Orta dəhlizin açarı Azərbaycandır

 

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 16-da Özbəkistanda keçirlən Mərkəzi Asiya Dövlətlərinin 7-ci Məşvərət Görüşündə iştirakı və ölkəmizin tamhüquqlu üzvlüyə qəbul olunması dünyanın diqqətlə izlədiyi hadisədir. Azərbaycanın Mərkəzi Asiya formatında üzv kimi yer alması bu coğrafiyaya böyük vədlər verir. Müsahibimiz Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır:

 

– Azərbaycanın bu formata üzv qəbul olunması hansı imkanları açmış olacaq?

– Azərbaycan Prezidentinin Özbəkistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı və tamhüquqlu üzvlüyə qəbul olunması dövlətimiz, region, ümumilikdə qlobal dünya üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Şərqlə Qərbi bir araya gətirən, kəsişmə yollarını qısaldan, asanlaşdıran əsas tərəf kimi çıxış edir. Təbii ki, bu, Azərbaycan Prezidentinin bölgədə həyata keçirdiyi enerji, nəqliyyat-logistik layihələrin Avropa məkanına açdığı imkanların növbəti təzahürüdür. Bu, Mərkəzi Asiya ölkələrinə öz töhfələrini verəcək.

– “5+1” formatı Mərkəzi Asiyaya nə vəd edir?

– Məlumdur ki, Mərkəzi Asiya dövlətləri bundan əvvəl də öz məhsullarını Çinə, Hindistana, Avropa məkanına ixrac edib. Bu, kifayət qədər vaxt, məsafə və iqtisadi xərclər hesabına baş versə də, davam edib. Rusiya–Ukrayna müharibəsi başlayandan sonra, Mərkəzi Asiya dövlətlərinin öz təbii resurslarını Avropaya çıxarmasında hədsiz problemləri yaranıb. O da məlumdur ki, Azərbaycanda əsası Ulu Öndər tərəfindən qoyulmuş böyük iqtisadi layihələr 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən davam etdirilən meqalayihələrlə yeni inkişaf mərhələsində keçdi. Bu layihələr möhkəm bünövrə və gücə sahib oldu ki, hətta regionun təhlükəsizliyini pozan Rusiya–Ukrayna müharibəsi onun həyata keçirilməsinə təsir edə bilmədi. Ona görə də regiona yaxın coğrafiyada gedən Rusiya–Ukrayna müharibəsi nə qədər şiddətlənsə də, bu, layihələr özünün funksionallığını itirməyib, əksinə daha artıq həcmdə həyata keçirilir. Prezidentimiz Özbəkistanda çıxışında da dedi ki, artıq bu xətlər üzrə yükdaşıma 90 faiz artır və bu da nəqliyyat yükdaşımalara tələbatı artırıb.

– Mərkəzi Asiya ölkələri Zəngəzur dəhlizi layihəsində nə dərəcədə maraqlıdır?

– Azərbaycan işğalçı Ermənistan üzərində 44 günlük müharibədə əldə etdiyi zəfərdən sonra Prezident nəqliyyat-logistika sisteminin daha da inkişaf etdirilməsi məsələsini gündəmdə saxladı.  Zəngzur dəhlizi məsələsi “Bir kəmər, bir yol” layihəsinin üfiqlərini daha geniş məkana açdı. Zəngəzur dəhlizinin inşası, istifadəyə verilməsi Çinin illərdir başladığı layihənin qan damarı oldu.

Məlumdur ki, Orta dəhlizdə Cənubi Qafqaz ölkələri, Türkiyə, Orta Asiya var və Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” layihəsinin ən strateji hissəsidir. Orta dəhlizin açarı Azərbaycandadır. Azərbaycan müharibə bitən kimi işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinə başlamaqla yanaşı, bölgədə kilid ölkə olduğunu nəzərə alaraq, hər cür nəqliyyat-logistik layihələrin gerçəkləşməsi üçün dövlətimizin gücünü səfərbər etdi. Müharibə bitən kimi, işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq işləri həyata keçirilməyə başladı. Ərazisi çox da böyük olmayan ölkəmizdə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Ermənisan sərhədində Laçın və Zəngilanda yerləşən yeni inşa olunmuş beynəlxalq hava limanları yerləşir. Eləcə də Füzulidə, Qəbələdə, Lənkəranda, Zaqatalada, Bakıda olan bu hava limanları Asiyadan Avropaya  gedən yolların fəaliyyətinin reallaşmasına yeni imkanlar yaradır.

Ölkə Prezidentinin müəllifi olduğu bu layihələr Cənubu Şimalla, Şərqi Qərblə bağlayan mühüm layihələrdir. Azərbaycan elə bir məkana çevrilib ki, istər hava nəqliyyatı, istər su, torpaq nəqliyyatları və s. hər biri beynəlxalq standartlara cavab verir. Təkcə Xəzər dənizi sahilində, yəni Ələtdə ən böyük beynəlxalq ticarət limanı yaradılıb ki, yükdaşıma qabiliyyəti 2 dəfə artıb. Prezidentimiz də Özbəkistanda çıxışı zamanı çox maraqlı bir fikir səsləndirdi. Dedi ki, vaxtilə Xəzər ayrıcı idisə, bu gün hamımızı birləşdirir.  Azərbaycanın dövlət liderinin rəhbərliyi ilə böyük, qlobalsəviyyəli nəqliyyat-logistik infrastrukturunun qurulması regionun bütün ölkələrini birləşdirir.

Mərkəzi Asiya respublikalarının Asiyadan Avropa qitəsinə çıxmaları üçün Azərbaycan əlverişli şərait yaradır. Ona görə də Asiya dövlətlərinin rəhbərləri cənab Prezidentin bu sahədə gördüyü əvəzedilməz fəaliyyətini yüksək qiymələndirdi. Mərkəzi Asiya respublikaları, artıq öz təbii resurslarını çox asanlıqla Azərbaycan ərazisindən keçməklə  Avropa bazarlarına çatdıra biləcək. Təbii ki, bu prosesdə təkcə Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyət göstərməsi yetərli deyil.  Ona görə də bu xətt üzrə yük tutumu genişləndirilir, yeni tranzit layihələr üzərində işlər gedir.

– Mərkəzi Asiya ölkələri Avropaya çıxmaq üçün Azərbaycan ərazisindən keçən layihələrə qoşulduğu bir vaxtda Ermənistanın Zəngəzur dəhlizinun inşası ilə bağlı gördüyü işləri necə dəyərləndirmək olar?

– Dünyanın ağır böhran keçirdiyi bir zamanda,  bütün ölkələr iqtisadi imkanlarını artırmaq üçün müxtəlif vasitələr, yollar axtarır. Ermənistan isə bu imkanlardan yayınmağa çalışır. Erməni diasporları anlamır ki, bugünün reallığında Ermənistanın dövlət, xalq olaraq gələcək mövcudluğu Azərbaycandan asılıdır. Dərk etmirlər ki, Zəngəzur dəhlizinin inşası gələcəkdə Ermənistana tranzit ölkə kimi böyük gəlirlər gətirə bilər. Bakı-Tiflis-Ceyhan, Bakı -Tiflis -Ərzrum,  Bakı-Tiflis-Qars dəmir yolunun inşasının müəllifi olan Azərbaycan təkcə bu üç layihə ilə Gürcüstanın dövlət büdcəsinə böyük sərmayələrin qoyulmasına imkan yaratmış oldu. Ermənistan iqtidarı, erməni xalqı müdrik olarsa, Zəngəzur dəhlizinin açılmasını ləngitməz, ən qısa zamanda o layihənin gerçəkləşməsinə şərait yaradar. Bu baxımdan, Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə iştirakı, eləcə də “5+1” formatının formalaşması,  o formata tam hüquqlu üzv qəbul olunması gələckdə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində yaranan Zəngəzur Dəhlizi ilə də  Cənubi Qafqazda davamlı sülhün, inkişafın bərqərar olmasında böyük imkanlar yaradacaq. Ona görə də hər kəs Zəngəzur dəhlizinin gerçəkləşməsinə dəstək verməlidir.

 

Məlahət İbrahimqızı

 

Müsahibəni apardı:

Tahirə Qafarlı

 

Həftə içi.- 2025.- 20-26 noyabr, ¹44.- S.3.