Nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin reintroduksiyası

 

Bu istiqamətdə aparılan davamlı tədbirlər nəticəsində ötən il 36 baş ceyran Şirvan Milli Parkından digər parklara köçürülüb

 

Son illər iqlim dəyişikliyi və antropogen təsirlər nəticəsində planetimizdə təxminən 8 min 600 heyvan növü nəsli kəsilmək təhlukəsi ilə üzləşib. Araşdırmalara görə, son 27 ildə Azərbaycanda da nadir və nəsli kəsilməkdə olan heyvanların sayı 2 dəfə artıb. Qeyd edək ki, “Qırmızı kitab”ın 1989-cu ilin nəşrinə ümumilikdə 107 növ heyvan adı (40 növ həşərat, 5 növ balıq, 5 növ amfibi, 7 növ sürünən, 36 növ quş, 14 növ məməli heyvan) daxil edilsə də, kitabın 2013-cü il nəşrinə 223 növ heyvan salınıb. Ötən müddət ərzində azalma ən çox məməlilər, quşlar, balıqlar arasında qeydə alınsa da, daha təhlükəli vəziyyət məməli heyvanlarla bağlıdır.

 

Qərb alimləri isə apardıqları uzun araşdırmalar nəticəsində müəyyən ediblər ki, planetimizdə nadir heyvanların 72 faizi insanın kənd təsərrüfatı fəaliyyəti nəticəsində məhv ola bilər. Bundan başqa, bir çox fauna da ov ucbatından məhv olmaq təhlükəsilə üzləşib. Alimlərin fikrincə, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasına dair təcili tədbirlərin siyahısı hazırlanmalı və bunun üçün lazımi vəsait ayrılmalıdır.

 

Yeri gəlmişkən, Azərbaycandakı mövcud vəziyyət aidiyyəti qurumların da diqqət mərkəzindədir. Belə ki, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində davamlı olaraq müvafiq işlər görülür. Məsələn, aparılan işlər sırasında Azərbaycan xalqının böyük önəm verdiyi, dastan və şerlərdə vəsf edilən, mifik təfəkkürdə əks olunan ceyran növünün tarixən məskunlaşdıqları ərazilərə köçürülməsi xüsusi yer tutur. 2003-ci ildə yaradılmış Şirvan Milli Parkında mövcud olan 4000 baş ceyran qısa müddət ərzində artaraq 9000 başı keçmişbu əhəmiyyətli növün arealı təbii yolla xeyli genişlənmişdir.

 

Nadir ceyran növünün minimum antropogen təsir göstərmək şərtilə beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif vasitələrlə (keyidici silahtor) tutularaq vaxtilə mövcud olduqları tarixi areallarına buraxılması yolu ilə yeni ərazilərdə bərpasına nail olunması məqsədilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə start verilib. 2010-cu ildən etibarən başlanılan layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA İctimai BirliyiWWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilməkdədir. Keçən müddət ərzində layihənin vacib komponentlərini təşkil edən əsas fəaliyyət istiqamətləri müəyyən olunaraq ardıcıllıqla yerinə yetirilib, Ağgöl Milli Parkı, Qobustan Cəngiçay vadisi, Acınohur –Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilib, 130 başdan yuxarı ceyran tarixi ərazilərinə qaytarılıb.

 

2010-cu il 24 dekabr tarixində “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün buraxılması prosesində iştirak edərək, üzərində peyk vasitəsilə siqnalötürücü xaltası olan ceyranları Qobustan-Cəngiçay ərazisinə buraxıblar.

 

Layihənin icrası üçün tələb olunan avadanlıqlar-ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınıb və layihənin bilavasitə icra prosesində ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək zəruri göstərişlərini veriblər. Bu avadanlıqlar vasitəsilə ceyranların həyat təhlükəsizliyi təmin olunmaqla yanaşı hərəkətlərinin nəzarəti də həyata keçirilir. Həmçinin yerli icma nümayəndələri, xüsusən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınıb. Layihənin gedişatı boyu əhali arasında davamlı maarifləndirmə tədbirləri aparılıb, Cənubi Qafqaz üçün Transsərhəd Birgə Katibliyin (TJS) maliyyə dəstəyi ilə 7000 buklet paylanılıb və 100-dək müvafiq maarifləndirici və qadağanedici lövhələr, yol işarələri hazırlanaraq reintroduksiya ərazilərində yerləşdirilib.

 

Bugünədək 169 baş ceyran Azərbaycanda növün tarixən məskunlaşdığı ərazilərə köçürülüb. 2013-cü ilədək Azərbaycanın 4 regionunda ceyranların mərhələlərlə tutularaq köçürülməsi işi həyata keçirilərək uğurlu nəticələr əldə olunub.

 

2013-cü ilin oktyabr ayında ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası üzrə işlərə start verilərək ilk 10 baş ceyran Gürcüstan Respublikasına göndərilib. Bu tədbirlər nəticəsində regionda davamlı ceyran populyasiyasının formalaşmasına nail olunur ki, bu da ekoloji davamlı inkişaf amillərinə cavab verməklə, həmçinin, ekoloji turizmin inkişafına müsbət təsirini göstərir.

 

2019-cu ildə isə nəsli kəsilmək təhlükəsi altında olan heyvanların reintroduksiyası və tarixi areallarının bərpası çərçivəsində 36 baş ceyran Şirvan Milli Parkından Korçay Dövlət Təbiət QoruğununQax Dövlət Təbiət Yasaqlığının ərazisinə köçürülüb. Bununla da, ötən dövr  ərzində reintroduksiya olunmuş ceyranların sayı 245 başa çatdırılıb.

 

Bundan başqa, 2012-ci ilin sonlarından etibarən zubr (bizon) növünün ölkəmizin vəhşi təbiətinə introduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər NazirliyiWWF-in Azərbaycan ofisi tərəfindən intensiv işlər aparılır. Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında bu sahədə imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş bizonların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiya zooparklarından Azərbaycana 12 baş bizon gətirilib. 2020-ci ildə daha 8 bizonun ölkəmizə gətirilməsi planlaşdırılır.

 

Xatırladaq ki, zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir. Dağ kəli də adlandırılan bu heyvanlar qışda söyud, qovaqs. ağacların qabığını, həmçinin ağac və kolların zoğ və tumurcuqlarını, yayda isə otyarpaq yeyir. Sürü ilə yaşayır. Tarixi dövr ərzində dağ kəli Mərkəzi Avropa meşələrində və Rusiyanın Avropa hissəsinin qərbində yayılıb. XX əsrədək vəhşi dağ kəlilərinin yalnız Rusiyada 2 yarımnövü — Belovejskaya puşşada (100 baş təmizqanlı dağ kəli) düzənlik, Belovejsk dağ kəli və Şimal-Qərbi Qafqazın dağ meşələrində dağ, Qafqaz zubru qalmışdı. Qafqaz dağ kəlisinin erkəyi ilə Belovejsk dağ kəlisinin dişisindən QafqazBelovejsk dağ kəlisi alınmışdır. Zubrların sayını bərpa etmək məqsədi ilə xüsusi məntəqalər yaradılmışdır. 25 ölkədə, o çümlədən ABŞ və Kanadada yetişdirilir. Rusiyada Okaboyu-TerrasOka (Rusiya Federasiyasının Ryazan vilayəti) qoruqlarında, Polşada dağ kəli yetişdirilməsi daha müvəffəqiyyətlə həyata keçirilir. Artıq Belovejskaya puşşada, KarpatdaQafqazda vəhşi dağ kəlilərinin yeni sürüləri yaradılıb.Zubrlar saatda ən azı 80 kilometr sürətlə qaçırlar. Ancaq onları başqalarından fərqləndirən ən əsas məqam zubrların bu sürətlə sürü şəklində qaçmalarıdır.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Sevinc

 

Həftə içi.- 2020.- 12-13 mart.- S.6.