Muzeylər karantindən sonra

Postpandemiya günlərində digər mədəniyyət mərkəzləri kimi muzeylər fəaliyyətlərini dayandırmışdı. Beş gündür ki, onlar öz qapılarını ziyarətçilərinin üzünə açıb. Bəs görəsən, əvvəlki dövrlərə nisbətən hazırda muzeyə gələn ziyarətçilərin sayında kimi dəyişiklik var? Xairici turistlərin yoxluğunda bu mədəniyyət ocaqları yerli ziyarətçiləri cəlb etmək üçün hansı addımlar atır?

Hafta.az bu digər suallara aydınlıq gətirmək üçün üz tutdu Azərbaycan Milli Xalça Muzeyinə.

Əvvəlcə qeyd edək ki, binanın girişində virus təhlükəsi nəzərə alınaraq, bura gələnlərin hərarəti ölçülür. Yoxlanışdan keçib muzeyə daxil oluruq. Muzeydə ziyarətçilər 10 nəfərlik qruplarla qəbul edilir.

 

Muzeyə giriş qiyməti

 

Ekskursiyamızda bizə Muzeyin Mətbuat Xidmətinin Katibi Ülvinə Fərzəliyeva bələdçilik etdi. O söylədi ki, Azərbaycan Milli Xalça Muzeyi ölkənin ən çox ziyarətçi qəbul edən muzeyidir. Muzeyin kolleksiyasında 10000-dən artıq eksponat var. Yanvarın 25-dən bu günə, təxminən, 500 nəfərə yaxın ziyarətçi gəlib. Giriş bileti 6 yaşa qədər uşaqlar üçün ödənişsiz, şagirdlər üçün 3, 18 yaşdan yuxarı şəxslər üçün isə 7 manat təşkil edir. Pandemiyadan öncə də qiymətlər elə eyni idi.

Daha sonra, Ü.Fərzəliyeva ilə birlikdə muzeylə tanış oluruq. Onun sözlərinə görə, muzeyin birinci mərtəbəsində xovsuz, ikinci mərtəbədə xovlu, üçüncü mərtəbəsində isə müasir xalçalar nümayiş edilir. Üçüncü mərtəbədə nümayiş edilənlər əsasən müəllif əsərləridir. Burada muzeyin yaradıcısı Lətif Kərimovun müəllifi olduğu eskizlər əsasında hazırlanmış xalçalar var. Bundan başqa, Eldar Mikayılzadənin, Kamil Əliyevin əsərləri əsasında hazırlanmış xalçaları görmək mümkündür.

 

Uşaqlara usta dərslər keçirilir

 

Qurumun əməkdaşı onu da qeyd etdi ki, muzeyin məktəb və bağçalarla daimi əməkldaşlığını təmin etmək üçün uşaq şöbəsi var. Azərbaycan Milli Xalça Muzeyninin Avrasiya məktəbi və Avropa Liseyi ilə birgə əməkdaşlığı çərçivəsində bura 3 gün ərzində xeyli sayda şagird gəlib. Onlar həm muzeylə tanış oldu, həm də usta dərslərində iştirak etdilər:

Muzeyə ziyarətçi cəlb etmək üçün əvvəlkindən fərqli olaraq, indi burada hər gün uşaqlara usta dərslər keçirilir. Çalışırıq ki, usta dərslərimiz milli-mənəvi dəyərlərimiz üzərində qurulmuş olsun. Şəbbənin toxunması, milli ornamentlərin rənglənməsi, milli geyimlərin hazırlanması həyata keçirilir. Çalışırıq ki, proses uşaqlar üçün əyləncəli olsun. Dərslərdə onlara lazım olan bütün ləvazimatlar muzey tərəfindən verilir. Hazırlanan materialı da balacalar özləri ilə aparırlar. Bundan başqa uşaqlar üçün hər həftənin 4-cü günü kukla tamaşalarımız olur. Şəngülüm, Şüngülüm, Məngülüm, Cırtdan və Məlikməmməd nağılları tamaşaya qoyulur. Yenə də izləyicilərin hər biri sosial məsafə qaydalarına uyğun şəkildə yerləşdirilir. Həftənin 3-cü günləri isə Qarabağ otağında, 10 nəfərlik qruplar olmaqla uşaqlar üçün nağıllar oxunur. Fevralın 1-dən mayın 1-nə qədər isə uşaqlar üçün yeni layihə proqramı təşkil olunacaq. Layihə uşaqlara geyim mədəniyyətinin təbliği və öyrədilməsi məqsədilə həyata keçirilir. Üç ay ərzində marağı olan 10-18 yaşarası uşaqlara həm milli geyimlərin tarixi, həm də hazırlanması öyrədiləcək. Sonra isə onlara sertfikat veriləcək, hazırlanan geyimlərin sərgisi təşkil olunacaq.

 

Yeni layihələr

 

Ülvinə xanım pandemiyadan öncə ziyarətçilərin yüksək əksəriyyətini turistlərin təşkil etdiyini söylədi. Hazırda burada yerli ziyarətçiləri muzeyə cəlbetmə məsələsi aktualdır. Məsələ ilə bağlı müxtəlif tədbirlər görülür:

Sərt karantin günlərində muzeyin onlayn fəaliyyəti davam edib, burada insanlara virtual turlar təşkil edilib. Bundan başqa hazırda 360 dərəcə videoturumuzu da yeniləmişik. Böyüklər üçün çalışırıq ki, mütəmadi olaraq ekspozisiyalarda dəyişikliklər edək. Doğrusu, pandemiyaya qədər də sosial şəbəkə hesablarımızdan müxtəlif paylaşımlar edirdik. Karantin dövrü ərzində artıq bütün fəaliyyətimizi onlayna daşıdıq. Onlayn sahədə uğur qazandığımıza görə, izləyicilərimizin sayı bütün dünyada artdı. Məhz bu səbəbdən də onlayn fəaliyyəti dayandırmadıq. İnstaqram üzərindən tanınmış incəsənət adamları ilə tez-tez canlı yayımlar edirik. Bu gün də Xalq rəssamı İnna Kostina ilə yayımımız baş tutacaq. Sərt karantindən sonrakı dövr üçün digər bir yeniliyimiz bələdçi tərcümə-gidlərinin yenilənməsi oldu. Əvvəllər Azərbaycan, rus, ingilis və fransız dilləri var idisə, indi bura ərəb və Ukrayna dilləri də əlavə edildi.

 

Maaşlar dövlət tərəfindən ödənilib

 

Mətbuat katibi, muzeyin pandemiya ilə bağlı uzun müddət qapalı qalmasına baxmayaraq, bütün əməkdaşların maaşlarının dövlət tərəfindən ödənildiyini vurğuladı. Bundan başqa o, gələn ziyarətçilərin eksponatlara heyranlıq nümayiş etdirdiyini də dilə gətirdi. Təbii ki, Xalça Muzeyində ziyarətçilərin ən çox marağını cəlb edən də elə xalçalardır:

Muzeydə xalçalardan əlavə, bədii metal, tikmə, milli geyimlər sərgilənir. Buna baxmayaraq, həm yerli, həm də xarici turistlərin marağını cəlb edən, təbii ki, xalçalardır. Ötən il Mədəniyyət Nazirliyi muzeyə 2 xalça hədiyyə edib. Onlardan biri olan Çələbi xalçası Şuşa filialına veriləcək. Şuşa filialı yenidən fəaliyyətə başladıqdan sonra, eksponatlar ora köçürüləcək. hazırda bununla bağlı işlər gedir.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyində hazırda onlayn şəkildə palazın toxunması dərsləri keçirilir.

 

Bəs digər muzeylər?

 

Azərbaycan Milli Xalça Muzeyinin zəngin tarixi eksponatları və hazırkı fəaliyyəti ilə tanış olduqdan sonra keçid aldıq digər muzeylərə.

Növbəti həmsöhbətimiz Milli Azərbaycan Tarix Muzeyinin Ekspozisiya işləri üzrə direktor müavini, dosent doktor Həbibə xanım Əliyeva oldu. O, muzeyin hazırkı fəaliyyəti barədə suallarımızı cavablandırdı.

Əvvəlcə onu qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında inşa edilən Tağıyev sarayı Bakının ən gözəl binalarından biridir.

H.Əliyeva söylədi ki, Azərbaycan Tarix Muzeyi 2004-2007-ci illərdə təmir edildi. Daha sonra, 2018-ci ildə yenidən muzeydə təmir-bərpa işlərinə başlandı. Elə bu səbəbdən də həmin il may ayının 1-dən etibarən buraya ziyarət dayandırıldı. Yanvarın 25-dən etibarən isə muzeyin təkcə Haci Zeynalabdin Tağıyev bölməsi fəaliyyətə başlayıb.

Düzdür, keçən müddət ərzində sərgilərimiz oldu, muzeyin Tağıyev hissəsi zaman-zaman öz fəaliyyətini bərpa etdi. Birinci və ikinci mərtəbədə isə hazırda da bərpa işləri davam edir. Yanvarın 25-dən sonra bir qədər ziyarətçi artımı hiss edilir. Yəqin ki, bu da məktəblərin bağlı olması ilə əlaqədardır. Gün ərzində 30-35 ziyarətçi gəlir. Pandemiya ilə əlaqədar onlar içəri hissə-hissə buraxılır.

Muzey rəsmisi onu da bildirdi ki, karantindən öncə də, hazırda da buraya giriş bileti uşaqlar üçün 1 manat, böyüklər üçün 2 manat təşkil edir. Bundan başqa, pandemiya dövründə burada Böyük Vətən Müharibəsinə aid sərgi olub.

Muzey sərt karantin günlərində virtual olaraq fəaliyyətdə idi. Hal-hazırda isə Qarabağ müharibəsi sərgisinə hazırlaşır. Bununla bağlı eksponatlar toplanır. Çox güman ki, 1-2 aya sərgi təqdim ediləcək.

Azərbaycanın ən böyük muzeyi olan Azərbaycan Milli İncəsənət Muzeyindən isə bizə bildirildi ki, muzeyə giriş üçün biletin qiyməti böyüklərə 5, tələbələrə isə 2 manat təşkil edir.

Qeyd edək ki, Mədəniyyət Mərkəzində 17000-dən çox eksponat saxlanılır. Muzey əməkdaşının sözlərinə görə, bura ziyarətçilərin cəlb edilməsi üçün mütəmadi olaraq sərgilər təşkil edilir. Bundan başqa sərt karantin rejimi günlərində muzey onlayn qaydada öz fəaliyyətinə davam edib. Hazırda da ziyarətçilərin sayı əvvəlkinə nisbətən çoxdur.

Azərbaycan Geologiya Muzeyinin drektoru Kəmalə İmamverdiyeva isə buraya girişin ödənişsiz olduğunu söylədi. Buna baxmayaraq ziyarətçilər elə çox deyil:

Hələ ki, fəaliyyətimiz təzə bərpa edilib. Bu müddət ərzində muzeyə 2 dəfə ziyarətçi gəlib onlardan biri fərdi, digəri isə ailəsi ilə birgə. Muzeyə 5 nəfərdən artıq qrup halında girişə icazə verilmədiyi üçün məktəblilərin tələbələrin gəlməsinə qadağa var. Bura ziyarətçilərin cəlb edilməsi üçün bir neçə məktəbyönlü addımlar atılır.

Sonda isə qeyd etmək istərdim k, muzey sosial şəbəkələrdən gördüyümüz kimi deyilmiş. Muzeylərin öz ziyarətçi kütləsi var onlar tarixin günümüzlə qovuşduğu bu məkanda zövqlü vaxt keçirməyi çox gözəl bacarırlar.

 

Banu

 

Həftə içi.- 2021.- 30 yanvar-1 fevral.- S.7.