Bakıda Afrika Kino Günləri

  

 Bu günlərdə Bakıda ilk dəfə Afrika Kino Günləri çərçivəsində 6 Afrika ölkəsinin rejissorları tərəfindən ərsəyə gətirilmiş filmlər nümayiş olundu. Şəxsən mən Afrika ölkələrindən Misir, Mərakeş, Əlcəzair və Tunisin kino sahəsində uğurlarına az-çox bələd olsam da, Afrika Kino Günlərində sözün əsl mənasında təəccübləndim. Qana, Çad və ya Ruanda filmlərinə baxa biləcəyimi heç ağlıma da gətirməzdim. Ümumiyyətlə, bu ölkələrdə doğrudanmı kino çəkilir? Axı bu ölkələrin geniş çoğrafiyasına dair ancaq ağır sosial sıxıntılardan, silahlı münaqişələrdən və sair bəhs edən xəbərləri oxumağa adət eləmişik…

 

Afrika Kino Günlərinin Azərbaycanda təşkilatçısı Mərakeş səfirliyidir. Olduqca təqdirəlayiq layihə həyata keçirən Mərakeş səfirliyi bu addımı ilə Afrika mədəniyyətinin Azərbaycan ictimaiyyəti üçün qaranlıq qalan gizlinlərini aydınlatmaqdadır. Bu səbəbdən də Mərakeşin ölkəmizdəki səfiri cənab Adil Embarçla görüşərək Afrika Kino Günləri ilə bağlı söhbətləşdik. Mərakeşli diplomat Hafta.az-a müsahibəsinə Kino Günlərinin tarixindən, Azərbyacanda keçirilməsinin səbəb və məqsədlərindən söz açmaqla başladı. 

 

- Afrika Kino Günləri Bakıda ilk dəfə olaraq iki mühüm hadisəni qeyd etmək üçün təşkil olunub. Bildiyiniz kimi, Afrika Günü bütün dünyada 25 may 1963-cü ildə yaranan Afrika Birliyi Təşkilatının ildönümünü qeyd etmək üçün hər il mayın 25-də qeyd olunur. Bu il Afrika Gününün 60-cı ildönümü olduğu üçün xüsusidir. Afrika Günü bütün Afrika ölkələrini, bu geniş qitənin zənginliyini, müxtəlifliyini, xalqını və təbii ehtiyyatlarını dünyaya nümayiş etdirmək üçün fürsətdir. Bu, qazanılmış əhəmiyyətli irəliləyişi qeyd etmək, həm də qarşımızda duran vəzifələr haqqında düşünmək üçün bir səbəbdir. Son 3 il pandemiya, iqtisadi çətinliklər, inflyasiya, eləcə də Ukraynadakı müharibənin təsirləri səbəbindən Afrika da daxil olmaqla, hər kəs üçün çətin keçib. Bütün dünyada qeyd olunduğu üçün Afrika Günü həm də dünyaya sevgi, sülh və xalqlar arasında həmrəyliyi çatdırmağa xidmət edir. Bu ilk Afrika Kino Günlərinin keçirilməsinin digər səbəbi 28 May tarixinə təsadüf edən Azərbaycan Müstəqillik Gününün qeyd edilməsi zamanı Azərbaycan xalqı ilə bərabər olmaqdır.

 

- Afrika filmlərinin Bakıda nümayişi ilə bağlı qərar necə alınıb?

 

- Afrika Kino Günlərinin əsas ideyası ondan ibarətdir ki, biz əvvəllər heç vaxt görülməmiş bir şey etmək istəyirdik. Bildiyiniz kimi, Mərakeş səfirliyi hər il bu günü müxtəlif mövzular və tədbirlər çərçivəsində qeyd edir. 2022-ci ildə biz Afrika qitəsi ilə bağlı 10 günlük fotosərgi keçirdik. Xatırlayırsınızsa, həmin sərgiyə Afrika xalqlarını, vəhşi təbiətini və mənzərələrini əks etdirən 30-dan çox fotoşəkil təqdim edən məşhur mərakeşli fotoqraf Məhəmməd Tazi Çertini də dəvət etmişdik. 2021-ci ildə səfirlik Azərbaycan peşəkar liqasında fəaliyyət göstərən bütün afrikalı futbolçulara təşəkkürünü bildirmişdi. Tədbir AFFA və üç klub - “Sabah”, “Neftçi” və “Səbail”lə birgə təşkil olunmuşdu. Afrikalı oyunçular gənc azarkeşləri ilə görüşüb, ölkələri haqqında danışıb, master-klasslar keçirmişdilər. Beləcə, hər il yeniliklər etməyə çalışırıq. O cümlədən, Afrika kinosu da Azərbaycan xalqının Afrikanın bəzi aspektləri ilə tanış olması üçün yaxşı fürsətdir. Ümumilikdə altı film nümayiş etdirilib. Mərakeşdən başqa, bu filmlər Çad, Kamerun, Qana, Mali və Ruandanı təmsil edir. Onların hamısı tənqidçilər tərəfindən bəyənilib və bir neçə beynəlxalq mükafata layiq görülüb.

 

- Nümayişlərdə olmayan oxucularımız üçün filmlərin janrından, nədən bəhs etməsindən söz açardınız…

 

- Əvvəla, biz çox şad olduq ki, ictimaiyyətin geniş tamaşaçı kütləsi filmlərin hamısına baxmaq üçün orada idi. Altı film üçün olan yerlərin hər biri dolmuşdu. Hətta bütün iştirak istəklərini qəbul edə bilmədiyimiz üçün məyus olduq. Tələblərə əsasən daha bir nümayiş təşkil etməyi düşünürük. Kino mütəxəssislərini və tənqidçiləri dəvət etməyimizə baxmayaraq, əsasən ümumi auditoriyanı hədəf almışdıq. Bu filmlərin məqsədi Azərbaycan tamaşaçılarına hər bir ölkənin təmsil etdiyi mədəniyyət, adət-ənənələr və özəlliklər haqqında təsəvvür yaratmaq idi. Əksər tamaşaçılar Afrika filmini ilk dəfə izləyirdilər. Ümid edirik ki, onlar Afrika mədəniyyətinə daha çox maraq göstərəcəklər. Dram və komediya janrlarında olan filmlər bəzi hallarda şəxsi çətinliklərinə və ya faciələrinə baxmayaraq daha yaxşı həyata nail olmağa çalışan adi vətəndaşların həyatını, hekayələrini və mübarizələrini təsvir edir. Düşünürəm ki, bu filmlərin əsas  ideyası bütün fərqlərdən asılı olmayaraq, insanların hamısının eyni olmasıdır. Onların eyni iddiaları, eyni qorxuları var. Onlar eyni hislərdən - sevgi, qəzəb, qısqanclıq, qorxu, paxıllıq və sairdən təsirlənirlər. Ona görə də filmlərin personajları ilə münasibət qurmaq asandır.

 

- Digər Afrika ölkələrinin Azərbaycandakı səfirlikləri  niyə bu tədbirdə iştirak etmirlər?

 

- Hər bir səfirliyin öz fəaliyyət proqramı var, biz onlara hörmət edirik və dəstəkləyirik. Bir-birimizin tədbirlərində məmnuniyyətlə iştirak edirik. Amma diqqət etsəniz, filmlərin beşi Azərbaycanda təmsil olunmayan ölkələrdəndir. Bu, Mərakeş səfirliyinin həmin ölkələrin Azərbaycanda tanıdılmasına və onlarla körpülərin qurulmasına kömək etmək üçün düşünülmüş addımı idi. Bakıdakı digər Afrika səfirlikləri artıq mədəniyyət arenasında fəaliyyət göstərirlər. Əlahəzrət Kral VI Məhəmməd Cənub-Cənub əməkdaşlığı, həmrəylik və qarşılıqlı dəstəyə əsaslanan Afrikanın inkişafı üçün baxış və strategiya işləyib hazırlayıb. Bu mədəni tədbir Kralın strategiyasını  həyata keçirməyin bir yoludur.

 

- Tədbir neçə gün davam etdi, bu müddətdə neçə ölkə və hansı filmlər təqdim olundu?

 

- Kino nümayişləri üç gün davam etdi və gündə iki film olmaqla altı film təqdim olundu. Bunlar rejissor Nareisse Vandji tərəfindən 2021-ci ildə çəkilmiş “Bendskins” filmi (Kameron), rejissor Peter Seducia tərəfindən ərsəyə gətirilmiş “Keteke” filmi (Qana), rejissor İbrahima Toure tərəfindən 2015-ci ildə ekranlaşdırılan “Koussav” filmi (Mali), rejissor Tavfik Baba tərəfindən 2020-ci ildə çəkilmiş “Oliver Black” filmi (Mərakeş), rejissor Yuhi Amuli tərəfindən ekranlaşdırılan “A Taste of our Land” filmi (Ruanda) və rejisor Emmanuel Rotoubam Mbaide tərəfindən 2021-ci ildə ərsəyə gətirilən “Massoud” filmidir (Çad).

 

- Bu proses gələcəkdə də davam edəcəkmi? Sirr deyil ki, Azərbaycan ictimaiyyətinin Afrika qitəsinin mədəniyyəti və incəsənəti haqqında məlumatı məhduddur. Gələcəkdə digər Afrika ölkələrinin filmlərini də Azərbaycan tamaşaçılarına çatdırmaq fikriniz var?

 

- Azərbaycan ictimaiyyəti çox savadlı və mədəniyyətə həvəslidir. Onlar həmişə yeni şeylər öyrənməyi sevirlər, xüsusən də xarici ölkələr haqqında. Bizim problemimiz həmişə tədbirimizə olan böyük tələbatı necə ödəmək olub. Buna görə də, bəzən onları bir neçə dəfə planlaşdırmalı oluruq, necə ki, bu 6 filmimiz də belədir. Məntiqi baxımdan bir səfirliyin təkbaşına belə bir tədbirlə məşğul olması çox çətindir. Lakin ilk təqdimatın böyük uğuru, şübhəsiz ki, 2024-cü ildə başqa bir tədbirin keçirilməsini tələb edəcək. Ümid edirəm ki, növbəti dəfə layihəyə digər səfirliklər də qoşulacaq və bunu illik tədbirə çevirəcəklər. İnşallah, gələcək buraxılışlarda Afrika filmlərini azərbaycanca subtitrlərlə təqdim edə biləcəyik.

 

- Azərbaycanda Mərakeşə ayrıca sevgi və marağın yüksək olduğunu nəzərə alsaq, gələcəkdə nə vaxtsa Bakıda Mərakeş Mədəniyyət Günləri təşkil edəcəksiniz?

 

- Tamamilə haqlısınız, Mərakeşin Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim dəyər verdiyimiz və qorumaq üçün əlimizdən gələni etdiyimiz bir imtiyazdır. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandamıza böyük dəstək gördük. Hamı Hakimi, Ziyeç, Bono, Boufal və onların komanda yoldaşlarını dəstəkləyirdi. Sizinlə razılaşıram ki, mədəniyyət günləri bir ölkəni tanıtmaq üçün çox yaxşı yoldur. Bununla belə, həm Mərakeşdə, həm də Azərbaycanda maddi-texniki resurslar, tələb olunan şöbələrin sayı belə tədbirlərin təşkilini kifayət qədər çətinləşdirir. Ona görə də biz Mədəniyyət Günlərini kiçikmiqyaslı tədbirlərlə əvəz etməyə üstünlük veririk. Belə tədbirləri idarə etmək daha asandır və daha yaxşı təsir göstərir, çünki bir tədbir əvəzinə bir neçəsini təşkil edirik. Bundan əlavə, bir tədbirə qatıla bilməyənlər digərlərində iştirak edə bilərlər.

 

- Bildiyimiz kimi, bu gün dünyanın bir çox məşhur filmləri, o cümlədən Şərq tarixi və nağıllarından bəhs edən bir sıra ekran əsərləri məhz Mərakeşdə çəkilir və buna görə də ölkəniz Afrikanın Hollivudu adlandırılır. Bir az bu haqda oxucularımıza məlumat verin lütfən…

 

- Son 20 ildə Mərakeş dünyanın əsas film çəkiliş məkanlarından birinə çevrilib. Bu Amerika və Avropa filmləri ilə başlayıb. Bu gün Asiya və Yaxın Şərq kinorejissorları Mərakeşdə çəkilişlər edirlər. İstər kino, istərsə də televiziya üçün ölkə kino sənayesi dünyasında  uğur qazanmağı bacarıb. Mərakeşin üstünlüklərindən biri onun görməli yerlərinin müxtəlifliyindədir. Kinorejissorlar istədikləri hər şeyi, istər qarlı dağlar, istərsə də qumlu səhra, Ərəb Gecə sarayları və ya Art Deco binaları, Kasbahlar və ya Kaliforniya villaları, ultra müasir hava limanları və ya balıqçılıq kəndləri, magistral yollar və ya səhranın ortasında uçuş zolaqları tapırlar. Martin Skorsese Mərakeşdə (“Kundun”) Tibet və Tian An Men Meydanında film çəkdi, hətta o, orada bibliya ilə bağlı faktlar da tapdı (“Last Temptation of Christ”). Klint Eastvuda gəlincə, o, orada Falluca (“American Sniper”) və Ridley Skott Somali (“Black Hawk Down”)   hətta qədim Roma (“Qladiator”) filmlərini çəkdi. Yeri gəlmişkən, hazırda Mərakeşdə “Qladiator”un ikinci versiyası çəkilir. Con Huston orada Əfqanıstanın xəyali bölgəsi olan Kafiristanı (“The Man Who Would Be King”) çəkib. Cubby Brokoli də Əfqanıstan səhnəsini orada lentə alıb (“James Bond-Killer is not acting”). 2000-ci illərin əvvəllərindən bəri Mərakeşdə çəkilən və Əfqanıstanda görünən prodüsserlər saysız-hesabsızdır. Misirə gəlincə, biz bunu Alain Chabatın “Mission Cleopatre” filmində, Nina Kompanezin “A Piknik at Osiris” filmində, “Napoleonun Misir kampaniyası”da (Rejissor Yves Simoneau tərəfindən çəkilmiş “Napoleon” və ya Varner Brosun “Napoleon and Josephine” sevgi hekayəsində) görürük. "Game of Thrones" filmindən Vesterosun xəyali krallığı da Mərakeşdə çəkilib. Bundan əlavə, “Mission impossible5” və “James Bond Specter 007” eyni ildə Marakeşdə çəkilib. Bu yaxınlarda siz “War Dogs”, “Whiskey Tango Foxtrot”, “13 Hours”, “A Hologram for the King”, “Men in Black: International”, “Redemption Day”, “Dirty Angels” kimi filmlərlə tanış ola bilərsiniz. Siyahı çox uzundur. Bütün bu səbəblərə görə "The Guardian" Mərakeşi film çəkilişləri üçün dünyada ikinci ən yaxşı yer seçib.

 

   Vüsal Tağıbəyli

   Həftə içi.- 2023.- 1-7 iyun. - S.7.