Teatr tamaşaçı ünsiyyəti bu gün virtual formada davam edir 

 

 

 

Ölkəmizdə sərt karantin rejiminin tətbiqi ilə əlaqədar qapıları aylardır bağlı qalan mədəniyyət ocaqları arasında teatrlar da var.

 

C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı İftixar Piriyev hafta.az-a müsahibəsində teatrların mövcud durumuümumi vəziyyətdən danışıb:

 

-İftixar müəllim, artıq ölkəmiz 7 aydan çoxdur ki, COVİD-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya şəraitində teatrlarda durum necədir?

 

- Qəfil gələn pandemiya bəlası başımızın üstünü elə aldı ki, bütün insanların psixoloji vəziyyətinə sarsıdıcı dərəcədə təsir göstərdi. Ümumən dünyada xaos yarandı. Belə olan halda cəmiyyət çıxılmaz vəziyyətə düşdü. Bütün dövlətlər öz vətəndaşlarını qorumaq üçün əllərindən gələni etməyə çalışdılar. Azərbaycan öz əhalisinə daha böyük qayğı göstərməyə, vacib tədbirlərin görülməsi üçün nümunə oldu. Lakin vəziyyət getdikcə kritik hal alırdı. Yaranmış vəziyyətdən qurtarmaq üçün çıxış yolları aranırdı. İlk növbədə təcrid olunma və müxtəlif üsullarla qorunma metodlarından istifadə edilməyə başlandı. Beləliklə həm yoluxmanın qarşısının alınmasına, həm də yoluxan insanların mümkün qədər tez sağalmasına çalışılırdı. Heç şübhəsiz ki, belə vəziyyətdə bütün teatrlar öz sevimli tamaşaçıları ilə canlı görüşmək imkanından birdən-birə məhrum olundular. Ancaq həm tamaşaçılarımızın psixoloji vəziyyətinin yaxşılaşmasına xidmət göstərmək məqsədi ilə, həm də teatrın fəaliyyətinin dayanmamasını təmin etmək üçün biz virtual məşqlərlə yanaşı, virtual görüşlər keçirməyə, yootube vasitəsi ilə virtual tamaşalar nümayiş etdirməyə başladıq. Eyni zamanda da tamaşaçılarımızla görüş fasilələri yaranmaması üçün Zoom proqramı vasitəsi ilə keçirdiyimiz konfransları ictimailəşdirdik. Teatrların öz tamaşaçıları ilə əlaqələrinin qırılmaması üçün bu üsullarla onların görüşünə gəldik. Əlbəttə ki, belə üsullar kifayət qədər qənaətbəxş olmasa da, hər halda öz səmərəsini göstərdi. Hər gün nümayiş olunan tamaşalarımıza saysız-hesabsız tamaşaçı baxışı olurdu. Belə bir gərginlikdə virtual tamaşalara bu cür tamaşaçı diqqətinin olması bizi həm sevindirir, həm də bu vəziyyət sevimli tamaşaçılarımızın daim teatrlara olan ehtiyaclarını təsdiq edən amil kimi özünü göstərirdi. Teatr və tamaşaçı ünsiyyəti bu gün də məhz virtual formada davam etməkdədir.

 

-Hazırda aktyorlar nə işlə məşğuldur?

 

-Bizim ən böyük məqsədimiz aktyorlarımızı pandemiya bəlasından qorumaqdır. Ona görə də onların təcrid olunmasaını davam etdiririk. Lakin sənətkarlarımızın ruhdan düşməməsi, daim formada qalması üçün onlara, fərdi qaydada bədii qiraətlə məşğul olmaq, monoloqlar üzərində çalışmaq tapşırıqları verilmişdir. Hazırlanan nümunələr isə həm teatrımızın, həm də hər kəsin öz facebook səhifəsi vasitəsi ilə yayımlanmaqdadır. Ən başlıcası isə, teatrımızın rejissorları aktyorlarımızla Zoom proqramı vasitəsi ilə repertuarımızda olan əsərlərin məşqlərini davam etdirir. Bu da onların dayanmadan çalışmalarını, öz sənətlərinə olan həvəslərinin yaşamasını təmin edir.

 

Deməliyəm ki, İrəvan Teatrı yarandığı zamandan etibarən daim çətinliklər əhatəsində çalışmışdır. İstər İrəvanda fəaliyyət göstərdiyi dövrdə, istərsə də indikideportasiyada olduğu müddətdə. Heç zaman öz binası olmayan bu sənət ocağının yaşantılarını təsəvvür edin. Lakin 2008-ci ildə ölkə rəhbərimizin qayğısı ilə teatrımız bütün tarixi boyu ilk dəfə öz hüquqi ünvanı ilə təmin olundu. Hazırda binamızda əsaslı təmir işləri aparılır. Yaxın zamanda biz hazırladığımız tamaşaları artıq öz səhnəmizdə oynaya biləcəyik. O ki, qaldı teatrımızın pandemiya dövründə rastlaşdığı çətinliklərə, əlbəttə ki, digər teatrlar kimi pandemiya bizi də ağır vəziyyətə saldı. Ən önəmlisi premyeralarımızın ləngiməsi, intensiv tamaşaçı görüşləri, hər gün bir neçə tamaşa üzərində canlı olaraq yaradıcılıq işlərinin aparılması, gündəlik ünsiyyət və sair kimi həyat həqiqətlərindən məhrum olunduq. Ancaq buna baxmayaraq biz, heçruhdan düşmürük. Çünki yuxarıda da qeyd etdiyim kimi İrəvan Teatrının taleyinə həmişə ağır şəraitdə çalışmaq nəsib olmuşdur və hər bir çətinliyə vərdiş etdiyinə görə, pandemiya dövrünün çətinliklərini də təbii qarşıladı və dərhal həmin çətinliklərə adaptasiya olmağa başladı.

 

-Teatrın binasının açılış tarixi barədə nə deyə bilərsiniz?

 

- Təmir prosesi davam edir. Plan üzrə bu ilin sonuna qədər təmirin yekunlaşması nəzərdə tutulur. Lakin hazırda konkret tarix barədə fikir söyləyə bilmirəm. Bircə onu deyə bilərəm ki, möhtəşəm bir açılış olacağına əminliklə inanıram. İrəvan Teatrı bu möhtəşəm açılışı haqq edir. Onun strateji əhəmiyyəti və 139 ildən sonra qismətinə nəsib olmuş belə fürsət diqtə edir deyim ki, mən bu açılışı başqa səviyyədə görə bilmirəm.

 

-Hazırda hansı yeni tamaşalar üzərində işləyirsiniz? Premyerasına hazırlaşdığınız tamaşa varmı?

 

-Qeyd etdiyim kimi, biz Zoom proqramı vasitəsi ilə məşqlər aparırıq. Hazırda üç yeni əsərin məşqləri gedir. Ölməz V.ŞekspirinKral Lir” (rej: E.Mirzəyev), Ə.HaqverdiyevinKimdir müqəssir” (rej: S.Əliyev) Özbəkistanın tanınmış dramaturqu Q.NarqbilinBeş dulbir rəis” (rej: N.Mirzəzadə) əsərləri üzərində çalışırıq.

 

- Pandemiya dövründə teatrlara dövlət tərəfindən dəstək verildimi?

 

- Bəli... Öncə onu deyim ki, dövlətimizin qayğısını biz daim öz üzərimizdə hiss edirik. Dövlətimiz və dövlətimizin rəhbəri maddi və mənəvi dəstəyini bütün sahələrdən əsirgəmədiyi kimi teatrladan da əsirgəmədi. Həm dövlət təltiflərindən, həvəsləndirici mükafatlardan kənarda qalmadıq, həm də maaşlarımız vaxtı-vaxtında ödənildi. Əməkdaşlarımıza diqqət və qayğının artırılması, onların sağlamlığının qorunması istiqamətində təlimatlar daim diqqətdə saxlanıldı və s.

 

-Adətən sentyabr ayında teatrlar yeni mövsümü açırlar. Əgər yaxın zamanlarda teatrların fəaliyyətinə qoyulan məhdudiyyət aradan götürülərsə, tamaşaçılar qarşısına çıxmağa hazırsınızmı?

 

-Tam hazır vəziyyətdəyik və biz həmin günü səbirsizliklə gözləyirik. Çünki bizim zəngin repertuarımız mövcuddur. Bundan başqa yuxarıda da dediyim kimi üç yeni, bir-birindən fərqli janrlarda əsərlər üzərində yaradıcılıq işləri aparırıq və biz həmin tamaşaların premyeralarının təqdimatı üçün fürsət gözləyirik. İnanırıq ki, yaxın zamanlarda pandemiya bəlası ötüşəcək və bizöz sevimli tamaşaçılarımıza qovuşacağıq.

 

Sevinc

 

Həftə içi.- 2020.- 24-30 sentyabr.- S.11.