Uşaqlara qarşı zorakılıq

   

  

Ekspertlər valideynləri diqqətli olmağa çağırırlar

 

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, hər il dünyada 2-17 yaş arası təxminən bir milyarda yaxın uşaq fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qalır. Azərbaycanda isə ötən ilin 9 ayında uşaqlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərin ümumi sayı 159 olub. Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub. Görülmüş işlər nəticəsində 2019-cu ilin 9 ayı ərzində respublikada uşaqlara qarşı törədilmiş cinayətlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 24 fakt, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərin sayı isə 38 fakt az olub. Ötən ilin I yarısında Azərbaycanda azyaşlıların cinsi toxunulmazlığı, cinsi azadlığı əleyhinə olan cinayətlər, habelə azyaşlıların fahişəliyə, əxlaqsız əməllərə cəlb edilməsi üzrə 57 cinayət işi başlanıb. Həmin cinayət işlərinin 12-si Cinayət Məcəlləsinin 150-ci maddəsi, 40-ı 152-ci maddəsi, 5-i 153-cü maddəsi üzrə olub. 2019-cu ilin birinci yarımilində, ümumilikdə, 38 cinayət işi üzrə istintaq tamamlanaraq məhkəmələrə göndərilib. Həmin işlər üzrə bəraət hökmü olmayıb. Cinayət işləri üzrə 19 şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) uşaqların şiddətə məruz qalmaması üçün qabaqlayıcı tədbirləri açıqlayıb. Qurumun mütəxəssisləri valideynlərə tövsiyə edirlər ki, ailələr övladlarını zorakılıqla bağlı maarifləndirməlidirlər: “Onu narahat edən hallarda sizinlə, müəllimləri və məktəb rəhbərliyi ilə danışmasını öyrədin. Özünü necə qoruya biləcəyinə dair məsləhətlər verin. Uşağınıza pul, mobil telefon, MP3 və ya digər maddi dəyəri yüksək olan əşyaları yanında gəzdirməməyi tapşırın və buna icazə verməyin. Məktəbə yaxın və yaxşı dostları ilə gedib gəlməyini məsləhət verin. Son dövrlər internet uşaqların şiddətə məruz qalmasında əsas faktorlardan birinə çevrilib. Uşağınızın internetdən istifadəsinə nəzarət edin. Onu sosial şəbəkələrdə qarşılaşa biləcəyi təhlükələrdən agah edin. İctimai nəqliyyatda hər-hansı təhlükə ilə üzləşərsə, yaxınlıqdakı böyüklərdən kömək istəməsini söyləyin. Qohum belə olsa, uşağınızı heç kəslə tualetə göndərməyin. Vücuduna heç kəsin toxunmasına icazə verməməsini başa salın. Qorxudaraq deyil, açıqlayaraq öyrədin. Özünü öpdürmək istəmirsə, zorla öpməyin. Heç vaxt uşağınızın dodağından öpməyin. Övladınızla dost yox, valideyn olun. Sıxlıq olan ictimai nəqliyyatda "dayının", "xalanın qucağında otur" deyib tanımadığı adamlarla yaxınlıq etməyi öyrətməyin. Yad adamlara xitabən "dayı səni döyər, xala səni döyər" deyib, istənilən adamın ona şiddət göstərə biləcəyi fikrini aşılamayın. Övladınıza bol-bol sarılın, qucaqlayın sevginizi göstərin. Siz sevginizi hiss etdirməsəniz övladınız bunu kənarda axtararbu zaman da şiddət göstərən şəxslərin hədəfinə tuş gələ bilər”.

Yeri gəlmişkən, ötən ilin sonlarında Tovuz rayonunda itkin düşən və bu yaxınlarda yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər NazirliyiBaş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. Hazırda üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cəza çıxış yoludurmu?

Xatırladaq ki, Azərbaycan Cinayət Məcəlləsinin 22-ci fəsili birbaşa yetkinlik yaşına çatmayan şəxslərin əleyhinə olan cinayətlərə həsr olunub. Məsələn, 170-ci maddədə yetkinlik yaşına çatmayan şəxslərin cinayət fəaliyyətinə cəlb etmə, 171-ci maddədə yetkinlik yaşına çatmayan şəxsləri fahişəliyə cəlb etmə, 176-1-ci maddədə yetkinlik yaşına çatmayan şəxsləri məcburi nikaha cəlb etmədən bəhs olunur. 144-cü maddədə insan alveri ilə bağlı müddəalar var. 149-cu maddədə zorlama cinayətindən bəhs edilir. Bundan başqa sözügedən qanunvericiliyə görə, cinsi əlaqədə olmaya seksual xarakterli digər hərəkətlər 16 yaşına qədər olan şəxslərə qarşı törədildikdə 3 ilə qədər, 14 yaşına qədər olan şəxslərə qarşı törədildikdə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, uşaqlara qarşı zorakılıqla bağlı SOS siqnalı çalınmalıdır: “Əslində biz səbəbləri dolayısı ilə axtarmamalıyıq. Səbəb olduqca konkretdir. Bir cəmiyyətdə ki, get-gedə maddi dəyərlər hegemon rol oynayır, mənəvi dəyərləri təzyiq altında saxlayır, o cəmiyyətdə eybəcər hadisələrin günbəgün üzə çıxması qaçılmazdır. Bu, heç kimin iradəsindən asılı deyil, bu, cəmiyyətin qanunudur. Cəmiyyətin qanunu olduğuna görə də min illərdir ki, bütün müdrik insanlar, peyğəmbərlər, dini kitablarda bizi mənəvi dəyərlərə üstünlük verilməsinə çağırıblar. Çünki mənəvi dəyərlərə üstünlük veriləndə cəmiyyət öz-özünü tənzimləyir, özündə mütərəqqi hallar yaradır, gərginliyi aradan çıxardır. Əksinə olanda, mənəvi dəyərlərə etinasızlıq çoxalanda, maddi dəyərlər aparıcı rol oynayanda cəmiyyətdə gərginlik artır və iyrənc hallar qeydə alınır. Əslində mən bir sosioloq olaraq on ildir ki, həyəcan təbili çalıram. Təcili fəaliyyət proqramı hazırlanmalı və həyata keçirilməlidir. Yoxsa bir ziyalının, bir məmurun söz deməsi, fikir bildirməsi ilə problemlərimiz azalmayacaq. Cəmiyyət günü-gündən mürəkkəbləşir, qloballaşır. Ona görə də elmi təminata böyük ehtiyac yaranır. Kimsə dünyanın hər yerində bu cür halların qeydə alınmasını əsas gətirərək fikir irəli sürürsə, yanılır. Bizim on milyon vətəndaşımız var. On milyonun bir neçə milyonu kənardadır, bir neçə milyonu da uşaqlar və qocalardır. Az bir qisim aktiv insanlardır. Nə var ki, yerdə qalan bir neçə milyonu qəlibə salmağa, mənəvi dəyərlərini dəyişməyə, istiqamət verməyə? Sadəcə olaraq bu işi görmək və mütəxəssisləri cəlb eləmək lazımdır. Əks təqdirdə cəmiyyət daha da eybəcərləşəcək və cəmiyyətdə deqradasiyaya uğramış ünsürlər artacaq”.

Həssas ailələrlə aparılmasına ehtiyac var

Məsələyə münasibət bildirən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hesab edir ki, əslində uşaq zorakılığı ilə bağlı təqdim edilən faktlar üstü açılmış cinayətlərdir. Onun fikrincə, hüquqi müstəviyə çıxarılmayan kifayət qədər cinayət var. “Məsələn, ötən ilin birinci yarısında azyaşlıların əxlaqsızlığa cəlb edilməsi ilə bağlı üstü açılmış 57 cinayət faktıdır ki, onlarla bağlı artıq cinayət işi başlayıb. Yəni artıq bu cinayət hadisələri ilə bağlı rəsmi şəkildə aidiyyəti qurumlara müraciət olunub, fakt araşdırılıb və öz təsdiqini tapıb, istintaq başlayıb. Bizim sığınacaqda yerləşdirilən uşaqların xeyli faizi cinsi zorakılıq qurbanlarıdır. Onlar ayrı-ayrı illərdə bu cinayətin qurbanı olublar. Ümumiyyətlə, baxımsız şəraitdə olan uşaqların hər biri potensial cinsi zorakılıq qurbanıdır. Çünki onlara zamanında diqqət ayrılmadığı üçün, müxtəlif qruplaşmaların, eləcə də ayrı-ayrı şəxslərin qurbanına çevrilirlər, o uşaqları əxlaqsızığa cəlb edircinsi zorakılığa məruz qoyurlar. Bu günə kimi bu istiqamətdə üstü açılmayan cinayətlər də çoxdur”.

Ekspert onu da vurğulayıb ki, Azərbaycanda uşaqların hüquqları üçün sosial xidmətlər yaradılmalı və həssas ailələrlə   aparılmalıdır: “Valideynlərə izah etmək lazımdır ki, bir uşağa qarşı zorakılığı gizlətməklə böyük səhv edirlər. Onlara yardım edilməsə,  qorxaq, gələcəkdə xəyanətkar insan, ya da qatı cinayətkar kimi formalaşacaq. Çünki ona qarşı zorakılıq olub. Hər bir zorakılıq faktı olan cinayəti araşdıranda məlum olur ki, həmin şəxs uşaq vaxtı travmalar alıb. Təbii ki, zorakılığa məruz qalan uşaqlarla ilk ünsiyyəti valideynləri yaradır. İkincisi, vaxtının çox hissəsini keçirdiyi tədris müəssisəsidir. Məktəbdə müəllim uşaqla ünsiyyəti zamanı onun narahatlığını, susqunluq görərsə, məsələni araşdırmalı, ailə ilə danışmalıdır. Çünki bir çox hallarda uşaqların zorakılıq faktları gizli qalır. Uşağı şiddət gördüyünü hiss edən psixoloqu ailəni, İcra Hakimiyyətlərinin tabeliyində olan qəyyumluq komissiyasını və hüquq-mühafizə orqanlarını dəvət etməli, onların hüquqları qorunmalıdır. Ailə və qurumlar birlikdə əməkdaşlıq edərsə,  problem həll olunacaq”.

Ötən il zorakılığa məruz qalan uşaqların sayı artıb

Məsələyə münasibət bildirən “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova isə deyib ki, cəmiyyətimizdə həm qızlar, həm də, oğlanlar cinsi zorakılığa məruz qalırlar: “Bu cür uşaqların reabilitasiyası zamanı ailəsinə, cəmiyyətə qaytarılmasına çalışılmalıdır. Təəssüflər olsun ki, bizim cəmiyyətdə uşaqlar bu barədə məlumat verməyə qorxur, ailənin xəbəri olmur. Təhsil ocaqları bu cür mənfi hallarla bağlı məlumatları gizlədirlər. Ona görə də həmin halların baş verməməsi üçün çalışmalıyıq ki, uşaqlarla mütəmadi ünsiyyət quraq, maarifləndirmə işləri aparaq. Əslində valideyninuşaqla münasibəti normal olmalıdır. Onlar elə şərait yaratmalıdır ki, uşaq onlara bütün çətinliklərini, problemlərini bildirsin. Zorakılıqla bağlı fəaliyyət göstərən xidmət mərkəzləri, dövlət qurumları barədə ailələr məlumatlı olmalıdır ki, uşağın taleyinə xələl gətirilmədən travmanın aradan qaldırılmasında onlara dəstək göstərilsin”.

Ekspert onu da vurğulayıb ki, 2018-ci illə müqayisədə ötən il uşaqlara qarşı daha çox zorakılıq faktı qeydə alınıb: “Uşaq Qaynar Xəttinin 2018-ci il üzrə yekunlarına həmin ildə quruma uşaqların zorakılığa məruz qalması ilə bağlı 3581 müraciət daxil olub. Amma ötən il bu rəqəm 5061 olub. Burada təkcə uşaqların fiziki, cinsi zorakılığından söhbət getmir. Bu rəqəmə təhsil hüququndan məhrum olanlar, sənədlərində problem olanlar, boşanma zamanı baş verən zorakılıq halları və s. faktlar daxildir”.

K.Aşumova habelə deyib ki, bu sahədə sosial işçiləri sayının artırılmasına ehtiyac var: “Hesab edirəm ki, hər rayonda sosial işçilər, sosial agentliklər inkişaf etdirilərsə biz zorakılıq faktlarını daha tez aşkarlaya bilərik. O zaman görülən işlərin effektiböyük olar”.

 

Sevinc

 

Həftə içi.- 2020.- 11-13 yanvar.- S.5.