Müstəqil Azərbaycanın xilaskarı
10 may Ulu
Öndər Heydər
Əliyevin doğum günüdür. Müasir
Azərbaycan dövlətinin
qurucusu, dövlət,
Vətən qarşısında
misilsiz xidmətləri
olan böyük tarixi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin adı Azərbaycanla daim birgə çəkilir və bu, heç də təsadüfi deyil. Ulu Öndər iti zəkaya, diplomatik güc və
manevrlərə malik, milli-mənəvi dəyərləri
özündə birləşdirən fenomenal Lider kimi
adını dövlətçilik tariximizə qızıl hərflərlə
yazdırıb. Xalq öz rəhbəri, ali lideri, xilaskarı
ilə həmişə
qürur duyur, dərin ehtiramla yad edir, xatırlayır,
unutmur. Artıq 102-ci yaşını qeyd etdiyimiz Ulu Öndər
əməlləri, islahatları
ilə hər keçən gün yenidən gəncləşir. Qarabağ, Azərbaycanın
işğalda olan əraziləri məhz onun siyasi kursunun
davamçısı olan Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə azad olundu.
Lakin qələbəyə aparan yolun əsası məhz Ulu Öndər tərəfindən sağlam təməllərlə atılıb. Heydər Əliyev zamanında Prezident İlham Əliyevlə bağlı “Mən ona özüm kimi inanıram” ifadəsi ilə müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda yeni bir başlanğıca bələdçilik etmiş oldu.
Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyətə başlayan zaman Heydər Əliyev Azərbaycanın strateji əhəmiyyətini bütün çalarları ilə lazımi kürsülərə çatdıra bildi. O, milətimiz, dövlətimizin qorunması və ona haq etdiyi diqqəti qazanmaq üçün əlindən gələni etdi. Ulu Öndər Heydər Əliyevin siyasi, qürurlu duruşu dünya liderlərini Azərbaycanın səsini dinləməyə vadar etdi.
Ulu Öndər böyük siyasi, diplomatik təcrübəyə malik bir şəxsiyyət idi. O, sovet qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qanlı faciənin dünyaya çatdırılmasında və haqq-ədalətin qorunması yönündə qətiyyətlə çalışdı. Ulu Öndər Azərbaycan xalqının milli mübarizlik ruhunun sovet tankları altında əzilməsinə qarşı çıxdı. Ulu Öndər dərhal - yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoydu. Heydər Əliyevin 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi Azərbaycan insanını öz haqqı uğrunda apardığı mübarizədə daha qətiyyətli olmağa ruhlandırdı. Ulu Öndərin 20 yanvar faciəsindən sonra SSRİ rəhbərliyinə qarşı etirazları xalqın müstəqillik uğrunda mübarizəsini alovlandırdı.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Beləliklə, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan tamamilə müstəqilliyini itirməkdən xilas oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə atəşkəs əldə olundu. Heydər Əliyev bütün təzyiq, təsirlərə baxmayaraq xalqa bir söz verdi: Bütün torpaqlarımız azad olunacaq, kəlbəcərli, ağdamlı, zəngilanlı, şuşalı, laçınlı hər bir köçkünümüz geri qayıdacaq. Prezident Heydər Əliyev o böyük tarixi sözünü verdi və torpaqların azadlığı istiqamətində mühüm olan addımları atdı. Ulu Öndərin siyasi fəaliyyətində daim ilk sırada yer alan Azərbaycan torpaqlarının gələcəkdə işğaldan azad olunması ideyası fonunda iqtisadi inkişafımızın əsasını təşkil edən “Əsrin Müqaviləsinə” imza atıldı. Azərbaycan ali rəhbərliyi dünyanın diqqətini özünə çəkib, onu Azərbaycan torpaqlarında sülhün yaradılmasına maraq göstərməyə vadar etdi. 1993-2003-cü illər ərzində Ulu Öndərin rəhbərliyi ilə mühüm strateji layihələrə imza atıldı.
Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tibilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin reallaşması da bu böyük şəxsiyyətin misilsiz xidmətlərinin nəticəsi idi. Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir biri ilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsinin də ərsəyə gəlməsində Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər müstəsna əhəmiyyət kəsb etmişdir. Əsas məqsədi Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan bu böyük layihənin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin müstəsna əhəmiyyətini dərk edən Heydər Əliyev, bütün qüvvəsini əvvəlcə həmin xətt layihəsinin, sonra isə digər mühüm layihələrin reallaşdırılmasına yönəltmişdir. Tarix onun növbəti uzaqgörənliyini təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim “İpək Yolu”nun bərpası Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn müdrik siyasəti olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə xidmət edirdi.
Ulu Öndərin zamanında Azərbaycanın ilk konstitutsiyası qəbul edilib, parlament seçkiləri baş tutub.
Heydər Əliyev hələ Azərbaycana birinci rəhbərliyi dövründə təhsilin inkişafına böyük önəm verirdi. Ötən əsrin 70-80-ci illərində onun rəhbərliyi atında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdı. Həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdır.
O dönəmdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır.
1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" Sərəncamı imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlmişdi. Qeyd edək ki, həmin tələbələr və bu gün müxtəlif sahələrdə çalışan ixtisaslı kadrlar bu böyük şəxsiyyəti minnəddarlıqla anır, hər doğum günündə bir araya gələrək Ulu Öndəri yad edirlər.
Heydər Əliyev azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdi. Ulu Öndər Azərbaycan dilində çox səlist, gözəl danışır, mədəniyyətimizə çox böyük qiymət verirdi.
Heydər Əliyevin Azərbaycan üçün etdikləri tükənməzdir. Azərbaycan var olduqca, onun adı daim iftixar və qürur hissi ilə yad ediləcək.
Ruhun şad olsun böyük şəxsiyyət, Ulu Öndər. Azərbaycanımız üçün arzu etdiyin inkişaf yolu etibarlı əllərdə uğurla davam edir.
Tahirə Qafarlı
Həftə
içi.- 2025.- 8-14 may, ¹17.- S.1; 3.