Gənclər arasında

vətənpərvərlik hissi yüksəkdir  

 

Bu parad Azərbaycanın regionda necə söz sahibi olduğunun, qüdrətli ölkəyə çevrildiyinin sübutudur"

 

Azərbaycanın Zəfərinin 5-ci ildönümü Bakıda keçirilən möhtəşəm hərbi paradla qeyd edildi. Dost ölkələr bu parada baxıb sevindi, düşmənlər məğlubiyyət donlarına büründülər. Tarix göstərir ki, 2020-ci il sentyabrın 27-də düşmənin hərbi həmlələrinə qarşı əks-hücuma keçən Ordumuz 44 gün davam edən savaşda düşməni qovaraq torpaqlarımızdan çıxardı, Azərbaycan bu müharibədə şəhidlər verdi, yaralı qazilərimiz var. Müharibədən 5 il ötüb və xalq olaraq Vətən müharibəsi iştirakçılarını, hərbçilərimizi, Şəhidləri qürurla yad edirik. Ötən 5 ildə Azərbaycan istər siyasi, iqtisadi, mədəni – bütün sahələrdə yeniliklərə imza atdı.

Bu illər ərzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi də Şəhid ailələri, qazilərimizlə bağlı xeyli işlər görüb.

Bununla bağlı Hafta.az-a açıqlama verən Birliyin sədri Sevinc Orucova Zəfərimizin 5-ci ildönümü ilə bağlı təəssüratlarını bölüşüb. O, hər bir azərbaycanlının Azərbaycanın zəfərlərinin davamlı olması arzusunda olduğunu qeyd edərək, bu Zəfəri xalqımıza yaşadan bütün şəhidlərimizə rəhmət, qazilərimizə, veteranlarımıza cansağlığı dilədi.

Sevinc xanım bildirir ki, ötən 5 il ərzində Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq bir sıra tədbirlər keçiriblər və bunların arasında ən yadda qalanı Zəfər gününün 5 illiyinə həsr olunmuş “Zəfər andı” adlı tədbir olub:

“Tədbir Heydər Əliyev adına sarayda Mədəniyyət Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdı. Qeyd edim ki, tədbirdə iki minə yaxın heyət olmaqla, bütün gənclər təşkilatı əhatə olunmuşdu. Ümumiyyətlə, biz hər il Heydər Əliyev sarayında şəhidlərimizin xatirəsinə həsr olunmuş böyük anım tədbirləri keçiririk. Builki qədər axın, gənclərin builki qədər istəkli olması ilk dəfə idi. Hətta yer olmadığı səbəbi ilə 300 nəfərə yaxın gənc sarayın qapısının yanında gözləməli oldu. Bu, bir tərəfdən bizi qürurlandırırdı, çünki vətənpərvərlik getdikcə güclənir.

Gənclər Vətən uğrunda savaşmağın yüksək bir dəyər olduğunu dərk edir və bu yöndə maarifləndirici işlərə xüsusi maraq göstərirlər. Onu da deyim ki, tədbir ədəbi-bədii kompazisiya formatında idi və orada iştirak edən hər bir sənətkar, aktyor Zəfərə gedən yolu, o yolda tökülən qanları, çəkilən ağrı-acıları o qədər hisslərlə ifadə edirdilər ki, mən əminəm həmin vaxt zalda əyləşən hər kəs o anları fikrən yaşadılar, ağrıdılar”.

Sevinc xanım qeyd edib ki, Zəfərin 5 ili ərzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə qrant müsabiqəsi çərçivəsində şəhid övladlarından ibarət İncəsənət Akademiyası yaradıb. Orada rəsm və musiqi dərnəkləri fəaliyyət göstərir:

“Dərnək bu ilin mart ayında yaradılıb. Rəsm dərnəyinə 15 nəfər şəhid övladı qatıldı. Onlara peşəkar rəssamlar dərs verir. Zəfərimizin 5-ci ildönümü, Konstitusiya və suverenlik mövzusunda əsərlər ortaya çıxarıldı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həmin rəsm əsərləri “Zəfər şəhid övladlarının gözü” adı ilə markalaşdırıldı. Uşaqların hazırladığı əsərlər poçt zərflərinin üzərində bütün dünyanı gəzəcək.

Eyni zamanda, “Zəfər” həftəsində İqtisadiyyat Nazirliyində aparat rəhbəri və digər məsul şəxslərlə universitetin birinci kursuna daxil olan şəhid övladlarının görüşü keçirildi, onların karyera planları müzakirə olundu. Eləcə də diaspora komitəsində şəhid övladları ilə görüş keçirildi və onlara hədiyyə verildi. Bütün bunlar Şəhid övladlarına diqqət və qayğının ifadəsi olmaqla yanaşı, dövlətin şəhid övladlarının arxasında durduğunu göstərir”.

S.Orucova belə bir gündə kiçik yaşlı şəhid övladlarını da unutmadıqlarını vurğulayıb. Qeyd edib ki, bu uşaqlar üçün əyləncəli tədbirlər keçirməklə, onlara sevgilərini, diqqətlərini ifadə ediblər.

Sevinc xanım bildirir ki, Zəfərin 5-ci ili ilə bağlı ən yadda qalan tədbir zəfərin şəhidlərinin adına layiq paradın keçirilməsi oldu:

“Çox möhtəşəm parad idi. Bu, şəhidlərimizin ruhunu şad etdi. Dövlətimizi güclü, suveren görmək onların arzusu idi. Onlar sağ olsaydılar, bu paradda öndə gedənlərdən olardılar. Onların silahdaşları bu paradı onların şərəfinə həsr etdi. Bu parad Azərbaycanın regionda necə  söz sahibi olduğunun, qüdrətli ölkəyə çevrildiyinin sübutudur. Biz artıq beş il öncəki xalq, dövlət deyilik. Artıq bütövləşmiş bir ölkənin vətəndaşlarıyıq. Biz Zəfərimizə, Şəhidlərimizə layiq olmalıyıq. Çalışmalıyıq ki, Azərbaycanı daha yüksəklərə qaldıra bilək.

Qələbəmizin zəfərindən beş il keçib, biz hələ zəfərin başlanğıcındayıq. Düşünürəm, hələ yarım qalan, görüləsi çox işlərimiz var. Sosial problemləri olan şəhid və qazilərimiz, 1990-cı illərdən qazilərimiz var ki, onların evlə təminatı problemi hələ qalır. Ümid edirəm ki, bu sahədə problemlər də tezliklə aradan qaldırılar. Eyni zamanda, qazilərimizin reabilitasiyası davam edir. Onların məşğulluğunun, ozgüvən hissinin artırılmasında hamılıqla dəstəyə ehtiyacımız var. Hələ çox işlər görməliyik. Qələbəmizi möhkəmləndirməliyik, şanlı zəfərimizi qorumalıyıq. Vətənpərvərlik hissini gənclərimizə doğru-dürüst aşılamalıyıq. Şəhidlərimizin irsini düzgün təbliğ etməliyik. Gənc nəslin vətənpərvərlik hissini gücləndirməliyik. İnanıram ki, bunlara nail olmaqla gənclərimizə şəhidlərimiz kimi sevməyi öyrədə biləcəyik”.

 

Sevinc Orucova

 

Müsahibəni apardı:

Arzu Zeynallı

 

Həftə içi.- 2025.- 13-19 noyabr, ¹43.- S.6.