Yazıçı
proqramlaşdırılmış robot deyil
Ədəbi mühit, gənclərin kitab
sevgisi, yazılan əsərlərin təqdimatı hər
zaman maraqla qarşılanan mövzulardır. Xüsusilə
tarixi qələbəmizdən sonra ədiblərimizin bu sahədə
tutarlı əsərlər ortaya qoymaması ilə
bağlı müəyyən iradlar da səsləndirilir.
Ədəbi mühitimizə ictimai-siyasi xadim, xalq şairi
Sabir Rüstəmxanlı ilə nəzər saldıq:
- Bu gün Azərbaycanda ədəbi
mühitdə, sanki bir durğunluq müşahidə edilir. Necə
fikirləşirsiniz, bu, belədirmi və səbəbləri
nədir?
- Ədəbi mühit mürəkkəb bir aləmdir. Onlarca istedadlı qələm əhlinin, eləcə də ömrünü ədəbiyyata bağlamış insanların yaradıcılıq həyatında gedən proseslər - başlanğıc, son, nəticə - hamısı o mühitin çevrəsində cərəyan edir. Orada hansı proseslərin getdiyini bir baxışda ayırd etmək son dərəcə çətindir.
Əvvəla, yazıçı proqramlaşdırılmış robot deyil, hər biri insandır və ilboyu eyni temp, eyni sürətlə işləmir. Təbii ki, onun yaradıcılığında qalxmalar, enmələr olur. Bəzən aylarla yazıdan uzaqlaşmalar olur. Bəzən ciddi bir əsəri yazması üçün yazıçıya xeyli vaxt lazımdır. Ona görə də dediyniz o durğunluq şərtidir.
İzlədiyim, gördüyüm qədər Azərbaycan ədəbiyyatında normal proses gedir. Əlbəttə, ciddi, böyük səs gətirən əsərlər azdır. Hər halda kitablar çap olunur. Bunların içərisində xeyli dəyərli kitablar var. Ona görə də mən ədəbi mühitdə durğunluğun olduğunu deməzdim. Azərbaycan müstəqillik qazanandan sonra münasibətlər sistemində xeyli dəyişmələr oldu. Cəmiyyətdə yeni sistem qurulub və münasibətlər formalaşır. Yazı-pozu adamları bütün olanları təhlil edib, onun bədii həllini tapması üçün xeyli vaxt sərf etməli olurlar. Elə Qarabağ məsələsi ilə bağlı yazılan əsərlərə baxaq. Bu gün Qarabağ azad edilib, 30 illik işğala son qoyulub. İşğal dövründə dağılmış yurdlar, ailələr, faciələrin hamısı yazıçıların içindən keçən, bəzən onları sındıran, düşündürən, bəzən yazı-pozudan uzaqlaşdıran məsələlərdir. Yazıçı üçün bütün bunların hamısını dərindən təhlil edib, bədii həllini tapıb əsərə çevirməsi ciddi bir prosesdir. Bəlkə də bu vəziyyətin özü ədəbi durğunluq mənasında qəbul olunur. Mən buna normal baxıram.
- Hazırda gənc nəsil arasında daha
çox xarici ölkələrin yazıçılarına
maraq artıb. Hansı məqamlarda rəqabətdə uduzuruq?
- Buna “uduzuruq” deməzdim. Biz 50 milyonluq Azərbaycan xalqının yalnız 10 milyonunun içərisində yanan yaradıcılıq məhsullarını izləyə bilirik. Çox az hallarda Azərbaycanın güneyində yaranan ədəbiyyatdan xəbərimiz olur. Güneydən də dünyada tanınan böyük söz sahibləri çıxıb. Çox təəssüf ki, onlardan xəbərimiz azdır. Məsələn, Rza Bərahəni kimi Kanadada yaşayan böyük yazıçımız var. İndiyə kimi onun romanları Azərbaycan dilinə tərcümə olunmayıb. Onun bu gün Cənubi Amerikada adları hallanan məşhur yazıçılarla əlaqələri var. Mən Rza Bərahənini Bakıya dəvət etmişdim, gəldi, qonağımız oldu. Təəssüf ki, onun əsərlərinin Azərbaycan dilində tərcüməsinə nail ola bilmədik. Güman edirəm, əsərləri dilimizə tərcümə olunacaq. O tək deyil, Güneydən çıxmış onlarca məşhur yazıçılarımız var. Yəni onlar da bizim ədəbiyyatımızdır. O tayı-bu tayı götürəndə biz ədəbiyyatımızın səviyyəsindən narazı qalmalı deyilik. Dünya böyükdür və orada böyük yazıçılar yetişir. Böyük ənənəsi olan ədəbiyyatlar var. Onlardan biri elə rus ədəbiyyatıdır. Eləcə də Cənubi Amerika ədəbiyyatı yüksəlişdədir. Avropada yenə də ədəbi proseslər dayanmır. Yeni-yeni istedadlı adamlar ortaya çıxır. Ona görə də Azərbaycanda gənc nəslin dünya ilə maraqlanması, dünyada yeni əsərləri tapıb oxuması, onların Azərbaycan dilinə tərcüməsinin təşkili, əslində, maraqlı prosesdir. Bu, özünü bəyənməmək deyil, əksinə, dünya ilə tanışlıqdır, özünü dünyanın bir parçası hiss etməsidir. Biz buna ancaq sevinməliyik. Onmilyonluq əhalinin, özü də yeni müstəqillik yolu ilə gedən və dünyaya yenicə müstəqillik prizmasından baxmağa başlayan, sözünün, ruhunun azadlığını hiss eliyən bir yazıçının dünyadan öyrənməyə haqqı var. Bu uduzmaq deyil, sadəcə, düşüncələrin, fikirlərin fərqlərini öyrənməkdir.
- Yazıçılar, şairlər
mövcud şərtlər daxilində kitab satışı
ilə öz maddi dolanışıqlarını təmin edə
bilirlərmi?
- Yazıçıların, şairlərin öz kitablarının satışı ilə özlərini dolandırması mümkün deyil. Bizdə kitab çatışı zəif gedir. Amma ildən-ilə kitaba olan maraq artır. Ən ciddi problem odur ki, rayonlarımız, kəndlərimiz kitabsız qalıb. Kitablarımız gedib kəndlərə çatmır. Halbuki Ana dilində ən çox kitab oxucuları daha çox rayonlarda, kəndlərdədir. İndi kitab 500, 1 000, uzağı, 2 000 nüsxədə çıxır. Yazıçı bunu satıb öz həyatını, dolanışığını təmin edə bilməz. Bu, mümkün deyil. Amma sovet dövründə ədəbiyyata xüsusi qayğı, yanaşma var idi. O sistem yazıçıları ərköyün öyrətmişdi. Məsələn, hər hansı bir kitabımıza böyük miqdarda qonorar alırdıq. “Gəncə qapısı” kitabım işıq üzü görəndə ilk dəfə özümə maşın almışdım. “Ömür” kitabımdan gələn qonorarla isə 5-6 maşın ala bilərdim. Belə idi... Həm də kitab satılırdı. Kollektor götürürdü, Mədəniyyət Nazirliyi bütün kənd kitabxanalarına göndərirdi və kitab mağazaları hamısı işləyirdi. Kitablar böyük tirajla çıxırdı. Məsələn, Ömür” kitabım Azərbaycan, rus dillərində, haradasa, 200 min tirajdan artıq çap olunmuşdu. İndi kitablar 500, 1 000 dənə çap olunur. İndi kitabın yüksək tirajla çap olunması, hər yerə dağıdılması mümkün deyil, çünki o mexanizm yoxdur, o mexanizm pozuldu. Mətbuat və İnfomasiya Nazirliyinin ləğvi ilə mədəniyyətimiz üçün lazım olan bir sistem, struktur aradan çıxdı. Mənə elə gəlir ki, dövlət nə qədər qayğıları olsa da, Qarabağın bərpası, iqtisadiyyatın inkişafı, yüksəlişi, işsizliklə bağlı problemlərimiz olsa da, yenə də mədəniyyəti və ədəbiyyatı tamamilə kənara, öz ümidinə qoymamalıdır. İndi klassik ədəbiyyatımz çap olunur və təbii ki, satışından müəyyən gəlir əldə edilir. Bəlkə onun hesabına, bəlkə də müəyyən dotasiya ilə, xüsusən də uşaq ədəbiyyatı və müasir ədəbiyyatda müəyyən şərtlər, tələblər daxilində yazıçıların bir hissəsinə, cavan yazıçıların ilk kitablarına, yaxud müəyyən yaşdan sonra yaradıcılığın yekunu olan seçilmiş əsərlərə qonorarlar vermək olar. Bunun hesabına yazıçıların dolanışıq şəraitini yaxşılaşdırmaq mümkündür. Məncə, bu çox vacibdir. Bunun haqqında düşünmək və məsələyə yenidən qayıtmaq lazımdır.
- Siz özünüz daha çox hansı gənclərimizi
oxuyursunuz?
- Mən gənc yazıçıları ayırıb, seçib adlar çəkməyəcəm. Amma deyə bilərəm ki, ədəbiyyata yer ayıran ayrı-ayrı saytlarda gənc yazarları mümkün qədər oxuyuram, kitab evlərində qarşıma çıxan maraqlı kitabları oxuyuram. Bir çox hallarda gənclər özləri kitablarını təqdim edəndə onları oxuyuram və maraqla izləyirəm. Yəni oxuduğum kitabların içərisində xeyli maraqlı olanları da var, dəyərli müəlliflər də var. İndi onları ayırıb, seçib konkret adlar çəkməkdə çətinlik çəkirəm. Bunun üçün gərək əlimdə olan kitabları bir də gözdən keçirim. Onu da deyim, mənim gənc saydıqlarım indi 40-45, bəzən 50 yaşa gəlib çatıblar. Onların çoxu müasir Azərbaycan ədəbiyyatında öz yerini tutmuş adamlardır. Buna ancaq sevinirəm.
- Son illərdə “Xalq
yazıçısı”, “Xalq şairi” adlarının verilməsi
müşahidə olunmur. Təqdimat yoxdur, ya bu ada layiq ədiblər?
- Axı hər gün xalq yazıçısı, xalq şairi yetişmir. Məncə, layiq olanlara yenə də o adlar veriləcək. Bunun üçün ciddi bir maneə görmürəm.
- “Vətən Müharibəsi ilə
bağlı yazılan əsərlər” mövzusu həmişə
aktualdır. Bu sahədəki durumu necə dəyərləndirirsiniz?
- Vətən Müharibəsi - Qarabağ savaşı ilə bağlı kitablar yazılır. Mənim tələbə dostum olan, Şərqşünaslıq fakültəsində bir yerdə oxuduğum Fazil Güneyin “Qara qan” əsəri çıxıb, çox maraqlı romandır. Şəhidlərimiz, qazilər haqqında başqa, xeyli publisistik kitablar da çap olunur. Eləcə də müharibə ilə bağlı kiçik povestlər, hekayələr yazılır. Bu bizə az görünsə də, az deyil. O yazılır və yazılacaq.
Sizə bir misal deyim: rus yazçısı, filosofu Tolstoy 1812-ci il Rusiya-Fransa müharibəsi, Napoleonun Rusiyaya hücumu haqqında ən ciddi, dünya nəsrinin zirvələrindən hesab olunan “Hərb və sülh” romanını, az qala, müharibədən yarım əsr sonra yazmışdı.
Bu baxımdan, Ermənistanın Azərbaycana təcavüzü, törətdiyi müharibə, cinayətlər haqqında o əsərlər yazılacaq, yazılmalıdır. Müharibə bitsə də, Ermənistan-Azərbaycan münasibətləri, xalqımıza qarşı törədilən cinayətlər və soyqırımı hadisələri bitməyib.
Bir misal çəkim: 1905-ci ildə ermənilər Qarabağın Umudlu kəndini bütövlüklə yerlə-yeksan edib, 160 ailəni üst-üstə yığıb yandırıb. Bu, tariximizdə böyük faciədir. Bu fakt sonralar heç nə olmamış kimi bizə unutdurulub. Eyni zamanda, Bakıda və digər rayonlarımızda törədilən 1918-ci il hadisələri... Sonra Sovetlər gəldi və bütün bu qanlı izləri tarixdən silib atmağa çalışdılar. Moskvada yüksək vəzifədə olan ermənilər öz xalqlarının, Şaumyanın, Andranikin törətdiyi o cinayətləri ört-basdır etmək üçün tarixi mənbələri məhv edib, saxtalaşdırırdılar. Sovet dövründə yazılan tarixi kitablarda bu faktlar ört-basdır edilmişdi. Ancaq mən “Difai fədailəri” romanımı yazanda birdən-birə həmin Umudlu faciəsinin izinə düşdüm. O romanın ciddi böyük bölümü Umudlu faciəsi ilə bağlı oldu. Difai hərəkatına qoşulanların bir hissəsi o kənddə təsadüf üzündən sağ qalan cavanlardır.
Yəni bu onu göstərir ki, illər keçsə də tarix unudulmur, unudulmamalıdır. Tariximizə yenidən qayıtmaq lazımdır. Düzdür, bizim tariximiz yazılır, amma bu tarix bədii əsərlərdə yenidən canlanmalıdır, yaşamalıdır. Bədii əsərlər həqiqəti, tarixin axarını və məntiqini yazılan o akademik tarixlərdən daha canlı, daha ciddi, həqiqətə daha yaxın göstərirlər. Bu mənada tariximizin bədii əksi mütləq olmalıdr və olacaqdır.
Sabir Rüstəmxanlı
Müsahibəni apardı:
Tahirə Qafarlı
Həftə içi.- 2025.- 3-9 aprel,
¹12.- S.5.