Qalib Ordu 107 yaşında
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günüdür.
Bu tarixi gün dövlətin varlığını, sərhəd
toxunulmazlığını canı-qanı ilə qoruyan əsgər və zabitlərimizin imzası ilə möhürlənib.
Azərbaycan xalqı
Ordu Gününü böyük fəxarət,
qürur hissilə bayram etməklə yanaşı, Vətən,
torpaq uğrunda canından-qanından keçən
zabit və əsgərlərini böyük
ehtiramla yad edir. Silahlı Qüvvələr dövlətin
güc və qüdrətinin göstəricisi
kimi ifadə olunur. Azərbaycan dövləti, xalqımız
bu gücü, Dəmir Yumruğu II Qarabağ savaşında qazandığı qətiyyətli
qələbədə gördü.
Məhz Ulu Öndər Heydər Əliyevin, daha sonra Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin bu istiqamətdə həyata
keçirdiyi uğurlu
addımların nəticəsidir
ki, 1918-ci ildə təsis edilən Azərbaycan Demokratik Respublikasının varisi olan Müstəqil Azərbaycan Ordusu 44 gün ərzində 30 illik işğala son qoydu, öz
ərazilərində erməni
separatçılığının kökünü kəsdi.
Tarixçi alim Firdovsiyyə Əhmədovanın sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə ordu mövcud deyildi. Qarşıda çox mühüm vəzifələr dayanırdı – ilk növbədə, Bakının qurtuluşu, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi. Belə bir şəraitdə yalnız Qafqaz İslam Ordusunun formalaşması ilə bunun öhdəsindən gəlmək mümkün idi. Ona görə də həmin ordunun tərkibində bir Əlahiddə Azərbaycan Korpusu yaradıldı: “Əslində, müsəlman korpusu artıq “Əlahiddə Azərbaycan Korpusu” adlandırıldı. Mühüm məsələlərdən biri də bu idi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək prosesində savaşa-savaşa formalaşırdı. Yəni birəsrlik hərbi mükəlləfiyyətdən məhrum edilmiş xalq indi öz torpaqlarını azad edərək ordu formalaşdırırdı. Bakının azad edilməsi, Azərbaycan Hökumətinin Gəncədən Bakıya köçməsindən sonra, bu məsələlərə xüsusi olaraq önəm verildi və Qafqaz İslam Ordusunun Cənubi Qafqazı tərk etməsindən sonra birbaşa Azərbaycan Cümhuriyyətinin, dövlətin təhlükəsizliyi məsələləri, təbii ki, Azərbaycan Ordusunun üzərində idi. 1918-ci il dekabrın 25-də, artıq tanınmış görkəmli hərbçimiz Səməd bəy Mehmandarov hərbi nazir təyin edilmişdi. Səməd bəy Mehmandarovun hərbi nazir kimi fəaliyyəti dövründə Milli Ordu quruculuğu yönündə çox mühüm işlər görülürdü. Faktiki olaraq, Azərbaycanın Milli Ordusu onun mövcudluğunun əsas sütunu idi. Qısa müddətdə hərbi nazirlik aparatı formalaşdırıldı, nazirliyə tabe olan müxtəlif strukturlar yaradıldı. Ali komandanlıqda peşəkar, hərbi biliyə, təcrübəyə malik olan zabitlər məsul vəzifələrə təyin edilmişdilər. Əliağa Şıxlinski hərbi nazirin müavini idi. Bakının qurtuluşunda önəmli və sonradan digər hərbi əməliyyatların keçirilməsində mühüm fəaliyyəti olmuş Həbib bəy Səlimov, Murad Gəray bəy, İbrahim ağa Usubov, İbrahim ağa Vəkilov, Süleyman bəy Əfəndiyev, Cavad bəy Şıxlinski, Həmid bəy Qaytabaşı, Feyzulla Mirzəqacar və digərləri Milli Ordu quruculuğunda mühüm işlər gördülər. Ana dili, Azərbaycan türkcəsi orduda əsas danışıq, komandanlıq dili idi.
1919-cu ilin yanvarından yeni milli hərbi formaya keçilmişdi. Eyni zamanda, milli hərbi kadrların hazırlanması
mühüm idi. Xeyli hərbi məktəblər açılmışdı.
Bunlar Hərbiyyə Məktəbi, İstehkamçılar
Məktəbi, Hərbi
Feldşer Məktəbi,
Hərbi Dəmiryolçular
Məktəbi idi. Bu məktəblərdə təlim-tərbiyə
işləri yenidən
qurulurdu. Ona görə
də Azərbaycan
Milli Ordusunun bütün
aspektləri nəzərə
alınaraq formalaşması
öz səmərəsini
qısa müddətdə
verdi. Bir çox hərbi əməliyyatlar
heç bir xarici kömək olmadan Azərbaycan Ordusu tərəfindən uğurla həyata keçirildi. Səməd
bəy Mehmandarov orduda bolşevik təbliğatının qarşısını
almaq üçün
böyük səy göstərir, ordunu siyasi məsələlərdən,
proseslərdən kənarda
tutmağa çalışırdı.
1920-ci ilin aprelində Sovet Rusiyasının 11-ci
ordusunun hərbi müdaxiləsi zamanı,
Azərbaycan Ordusunun, demək olar ki, bütün qüvvəsinin
Qarabağ qiyamının
yatırılmasına cəlb
olunması səbəbindən,
Şimal sərhədlərində
qüvvələr nisbəti
təcavüzkarın xeyrinə
oldu. Azərbaycan Cümhuriyyəti süqut
etdi. Azərbaycan Milli
Ordusu bu təcavüzlə barışmaq
istəmirdi. Ona görə
də Azərbaycanın
bir sıra ərazilərində olan hərbi hissələr bu təcavüzkar, işğalçı əmələ
qarşı öz etirazını üsyan şəklində bildirdi.
Xüsusən Gəncə
üsyanı Azərbaycan
xalqının yaddaşına
əsarətə qarşı
barışmaz bir cəsurluq səhifəsi kimi daxil oldu”.
F.Əhmədova hesab edir ki, müasir Azərbaycan Ordusu qısa bir müddətdə - 44 gün ərzində öz peşəkarlığını,
şücaətini, rəşadətini
göstərərək işğal
altında olan torpaqları azad etdi, ərazi bütövlüyü, suverenliyimiz
təmin olundu. Müasir Azərbaycan Ordusu rəşadətli Cümhuriyyət Ordusunun mənəvi varisi olduğunu bir daha təsdiqlədi.
Birinci Qarabağ müharibəsi
və Horadiz əməliyyatının iştirakçısı,
Azərbaycan Silahlı
Qüvvələrinin ehtiyatda
olan polkovniki Şair Ramaldanov bildirir ki, hər bir ölkənin silahlı qüvvələri,
birinci növbədə,
ölkənin iqtisadi potensialı və maliyyə imkanlarından asılı olaraq inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan dövləti bu gün də inkişaf edir, iqtisadi potensialı, maliyyə imkanları gün-gündən artır.
“Azərbaycan Ordusu daim Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı,
Prezident İlham Əliyevin
diqqət və nəzarəti altındadır.
Azərbaycan Ordusunun bütün ehtiyacları
tam şəkildə təmin
olunur və müasir ordular prinsipi ilə inkişaf edir. Ali Baş Komandanın tapşırıqları əsasında
ordumuz, artıq Türkiyə modelinə keçidlə bağlı
prosesləri yekunlaşdırmaq
üzrədir. Azərbaycan
Ordusu müasir ordular sırasında özünəməxsus yer
tutur, bədnam qonşularımızı, sülh
müqaviləsi imzalamayan
düşmənlərimizi 40 pillə irəliləyərək
öz inkişafını
davam etdirir.
Azərbaycan Ordusunda hərbi-elmi
tədqiqatlar, dünyada
gedən proseslər, qarşıya qoyulan tapşırıqların ola biləcək
riskləri nəzərə
alınaraq çox böyük islahatlar aparılır. Bu
islahatlar bütün
sahələrdə aparılır.
Prioritet məsələ
Azərbaycan Ordusuna qarşıya qoyulacaq tapşırıq və vəzifələrə uyğun,
yeni texnologiyalarla tətbiq
olunan silah və texniki avadanlıqların alınmasıdır.
Azərbaycan Ordusu çoxsaylı təlimlərdə
iştirak edir. Bu təlim və məşğələlər məhz Azərbaycanın Vətən müharibəsindəki
təcrübəsindən irəli
gələrək, keçirilən
döyüş hazırlığında
tətbiq edilən üsullarla reallaşır.
Azərbaycanın elmi
tədris müəssisələrində
Vətən müharibəsi
ilə bağlı elmi-tədqiqat işləri
aparılır. Bu elmi-tədqiqat
işləri ölkəmizin,
artıq öz döyüş potensialını
yüksəltməsi ilə
davam edir”, - ekspert deyir.
Ş.Ramaldanov bildirir ki, Azərbaycan
Ordusu peşəkar orduların inkişafı
yolu ilə gedir. Onun sözlərinə
görə, Azərbaycan
Ordusunda 70 faizdən yuxarı əsas vəzifələri məhz
müddətdən artıq
xidmət edənlər
tutur.
“Bu gün də gənclər orduya daxil olmaq üçün
müraciət edirlər.
Müasir texnika və avadanlıqdan istifadə edilməsi üçün orduya peşəkar, intellektual heyətin cəlb edilməsinə ehtiyac var.
Azərbaycan məhz peşəkar ordular prinsipi ilə müasir silah-sursat və avadanlığı
idarə etmək bacarığına malik olmaq
üçün kurslar
keçirir. O kursları
müvəffəqiyyətlə qurtarıb sertifikat alan heyət tərəfindən həmin
silah, texnika və avadanlıq idarə olunur. Onların peşəkarlığı
daimi müxtəlif məşğələlərdə və təlimlərdə
yüksəlir. Azərbaycan
Ordusu çoxsaylı
beynəlxalq təlimlərdə
iştirak edir. Ölkəmizdə çox
güclü peşəkar
hərbi heyətin hazırlanması sistemi qurulub”, - ekspert vurğulayır.
Ş.Ramaldanov qeyd edir ki, hazırda çox mükəmməl hərbi
peşəkarların hazırlanması
üçün hərbi
təhsil sistemi mövcuddur. Bu tədris sistemi imkan verir
ki, Azərbaycan öz
təsir imkanlarından
istifadə edib, bütün sahələri
əhatə edən yüksək peşəkar
hərbçilər hazırlaya
bilsin.
Ş.Ramaldanov qeyd edir ki, Azərbaycan Ordusunda xidmət edən heyət çox böyük vətənpərvərlik
ruhu ilə seçilir. Hər il Prezident tərəfindən
hərbçilərin maaşlarının
artırılması ilə
bağlı müvafiq
sərəncamlar verilir.
Azərbaycan Ordusunda yaranmış
tibbi xidmətlər həm peşəkar heyəti, həm də müasir avadanlığı ilə
seçilir. Azərbaycan
gəncləri çox
böyük həvəslə
ordumuzda xüsusi təyinat və komandos üzrə hərbi hissələrdə xidmət
etmək üçün
müraciət edirlər.
Ekspert bəyan edir ki, Azərbaycan Ordusu regionda sülhün qorunmasının təminatçısı
kimi qəbul edilir. Ona görə ki, ordumuzun inkişafı heç bir ölkəyə qarşı
işğal niyyəti
ilə inkişaf etdirilmir. Azərbaycan əsgəri öz ərazi bütövlüyünü
qorumağa, qarşıya
qoyulan vəzifələri
yerinə yetirməyə
qadirdir və hazırdır. Ekspert bildirir ki, hazırda sülh müqaviləsi bağlamayan Ermənistanın
Azərbaycana qarşı
təxribatları Ordumuz
tərəfindən böyük
peşəkarlıqla alınır.
Tərxis
Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə
İctimai Birliyinin sədri, ehtiyatda olan zabit Emin
Həsənli ölkəmizdə
müasir ordu quruculuğunun Ulu Öndər
Heydər Əliyevin adı ilə başladığını bildirib.
O, qeyd edir ki, Ulu Öndər 1969-cu ildə
hakimiyyətə gələndən
sonra Naxçıvanski
adına Hərbi Liseyi yaratdı və bu gün
ordumuzda olan alirütbəli zabitlərin
çoxu həmin liseyin məzunudur.
“Ulu Öndərin rəhbərliyi
ilə Azərbaycan gəncləri xarici ölkələrə bir çox universitetlərə
göndərildiyi kimi,
hərbi məktəblərə
də ezam olundu. Ulu Öndər bu işi daim
diqqətdə saxladı.
1991-ci ildə Azərbaycan
müstəqilliyini elan edəndən
sonra ordu yaradılsa da, bu, ayrı-ayrı batalyonlardan
ibarət idi. Ermənistan Sovet Rusiyasının dəstəyi
ilə Azərbaycan torpaqlarını işğal
edirdi. Xalq özü torpaqlarını
müdafiə etməyə
qalxmışdı. Azərbaycan
xalqı şəhidlər
verirdi. Vahid
komandanlığa əsaslanan
ordu yaradılmamışdı.
Ulu Öndər 1993-cü ildə
ikinci dəfə hakimiyyətə gələndən
sonra həm dövlət, həm də ordu quruculuğuna
başladı, Azərbaycan
Konstitusiyasını, ordunun
maddi-texniki, hüquqi bazasını yaratdı, kadrların hazırlanmasına
diqqət yetirdi. Ali Hərbi Akademiya, təlim-tədris mərkəzləri
təsis olundu. Alirütbəli kadrların
hazırlanmasında qardaş
Türkiyənin təcrübəsindən
istifadə edildi. Türkiyə Silahlı Qüvvələri Azərbaycanda
ordu quruculuğuna böyük dəstək verdi.
Ulu Öndər 1994-cü ildə
cəbhədə atəşkəs
əldə etməklə
Ermənistanın hücumlarının
qarşısını aldı.
Füzuli istiqamətində
böyük uğur qazanıldı. Daha sonra cənab Prezidentin rəhbərliyi ilə Ordumuz inkişaf edirdi. Hərbi büdcə artırıldı, ordu müasir silahlarla təmin olundu. Müdafiə Nazirliyi, Dövlət Sərhəd
Xidməti, Daxili İşlər Nazirliyinin
Daxili Qoşunları hər cür maddi-texniki baza ilə təchiz edildi. Hərbçilərin
mənzillərlə təmin
olunması, əməkhaqlarının
mütəmadi artırılması,
sosial şəraitin yaxşılaşdırılması istiqamətində addımlar
atıldı. Şəhid
ailələlərinə, qazilərə,
müharibə əlillərinə
evlər verildi. Eyni zamanda, milli qəhrəmanlara, müharibə
əlillərinə Prezident
təqaüdləri ayrıldı.
Bu istiqamətdə ölkə
başçısı sistemli,
ardıcıl addımlar
atdı.
2016-ci ilin aprel ayında Ermənistana böyük dərs verdik. Bu, döyüş ruhumuzun qələbəsi
idi. 2018-ci ildə Naxçıvan istiqamətində Cünnüt
əməliyyatı ordumuzun
uğurlu qələbəsi
idi.
2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın
ərazi bütövlüyü,
20 sentyabrda isə 1 günlük antiterror əməliyyatı
ilə suverenliyimiz bərpa olundu”, - E.Həsənli vurğulayır.
O, daha sonra bildirir
ki, bunlar Azərbaycan Ordusunun, dövlətimizin
gücü, ordu-xalq birliyinin göstəricisi idi. II Dünya müharibəsindən sonra
və BMT yaradılandan bu günə qədər həm hərbi, həm diplomatik cəbhədə
belə qələbə
əldə olunmamışdı.
“Azərbaycan dövləti
bu qələbəni təmin etdi. Hər bir kəs
ordumuzla qürur duyur. Bu bayram şəhid ailələrinin
bayramıdır; bu bayram müharibə əlillərinin, veteranların
bayramıdır, xalqımızın
bayramıdır. Xalq Ordumuzla qürur duyur. Azərbaycan Ordusunun zabiti olmaqla qürur duyuram. Bütün ehtiyatda olan zabit və
əsgərləri, qazilərimizi,
şəhid ailələrini
təbrik edirəm”, -
E.Həsənli söyləyir.
“Səs” qəzetinin Baş redaktoru, müstəqilliyimizin ilk illərində
Vətən uğrunda
beş il xidmət etmiş bir əsgər və o dövrün canlı şahidi Bəhruz Quliyev bildirir ki, bu gün Azərbaycan
xalqı 26 İyun – Silahlı Qüvvələr
Gününü böyük
qürur və şərəf hissilə
qarşılayır.
“Bu gün təkcə bir bayram deyil,
həm də dövlətimizin suverenliyi
və torpaq bütövlüyü uğrunda
yazılmış qəhrəmanlıq
dastanının simvoludur.
Azərbaycan Ordusu öz müasir tarixində iki mühüm sınaqdan – Birinci və İkinci Qarabağ müharibələrindən keçmişdir
və bu proses xalqımızın iradəsini,
dövlətin gücünü
və liderliyin strateji əhəmiyyətini
tam şəkildə üzə
çıxarmışdır” – B.Quliyev vurğulayır.
B.Quliyev
xatırladır ki, 1990-cı illərin əvvəllərində
dövlətçiliyimiz yenicə
formalaşırdı. Silahlı
Qüvvələrimiz strukturlaşmamışdı,
xalq və dövlət arasında koordinasiya zəif idi, siyasi xaos
hökm sürürdü.
“Bu, Ermənistanın işğal
siyasətinə geniş
meydan verdi və nəticədə, torpaqlarımızın 20 faizi
işğal olundu. Həmin dövr Azərbaycan üçün
acı bir təcrübə, amma eyni zamanda, gələcək
zəfərin ideoloji və mənəvi təməlini qoyan bir mərhələ idi”, - ekspert əlavə edir.
Siyasi şərhçi daha sonra deyir ki, 2020-ci ilin Vətən müharibəsi isə tamamilə başqa bir gerçəklik idi. İllərlə aparılan ordu quruculuğu, hərbi-texniki
modernləşmə, diplomatik
hazırlıq və Prezident İlham Əliyevin
uzaqgörən strateji
planlaması nəticəsində
Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixinə düşəcək
bir əməliyyatla torpaqlarını azad etdi.
Burada xüsusilə vurğulanmalı
məqam – Xalq-Ordu-Dövlət
birliyinin tam və sarsılmaz şəkildə
təmin olunmasıdır.
Ali Baş Komandan
İlham Əliyevin Dəmir
Yumruğu, sadəcə,
hərbi güc deyildi: bu, xalqın
iradəsinin, əsgərin
inamının və dövlətin qətiyyətinin
birləşməsi idi.
Bu birlik Zəfərin
ideoloji kodunu təşkil etdi.
Hazırda Azərbaycan Silahlı
Qüvvələri regionun
ən güclü ordularından birinə çevrilmiş, hərbi, siyasi, mənəvi cəhətdən
öz şanlı Zəfərini təsdiqləmişdir.
Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
dövləti tarix yazdı, haqqı bərpa etdi və gələcək nəsillərə böyük
bir miras qoyaraq, Qələbə ruhu yaratdı”.
Tahirə Qafarlı
Həftə içi.- 2025.- 26 iyun-2 iyul, ¹23.- S.1-2.