“Hökümət iaşə obyektlərində çalışan işçilərə dəstək verməlidir”

 

Milli Kulinariya Mərkəzinin rəhbəri, Azərbaycanın əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun Hafta.az-a müsahibəsi

 

 

 

-Tahir müəllim, “COVİD 19” pandemiyası demək olar ki, bütün sahələri iflic edib. Sizin fəaliyyətinizdə hansı çətinlikləri ortaya çıxarıb?

 

- Məlum olduğu kimi, koronavirus bəşəriyyətin başının üstünü qəfil aldı. Ən qabaqcıl ölkələr belə bu virusa qarşı mübarizəyə hazır deyildi. Hər gün planetimizdə yüzlərlə insan bu bəlanın qurbanına çevrilir. İqtisadiyyat tənəzzülə uğrayır. İstehsal həcmi azalır. Hətta işsizlik az olan ölkələrdə işsizlik kəskin şəkildə artır. Azərbaycan, eləcə də xidmət dairəmizə daxil olan fəaliyyət sahəsi də bu baxımdan istisna təşkil etmir. Bilirsiniz ki, ölkədə karantin elan olunandan toylar təxirə salındı, restoranlar fəaliyyətini dayandırdı. İaşə xidməti sahəsində işsizlik problemi daha acınacaqlı həddə çatdı. Hazırda bu sektorun işçilərinin təxminən 80 faizi işini itirib. Aşpazlar, ofisiantlar, qabyuyanlar, xadimələr və sairələri günəmuzd işlədiklərindən gəlirsiz qalıblar. Bir məqamı vurğulayım ki, onların əksəriyyəti əmək müqaviləsi olmadan çalışırdı. Ofisiantların, demək olar ki, hamısı gənc oğlanlardır. Təsəvvür edin insanlar 6-7 aydır maaş almırlar. Necə ola bilərlər? İndi onların bəziləri taksi fəaliyyəti ilə məşğuldurlar, bəziləri isə kənd təsərrüfatında məhsul yığımına cəlb olunublar. Digər tərəfdən, restoranlar fəaliyyətini dayandırdığından ordakı avadanlıqlar da sıradan çıxmağa başladı. Bu isə restoran biznesi ilə məşğul olanlar üçün ciddi zərbədir. Düzdür, indi restoranlar qismən fəaliyyətlərini bərpa ediblər. Amma vəziyyət hələ də yaxşı deyil. Çünki, ölkəyə gələn turistlərin qarşısı kəsilib. Onlar restoranlar üçun çox böyük qazanc yeri idilər. Ölkə daxilində isə insanlar pullarını restoranda xərcləmək istəmirlər. Tutaq ki, əvvəl restoranda oturan şəxs cay, kofe və yanında da müxtəlif şirniyyatlar sifariş verirdisə, indi bir stəkan çay içib durur. Əslində insanları da qınamalı deyil. Onların da çoxu qazanc yerini itirib, əvvəlki kimi gəlirləri yoxdur. Digər faktor isə ondan ibarətdir ki, restoranlarda nahar edən təbəqə də artıq evdə yemək yeməyə adət edib. Ümumiyyətlə, hesablanmış qaydalara görə, 180 yerlik restoranda 6 nəfər oturub yemək yeyirsə, onlar yalnız zalın işıq pulunu ödəyir. İndi 500 yerlik restoranda 150 nəfərin oturması qaydasının tətbiq edilməsi gəlirləri daha da azaldır. Hesab edirəm ki, əgər vəziyyət düzəlməyə doğru gedərsə belə, restoranlar minimum yanvar- fevral aylarına qədər bu şərtlər altında işləyə bilməyəcəklər. Əgər dövlət onların əlindən tutub, vəziyyətdən çıxarmasa, restoranlar müflis olacaq. Bu zaman isə onlarda çalışan insanlar işsiz qalacaqlar. Bu, çox böyük bir kütlədir.

 

-Bununla bağlı hökümətə müraciət etməyi düşünürsünüzmü?

 

- Biz bu barədə təkliflər hazırlayaraq artıq hökümətə təqdim etmişik. Həmin təkliflərdə bildirmişik ki, restoran icarədarlarının kommunal, icarə xərclərinə güzəştlər edilsin. Eyni zamanda, hökümət iaşə obyektlərində çalışan işçilərin əməkhaqlarının ödənilməsinə minimum da olsa dəstək göstərsin. Bu dəstək olmazsa illərlə formalaşdırılmış peşəkar işçi bazası dağılacaq.

 

-Bəs, müraciətinizə cavab verilibmi? 

 

-Hələlik cavab almamışıq. Amma hesab edirəm ki, hökümət bu məsələyə biganə yanaşmayacaq. Necə ki, dövlət neçə aydır pandemiya səbəbində işsiz qalan vətandaşlara 190 manat həcmində yardım edir. Düşünürəm ki, hökümət bununla bağlı da müsbət qərar verəcək.

 

- Pandemiya rəhbərlik etdiyiniz Mərkəzin fəaliyyətinə necə təsir edib?

 

-Bu il biz üzvlük haqları almırıq. Bilirsiniz ki, ictimai təşkilatın yaşaması üçün üzvlük haqqı vacib məsələdir. Bizim 500-dən çox üzvümüz var. Təxminən 40 min manat itirdik. Axı, restoranlar özləri ac olduğu təqdirdə, biz onlardan necə üzvlük haqqı tələb edə bilərdik? Bundan başqa bizim xaricdə, eyni zamanda, ölkə daxilində olan böyük tədbirlərimizin hamısı dayandı. Amma buna baxmayaq biz evdən də işlərimizi davam etdirdik. Bu il İrəvan xanlığının bölgə mətbəxi haqqında kitab hazırladıq və həmin kitabda ermənilərin milli mətbəximizdən bəzi xörəkləri öz adlarına çıxardıqları da öz əksini tapıb. Bakı mətbəxində istifadə olunan xörəklərdən ibarət yeni kitab üzərində də işləyirik.

 

- Bəs, sizin əməkdaşlar arasında koronavirusa yoluxma halı qeydə alınıbmı? Özünüzü koronavirusdan necə qoruyursunuz?

 

- Bizdə koronavirusa yoluxma baş verməyib. Bütün qaydalara evdə də, işdə də əməl edirik. Hazırda dövlət də çox çətin vəziyyətdədir, dövlətin də yükü ağırlaşdı. Amma dövlətimiz yenə də vətəndaşının yanındadır.

 

- Tahir müəllim, koronavirusun tüğyan elədiyi bir zamanda diqqət çəkən məqamlardan biridüzgün qidalanmadır. Məlumdur ki, hansısa xəstəliklə mübarizədə vacib amillər sırasında sağlamdüzgün qidalanma önəmli yer tutur. Baş kulinar olaraq əhaliyə hansı məhsullara üstünlük verməyi tövsiyə edərdiniz?

 

-İlk növbədə virusdan qorunmaq üçün sağlıqlı olan bütün qidalar yeyilməlidir. Hazırda meyvə-tərəvəz nə qədər istəsəniz var. Qida rasionumuza meyvə-tərəvəz, zülal tərkibli qidalar əlavə etsək, sağlam olarıq. Hərdən də ət, balıq, toyuq, yumurta yeyilməlidir. Göy-göyərtidən vitaminləri almalıyıq. Tərkibində C vitamini olan qidalara üstünlük verməliyik. Yaxşı qidalanmaq lazımdır. Amma bu qidaların yaxşı və qaydasında bişməsi də vacibdir. Yəni, insan sağlamlığının ilkin şərti düzgün qidalanmadır. Mağazalardan alınmış yarımfabrikatlardan, şirniyyatlardançipsi kimi məhsullardan uzaq durmaq lazımdır. Çünki bu qidalar orqanizm üçün olduqca zərərlidir. Koronavirusla profilaktika üçün hər gün 2-3 dənə mixəyin ağızda saxlanması məsləhət görülür. Eyni zamanda gün ərzində 4 dəfə zəncəfil çeynənmək, həmçinin səhərlər ac qarına bal yemək, propolis çeynəmək lazımdır. Bal qəbulundan yarım saat sonra isə səhər yeməyi yeyilə bilər. Bütün bunlar bədənin immun sistemini qaldırır və xəstəliklərlə mübarizə üçün güclü orqanizm yaradır. Hazırda bir çox məhsul istifadə olunmalıdır ki, bədən özünü toparlasın və güclü olsun. Protein olaraq mütləq ət məhsulları da qəbul edilməlidir. Amma istifadə edilən məhsul mütləq təzə olmalıdır. Koronavirsundan qorunmaq üçün bol miqdarda göy-göyərtilərin yeyilməsi vacibdir.  Eyni zamanda insanlar steressə qapılmamalıdır.

 

Həftə içi.- 2020.- 24-30 sentyabr.- S.9.