Sovet dövründə respublikada ən gənc redaktor mən idim

 

Öz sadəlikləri və davranışları ilə seçilən insanlar böyük hisslərlə, amallarla yaşayır. Sözün həqiqi mənasında o cür insanlar təmizliyi, saflığı, milli qeyrəti və insani dəyərlərini hər şeydən üstün tutan, şəxsiyyətlərinə hörmətlə yanaşan, sözün müqəddəs varlığını duyub dərk edən duyğulu yazar və ziyalılardır.

Belə ədiblərimizdən, ziyalılarımızdan biricağdaş ədəbiyyatımızda özünəməxsus yeri olan, bugünkü müsahibim tanınmış jurnalist,Qızıl qələm mükafatı laureatı Dünya qəzetinin baş yazarı şair, publisist Füzuli Ramazanoğludur. Füzuli Ramazanoğlu 1961-ci ildə Gədəbəy rayonunda doğulub boya-başa çatıb.

- Füzulu müəllim, siz ixtisasca mühəndisziniz, deyilənə görə, hansısa böyük bir müəssisədə fəaliyyətinə də elə mühəndis kimi başlamısınız. Bəs necə oldu ki, jurnalis peşəsini seçdiniz?

- Elədir. Amma istedad tutduğun peşədən, vəzifədən asılı olmayaraq, öz sözünü deyir. Özü də zamanında. Mən hələ orta məktəbdə oxuyanda şeirə, eyni zamanda, jurnalistikaya böyük maraq göstərərdim. Həmin illərdə şeirlərim və məqalələrim Gədəbəy rayon qəzeti olan Tərəqqi qəzetində dərc olunardı. Hər ay rayon qəzetindən yazılarıma görə mənə ən azı 30-40 manat qonorar gəlirdi. Ailəmiz böyük idi. Dağ adamıydıq, maddi çətinliklərlə üzləşirdik. Pulu poçtdan alıb gətirib qəpiyinədək atama verərdim. Az da olsa, ailəmizə maddi dəstək idi. Baxmayaraq yaşım az, yeniyetmə idim, amma sözügedən qəzetin redaktoru Saleh Ocaqverdiyev maraqlı yazılarımdan və şeirlərimdən istedadımı görüb, həmişə mənə həvəsləndirici şəkildə artıq qonarar yazardı. Eyni zamanda ədəbiyyat müəllimim Hatəm Pirverdiyev məndə poeziyaya böyük həvəs yaratdı. Şeirlərimi oxuyardı və mənə bu sahədə öz məsləhətlərini verərdi. İstəyirdi ki, gedim jurnalist olum, kəndimizin problemlərini ictimaiyyətə çatdıra bilim. Rayon qəzetində çap olunan məqalə və şeirlərimi oxuyub hər dəfə mənə deyərdi ki, sən gələcəkdə gözəl jurnalist olacaqsan. Lakin bu tövsiyələrə və istedadıma baxmayaraq, RiyaziyyatFizika fənlərinə daha çox maraq göstərirdim.

- Texniki fənnlərə maraq göstərməkdə səbəb nə idi? Gədəbəy kimi dağlıq və mənzərəli, suyu-havası kimi saf bir mühitdə böyümüşdünüz. Həm də gözəl istedadınız, jurnalist məharətiniz, jurnalist ürəyiniz vardı...

- O dövrün elmtexnikaya böyük tələbi vardı, elmtexnika əsri idi. Dünya elmitexnika sürətlə inkişaf edirdi. Bu səbəbdən də orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Politexnik İnstitutunda təhsil almağa qərar verdim. 1984-cü ildə sözügedən institutu müvəffəqiyyətlə bitirib, təyinatla Bakı Radioquraşdırma İstehsalat Birliyində mühəndis kimi əmək fəaliyyətinə başladım. Tale elə gətirdi ki, həm oxuduğum ali məktəbdə, həm də işlədiyim müəssisədə çoxtirajlı qəzetlər nəşr olunurdu. İstedad öz sözünü dedi. Həftədə bir dəfə nəşr olunan Politexnikİmpuls qəzetlərində maraqlı məqalə və şeirlərlə çıxış edərdim. Görünür, mənim də alnıma jurnalist olmaq kimi məsuliyyətli və şərəfli bir peşə yazılıbmış. Elə oldu ki, İmpuls qəzetinin redaktoru Elmira xanım və əməkdaşı Faiq Qismətoğlu başqa işə keçdilər. Birliyin rəhbərliyi istedadımı və bacarığımı görüb məsləhət bildi ki, sözügedən qəzetin nəşrini öz öhdəmə götürüm. Mən etiraz etmədim. Rəhbərliyin təqdimatı əsasında Bakı Şəhər Partiya Komitəsinin razılığı ilə İmpuls qəzetinə redaktor təyin edildim. Sovet dönəmində qəzet redaktoru işləmək çox məsuliyyət tələb edirdi. O dövrdə respublikada ən gənc redaktor da elə mən idim. Kommunist Partiyası ləğv ediləndən sonra, qəzetin də nəşri dayandı. Ev növbəsində durduğuma görə, qalıb birlikdə yenidən mühəndis kimi çalışdım. 1999-2000-ci illərdə professor Əhməd Vəliyevin təşəbbüsü ilə rektoru olduğu Odlar Yurdu Universitetinin nəzdində Odlar yurdu qəzetini açdı və həmin orqanın redaktoru oldum. Qəzetin nəzdində Odlar Yurdu Ədəbi Birliyi yaratdım. Birliyin 50-dən artıq üzvü var idi. İstedadlı tələbə və müəllimləri bu birliyə cəlb etmişdim. Həftədə bir dəfə Ədəbi Birliyin toplantısı keçirilirdi. Birlik üzvlərinin şeirləri dinlənilir, müzakirələr edilirdi. Ən yaxşı şeirləri qəzetimizdə və respublika mətbuatında dərc elətdirirdim. Mənin respublika mətbuatı ilə sıx əlaqələrim vardı. Birliyin kifayət qədər tanınmış yazarı vardı.

- Necə oldu ki, Dünya qəzetini təsis etdiniz?

- Dədə Şəmşirin yadigarı, el ağsaqqalı, istedadlı şair Qəmbər Şəmşiroğlu ilə uzun illərdir ki, dostluq edirəm. Həmin vaxtlarda Dədə Şəmşirin və Qəmbər müəllimin bir neçə kitabının redaktoru olmuşam. Növbəti görüşlərimin birində Qəmbər müəllimin məsləhəti ilə Dünya qəzetini təsis etdikbaş redaktor da mən oldum. 2002-ci il dekabrın 27-də qəzetin ilk nömrəsi işıq üzü gördü. Qəzet ilk nömrəsindən oxucu kütləsinin marağına səbəb oldu. Qəzetdə ən çox ədəbi-publisist, vətənpərvərliklə bağlı yazılara üstünlük verilirdi. Qısa bir müddətdə qəzet Azərbaycan mətbuatında ən aktiv mətbu orqanlarından birinə çevrilmişdi.

- Yaradıcılığınız barədə nə deyə bilərsiniz?

- Yeddi kitabın müəllifiyəm. Yüzlərlə kitabın redaktoruyam. Dədə Şəmşir Ocağına yığışmış şair və yazıçıların kitablarının redaktəsi və nəşri ilə məşğul oluram. Hazırda Dədə Şəmşirin çoxcildlik əsərlərinin nəşri ilə məşğulam. Artıq 5-ci cildi çap prosesindədir. Yaxın günlərdə işıq üzü görəcək. Qəmbər müəllimin də əsərlərinin 8 cildi çapa verilib.

- Siz həm də gözəl şairsiniz. 80-ci illərdə Azərbaycan gəncləri, Ədəbiyyat qəzetlərində, eləcə də Ulduz, Gənclik jurnallarında gözəl şeirləriniz çap olunurdu. Sevgi şeirləriniz gənclərin dilindən düşməzdi. Dostlarınız sizə məhəbbət şairi də deyirdilər. Son vaxtlar mətbuatda imzanıza rast gəlinmir, bu nə ilə bağlıdır?

- Ədəbiyyatşünas alim, professor Mikayıl Rəfilinin şeirlərini oxuyan şair dostları ondan soruşurlar ki, siz nəyə görə poeziya yaradıcılığı ilə geniş məşğul olmursunuz? Professor cavab verir ki, əgər bir tikə çörəyin arxasınca getməsəydim, yəqin ki, mən də tanınmış şairlərdən biri olardım. Ehtiyac məni poeziyadan çox, publisistika ilə məşğul olmağa məcbur etdi. Böyük şair Səməd Vurğun demişkən: Ehtiyac qul edir qəhrəmanı da. Mən də bir tikə çörəyin quluna çevrildim.

- Nə əcəb Azərbaycan Yazıçılar Birliyinin üzvü deyilsiniz?

- Bu haqda dəfələrlə AYB-nin rəhbərliyinə müraciət etmişəm. Amma bu işlə məşğul olanlar hər dəfə deyirlər ki, tələsmə. 20 ildən çoxdur ki, sözügedən quruma müraciət edirəm və 20 ildir ki, mənə deyirlər ki, gözlə, növbən çatanda sən də üzvlüyə qəbul olunacaqsan. Ömür artıq tükənmək üzrədir, hələ də gözləyirəm. Belə getsə, görünür, bu gündən sonra bir 20 il də gözləyəsi olacağam.

- Azərbaycanda ədəbi mühit sizi qane edirmi?

- Xoşbəxtlik ondadır ki, Azərbaycanda ədəbi mühit daha da çiçəklənir. İstedadlı qələm sahibləri, şairlər yazıçılar, yazarlar yetişir.Yaxşı olardı ki, televiziya kanalları ara müğənniləri əvəzinə, yüksək intellektual səviyyəli olan şair yazıçıları dəvət etsinlər, onların təbliğatına geniş yer ayırsınlar.

- Bəs Azərbaycan ədəbi mühitində çatışmır?

- Təəssüf ki, ədəbiyyarımızda hələ də oxucu qıtlığı var. Sosial şəbəkələr Azərbaycan ədəbi mühitinə kölgə salır. Əksər saytlara baxırsan, ancaq yersiz, insanları qıcıqlandıran xəbər portalına üstünlük verirlər. Təsadüfən görürsən ki, hansısa bir saytda tarix, mədəniyyət və ədəbiyyatla bağlı yazılar dərc olunur. Arzu edərdim ki, bütün saytlarda ədəbi mühitlə, tarixlə bağlı mövzulara geniş yer verilsin. Onda həmin saytlar da hörmətli olar və poeziyamızın oxucu qıtlığının qarşısı alınar.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2020.- 16-17 yanvar.- S.8.