ratifikasiya etməsə də, bu protokollardan imtina üçün əlyeri qoyacaq qanun layihəsini qəbul etmişdir.

İmzalanan protokolların taleyi isə hələlik bəlli deyil. Hafta.az-ın imzalanan Sürix protokolları, son ABŞ-Türkiyə münasibətlərindəki gərginlik, ABŞ Senatının “erməni soyqırımını” tanıması, 9 fevral 2020-ci il tarixində VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər, Yaxın Şərqdəki gərginliyin pik nöqtəsinə çatması və digər məsələlərlə bağlı suallarını Nərimanov 20 saylı 2-ci seçki dairəsindən deputat seçilmiş hüquqşünas, hüquq elmləri üzrə fəlsəfə doktoru Adil Abış oğlu Əliyev cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qarşıdan qondarma erməni soyqırımının növbəti ildönümü yaxınlaşır. Bu ərəfədə istər ABŞ-da, istərsə də Ermənistanda Ankara ilə İrəvan arasında imzalanmış Sürix protokolları gündəmə gətirilir. Hətta ABŞ-dakı erməni lobbisi bu məsələdən yararlanaraq NATO-da müttəfiq olan Türkiyə və ABŞ-ın münasibətlərini daha da gərginləşdirmək istiqamətində səylərini artırıb… 

- Türkiyə dövlətinin rəsmiləri birmənalı şəkildə açıqlama verərək Ermənistan - Azərbaycan münasibətlərində müsbət dəyişikliklər olmayınca bu protokolların imzalanmayacağını, Türkiyə parlamentində ratifikasiyasının ləngiyəcəyini bəyan ediblər. İstənilən halda Türkiyə - Azərbaycan münasibətlərinin önəmli və strateji olduğunubu münasibətlərin digər məsələlər üzərində prioritet təşkil etdiyini aydın şəkildə dərk etməliyik! Türkiyə-ABŞ münasibətlərinin pisləşməsinin kökündə isə Türkiyə dövlətinin Suriyaİraqda öz baza maraqlarını qabartması və Rusiya dövlətindən S-400 raket komplekslərini alması dayanır. Bunu isə öz növbəsində rəsmi Ankara bu tip zenit-raket komplekslərinin NATO dövlətlərindən ala bilməməsi ilə izah edir!

Dağlıq Qarabağ problemini müharibə yolu ilə həll edəcəyimiz təqdirdə bu, protokolların imzalanması Azərbaycan-Türkiyə hərbi-strateji  müttəfiqliyinə təsirli zərbə sayıla bilərdi. Sülh danışıqları prosesi bu gün davam edir.

Bildiyiniz kimi, keçən həftə Cenevrədə Azərbaycan və Ermənistan Xarici işlər nazilərinin 7 saatlıq danışıqları baş tutmuşdur! Ölkə Prezidenti İlham Əliyev cənabları da MDB-nin Aşqabad sammitindən sonra Azərbaycan mətbuatına açıqlamasında bu fikri qabarıq şəkildə vurğulamışdır ki, 2018-ci ilin aprelində Ermənistandakı çevrilişdən sonra rəsmi İrəvan danışıqlar prosesində daha sərt mövqe tutur! Belə bir təhlükə mövcuddur və mən bunu təsdiq edirəm! Lakin irəlidə rəsmi Ankaranın və ümumilikdə qardaş Türkiyənin siyasi elitasının Azərbaycan tərəfinə verdiyi vədlər mövcuddurbizbu vədlərə inanırıq!

- Türkiyə ilə Ermənistanın sərhədlərinin açılacağı təqdirdə erməni tərəfinin yeni iqtisadi güc qazanacağı ilə bağlı səslənən fikirlərə münasibətiniz necədir?

- Çox təəssüflər olsun ki, Ermənistanın arxasında bir sıra super-güclər dayanır! Misal üçün, ABŞ-ın Ermənistana bütün istiqamətlərdə köməklik göstərməsi təəccüblü görünür. Ermənistan Rusiyanın hərbi-siyasi forpostu olsa da, ABŞ Ermənistanı, Dağlıq Qarabağla bağlı məsələlərdə, bəlkə də rəsmi Moskvadan da yaxşı müdafiə edir. Mən burada bir xristian təəssübkeşliyinin elementlərini görürəm! Bütövlükdə problemin həllinə yanaşma tərzinin özü beynəlxalq hüquqnormalara, BMT-nin qəbul etdiyi 4 qətnaməyə, mövcud beynəlxalq təcrübə və praktikaya daban-dabana ziddir. ABŞ-ın Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq cəhdləri aşkar şəkildə sezilir, N.Paşinyanın ətrafının əksəriyyəti ABŞ meyilli kadrlardan ibarətdir və bu bir faktdır! Ermənistan iqtisadiyyatının dirçələcəyinə gəldikdə isə deməliyəm ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistanla sərhədlər açılsa, Türkiyə Ermənistanın iqtisadi məkanını birmənalı olaraq zəbt edəcəkdir!

Bu gün erməni iqtisadiyyatında böyük rola malik Rusiyanın Ermənistana əli çatmır. Çünki Ermənistanın Azərbaycanla, Rusiyanın isə Gürcüstanla sərhədləri bağlıdır. İran isə iqtisadi münasibətlərdə o qədər də fəal deyil. Tehranın özü iqtisadi-siyasi sanksiyalar altındadır. Bu gün İran-ABŞ münasibətəri bütün Yaxın Şərq üçün açıq-aşkar təhdid mənbəyidir. Lakin əminəm ki, erməni iqtisadi sistemi Türkiyə üçün çox kiçik bir bazardır və bu alış-verişdən, təəssüflər olsun ki, Ermənistan daha çox qazanc əldə edəcək! Öncə Türkiyə parlamentinin 2009-cu il Sürix protokollarını ratifikasiya edəcəyini real hesab etmirəm. Əminəm ki, yekun nəticə qardaş Türkiyənin və Türkiyə rəsmi dairələrinin dövlətimizə verdikləri sözə uyğun olacaq!

- Qondarma erməni soyqırımı ilə bağlı ABŞ prezidentinin hər il aprelin 24-də buya digər şəkildə “soyqırım” ifadəsini işlədib-işlətməyəcəyi ilə bağlı mövcud olan diskussiyalara münasibətiniz necədir?

- ABŞ prezidenti Donald Tramp “soyqırım” ifadəsini yenə də işlətməyəcək. Belə bir açıqlama olarsa, növbəti il ABŞ-ın Türkiyəyə qarşı təzyiq vasitəsi əlindən çıxmış olacaq. ABŞ Dövlət Departamenti Konqresdən fərqli olaraq “soyqırım” ifadəsini Türkiyə tərəfinə təzyiq vasitəsi kimi əlində saxlayır. Bundan başqa, ABŞ-da və ümumiyyətlə dünyada mövcud olan nüfuzlu yəhudi lobbisi inanmıram ki, D.Trampın belə bir tarixi yanlışlığa yol verməsinə göz yumsun! Doğrudur, bu gün Türkiyə - İsrail münasibətlərində müəyyən mənada anlaşılmazlıqlar hələ də mövcuddur. Ancaq bu o demək deyiliki ölkə arasında mövcud olan münasibətlər qopma həddindədir. Xüsusilə Kipr qazı ilə bağlı tərəflər arasında yaxın və səmimi dialoq mümkündür! Ona görə də ermənilərin və erməni lobbisinin yəhudi - türk münasibətlərində ortaya çıxan bu anlaşılmazlıqdan istifadə etmək cəhdləri ümid edirəm ki, nəticəsiz qalacaqdır.

- Azərbaycan ABŞ-la müttəfiq, İranla isə qonşudur. İki dövlət arasında çox ciddi və təhlükəli sayılan qarşıdurma mövcuddur

- Son günlər ABŞ-İran münasibətlərinin, bu ilin 3 yanvar tarixində Bağdad Beynəlxalq hava limanında ABŞ pilotsuz zərbə dronu tərəfindən Əl-Qüdsün komandiri general Qasım Süleymaninin qətlindən sonra ən ağır mərhələyə keçməsi, İran tərəfindən ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirilməsi, ABŞ prezidenti D.Trampın İrana aid birbaşa və açıq xəbərdarlıqları təbii ki, regionumuzun təhlükəsizliyinə ciddi təhdid olmaqla yanaşı, Azərbaycan diplomatiyasının qarşısında da yenikonkret vəzifələr qoyur, dövlətimizin aktiv neytral xarici siyasət kursunun düzgün olduğunu bir daha təsdiqləyir!

- Adil müəllim, növbəti sualımız VI çağırış Milli Məclis-2020 seçki kampaniyasının gedişatı və yekunları ilə bağlıdır. Bu məsələ ilə bağlı  Milli Məclis-2020  seçkilərinə münasibətinizi bilmək oxucularımız üçün də maraqlı olardı? 

- Bildiyiniz kimi, seçki kampaniyası artıq arxada qalmışdır və mən bu ayın 9 fevral tarixində əvvəllər də millət vəkili olduğum Nərimanov 20 saylı 2-ci seçki dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişəm! Bu dəfəki Milli Məclis seçkiləri ilə bağlı onu qeyd etmək istərdim ki, bu seçkilər daha mütəşəkkil və sabit atmosferdə keçdi. Ümumilikdə biz gələcəkdə də seçki mədəniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik! Dairəmizdə bir çox sosial-iqtisadi problemlər artıq öz həllini tapmışdır, lakin yenə də bəzi qüsurlar mövcuddur.

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ili Azərbaycanda “Könüllülər ilielan etmişdir. Sizcə, bu məsələ ilə bağlı Azərbaycan cəmiyyəti qarşısında hansı hədəf və vəzifələr dayanır?

- Mən bu məsələ ilə bağlı ilk olaraq qeyd etmək istərdim ki, könüllülük prinsipi beynəlxalq arenada ən vacib kommunikasiya elementlərindən və beynəlxalq dialoq vasitələrindən biridir. Bu institut qısa tarixə malik olsa da, Azərbaycan dövləti və bizlərin hər biri cəmiyyət olaraq öz mental dəyərlərimizə görə hər zaman könüllülük amalına yaxın olmuşuq. Əminəm ki, 2020-ci il Azərbaycanda bir sıra silsilə beynəlxalq tədbirlərin keçirilməsi və könüllülük amilinə öz töhfəsini verməsi ilə yadda qalacaq, yeni ideyalara ev sahibliyi etməyimiz isə ən vacib problemimiz olan Qarabağ probleminin həllində dövlətimizə və xalqımıza yardımçı olacaqdır!”

- Adil müəllim, Sizi VI çağırış növbədənkənar Milli Məclis  seçkilərində Nərimanov 20 saylı II seçki dairəsindən qələbə münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayır və  müsahibəyə görə təşəkkür edirik!

 

Həftə içi.- 2020.- 13-14 fevral.- S.4.