“Yazıçının bir ildə qazandığı...

 

Ordumuzun şanlı zəfəri ilə yekunlaşan 44 günlük vətən muharibəmizin başa çatmasından və torpaqlarımızın işğaldan azad edilməsindən bəri ilyarım müddət keçib. O gün bu gündür, hər kəsin gözü tarixi zəfərimizi gördükləri işlərlə ölümsüzləşdirən incəsənət adamlarına yönəlib. Bu baxımdan çoxsaylı tənqidlər də var ki, Azərbaycan yazıçıları müharibə ilə bağlı sanballı heç nə ərsəyə gətirə bilməyib. Belə söz-söhbətlərin hədəf nöqtəsi Azərbaycan Yazıçılar Birliyidir (AYB) ki, hazırda bu qurumun 2000-dən çox üzvü var.

Onlardan dördü “Xalq şairi” (Ramiz Rövşən, Vahid Əziz, Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə) yeddisi isə “Xalq Yazıçısı”dır (Anar, Çingiz Abdullayev, Kamal Abdulla, Elmira Axundova, Natiq Rəsulzadə, Elçin Əfəndiyev, Mövlud Süleymanlı).

 

Məsələ ilə bağlı Hafta.az-ın müsahibi Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar İncəsənət Xadimi Elçin Hüseynbəyli oldu.

 

Elçin bəy tənqidlərə cavab olaraq müharibdən sonra çap olunan və “Qarabağın Ensiklopediyası” hesab etdiyi dastanı xüsusi vurğuladı:

“Müharibədən dərhal sonra sədrimiz Anar bəyin təşəbbüsü ilə Otuz ilin həsrəti - 44 günün zəfəri - "Qarabağ dastanı" adlı çox sanballı möhtəşəm bir kitab çap olundu. Həmin kitabda işğaldan azad olunmuş rayonları təmsil edən şair və yazıçıların əsərləri çap olundu. Mən Qarabağ dastanı kitabını "Qarabağın bədii ensiklopediyası" hesab edirəm. Çünki çox zəngin əsərdir. Burada həm rayonlarımızın etnoqrafiyası, həm tarixi, həm özünəməxsusluğu yer alır. İkinci kollektiv kitabımız “Bütün yollar Şuşaya aparır” kitabıdır. Vaqif poeziya günlərindən sonra bilim adamlarının Şuşa haqqında təəssüratları, jurnalistlərimizin reportajları yer alır. O kitabın ön sözünün müəllifi, redaktoru mənəm. Fərdi yaradıcılığa gələndə isə deyə bilərəm ki, elə müharibə vaxtı bir sıra səngər şeirləri yazıldı. Bundan başqa Sabir Rüstəmxanlının “Qələbə Tvitləri” adlı poeması, Vahid Əzizin silsilə şeirləri, Nəriman Həsənzadənin poeması çap olundu. Adını çəkə bilmədiyim onlarla yazıçımızın müvafiq mövzuda əsərləri işıq üzü gördü”.

Nasir bildirir ki, hazırda yazıçıların ən çox ehtiyac duyduqları şey əsərlərinin  təbliğatının aparılmasıdır. Hansı ki bu baxımdan televiziyaların və sosial şəbəkənin üzərinə böyük düşür:

Bu gün yazılan əsərlərin, çap olunan kitabların təbliğata böyük ehtiyacı var. 300-500 tirajla heç kəsi təəccübləndirmək olmaz. Təbliğat formaları dəyişməlidir. Bunun ən yaxşı yolu sosial şəbəkələr və televiziyalardır.  Təəssüf ki, televiziyalar reytinq xətrinə başqa verilişlərə üstünlük verirlər. İstisna kimi, Azərbaycan Televiziyasını və Mədəniyyət kanalını göstərə bilərəm. Razıyam ki, ədəbiyyat reytinq gətirmir. Ancaq müəyyən günlərdə hekayə axşamları təşkil etmək olar. Yaxud da bizi qınayırlarsa, onda hekayələrimizi ekran işinə çevirsinlər. Yaxud teatrlarda səhnələşdirsinlər”.

Həmsöhbətimiz oxuculara, yazılan əsərlərə qiymət verən zaman həcmindən savayı mövzunun dərinliyinə önəm vermələrini də tövsiyyə etdi:

“Bəzən, “Hərb və Sülhkimi fundamental əsərlərin müqayisəsi aparılır. İndi o əsərlərin vaxtı keçib. Hazırda cəmiyyət daha interaktiv yazılar gözləyir. Düşünürəm ki, fundamental əsər dedikdə ona həcminə görə deyil, mahiyyətinə və tutumuna görə qiymət verilsin. Misal üçün Ramiz Qusarçaylının Vətən” poeması çap olundu. Fikrimcə bu, Azərbaycan tarixinə və 44 günlük zəfərimizə həsr olunmuş ən yaxşı əsərlərdən biridir”.

Yazıçılar birliyinin gənc üzvlərinin ara-sıra sosail şəbəkələrdəki, “biz sifarişlə yazı yazmırıq” kimi fikirlərinə gəldikdə isə, Elçin Hüseynbəyli Birlik tərəfindən onlarla tez-tez müzakirələr aparıldığını söylədi. Həmçinin əlavə etdi ki, sifariş həm də bir növ vətəndaşlıq borcu və şəxsin öz daxilindən gələn istəkdir:

“Vaxtaşırı gənc yazıçılarla müzakirələr edilir. Əsərlər sifarişlə meydana gəlmir. Bu, doğrudur. Ancaq müvafiq məsələ ilə bağlı isanın öz daxili istəyi və tələbatı var. Sən azərbaycanlısan, burada yaşayıb yaradırsan. Öz xalqının, millətinin dərdinə şərik çıxırsan. Nəticədə də, vətənpərvərliklə bağlı əsərlər yazlb yaradırsan. İndiki zamanda xalqın düşünən beyini, onun mənəviyyatını və dilini qoruyanlar şair və yazıçılardır. Ancaq onların da kitabları alınmır. Nəşriyyatlar kitabları çap edir, qonorar çox cüzi olur. Yazıçının bir ildə qazandığı məvacib ona bir ay belə kifayət etmir. Bütün bunları nəzərə almaq lazımdır. Bəzən yazıçıları qınayanlara baxsaq görərik ki, onlar ömürlərində bir dəfə belə kitab oxumayıblar”.

Yazıçı-dramaturq, tarixi qələbəmizin incəsənətdə tərənnümü baxımdan dünya təcrübəsindən yararlanmalı olduğumuzu diqqətlərə çatdırdı. Həmçinin bu yolda Mədəniyyət Nazirliyinin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin üzərinə düşən öhdəliklərdən bəhs etdi:

“Filmlərə sifarişlər olmalıdır. Onlara müəyyən maliyyə lazımdır. Mədəniyyət Nazirliyi müsabiqələr elan edir. Hansısa filmlər də həmin müsabiqələrdə qalib gəlir və çəkilir. Müharibə mövzusunda kitabların çap edilməsi və filmlərin çəkilməsində dünya təcrübəsinə müraciət etmək olar. Məsələn, Hollivudda çəkilən filmlərin müəyyən qismi Pentaqonun sifarişi ilə ərsəyə gətirilir. Bu baxımdan Müdafiə Nazirliyinin üzərinə məsuliyyət düşür. Onlar Ali Baş Komandanla birgə qələbəmizin bir nömrəli qəhrəmanlarıdır.  Düşünürəm ki, filmlərin çəkilməsi, kitabların çap edilməsi və musiqilərin bəstələnməsində nazirlik maraqlı olmalı, müəyyən sifarişlər verməlidir.  Bütün bunlar kompleks işlərdir. Təhsil Nazirliyi balansında olan kitabxanalardan yararlanaraq bu işə dəstək olmalıdır”.

 

Banu

 

Həftə içi.- 2022.- 21-27 aprel.- S.8.