Kimlər keçdi bu dünyadan...    

 

 

 

Bu yazımda vaxtilə cəmiyyətdə hüquqşünas kimi tanınan, ömrünün 58 ilini hüquq-mühafizə orqanlarına həsr edən, mühüm vəzifələrdə fəaliyyət göstərmiş və  Böyük Vətən müharibəsində döyüşərək nailiyyətlər əldə etmiş mərhum babam Əliyev Şahmalı Alışan oğlu haqqında söhbət açmaq istərdim.Uşaqlığımda hər zaman ziyarətinə getdiyim, bizi əzizləyən, maraqlı söhbətləri ilə könlümüzü oxşayan bu şəxs keçdiyi həyat yolu boyunca yaxınlarının, tanıdığı insanların və hər kəsin rəğbətini qazanmış, zəhmətkeş və əməksevər olaraq daim xatırlanmışdır. Bu onun yaşadığı torpağa, yurda bağlılığı, hətta vaxtilə yaşadığı Qarabağ torpağından qaynaqlanırdı.

 

Əliyev Şahmalı Alışan oğlu 1922-ci il sentyabr ayının payızında Qarabağın dilbər guşələrindən olan Ağdərə rayonunun Sırxavənd kəndində anadan olmuşdur. Qarabağın zəhmətkeş insanlarının yaşadığı Ağdərə rayonu cənnətməkan yer idi. Mərhum  babam burada ilk təhsilini aldıqdan sonra təhsilini davam etdirmək istəyərkən Böyük Vətən Müharibəsi başlanır. O, cəbhəyə yollanıb döyüşlərə qatılmalı olur. Müharibə zamanı atıcı briqadasında ön sıralarda döyüşüb. Öz yurdundan kilometrlərlə uzaq yerlərdə - Moskva, Stavropol, Simferopol, Xarkov, Belarusiya və digər cəbhələrdə faşistlərə qarşı müabrizə aparmış, döyüş yoldaşları ilə mühüm əməliyyatlarda qalib gələ bilmişdir. Baxmayaraq ki o, müharibədə bir neçə dəfə yaralanmışdır, qəlpə yarası almasına rəğmən yenə də döyüşlərdə iştirak edərək öz vəzifəsini sonadək yerinə yetirmişdir. Geri dönərkən ona bir sıra ordenmedallar, həmçinin təşəkkür məktubları, təltifnamələr verilmişdir. Bunlara   “Moskvanın müdafiəsinə görə”,  Simferopolun müdafiəsinə görə”, “Stavropol uğrunda döyüşlərə görə”, “Vətən müharibəsi”,  "Qafqazın müdafiəsinə görə" adlı medalları göstərmək olar.  Həmçinin digər ordenlərlə təltif edilərək Vətəninə geri dönmüşdür. O, hətta müharibə zamanı orduda siyasi rəhbər kimi fəaliyyət göstərmişdir.

 

    Müharibədən geri döndükdən sonra öz fəaliyyətinə davam edir. İlk olaraq müəyyən yerlərdə təhsil alaraq biliyini zənginləşdirir.  Ağdam Pedaqoji Texnikumunda tarix müəllimliyi ixtisasını, 1946-1948-ci illərdə Bakıda Hüquq Texnikumunu bitirmişdir. Bir müddət Qarabağ bölgəsində müəllim işləyərkən Kəlbəcərin  Ağdaban kəndində də fəaliyyət göstərmiş, məşhur Dədə Aşıq Şəmşir ilə daim ünsiyyətdə olmuş, onun evində bir müddət qonaq kimi qalmışdır. Həmişə  Dədə Şəmşirin sazlı-sözlü, ədəbi məclislərdə iştirak etmişdir. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin Hüquq, əlavə olaraq ixtisasını artırmaq üçün  İqtisadiyyat İnstitutunun Ticarət İqtisadiyyatı fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. Qazandığı biliklər ona yeni təcrübələr qazandırmış və yeni nailiyyətlərə yol açmışdır.

 

       Yaşadığı illər ərzində Ağdərədə, Kəlbəcərdə, Qarabağın bir sıra yerlərində, Qazaxda, Əli Bayramlıda (indiki Şirvan), Bakı şəhərində mühüm vəzifələrində çalışmışdır.

 

Əmək fəaliyyətini Ağdərə rayonunda Narıştar  kəndində məktəb direktoru vəzifəsində davam etdirmişdir. Eyni zamanda, Kənd Soveti sədri vəzifəsində çalışmışdır. Daha sonra məhkəmənin sədri kimi, Əli Bayramlı şəhərinə gəlmiş və burada 15 il fəaliyyət  göstərmişdir. O, yorulmaq bilmədən çalışır və bu əməksevərliyinə görə ona yeni təyinatlar verilirdi.

 

Qazax rayonunda bir müddət məhkəmə sədri  vəzifəsində işləmiş, yeni nailiyyətlər qazanmışdır.1969-cu ildən Vəkillər Kollegiyasına üzv seçilmişdir. Həmin ildən başlayaraq, vəkil kimi fəaliyyət göstərmişdir.

 

1971-1974-cü illərdə  dövlət idarələrində göstərdiyi xidmətlərə görə “3-cü dərəcəli Şöhrət Ordeni” ilə təltif olunmuşdur.

 

...İllər keçir, daha çox uğur qazanır və hamının  rəğbətini qazanırdı. Bu onun səmimiliyi, işinə vicdanla yanaşması, əməksevərliyi ilə bağlı idi. Daha sonra o, 1985-ci ildə “Əmək veteranı”, ”Şöhrət ordeni” ilə təltif olunmuşdur. Faşizm üzərində qələbənin 40 illiyi münasibətilə xüsusi təltifnamə ilə mükafatlandırılmışdır. Müstəqillik illərindən sonra da öz vəzifəsində çalışmış, bu yolda uğurla irəliləmişdir. “Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası”nın üzvu olmuşdur. Əlli ildən çox vəkil olduğu müddətdə hər zaman Vətənə faydalı bir insan olmuşdur. Təqaüdçü olduğu müddətdə daim fəaliyyətdə olmuş, mühüm iclaslarda iştirak etmiş, ömrünün sonunadək vəkil  kimi fəaliyyət göstərmişdir.

 

         Onun  ailə həyatı da uğurlu və mənalı olmuşdur. Atası Alışan kişi hörmət sahibi, əməksevər, təsərrüfat ilə məşğul olan bir kəndli idi. Anası Bəsti arvad da zəhmətkeş evdar qadın idi. Qardaşları Qara, Cəmil, Şəmil, bacısı Samara ilə birgə böyümüş, onlar da qardaşları Şahmalı kimi el-obaya, Vətənə xeyirli şəxslər olmuşlar.

 

23 yaşında ailə həyatı qurmuş, yoldaşı Səmayə evdar qadın olmuşdur. Zaman keçdikcə üç oğlubeş qızı dünyaya  gəlmişdir. Oğul övladları – Şakir, Zakir, Namiq, qız övladları – Raya, Sara, Rəfiqə, Aybəniz, Bəsti bu günfiravan yaşamaqdadırlar, övlad və nəvə sahibidirlər.

 

Zaman keçdikcə nəvə-nəticəyə qarışmış olan babam evinə gedərkən bizlərə qayğı ilə yanaşar, daim əzizləyər, başına gələn  əhvalatlardan, iştirak etdiyi müharibədən, yaşayıb gəzdiyi yurdlardan, ələlxüsus Qarabağdan söhbət açardı. Biz hər zaman ona diqqətlə qulaq asıb danışdıqlarını təsəvvürümüzdə xoş xatirəyə çevirirdik. Daim çalışqan olmağımzı, biliklərimizi artırmağı, vətən və millət üçün xeyirli şəxslər olmağımızı, yurdumuzun, el-obamızın qədrini bilməyi həmişə bizlərə tapşırardı. Çox maraqlı və sakit təbiəti var idi babamın...

 

        Bir müddət zaman keçdikdən sonra qəfil bir xəbər bizi kədərə-qəmə boğdu. Səhhətinə görə müalicə alan babam dünyasını dəyişmişdi. 2006-cı il sentyabrın son günü, bir payız səhəri  84 yaşında gözlərini həyata əbədi yumdu. O, həyatda olarkən vəsiyyət edib demişdi ki, dünyadan köçsəm məni üzü Qarabağa – kəndimiz Sırxavəndə tərəf Ağdamdaya Bərdədə dəfn edərsiniz. Deyirdi ki, mən  Qarabağa hər zaman borcluyam. Mənim torpağım mənim nəfəsim, canım, ruhumdur.

 

     Bu gün, artıq Qarabağ bizimdir. Uzun müddət gözümüzdə canlanan Vətən həsrətimiz bitdi. Onu bizim Şanlı Ordumuz, cənab Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəmanlıq göstərib düşmənə qalib gələrək yenidən doğma yurdumuzu geri qaytardı. Allah Vətən uğrunda fədakarlıq göstərmiş  qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin.

 

Ruhun şad olsun Baba!..

 

 Musa

 

Həftə içi.- 2021.- 14-15 yanvar.- S.8.