Süni intellektin qəbul
edilən
və edilməyən
tərəfləri
Texnologiya
Belə qəbullanmışıq ki, süni
intellekt - araşdırma, təhlil və analiz
üçün olduqca uğurlu bir vasitədir. Yəni hər
hansı bir mütəxəssis, ekspert süni intellektin
imkanlarından istifadə etməklə daha ətraflı, daha
dolğun, daha böyük həcmli geniş informasiya
yükünə malik təhlillər apara, müəyyən
hesablamaları həyata keçirdə bilər. Bəs bir
mütəxəsis, ekspert öz beyninin məhsulunu ictimaiyyətə
ötürməkdənsə, süni intelektin məlumatlarının
kölgəsinə sığınarsa nələr baş verə
bilər?
Bu yöndə fikirlər müxtəlifdir. Görünən odur ki, süni intelekt anlayışı adi vətəndaşdan tutmuş bir çox üzdə olan şəxslərədək hələ tam aydınlaşmayıb. Narahatedici əsas məqamlardan biri iqtisadi məlumatlarla bağlı da ChatGPT-a müraciət edib, ondan alınan məlumatlara əsaslanmaqdır. Təəssüflə qeyd etmək olar ki, bəziləri süni intelektdən sanki heç kimin xəbəri yoxmuş düşüncəsi ilə ChatGPT-un təqdim etdiyi məlumatları fərqinə varmadan ictimaiyyətə özününkü kimi sırıyaraq öz barələrində güvənsizlik imici formalaşdırmış olurlar.
Mövzu ilə bağlı Hafta.az-a
danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin
(AQC) sədri Vüqar Oruc belə bir halla bu yaxınlarda
qarşılaşdığını deyir.
O, vurğulayıb ki, əslində bəzi
ekspertlərin, mütəxəsislərin ChatGPT-ın təqdim
etdiyi məlumatların insan beyninin məhsulu olaraq vaxtilə ərsəyə
gələn məlumatlar toplusundan ibarət olduğunu bilmirlər.
“Düzdür, süni intelekt cəmiyyətin əldə edə bilmədiyi yeni imkanlardır və təlqin olunmalıdır. Amma nəzərə alsaq ki, bu araşdırmalar mövcud internet məlumatları əsasında aparılır, məlum olunan məlumatlar içərisindən seçilir və komplektləşdirilir, əslində bu, yaradıcı yanaşmanın qarşısını almış olur. Yəni insanlar artıq bu günə qədər mövcud olan informasiyanın içində özünə uyğun olan informasiyanı seçmək imkanına malik olurlar. Beləliklə, yeni informasiyanın formalaşması yaradıcı yanaşmanın tətbiq olunması bu və ya digər formada əngəllənir, bununla yanaşı, insanlarda tənbəllik hissi yaranır. Nəticə etibarı ilə elmi, texniki fəaliyyətdə, həm hansısa ixtisas üzrə çalışan insanlarda müəyyən problemlərin və ləngliyin meydana gəlməsinə səbəb olur”, - AQC sədri bildirib.
Onun sözlərinə görə, süni intellektdən istifadə təqdir olunmalıdır, amma süni intellektin məlumatlarına əsaslanaraq insan yaradıcılığını və düşüncəsini kənara qoymaq dünyanın bütün istiqamətlər üzrə inkişafında çox ciddi problemlərin meyana gəlməsinə səbəb olacaq. Yəni dünyanın hansı hissəsində olmasına baxmayaraq, hamı üçün eyni mənbələr əsas kimi çıxış edəcək:
“Belə olduğu halda bir-birindən fərqlənmək, rəqabət imkanı mümkün olmayacaq. Çünki ChatGPT məlumat mənbəyi kimi əsas olacaqsa, bu, birrəngli cəmiyyətlərin qurulmasına səbəb olacaq. Bu da təbii ki, arzuolunan hal deyil”.
Belə versiyalar var ki, bir müddət sonra süni intellektin özü də artıq deformasiyaya uğrayacaq və mahiyyətini dəyişəcək, yaradıcı ideyaların meydana gəlməsi üçün robota çevriləcək. Yəni robot özü insanlara düşüncə məhsulu təqdim edəcək.
V.Oruc bunun reallaşacağının inandırıcı görünmədiyini vurğulayıb. Onun fikrincə, yenə də süni intellekt mövcud olan məlumatlar bazasına əsaslanaraq müəyyən araşdırmaların aparılmasını təmin edəcək. Bu da o deməkdir ki, informasiya baryeri aşılmayacaq, yaradıcı yanaşma tətbiq olunmayacaq. Bu da cəmiyyətlərin, eləcə də dünyanın inkişafı üçün arzuolunan deyil:
“Süni intellekt bir çox çətinlikləri asanlaşdırdığı üçün asan məlumat əldə etmək bütün sahələr üzrə ekspertlərdə, mütəxsislərdə, hətta bəzən jurnalistlərin özlərində bir vərdişə çevirilir. Bu isə mən deyərdim ki, beyini gücdən salır. Bildiyiniz kimi, alimlər müəyyən ediblər ki, insan beyni nə qədər çox çalışarsa, nə qədər çox düşünərsə, araşdırarsa, bir o qədər iti düşüncə meydana gələr. Əgər biz insan öz beyninin imkanlarının artırılmasına yox, süni intelekt vasitəsilə əldə olunmuş informasiyanın təqdim olunmasına üstünlük versək, nəticədə insan beyninin yarımkürələrinin məhdudlaşmasına, insan beyninin imkanlarının azalmasına, ümumiyyətlə insanın məhdud çərçivəli bir varlığa çevrilməsinə səbəb olacaq. Bu yöndə bu gün demək olar ki, bütün dünyada, xüsusilə Avropada və Amerikada alimlər şikayətlənirlər. Çünki indiyə qədər bütün edilmiş kəşflər, yeniliklər hamısı insan beyninin məhsuludur. Yəni elmə, yeniliyə açıq, müəyyən təhsili olan insanların hesabına bu kəşflər olunub. İndi yeni nəsli formalaşır ki, onlar kəşf etmək, yaradıcı yanaşma imkanlarına malik olmayacaqlar. Nəticədə dünya əhalisi hər hansı bir süni intellektdən asılı vəziyyətə düşəcək ki, bu da arzuolunan deyil. Baxın, bu gün orta məktəblərdə şagirdlər müəyyən bir ev tapşırığı verildikdə, ChatGPT vasitəsilə həmin tapşırığın düzgün həlli yollarını əldə edirlər. Yaxud hər hansı bir müsabiqədə, yarışda tərəflər yarışırsa, ChatGPT-in köməyi ilə düzgün cavabların tapılması an məsələsi olur. Bütün bunlar əslində bizə xoş gələ bilər, amma qeyd etdiyim kimi, insan beyninin imkanı məhdudlaşır, robot cəmiyyəti qurulur və nəticədə bu cəmiyyətin verimli olub ola bilməyəcəyi böyük şübhə altında olacaq.
Təbii ki, bu fikirləri söyləməyim o demək deyil ki, bu yeniliklərin əleyhinəyəm. Sadəcə olaraq, bu yeniliklər yardımçı vasitə kimi tətbiq olunmalıdır. Yəni əsas aparıcı rol bu tətbiqlərə verilməməlidir. Bir missal çəkim:
Bu yaxınlarda dövlət qurumlarından biri süni intellekt vasitəsilə qiymətləndirmə işinin aparılmasının mümkünlüyü barədə fikir bildirmişdi. Mən bunu düzgün hesab etmirəm. Çünki “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda göstərilib ki, peşə imtahanını uğurla vermiş mütəxəssislər qiymətləndirici fəaliyyəti ilə məşğul ola bilərlər. Yəni süni intellekt Azərbaycan vətəndaş deyil, imtahanda iştirak etməyib və onun hər hansı bir Şəhadətnaməsi yoxdur ki, qiymətləndirmə fəaliyyəti göstərə bilsin. Süni intellekt sadəcə yardımçı rolunu oynaya bilər. Yəni qiymətlərin hesablanmasında mütəxəssis köməkçi tətbiq kimi süni intellektin imkanlarından istifadə etmək olar. Yenilikləri qəbul edib tətbiq etməliyik, amma fiziki və hüquqi şəxslərin və qanunla müəyyən olmuş formada fəaliyyətlərin kənara qoyulmasını, bütün hüquq və haqqların süni intellektə təhvil verilməsini və süni intellektin aparıcı olmasını qəbul etmək olmaz. Çünki, bunun cəmiyyətin, gənc nəsilin tərbiyəsində, eyni zamanda milli kimliyimizin lazımi səviyyədə ifadəsində çox ciddi yanlışları olacaq. Bütün bunlar diqqətə alınmalı, indidən tədbirlər görülməlidir. Süni intelektdən dqzgün yararlanmamaq mən deyərdim ki, bütün bəşərin faciəsinə çevirə bilər.
Mən özüm ChatGPT-ni qiymətləndirmə sahəsində yoxlamışam. Bu proqram sadəcə olaraq indiyə qədər dövriyyədə olan informasiyanın əldə edilməsində böyük yardımçı olur və qiymətləndiricinin işini asanlaşdırır. Metorologiyadan tutmuş, bazar aşılmasına qədər, ayrı-ayrı yerlərdə, regionlarda qiymətə qədər ChatGPT vasitəsilə informasiya almaq olar. Amma həmin informasiyalar indiyə qədər dövriyyədə olan informasiyalardır. Biz o informasiyalarda hər hansı bir yeniliyi görə bilmirik. Yaddan çıxartmayaq ki, ChatGPT-in istifadə etdiyi məlumatlar hamısı insan beyninin məhsullarıdır. Əgər həmin məhsullardan kənarda və informasiya bazasında olmayan suallar verildikdə, ChatGPT buna cavab verə bilmir. Araşdırılmamış və kəşf olunmamış məsələlərlə bağlı suallar qarşısında təbii ki, süni intellekt aciz qalacaq”.
AQC sədri vurğulayır ki, bütün sahələr üzrə bəzi mütəxəsis, ekspert, hətta siyasətçilər var ki, süni intelektin imkanlardan yararlanırlar:
“Müşahidə etmək kifayətdir ki, açıqlamalarda süni intelektin gücünü görə biləsən. Baxırsan ki, ayrı-ayrı şəxslərin çıxışlarında çox oxşarlıqlar var. Düşünürəm ki, bu cür davam edəcəksə, bir müddətdən sonra biz bir nəfərin çıxışını oxumaqla digərinin çıxışını oxumuş olacağıq. Fərqlilik və rəngarəngliyin aradan qalxması bu prosesin sonuncudur. Fikrimcə, bizim mütəxəssislərimiz, ekspertlərimiz bu məsələyə ciddi yanaşmalıdır. Yoxsa insanlarda informasiyaya biganəlik yarana, cəmiyyət-mütəxəssis-ekspert arasındakı etibarlılıq və güvən aradan qalxa bilər. Bu da olduca ziyanlı tendensiyadır. Süni intelekt sürətdə beyinin imkanlarını geridə qoya bilər, amma yaradıcılıq imkanlarına və əhatəsinə görə insan beyini yenə də öndədir. Ehtiyatlı olmalıyıq, süni intelekt proqramlarından müsbət istiqamətdə istifadə etməliyik”.
Arzu Zeynallı
Həftə
içi.- 2025.- 20-26 noyabr, ¹44.- S.8.