Şəhid Tural Rəhimlinin adına

bulaq kompleksi istifadəyə verildi

 

Vətən müharibəsi şəhidi Tural Gəray oğlu Rəhimlinin xatirəsi onun adına yaradılan bulaq kompleksinin açılışı ilə anılıb. Abidə kompleksi Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 may küçəsində qurulub. Açılış mərasimində millət vəkili Mahir Abbaszadə, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri, küçə sakinləri şəhidin yaxınları, təhsil aldığı Laçın rayon 45 saylı orta məktəbin müəllim şagird kollektivi iştirak ediblər. İlk olaraq dövlət himni səsləndirildi, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra söz alan şəhid atası Gəray Rəhimli oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilən bulaq kompleksinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi. Şəhid Tural Rəhimlinin döyüş yolundan danışdı.

Daha sonra çıxış edən millət vəkili Mahir Abbaszadə bu gün dövlət səviyyəsində şəhid qazi ailələrinə yüksək diqqət ehtiram göstərildiyini vurğuladı. Bildirdi ki, bu məsələ dövlət üçün prioritetdir xüsusi olaraq Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqətindədir.

Onun sözlərinə görə, Vətən müharibəsindəki tarixi Zəfərimizin əsas qəhrəmanları məhz canlarını düşmənə sipər edən şəhidlərimiz, qazilərimizdir. "Biz bu zəfəri onlara borcluyuq" deyən millət vəkilinin sözlərinə görə, Tural Rəhimli Vətən uğrunda canlarından keçən minlərlə şəhidlərimizdən biridir. "Biz heç bir zaman bu qəhrəmanları unutmayacağıq"  deyən millət vəkili Mahir Abbaszadə dövlətin daim şəhid ailələrinin yanında olacağını bildirdi.

Tədbirdə çıxış edən şəhid valideynləri, yaxınları da tarixi zəfərdən keçən iki il ərzində dövlətin onlara həm maddi, həm mənəvi dəstək verdiyini söylədilər.

Şəhid Tural Rəhimlinin təhsil aldığı Laçın rayon 45 saylı orta məktəbin müəllimləri çıxış etdilər. Məktəbin direktor müavini Vüsal Həsənov Turalın orta məktəb illərindən söz açdı. Onun çalışqan, yaxşı oxuyan, digər həmyaşıdları üçün örnək bir şagird kimi yaddaşlarda qaldığını dedi.

Daha sonra Laçın rayon 45 saylı orta məktəbin şagirdləri vətənpərliyə həsr olunan şerlər səsləndirdilər.

Küçə sakinləri adından çıxış edən Sabir Baxşalıyev bildirdi ki, burada məskunlaşanların əksəriyyəti Laçın rayonundandır. Bir müddət əvvəl Laçın şəhərində Prezidentimiz tərəfindən Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı: "Bir daha anladıq ki,  Turalın timsalında şəhadət zirvaəsinə ucalan qəhrəmanlarımızın, qazilərimizin Vətən uğrunda öz canlarından keçməsi əbəs deyildi".

Bu bulaq kompleksinin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən S. Baxşalıyevin sözlərinə görə, bu işdə küçə sakini Ramin Əzimovun əməyi çox böyükdür: "Bu ideyanın əsas təşəbbüskarı da odur. 3 aya yaxın müddətdə hər gün işdən qayıdarkən gecələr onun burada necə əmək sərf etdiyinin şahidi olduq. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".

Qeyd edək ki,  Tural Gəray oğlu Rəhimli 27 oktyabr 2001-ci ildə Xırdalan şəhərində dünyaya göz açmışdı. Əslən Laçın rayonunun Korcabulaq kəndindən olan Tural 2007-ci ildə Xırdalan şəhərində yerləşən Laçın rayon 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 2018-ci ildə həmin məktəbin məzunu olmuşdu. Məktəb kollektivinin sinif yoldaşlarının xatirəsində Vətən sevdalısı, Laçın aşiqi, bayrağa sonsuz sevgisi olan biri kimi qalmışdır.

28 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdı. Azərbaycan Ordusunun əsgəri olan Tural Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Rəhimli sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Rəhimli ölümündən sonra "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Azad

 

Həftə içi.- 2022.- 20-28 oktyabr.- S.8.